Modern.az

Teleradio Şurası: “Çalışırıq ki, efirdə yaradıcılıq məsələləri axsamasın”

Teleradio Şurası: “Çalışırıq ki, efirdə yaradıcılıq məsələləri axsamasın”

29 Dekabr 2017, 16:13

“Bəzən insanlar, hətta bəzi ekspertlər  Milli Televiziya və Radio Şurasının üzərinə düşən səlahiyyətlərin  nə  olduğunu  bilmirlər”.

Bunu Milli Televiziya və Radio Şurasının ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov  Modern.az-a açıqlamasında deyib. O bildirib ki, Milli Televiziya və Radio Şurası (MRTŞ)  hər şeyə cavabdeh deyil:


“MTRŞ yaranandan indiyə qədər daimi monitorinqlər aparılır. Ümumilikdə 2017-ci ildə  yayımçıların efirində müsbət məqamlar, mənfi hallar, qanun pozuntuları, tərifəlayiq işlər də olub.  Bu ili teleradio yayımı sahəsində inkişaf ili kimi qeyd edə bilərik. Teleradio yayımı sahəsində həm keyfiyyət, həm də kəmiyyət baxımından bu məsələni vurğulamaq olar. Yayımçıların efirində ötən ilə nisbətən qanunvericilik tələblərinə əməl olunması, keyfiyyəti istiqamətində,  aparıcıların  inkişafı aspektində müəyyən irəliləyişlər əldə edilib.

Bilirsiniz, MTRŞ hər zaman mediaya açıqdır və ictimaiyyətin maraqlarına zidd olan hər bir məsələdə aktiv olmağa, reaksiya verməyə çalışır. Bu baxımdan MTRŞ-dan gözləntilər də çoxdur və biz də bunu hiss edirik. Bəzən insanlar, hətta bəzi ekspertlər  Teleradio Şurasının üzərinə düşən səlahiyyətlərin  hansı səviyyədə olduğunu bilmirlər. MTRŞ yayımçıların yaradıcılıq fəaliyyətinə qarışmır , müdaxilə etmir. Məsələn, efirdə şou-biznes verilişlərindən, ümumiyyətlə şoulaşmadan narazılıq olur. Bəzən  keyfiyyətsiz, bayağı verilişlər cəmiyyətdə birmənalı qarşılanmır. Bu məsələlərdə MTRŞ çox qınanılır. Amma qanunvericilikdə də xüsusilə qeyd edilib ki, MTRŞ yayımçıların yaradıcılıq məsələlərinə qarışmır”.


T.Dadaşov qeyd edib ki,  MTRŞ yalnız qanunverciliyin konkret tələbləri pozularsa, yayımçılara müdaxilə edə bilər:


“Bu baxımdan cəmiyyətdə yanlış  rəy yaranır ki, MRTŞ  hər şeyə cavabdehdir. Biz hər şeyə cavabdeh deyilik. Bütün hallarda MTRŞ yayımçıların yaradıcılıq işlərinə qarışmasa da, çalışır ki, efirdə yaradıcılıq məsələləri də axsamasın. Bunu inzibati metodlardan istifadə etməklə deyil, tövsiyə formasında, kanallarla əməkdaşlıq şəraitində edirik. Eyni zamanda, media vasitəsilə də teleradio yayımları ilə bağlı mesajlar veririk. Bu formada problemlərin, xoşagəlməz halların həll edilməsinə çalışırıq. Ona görə də teleradio yayımları ilə bağlı məsələləri daim diqqətdə saxladığı üçün mediaya təşəkkür edirik”.


Müsahibimiz 2017-ci ildə teleradio sahəsində mövcud olan narazılıqlardan da söz açıb:


“Bu il xüsusi  narazılıqlar olmayıb. Əvvəlki illərdə cəmiyyəti narahat edən ciddi məsələlər, qanunverciliyin pozulma halları olurdu. Bu il isə bəzi vaxtlarda yayımçılar tərəfindən milli dəyərlərə zidd hallar müşahidə edildi, aparıcıların nitqində problemlər, reklam yayımları, sponsorla bağlı qanunvericilik tələblərinin pozulması halları, radioların efirində verilişlərin bəzən aşağı keyfiyyətli olması kimi problemlər oldu. Bu əslində bütün teleradio yayımçılarına aid deyil. Ümumilikdə  2017-ci ildə faciəli problemlər yaşanmadı”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir