Modern.az

Mikayıl Bozalqanlı: “Şeir yazmaq bir peşə deyil, bu, ruh məsələsidir” - MÜSAHİBƏ

Mikayıl Bozalqanlı: “Şeir yazmaq bir peşə deyil, bu, ruh məsələsidir” - MÜSAHİBƏ

30 Dekabr 2017, 13:39

Mikayıl Binnət oğlu Əsgərov (Bozalqanlı) 19 dekabr 1958-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib, orta təhsilini 1967-ci ildən 1977-ci ilədək olan müddətdə elə həmin kəndin məktəbində – Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində bitirib.

           
1980-ci ildə  Azərbaycan Dövlət Xarici Dillər İnstitunun (indiki ADU) “Fəhlə fakültəsi” adlanan hazırlıq bölməsində 1 il hazırlıq kursu keçdikdən sonra, 1981-ci ildə həmin universitetin Alman dili fakültəsinin əyani şöbəsinə qəbul olunub. Universitetdə oxuduğu müddətdə ictimai işlərdə fəal iştirak edib və həmin ali təhsil ocağını 1985-ci ildə fərqlənmə diplomu ilə bitirib. Bundan sonra təyinat üzrə iki il Şamaxı rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. Bir il Çuxuryurd kəndində Təlim-tərbiyə üzrə direktor müavini, bir il isə Qonaqkənd kəndində  xarici dil  və rus dili müəllimi vəzifəsində işləyib. Təyinatı üzrə pedaqoji fəaliyyətini bitirdikdən sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetində laborant, baş laborant, saathesabı müəllim, daha sonra isə 1997-ci ilədək ştatda olan alman dili müəllimi kimi fəaliyyət göstərib. Universitetdə pedaqoji fəaliyəti ilə paralel olaraq uzun müddət bir sıra alman firması və təşkilatları ilə birlikdə çalışaraq, Azərbaycan və Almaniyada  tərcüməçilik fəaliyyəti ilə məşğul olub.

          
1997-ci ildən etibarən müstəqil işləmək və xarici dilin tədrisində özünün istədiyi metodları tətbiq etməklə xarici dili öyrənənlərə daha sürətlə və  qısa müddətdə  mənimsətmək üçün Azərbaycanda ilk özəl xarici dil məktəbi olan “Alman Dili Mərkəzi”ni təsis edib. Kiçik, lakin son dərəcə yaradıcı, işgüzar və mehriban bir kollektivə rəhbərlik etməklə bu günədək yüzlərlə yeniyetmə və gənclərə alman dilini sevdirərək və öyrədərək onlara Almaniyada öz təhsillərini davam etdirmək arzularında təmənnasız dəstək olub. İndiyədək bu mərkəzin vasitəsi və köməkliyi ilə yüzlərlə azərbaycanlı yeniyetmə və gənc öz təhsilini bakalavr və magistr dərəcəsində davam etdirmək üçün Almaniyanın müxtəlif ali təhsil müəssisələrinə gedib və hal-hazırda bir çoxları təhsillərini davam etdirir, bir çoxları isə bakalavr və magistr diplomalarını aldıqdan sonra müvafiq olaraq ixtisasları üzrə Azərbaycan və Almaniyada fəaliyyət göstərirlər.

           
Mikayıl müəllim asudə vaxtlarını mütaliə ilə keçirməyi uşaq vaxtlarından özünə sevimli məşğuliyyət növü olaraq seçib. Elə buna görədir ki, ilk öncə jurnalist, ədəbiyyatşünas və ya kinematoqraf olmaq fikrində olub. Özünün dediyi kimi, xarici dillərə olan marağı sonda hər bir istəyi üstələdi və tərcüməçi-pedaqoq olmaq qərarına gəldi.

          
Aşıq yaradıcılığına, saza və sözə, bu işığın ətrafına toplaşan duyğulu insanlara marağı olduqca böyükdür. Son vaxtlar asudə olduğu hər anını, hər zamanını belə camiyələrdə, məclislərdə və digər yaradıcılıqla bağlı olan tədbirlərdə keçirməkdən zövq aldığını deyir. Ədəbi mühitlə, bu mühitdə olan insanlarla  tanışlığı və dostluğu yetərincədir.

           
İndiyədək xarici dilin tədrisi ilə əlaqədar kitab və məqalələri nəşr edilib.“Dünya məndən inciməsin” adlanan şeir kitabı ədəbiyyat sahəsində müəllifin ilk kitabıdır. Müəllif bunu kiçik yaşlarından yazmağa başlasa da, nəşr olunmağa o qədər də böyük istəyinin olmaması ilə əlaqələndirir və bildirir ki, bu kitabda əlində olan şeirlərinin yalnız bir hissəsi toplanıb. Sonda onu da dedi ki, ömür vəfa etsə daha yeni kitabların olması da gözlənilir.

Modern.az Mikayıl Əsgərovla söhbəti təqdim edir:

- Mikayıl müəllim, müasir dövrdə yazılan qoşmaları, gəraylıları təhlil edərkən bir çox nəzəri qaydaların qorunmadığının şahidi oluruq. Belə şeirlərdə məzmun zəifliyi, qafiyə sayının düzgün gəlməməsi, poetik axıcılığın görünməməsi, bədii-fəlsəfi fikirlərin qıtlığı və s. kimi nöqsanlar hiss olunur. Sizcə əsl şair şeirlərini hansı kriteyalarla yazmalıdır?

           
- Hər şeydən öncə onu qeyd etmək istərdim ki, sualın qoyuluşu kifayət qədər əhatəlidir. Ola bilər ki, bu sualla əlaqədar subyektiv fikirlərim hər hansı bir yaradıcı insanı bu və ya digər dərəcədə razı salmasın. Amma çalışacağam ki, bacardığım qədər suala dair fikir və düşüncələrimi bölüşüm.

           
Yaradıcılığın bütün sahələrində müəyyən qayda və qanunlar, ölçü və çərçivələr mövcuddur. İnsan şüurunun, dərrakəsinin, bilik və bacarıqlarının, vərdişlərinin iştirak etdiyi bütün proseslərdə dəyərləndirmə baxımından “yaxşı” və “pis”, “zəif” və “qüvvətli” anlayışları daim mövcud olub və bu gün də mövcud olmaqdadır. Söhbət poeziyadan gedirsə, ahəng, forma, musiqililik, obrazlılıq kimi amillər özünü daha qabarıq büruzə verir. Bunlar bütövlükdə ölçü və ya vəzn adlandırılır. Şeirin əmələ gəlməsində, formalaşmasında, cilalanmasında vəzn, səslərin nizamı, qaydası və tənasübü mühüm şərtdir. Şerin mənası, məzmunu, hərəkətliliyi də məhz vəznlə bağlı olan məsələdir. Şeirin üzərinə düşən poetik axıcılılıq, bədii-fəlsəfi fikir yükü, sadəcə, mətnlə, söz yığını ilə ifadə edilə bilməz. Qafiyənin, heca sayının düzgün gəlməməsi də şeirin və poeziyanın texniki qüsurları kimi dəyərləndirilir. Şeirin beyində şeir kimi formalaşması, yazıya köçürülməsi və oxucuya çatdırılması prosesləri öz-özlüyündə poeziyanın yaradıcılıq texnikasının tərkib hissəsidir. Təbii ki, əgər sadalanan bu amillərə fikir verilməzsə və ya həmin amillərdə  bu və ya digər dərəcədə yanılışlıqlar olarsa, bu, son nəticədə, sizin də qeyd etdiyiniz kimi, məzmunun zəifliyi, poetik axıcılığın görünməməsi, bədii-fəlsəfi fikirlərin qıtlığı və s. kimi nöqsanlara rəvac verir, şerin oxunaqlığı zəifləyir, bədii təsir gücü gözlənildiyindən aşağı olur. Ona görə də şeiri yazarkən bir sıra kriteriyalara diqqət yetirmək lazım gəlir. Buna misal olaraq janr, vəzn, heca, qafiyə, ritm, bədiilik, musiqililik, axıcılıq, təbiililik  və sair amilləri göstərmək olar.            


- Müasir texnikanın inkişafı nəticəsində kitab çapı asanlaşıb. Yazıçı və şairlər çoxlu kitablar çap edirlər. Bir çoxlarının əsərləri oxunmur. Müasir oxucu hansı əsərləri istəyir? Həmçinin şairlər şeir yazarkən oxucuların zövqlərini nəzə alırlar?

           
- Texnikanın, eləcə də, çap məhsulları texnikasının sürətlə inkişaf etməsi danılmaz faktdır. Bu isə öz növbəsində kitab nəşrini həm sürətləndirir, həm də onun maya dəyərini aşağı salır. Nəticə etibarı ilə çap məhsullarının, eləcə də, şeir kitablarının kütləsi kifayət qədər artır, oxuculara daha çox “hazır çap məhsul”, yəni kitab təklif edilir. Təbii ki, çap olunmuş bütün kitablar arzuedilən, gözlənilən və xüsusi həvəslə oxunan kitablar olmur. Kitab elə bir şeydir ki,  çap olunduğu andan etibarən öz ömrünü yaşamağa başlayır. Maraqlılığından asılı olaraq onlar ya masaüstü kitab olaraq birnəfəsə oxunur, ya da əlçatmaz, toz basan rəflərdə, piştaxtalarda illərlə toplanaraq qalır.

           
Oxucuların hansı mövzunu istəməsi və ya gözləməsi, təəssüf ki, heç də həmişə birbaşa düzgün təyin edilə bilən istiqamət deyil. Bundan başqa, düşünmürəm ki, şairlər də oxucuların sifarişindən qaynaqlanan yaradıcı ruha köklənir, oxucuların maraqlarından irəli gələn mövzulardan yazırlar. Bu cür yanaşma heç düzgün sayıla da bilməz. Ruh adamının, söz adamının, şairin əhvalı, düşdüyü mühit, onu duyğulandıran fikirlər, hisslər, situasiyalar şeirin yaranması baxımından daha həlledici olur. Həm də ki, yaradıcı insan öz zövqünü oxucuların zövqü ilə tənzimləmir, tam əksinə, oxucularda daha yüksək zövq, daha yüksək duyum, daha yüksək mütaliə, mülahizə və analiz qabiliyyətləri formalaşdırmağa çalışır. Qısaca desək, oxucuların arxasınca getmir, sözün müsbət mənasında, onları öz arxasınca aparmağa cəhd edir. Lakin bunun nə dərəcədə alınıb-alınmaması fərdi məsələdir.

           
- Maraqlıdır şeirlərinizi necə yazırsız...

           
- Əslində şeir yazmaq bir peşə deyil, bu hiss, duyğu, eşq, ruh məsələsidir. Şeirin harada, necə yaranacağı əvvəlcədən planlaşdırıla bilmir. Bu təxminən qəfil sancı kimi bir şeydir,  harada tutursa orada da ağrısını çəkirsən və bir də görürsən ki, şeir dünyaya gəldi. Bir də ki, heç bir şair, heç bir yazar qarşısına yaxşı və ya pis bir şeir, yaxşı və ya pis pir əsər yamaq məsələsini qoymur. Şairin şeirləri ona çox doğma olur, istəkli olur - ən yaxın adamı kimi, övladı kimi. Heç bir valideyn istəməz ki, onun övladı çirkin və ya müəyyən qüsurlarla dünyaya gəlsin. Amma belə bir hadisə baş verirsə bu valideynin iradəsi xaricində baş verir. Şairlər də eynən belədir, hər şair öz şeirini daha poetik, daha oxunaqlı, dah qüvvətli görmək istəyir. Amma gerçəklikdə şeir qüvvətli, poetik, bədii, axıcı, rəvan, musiqili alınırmı? Bax, bu andan, əhvaldan, situasiyadan və təbii ki, şairin fəlsəfi düşüncələrindən, poetik yanaşma tərzindən, bədii təfəkküründən, poeziyanın qaynaqlandığı və təşəkkül tapdığlı bədii yaradıcılıq vasitələrindən necə istifadə edə bilməsindən və etməsindən asılıdır. Bunun nəticəsidir ki, ən güclü şairin zəif şeiri və ya ən zəif şairin yadlarda qalan hər hansı qüvvətli bir şeiri də ola bilir. 

           
- Müasir Tovuz ədəbi mühiti haqqında söhbət açardız...

           
- Tovuz  ədəbi mühiti  bütöv Azərbaycan ədəbi mühiti tarixinin ayrılmaz tərkib hissəsi olmaqla onun şərəfli səhifələrindən biridir, desək, elə bilirəm ki, səhv etmiş olmarıq. Tovuz aşıq-ozan, şeir-sənət şəcərəsinin tarixi kökləri Dədə Qorqud dövrünə, XVI-XVII əsrlərə söykənir. Hal-hazırkı günümüzdə də yaradıcılıqları ağızdan-ağıza, yaddaşdan-yaddaşa ötürülən, aşıqlarımızın dilindən düşməyən aşıq Ovalar, (XVI əsr), Aşıq Şıvıldıq (XVIII əsr), Bozalqanlı Cəfərqulu (XVII XIX əsr), Bozalqanlı Məmmədqulu (XIX əsr) kimi ustad aşıqlarımız zamanında yaşamış və yaratmışlar.

           
Getdikcə daha da  pərvəriş tapan aşıq-ozan yaradıcılığının Tovuz ədəbi mühitində  birinci dalğası Öysüzlü Səməd (1840), H.Bozalqanlı (1868), Aşıq Əsəd (1874), Xəyyat Mirzə (1885),  Aşıq Mirzə Cilodarlı (1888), Əlimərdanlı Nəcəf (1900), Şair Vəli(?) və sair kimi adlı-sanlı ustadlarla başlayır. Bu siyahını ola bilsin ki, hazırda yadıma düşməyən adlarla bir qədər uzatmaq  da olardı.

           
İkinci dalğada Aşıq Əkbər Cəfərov, İmran Həsənov, Mikayıl Azaflı, Çopur Ələsgər (Ələsgər Tağıyev), Xanlar Məhərrəmov, Aydın Çobanoğlu, İdris Alakollu, Cavan Səməd, Xalıqverdi Bozalqanlı  kimi ustad aşıq-şairlər gəlirlər. Bu dalğanın davamçıları ustad aşıq Əli Quliyev, Mahmud Məmmədov, Əlixan Niftaliyev olmaqla yaradıcılıq estafetini daha sonrakı, bugünkü nəslə aid olan aşıqlardan Zülfiyyə İbadovaya, Şəhriyar İbrahimliyə, Elməddin Məmmədova, Firudin Tovuzluya, Məhərrəm Hüseynliyə, Samirə Əliyevaya, aşıq Günel Tovuzluya  vermişlər.

           
Sevindirici haldır ki, Tovuz rayonunda aşıqlar və ozanlar ocağının alovu, odu sönmür, əksinə, daha da şölələnir. Ustad Çopur Ələsgər ocağından Kamandar Tağıyev, ustad Azaflı Mikayıl ocağından Dilara və Gülara Azaflı bacıları, Roman Azaflı, Ulduz Azaflı, ustad Aydın Çobanoğlu ocağında Səyyad Aydınoğlu kimi aşıqlarımız pərvazlanmış və respublikamızda kifayət qədər tanına bilmişlər.

           
Tarixin yetişdirərək bizə ərməğan etdiyi bu milli dəyərlərimizi, saz-söz dünyasının fədailərini, onların yaradıcılığını və adlarını nəsillərdən-nəsillərə ötürmək, yaşatmaq, saxlamaq bizim vətəndaşlıq, mənəvi və ruh borcumuzdur. Bu mənada Millət vəkili Qənirə Paşayevaya, professor Qəzənfər Paşayev, xeyriyyəçi Namazalı Məmmədova minnətdarlığımızı bildiririk. Onların təşəbbüsü, zəhməti, təşkilatçılığı, maliyyə dəstəyi ilə H.Bozalqanlı, Xəyyat Mirzə, Mikayıl Azaflı, Həsən Mülkülü, Rasim Kərimli, Məftun Əziz və başqalarının kitabları nəşr edilib.

           
“El yaddaşı dinəndə”(1992) və “Xunan Şəmşəddil Tovuz”(1997) kitabına görə həmyerlimiz Vaqif Paşayevə, “Aşıq sənəti”(1996) kitabına görə professor Məhərrəm Qasımlınıya, “Qarğınsız”(2009) kitabına görə Bəhruzər Rüstəmova, “Elim mənə ilham verib”(2007 ) kitabına görə Qənirə Paşayevaya, “Tovuz aşıqları”  kitabına görə Məhərrəm Hüseyinliyə, “Çopur Ələsgər”(2007) kitabına görə ustad aşığın oğlu Eldar Tağıyevə də dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

           
Cavabımın aşıq yaradıcılığı ilə bağlı olan hissəsinin sonunda onu da qeyd etmək istərdim ki, bütün dünyada yeganə olan “Aşıq-ozan” muzeyi mənim doğma kəndimdə, aşıqları, sazın, sözün fədailəri ilə bütün Azərbaycanda və onun sərhədlərindən kənarda məşhur olan Tovuz rayonunun Bozalqanlı kəndində yerləşir. Bunun bir təsadüf olduğunu zənn etmirəm.

           
Aşıq-ozan yaradıcılığından, deyəsən bir az uzun danışdım. Bu, yəqin ki, içimizdə olan saz yanğısı, söz aclığı ilə bağlı olan məsələdir.

           
Çağdaş Tovuz ədəbi mühitinin qoşa qollarından biri də özünü publisistikada, jurnalistikada, yazıçılıqda və şairlikdə görən, ömrünü-gününü buna həsr edən eloğlularımızdır. Burada da tarixə səfər etmək, üzü keçmişdən bəri gəlmək də olar. Amma verilmiş sualdan daha çox kənarlaşmamaq naminə birbaşa müasirlərimiz olan publisistika, jurnalistika, yazıçılıq,  poeziya və söz sənətində olan insanlarımızdan söz açmaq istərdim. Bu sırada Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, şair-publisist, Əməkdar jurnalist, Dövlət Mükafatı laureatı Nəsir Əhmədli, türk dünyasının ünlü şairi, Çanaqqala Universitetinin professoru Məmməd İsmayıl kimi nəhənglərlə bərabər İsa Cavadoğlu, Murad Köhnəqala, Çingiz Qəribli, Əkbər Qoşalı, Ehtiram İlham, Elxan Zal, Zirəddin Qafarlı, Akif Əhmədgil, Məmməd Namaz, Dilqəm Hüseynov, Vaqif Nəsib, Süleyman Hüseynov, Ənvər Abbasov, Ənvər Cahan, Lətif Qasımov, Vaqif Qədirzadə, Kamran Eyyublu, Ramiz Çıraqlı, Məmiş Arzulu, Vaqif Bahaduroğlu, Teyyub Məhərrəmov, Qəşəm Cahan, Məhəbbət Əhmədov, Bəsti Əlibəyli, Rübabə Sahib, Günay Həsənli, Gülnar Səma, Mikayıl İlhamlı, Vaqif İsaqoğlu, Bağman Baba kimi yazarların adlarını sadalamaq istərdim. Sadalanan bütün bu adlar publisistikanı, poeziyanı, sözü dəyərləndirən, sevən oxuculara yaxşı tanışdır. Adları çəkilən bu  yaradıcı insanlar istər  KİV-də, istərsə də sosial şəbəkədə kifayət qədər aktiv fəaliyyətləri, sözə yanaşma dəsti-xəttləri ilə sevilir və oxunurlar.

           
Bir çox yazarlarımız, şairlərimiz  var ki, mərkəzdən kənarda, Tovuz şəhərində və onun müxtəlif kəndlərində yaşamasına baxmayaraq Azərbaycan Yazıçılar və Juralistlər Birliyinin üzvləridir və ya olublar. Bunlara misal olaraq Əbülfət İslamı, Safruh Qədiri, Novruz Mizani Hafizi, İsa Cavadoğlunu, Fəxrəddin Harayı, Hümməti, Hafizi, Yunus Oruclunu, Fəxrəddin Harayı, Hüseyn Seyidvəli oğlunu, göstərmək olar.

           
- Şeir yazarkən daha çox hansı mövzulara müraciət edirsiz? Şeirlərinizdən oxucularımzla paylaşsaz sevinərdik.

           
- Mövzunu əslində insanın özü yox, sevgisi və ya narahatçılığı seçir. Sevərkən də, narahat olarkən də mövzu eyni ola bilər, məsələn, ana kimi, vətən kimi, sevgi kimi, təbiət kim, qəhrəmanlıq kimi. Sevərkən sözlərdə başqa rəng, başqa çalar, başqa istilik olur, başqa ahəng olur. Narahat olarkən isə rəng də, çalar da, istilik də, ahəng də dəyişir. Bu həm də musiqiyə qulaq asmaq istəyi kimi bir şeydir. Hərdən klassika yada düşür, hərdən modern. Yəni, yaradıcılığın səddi, sərhəddi olmur. Yönü hara düşürsə, quşu hara qonursa, mövzu olaraq da onu seçir. Hərdən elə də olur ki, özünə güc gəlib əvvəlcədən  fikrində tutduğun bir mövzuya aid nəsə cızma-qara etmək istəyirsən, yazıb qurtarıb ayağa duranda görürsən ki, özün də bilmədən tamam başqa bir mövzudasan. Sözümün canı odur ki, hətta özünü məcbur etmək istəsən belə, bir şey alınmır. Söz özü gəlməlidir, şeir özü yaranmalıdır, sən isə yalnız sözə, şeirə mərhəmət göstərib onu kağıza köçürməlisən. Bunu etməsən bir də görürsən ki, dünən başında olan bir fikir, bir söz uçub gedib, indi yerində başqası durur. Oxucularla paylaşmağa gəldikdə isə, əlbəttə, azdan-çoxdan nələrsə var, böyük məmuniyyətlə.

 

SALAM OLSUN

 

Bu dünya hal dünyasıdı,

Duyunlara salam olsun.

Halımızı xəbər alıb,

Sayanlara salam olsun.

 

Çalış edəsən fəzilət,

Hər kəsə eyləsin ləzzət.

Ustadlara hörmət, izzət

Qoyanlara salam olsun.

 

Uymagınan yalan sözə,

Şirin dilə, xəbis gözə.

Ədalətə, haqqa, düzə

Hayanlara salam olsun.

 

Sev dostunun hər anını,

Öyrən, tanı duşmanını.

Elinin şöhrət, şanını

Yayanlara salam olsun.

 

Mikayıl, çoxdan sınanıb,

Nə sınıb, nə də aldanıb.

Mətrifətdən qidalanıb,

Doyanlara salam olsun.

           
- Sosial şəbəkədə də aktiv iştirak edirsiz. Bu haqda da söhbət açardız.

           
- Oxucularla əlaqə də zaman keçdikcə yeni forma alır. Yaxşıdır, yoxsa pisdir - burasını deyə bilmərəm, amma onu bilirəm ki, sosial şəbəkə get-gedə daha çox önə çıxır. Doğrudur, mənə kitabın, vərəqin, səhifələrin istisi daha yaxındır, amma fakt faktlığında qalır. Sosial şəbəkə, sadəcə, daha əlçatandır. İlk rəy əldə etmək, oxucuların fikrini bilmək sosial şəbəkədə daha asan olur. Bu yolla da gələcək kitablara düşməli olan şeirlərin sırası bəlli olur. Səbəb də yəqin ki, elə budur: əlçatarlıq və asanlıq, necə deyərlər, sosial şəbəkənin tənbəl yemi olması. Düzdü özümü elə də tənbəl saymıram, amma hər halda, deyim belədir.

           
- Sonda oxucularımza nə demək istərdiz?

           
- Demək istərdim ki, içinizdə qalan istəyinizə görə, sevginizə görə çox sağ olun. Siz oxucularsız bütün yazarlar günlərin birində yazmağı dayandırardılar. Yəni, ən böyük ilham mənbəyi oxuculardır. Könülləri, ruhları var olsun. Səbr edib məni də oxuyanlara təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm.

 

 Söhbəti qələmə aldı: Mahmud Əyyub

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir