Modern.az

İlham Əliyev Serg Sarkisyanla görüşüb

İlham Əliyev Serg Sarkisyanla görüşüb

22 Noyabr 2009, 19:55

Noyabrın 22-də Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin 6-cı görüşü keçirilib. Danışıqlar Fransanın Münhendəki konsulluğunda baş tutub.

 

Xarici mətbuatın məlumatına görə, görüş yerinə əvvəlcə Azərbaycan tərəfi, 15 dəqiqə sonra isə Ermənistan tərəfi gəlib. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə bildirib ki, görüş qapalı keçiriləcək.
Fransanın Xarici İşlər Nazirliyinin daha öncə yaydığı məlumata görə, İlham Əliyev və Serj Sarkisyan arasındakı görüşdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması, öz müqəddaratını təyin etmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu, məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminat, bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi məsələləri müzakirə olunacaq.

 

Bakı vaxtı ilə 16:00 başlayan görüş əvvələcə prezidentlərin təkbətək iştirakı ilə sonra geniş tərkibdə davam etdirilib.
AzərTAc-ın məlumatına görə, geniş tərkibdə keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak ediblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub