Modern.az

Ucqar kəndin gənc müəllimi: “Hər səhər tanımadığım adamlar “Sabahın xeyir, can!” deyir” 

Ucqar kəndin gənc müəllimi: “Hər səhər tanımadığım adamlar “Sabahın xeyir, can!” deyir” 

30 Dekabr 2017, 14:54

“Mirzə Cəlilin ucqar dağ kəndində yaşadıqları məni bu yerlərə həvəsləndirdi” 


Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 


Budəfəki müsahibimiz İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid Muradlıdır. Təbii ki, layihəmizin bütün qonaqları, bütün müəllimləri maraqlıdır. Amma Şahid müəllimi oxucular üçün daha da maraqlı edəcək iki əlavə səbəb də var: o,  ucqar dağ kəndinə ibtidailərə dərs demək üçün yollanan nadir kişi müəllimlərdəndir.


Həm də Şahid müəllimin balaca şagirdləri ilə həyata keçirdiyi məktəbdə divarları boyama işi sosial şəbəkələrdə müsbət qarşılanmışdı. Gəlin, həmən söhbətə keçək: 

 


-Əvvəlcə sizi daha yaxından tanıyaq. Necə oldu ki, çalışmaq üçün ucqar dağ kəndini seçdiniz?

 

-Mən Muradlı Şahid Naməddin oğlu 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci ildə Qafqaz Universitetini bitirdikdən sonra müəllimlərin işə qəbulu imtahanında iştirak edərək,  müəllim adını qazanmışam.


Məni dağ kəndində çalışmağa həvəsləndirən məqamlardan biri tələbə olduğum zaman Cəlil Məmmədquluzadənin həyatından öyrəndiyim xatirə idi. Belə ki, Mirzə Cəlil məktəbə getdiyi zaman yolda onun geyimini palçıqla çirkləndirərək, məktəbdən yayındırmağa çalışırlarmış. O isə geri qayıdaraq, yenidən səliqəli geyimdə məktəbə yollanırmış. Cahillər ordusu bilmirmiş ki, Mirzədən saçılan işığın sirri onun geyimindən öncə beynindən, xalqının gələcəyi üçün ortaya qoyduğu ürəyindən qaynaqlanır. Onun həyatındakı bu kiçik epizod günümüzdə müxtəlif çətinliklərə baxmayaraq, oxumaq eşqi sönməyən ucqar kənd insanının yanında olmağa məni həvəsləndirdi.

 

-Kəndlə ilk tanışlıq sizdə nə kimi təəssürat yaratdı?

 

-Buraya gəldiyim zaman kənd ilk olaraq təbiətilə məni heyrətə gətirdi. Ardınca kənd sakinlərinin qonaqpərvərliyi mənə buraları daha çox sevdirdi. Təsəvvür edin, yerli əhali ləzgilər olduğu üçün hər səhər yolda qarşılaşarkən “sabahınız xeyir” dediyiniz tanımadığınız birisi sizə cavabında “sabahın xeyir can” deyir.


-Paytaxtdan kənarda, əyalətdə bir yerə adaptasiya olunmaq, ora uyğunlaşmaq sizə çətin olmadı ki?

 

-Şəhərdən gəldiyim üçün adaptasiya prosesinin çətin olacağı gözlənilən idi. Ancaq həm kənd sakinlərinin, həm də məktəb kollektivinin istiqanlı münasibəti mənə çox kömək etdi. İlk iş günümdə məktəb direktoru Zamin müəllim və direktor müavini Pərviz müəllimin mənə təkcə təcrübəli müəllim kimi yox, həm də böyük qardaş kimi münasibəti sevindirici idi.

 

-Ucqar kənd müəllimlərinin ilk günlər əsasən iki problemi olur: məskunlaşacaq əlverişli ev və məktəbə qədər olan məsafə... Əvvəlcə evdən başlayaq...

 

-Kirayə qalacağım evi tapmaqda direktor kömək etdi. Ev sahibləri isə mənim artıq buradakı ikinci ailəm oldular. Qızlar xala, oğulları Məzahir və Ləyaqət ən kiçik problemdə yanımda olurlar. Bəzən, qapı döyülür, açıram və Qızlar xala bişirdiyi təndir çörəyini nəvəsilə göndərib. Bəzən işdən gec qayıtdığım vaxt, qapı döyülür və isti xörək..

 


-Siz sosial şəbəkələrdə bir jestinizə görə xeyli təqdir olundunuz- uşaqlarla birlikdə məktəbdə boya işləri görmüsünüz. Bu barədə danışaq.


-Müəllim olaraq dərs prosesi zamanı sinif otağının əlverişli mühiti hər zaman məni düşündürüb. Ölkə müəllimləri və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan – “Özündən başla” layihəsini də beləcə fikirləşdim. Sinif otağını şagirdlərimlə bərabər boyamağı daha məqbul hesab etdim. Çünki beləcə şagirdlər məktəbin bizim ikinci evimiz olduğunu həqiqətdə hiss edəcəkdilər. Otaqlarını öz dünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də öz işlərinin bəhrəsini özləri qoruyacaqdılar. Belə də oldu.
Sinfə daxil olarkən uşaqların gözləri də gülür sanki. Sonda isə qarşılaşdığı hər çətinlikdən şikayətlənən, ətrafında olan problemləri qabardan insanlara sosial mesaj vermək istədim. “Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”.

 

-İndi keçə məktəbin özünə... Çalışdığınız məktəbdəki təhsil keyfiyyəti, kommunal təminatı, binanın durumu necədir?

 

-İstisu kəndi İsmayıllı rayonunun şimal-qərbində yerləşir və qışı sərt keçir. Məktəb odun sobaları ilə qızdırılır. Sinif otaqları isə dərsin təşkili üçün uyğundur.



-O məktəbdəki ilk dərs günündən danışın zəhmət olmasa... İlk dərs günlərində baş verən nə kimi maraqlı hadisələri bizə danışa bilərsiniz?

 

-15 sentyabr və ilk dərs günü… İkinci  sinifdə dərsə başlamalı idim. Otağa daxil oldum. Və həmin an… “Salam müəllim”. Dünyanın ən şərəfli adı! Şagirdlərimdən birinin evə yollanarkən qol düyməsini uzadaraq “müəllim, bunu bağlaya bilərsiz?” sualı isə ibtidai sinif müəllimi olaraq hələ çox belə məsum simalarla qarşılaşacağımın siqnalı idi..

 

-Bizə bir günlük qrafikinizi, gündəlik rejiminizi  danışın... Kənddəki evdə səhər oyanandan gün bitənə qədərki durumu...

 

-Gündəlik rejimim səhər tezdən oyanıb hazırlığımla başlayır. Ardından məktəbə yollanıram.  Dördüncü sinifdə dərsim başa çatır.  2 saatlıq fasilənin ardından sonra günorta məktəbəqədər hazırlıq qrupunda dərsim başlayır. Ardınca da ev…
Və yeganə çətinlik çəkdiyim məqam - nahar hazırlamaq… (gülür).  Mətbəx, ev işlərinin ardından səhərki dərsə hazırlıq. Azyaşlılarla dərs prosesinin daha səmərəli təşkili üçün gün ərzində öz üzərimdə çalışıram. Təkcə gündəlik yazmaqla işi bitmiş hesab etmək olmaz. Daim innovativ metodların axtarışında oluram. Və bunun nəticəsində şagirdlərimin dərsə marağını, öyrənmə istəyini artıra bilirəm. Gün kitabxanadan aldığım dünya ədəbiyyatının mütaliəsi ilə başa çatır.

 

-Yemək, təmizlik, bazarlıq işlərini necə qaydasına salırsınız? Kənd yerlərinə məxsus həyət işlərinə ehtiyac yaranır?

 

-Həyət işləri ilə demək olar ki, heç məşğul olmuram. Gündəlik qrafikimi sizə sadaladım. Demək olar ki, həyət-bacada hansısa işi görməyə vaxt qalmır. Mənimki ancaq evdə təmizlik işləri aparmaqdır (gülür).

 

-Mətəbdə şagirdlərin dərsə davamiyyəti və münasibəti sizi nə dərəcədə qane edir?


-Kənddə elmə, təhsilə maraq böyükdür. Vaxtilə bu məktəbi bitirmiş insanlar arasında müxtəlif peşələrə yiyələnmiş şəxslər var. Onlar arasında müəllim və həkimləri xüsusi qeyd etmək istərdim. Dərsə davamiyyət əladır. İlk işlədiyim il çörək almaq üçün mağazaya getmişdim. Şörəyi  dördüncü mağazadan güclə tapa bildim, çox uzaq idi. Mağazanın yaxınlığında sinifdə arxa partada əyləşən iki qız şagirdimi gördüm. Sən demə onlar hər gün bu qədər məsafə qət edib, dərsə gəlirlərmiş... 



Bu yerdə qısa bir haşiyə

 

“İstər Bakıda, istərsə də bu kənddə təəccüblənirdilər Bakıdan gəlib dağ kəndində işləməyimə... Bəzən məndə də sual yaranırdı: Bacara biləcəmmi burda? Ama birdən şok effekt oldu...

Mən qızların qışın soyuğunda bu narahat yolu necə gəldiklərini fikirləşdiyim anda... birdən yaşıl gözlü qızın “məllim, şeiri əzbərlədim, sabax danışacam” deməsi hər şeyə nöqtə qoydu. Bu uşaqlara nəsə öyrətmədən geri qayıtmayacam...”.

 

Və… Epiloq…”Özündən başla”

-Gələcək planım şagirdlərimdir. Azərbaycanı elm və mədəniyyət sahəsində daha da güclü edəcək şagirdlər böyütməkdir, bütün məqsədim…

Müsahibənin yeni il ərəfəsinə təsadüf etməsindən istifadə edərək təhsil işçiləri başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Uğurlu il arzulayıram. Layihəmizdə dediyim kimi, Yeni ildə dünyanı rəngarəng etmək istəyiriksə - Özümüzdən başlayaq

 


E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir