Modern.az

“Azərbaycan söz sahibi olan dövlətdir “ - Deputatlar xarici siyasətdən DANIŞDILAR

“Azərbaycan söz sahibi olan dövlətdir “ - Deputatlar xarici siyasətdən DANIŞDILAR

30 Dekabr 2017, 14:15

2017-ci il başa çatır. İl ərzində istər siyasi, istər iqtisadi, istərsə də sosial və humanitar sahələrdə müxtəlif hadisələr baş verib. Bu hadisələr sırasında sözsüz ki, uğurlar az deyil.

Milli Məclisin deputatları Modern.az-a bu dəfə 2017-ci ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar barədə danışıblar.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə qeyd edib ki,  2017-ci ildə Azərbaycan-NATO, Azərbaycan-Avropa Birliyi (AB) münasibətlərində çox ciddi inkişaf olub.

"Baxmayaraq ki, ABŞ-da, Avropada, bütün beynəlxalq təşkilatlarda ölkəmizə qarşı informasiya müharibəsi aparılır, böhtan və yalan kampaniyası mövcuddur, yenə də Azərbaycan öz önəmini bu sistemdə təsdiq edə bildi. Bununla yanaşı, 2017-ci ildə Azərbaycan iqtisadiyyatın fərqli sahələrini inkişaf etdirməyə başladı. İlk növbədə buna misal olaraq, turizmi qeyd edərdim. İri layihələrin nəticəsində turizm tək paytaxtda deyil, Azərbaycanın digər sahələrində də inkişaf etdi. Xüsusilə, kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar 2018-ci ildə də müsbət nəticələrə ümid yaratdı. Bu il Azərbaycan parlamentində elmin, təhsilin inkişafı, onun hüquqi bazasının yaradılması ilə bağlı qanunlar qəbul edildi. Bu sahənin inkişafı və islahatlar üçün müəyyən hüquqi platforma təmin olundu”.


Regionun ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, deputat bu məsələdə 2018-ci ildə də ciddi dəyişikliklər gözləmədiyini bildirib.

"Ermənistan müstəqil dövlət deyil. Demək olar, ötən illərdə müstəqilliyinin olanını da itirdi. Erməni silahlı qüvvələri artıq rəsmən Rusiya silahlı qüvvələrinin tərkibinə daxil edilib. Bu ölkənin iqtisadiyyatının əsas sahələri də Rusiyaya aiddir.  Ona görə, gələn il üçün hansısa irəliləyiş görmürəm. Çox istərdim, beynəlxalq təşkilatlar məsələyə diqqət yönəltsin. Status-kvonu saxlamaq istəyən qüvvələrə təzyiqlər edilməlidir”.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan  müasir beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren iştirakçısı kimi, regionda və ətraf coğrafiyada baş verən proseslərdə xüsusi çəkiyə və mühüm rola malikdir.


“Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən-ilə möhkəmlənir, ölkəmizin regional liderliyi dünya tərəfindən açıq etiraf olunur. Hesab edirəm ki, 2017-ci ildə də xarici siyasətdə Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsaslı uğurlar qazanılıb. Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli, həm də çoxşaxəli əlaqələr fonunda mühüm əməkdaşlıq münasibətləri qura bilib. 2017-ci il də Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri, bir çox dövlət və hökumət başçılarının ölkəmizə gəlişi və aparılan ikitərəfli danışıqlar, dövlət başçıları arasında strateji əməkdaşlığa dair sənədlərin imzalanması ilə xarakterik olub. Eyni zamanda, dövlət başçımız bir çox beynəlxalq tədbirlərdə iştirak edərək, Azərbaycanın siyasətini, əldə etdiyimiz uğurları, Dağlıq Qarabağ problemini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi xarici siyasət kursunun nəticəsi olaraq bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkə kimi qəbul olunur. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə bərabərhüquqlu, qaşılıqlı maraqlara söykənən uğurlu əməkdaşlıq əlaqələri qurub".

Deputat deyib ki, Azərbaycanın xarici siyasəti açıqdır, ölkəmiz milli maraqlarımıza cavab verən, xoşməramlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.

"Azərbaycan dövlətinin qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri şübhəsiz ki, xarici siyasətlə daxili siyasətinin bir – birini uğurla tamamlamasıdır. Ölkə daxilində iqtisadi, sosial, siyasi, humanitar və digər bütün sektorlar üzrə qazanılan nailiyyətlərin xarici siyasətdə də ardıcıllıqla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kursun nə qədər əhəmiyyətli və praqmatik olduğunu göstərir. Azərbaycan bu gün sabir, dinamik inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa mühüm töfhələr verən, müstəqil xarici siyasət həyata keçirən, bir çox mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən dövlət kimi özünü təsdiq edib. Təkcə 2017-ci ildə ölkəmizdə beynəlxalq humanitar forumlar, iqtisadi, siyasi mövzuda konfranslar, idman sahəsində mühüm yarışlar, İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunaraq, bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi".

Sahibə Qafarova ilin mühüm hadisələri sırasında Cocuq Mərcanlı kəndinin bərpası və böyük qayıdışın başlamasını xüsusi qeyd edib.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.

“Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Ümumiyyətlə, 2017-ci ilin xarici siyasət sahəsindəki yekunları göstərir ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, 2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Qazanılan bütün nailiyyətlərin əsasında isə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir".

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir.

“Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib.  Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır. Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Dövlətimiz münaqişənin ədalətli həlli istiqamətində bütün diplomatik imkanlardan maksimum istifadə edir. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, müvafiq beynəlxalq qurumların və dövlətlərin laqeyd və ikili standartlarla yanaşması səbəbindən münaqişə hələ də özünün ədalətli həllinin tapmır. Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına hec vaxt imkan verilməyəcək. Ərazi bütövlüyümüzün danışıqlar prosesində müzakirə mövzusu olmadığını deyən dövlətimizin başçısı sülh danışıqları nəticə verməsə, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad edəcəyini dəfələrlə vurğulayıb".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı