Modern.az

Sevilən və sevən vətəndaş olmaq xoşbəxtliyi - Fidan Hacıyeva haqqında

Sevilən və sevən vətəndaş olmaq xoşbəxtliyi - Fidan Hacıyeva haqqında

Mədəni̇yyət

29 Dekabr 2017, 13:00

Deyirlər, gözəl mahnı da məhəbbət kimidir, qəlbin dərinliklərindən süzülür, insanın iliyinə hopur, varlığına hakim kəsilir...


Hər dəfə Azərbaycan Respublikasnın xalq artisti Fidan Hacıyevanın ifasında qəlbi isidən nəğmələri dinləyəndə onunla həmsöhbət olmaq arzusu keçirdi ürəyimdən. Xüsusən yaratdığı Karmen obrazı müasir incəsənətimizdə öz yeri olan fenomen kimi məni daha çox cəzb edirdi.


Nəhayət, bu arzum da gerçəkləşdi və xalq artisti, DİN Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin hərbi dirijoru-mahnı ansamblı rəisinin müavini, baş leytenant  Fidan Hacıyeva ilə həmsöhbət oldum.


Öyrəndim ki, 19 yaşında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müsabiqəyə qatılıb, qalib kimi bu sənət məbədinin solisti olub. Belə yüksək etimad o vaxta qədər bu yaşda heç kəsə nəsib olmamışdı. İlk dəfə “Koroğlu” operasında Xanəndə qızın obrazını canlandırıb. İkinci rolu Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedes olub. Dediyinə görə, “Karmen”də uğur qazanmaq üçün fransız dilini və flamenko rəqslərini öyrənib, az qala taqətdən düşənədək məşq etməli olub. Hətta obrazı daha dərindən dərk etmək üçün vətəni Əndəluza da gedib çıxıb. Beləliklə, artıq 21 yaşında Akademik Opera və Balet Teatrının böyük səhnəsində Karmen obrazını canlandırıb, “ən gənc Karmen” olub.


Sənətçi “Karmen” operasının ona həmişə uğur gətirdiyini və bu əsərin hətta onun ailə uğuru olduğunu da deyir. Çünki həyat yoldaşı ilə tanışlığında xüsusi yeri məhz bu opera tutub.


Sonrakı illərdə Fidan xanım Cüzeppe Verdinin “Aida” operasında Amnerisin, “Trubadurda” dramatik bir obraz olan Azuçenanın ariyalarını ifa edib. Səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən beynəlxalq müsabiqəyə dəvət ediblər. Opera müğənnisi həmin müsabiqədə də qalib olub.


Bir çox ölkələrdə müsabiqələrin laureatı olan şöhrətli həmkarımız vətənpərvərlik mövzusunu heç vaxt yaddan çıxarmır. Hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyüdüyü üçün bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini dərindən anlamağa və qavramağa imkan verib.


Dəfələrlə cəbhə bölgələrində, hərbi hissələrdə geniş konsert proqramları ilə çıxış edib. Düz 11 il müddətində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansambılının baş solisti kimi tez-tez cəbhə bölgələrində əsgərlərimizə mahnılar ərmağan edib. Fəxrlə dedi ki, bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamını artırır.


Bir neçə ildir ki, DİN Daxili Qoşunlarında çalışır. Daxili Qoşunlarda xidməti ilə fəxr edir, hərbi rütbəni daşımaqdan qürur duyur. Fəaliyyəti haqqında danışarkən vurğuladı ki, Daxili Qoşunların hərbi orkestri Azərbaycan Dövlət Simfonik Orkestrindən sonra ikinci belə peşəkar kollektivdir.  Bir neçə ay bundan öncə elə bu kollektivlə birgə  Belarusun 100 illik yubiley şənliklərində çıxış edib.


Öyrəndim ki, repertuarında sırf klassik əsərlər deyil, estrada və caz musiqiləri, bəstəkar və xalq mahnıları, milli ruhlu marşlar da mühüm yer tutur.


Daxili Qoşunların sıralarına qəbul olunandan sonra xarakteri də, yaradıcılığa bağlılığı daha da güclənib. Özündə tükənməz enerji hiss edir. Gənc vokalçıların yetişməsi üçün pedaqoji fəaliyyətlə də məşğuldur Fidan xanım. 2016-cı ildə gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradıb.


Sənətçinin əsas məqsədi tələbələrinə dərs keçmək üçün tədris yeri yaratmaq olub. Bu səbəbdən də vokal sənəti və klassik musiqilərin tədris olunmasına xidmət edən mərkəzdə əlavə olaraq caz, klassik estrada, fortepiano, saksafon, skripka və gitara ixtisasları da tədris olunmağa başlanıb. Mərkəz bu ildən "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırılıb.


Yetirmələrinə ən çox Azərbaycan mahnılarını ifa etməyi öyrədir ki, mədəniyyətimizi dünyada təbliğ etmək imkanları daha da çoxalsın. Və bu repertuarlar vətənpərvər ruhlu mahnıların hesabına get-gedə genişlənir. Sənətinin başlıca qayəsi kimi düşünür ki, hər zaman vətənin müdafiəçilərinə deyəsi        sözü-onların qarşısında oxumaq üçün hərbi-vətənpərvərlik mövzusunda çoxlu mahnıları olmalıdır.

- Mahnı, bəstəkar sarıdan çətinlik çəkirsinizmi - sualımıza cavabında operamızınbənzərsiz ulduzu dedi ki, gözəl, keyfiyyətli musiqini sevir, onun hansı janra aid olması bir o qədər də önəmli deyil. Çox istedadlı bəstəkarlarla işləyir. Bu yaxınlarda E.Həsənovun və V.Əzizin “Vətənimdir” adlı əsərinə səhnə həyatı verib. Hazırda isə DİN Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin     rəisi-baş hərbi dirijor, respublikanın əməkdar artisti, polkovnik-leytenant İlqar Novruzovun “Ana səsi” əsəri üzərində işləyir.

Söhbətimiz boyu çox mətləblərə toxunduq. Hiss etmədən münasibətlərimiz də istiləşdi. Söz dönüb-dolanıb ailədən düşəndə, elə bil ürəyimi oxuyurmuş kimi növbəti sualımı verməyə macal tapmamış özü cavabını verdi. Dedi ki, ailə qurduğu Böyük Britaniyavətəndaşı Fillip ona xaricə köçməyi təklif etsə də o, vətənsiz yaşamağı ağlına belə gətirməyib. Elə bu cavabı, əslində, həyat yoldaşının da ürəyincə olub. Cünki o, artıq Azərbaycanı ikinci vətəni kimi sevir. Üç övladları var. İki adla - həm ingilis, həm də Azərbaycan adları ilə çağırırlar. Corciniya Xəyalə, David Davud, Çarls isə həm də Emindir. Ailədə Azərbaycan ab-havası hökm sürür...

Çoxdan fikrimdə canlandırdığım söhbət baş tutdu. Uzun müddət sevilən sənətkarımızla olan görüşümüzün xoş təsirində idim. Bu qədər də sadə və istiqanlı təsəvvür etmədiyim Fidan xanım bəzi ulduz xəstəliyinə tutulanlardan fərqli olaraq araya heç bir əda qoymadan bütün suallarımı cani-dildən cavablandırdı. Hələ bişirdiyi mürəbbələrin də dadına baxdıq.

...Son baharın sığal çəkdiyi şəhərə buludlardan nur ələnir. Duyğular isə bu dəfə mənim özümü sorğulayır. Düşünürəm, görəsən, sənətkarın bu qədər  sevilməsinin bir sirri də onun öz sevgisini paylaşa bilməsində deyil ki?!

 

Xəyalə Məmmədova,  
DİN Mətbuat Xidmətinin əməkdaşı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!