Modern.az

Quranı tam yeni variantda tərcümə edən alim razılıq gözləyir – ilahiyyatçı isə “İslamda yoxdur”u çapa HAZIRLAYIR

Quranı tam yeni variantda tərcümə edən alim razılıq gözləyir – ilahiyyatçı isə “İslamda yoxdur”u çapa HAZIRLAYIR

Mədəni̇yyət

29 Dekabr 2017, 12:10

İslam dininin müqəddəs kitabı hesab edillən Quran müxtəlif dövrlərdə bir neçə alim tərəfindən tərcümə edilib. Həmçinin Azərbaycanda da bu kitabı tərcümə edənlər var. Məsələn, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu və başqaları.

 

Həmçinin sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva da Quranı tam yeni variantda tərcümə edənlərdəndir. İlahiyyatçı Elşad Miri  də bu təşəbbüslə çıxış etmişdi.

 

Hazırda Quran tərcüməsi məsələsi nə yerdədir?

 

Sabirə Dünyamalıyeva Modern.az-a açıqlamasında deyib ki, Quranı tərcümə etsə də, çapı üçün icazə alınmalıdır:

 

“Bildiyiniz kimi Quran kitabını tərcümə edib bitirmişəm. İndi surələri “YouTube” vasitəsilə videoroliklərlə kütləyə çatdırıram. Artıq 4 dərs yayımlanıb. Həftədə bir dəfə yeni dərs yayımlamaq fikrim var. Qeyd edim ki, bu , ziyalılar tərəfindən çox yaxşı qarşılanır.

 

Kitabın çapı məsələsinə isə vəsait və icazə lazımdır. Çünki ölkədə Quran kitabının çap olunması üçün Qafqaz Müsəlmanlar İdarəsi icazə verməlidir. Həmçinin kənardan da izin alınmalıdır. Yəni  tələb olunan maddələrə əməl olunmalıdır”.

 

Müsahibimiz qeyd edib ki, 2018-ci ildə tərcümə etdiyi Quranının çap olunacağına ümidlidir:

 

“Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Gündüz İsmayılovla bu barədə söhbət etmişəm. Onlar razı qaldıqlarını, lakin  məsələ ciddi olduğu üçün bir az gözləməli olduğumu qeyd etdi. Plan qurmaqdan qorxuram. Bu gün sabahın sözünü danışmaq olmaz. Allah kərimdir, ümid edirəm, Quran kitabının çapı məsələsi həll olunacaq”.

 

İlahiyyatçı Elşad Miri isə saytımıza bildirib ki, tərcümə uzun prosesdir:

“Hazırda “İslamda yoxdur” adlı kitabıma fokuslanmışam. Bu kitabı gələn ilin ilk ayında Dini Komitədən icazə alıb çap etdirmək istəyirəm. Artıq axırıncı mövzu üzərində işləyirəm. Burada bir neçə Quran ayələri ilə bağlı tərcümələr də var. Kitab yeddi mövzunu əhatə edəcək.

 

“İslamda sehr, cadu yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda bizim anladığımız mənada huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi və ya ərə verilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda Quran oxumaq yoxdur” kimi mövzuları qeyd etmək olar. Bunları bitirmişəm, sadəcə dediyim kimi bir mövzu qalıb.

 

Bundan sonra ikinci kitabım Qurana giriş mahiyyətində olacaq. Bu kitabın adını konkret olaraq müəyyənləşdirməmişəm. Kitabda  Quran nədir, nə vaxt yazılıb, necə ərsəyə gəlib, əlimizdə mövcud olan Quranlar hansılardır, ilk Quran kitabı yazdırılıbmı və.s kimi məsələlər öz əksini tapacaq.

 

Bundan sonra əksəriyyətin namazlarda oxuduğu qısa surələrin həm izahını, həm də geniş təsvirini verəcəyəm. İnsanlar oxuduğumuz surələrin mənasını bilsinlər.

 

Bütün bunlardan sonra “İslamda yoxdur” kitabının ikinci cildini hazırlayacam. Peyğəmbərimizin həyatının düzgün tərcüməsini yəqin ki,  iki cild halında çapa verəndən sonra Quran kitabını tam şəkildə  insanların ixtiyarına verməyi planlaşdırıram. Bu da yaxın zamanda olmayacaq, uzun bir prosesdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?