Modern.az

Mətbuat katiblərini jurnalistlərdən narazı salan SƏBƏBLƏR: Səbirsizlik, naşılıq, xəbər başlıqları...  

Mətbuat katiblərini jurnalistlərdən narazı salan SƏBƏBLƏR: Səbirsizlik, naşılıq, xəbər başlıqları...  

31 Dekabr 2017, 18:59

Dövlər orqanları və özəl qurumlar hər zaman Kütləvi İnformasiya Vasitələri ilə münasibətlərini sıx etməyə çalışırlar. Çünki media onların məlumatlarını cəmiyyətə sürətli şəkildə çatdıran ən önəmli vasitədir. Amma bəzən jurnalistlərin hansısa bir yazısı qarşı tərəfin narazılığına səbəb olur.

Modern.az
saytı bir müddət əvvəl KİV-nümayəndələrindən mətbuat katiblərinin işinə münasibət öyrənmişdi. Bu dəfə isə mətbuat katibləri qarşı tərəfin - KİV-əməkdaşlarının işindən danışdılar.
Mətbuat katiblərini jurnalistlərdən narazı salan səbəblər hansılardır?

Beləliklə, gəlin önları dinləyək:

 

 

Cəsarət Valehov, Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri:

“Jurnalistlərimizin fəaliyyətindən narazı qalmamışıq.Təhsildə baş verən islahatların dəyərləndirilməsi, onların medianın diqqətinə gətirilməsi baxımından çox böyük diqqət görmüşəm. Biz 2017-ci ildə təhsil sahəsində görülən işləri göstərmək üçün KİV nümayəndələri ilə Azərbaycanın bölgələrinə 6-7 dəfə mediatur təşkil etmişik. Jurnalistlərimiz bölgələrdə görülən işləri də peşəkar şəkildə işıqlandırıblar. Bütün bunlara görə jurnalistlərimizə təşəkkür edirik. Amma istərdik ki, jurnalistikanın ixtisaslaşması yönündə növbəti illərdə daha ciddi məsafələri qət edək. Xüsusən də təhsil jurnalistikası istiqamətində ciddi addımların atılmasının şahidi olmaq istərdik. Bu baxımdan bizim imkanlarımız və arzularımız üst-üstə düşə bilər. Jurnalistlərimizə və media qurumlarına təşəkkür edirik ki, təhsil sahəsinə xüsusi diqqət ayırırlar”.

 

Elman Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri:


“Media qurumu və jurnalist anlayışları mənə doğma anlayışlardır. Ona görə də nə zamansa qeyri-obyektivliyinə görə narazı qaldıqlarımın da bu anlayışlara hətta uzaqdan uzağa belə bağlı olduğunu düşünərək, onlarla bağlı konkret ad çəkərək narazı fikirlər ifadə etmək istəməzdim. Həm də içərisindən çıxdığım və bu gün də əlaqəli işlədiyim bir peşə sahəsində çalışanların daha çox yaxşılarını yadda saxlamağa çalışıram. Bu gün Azərbaycanda milli jurnalistikanın inkişafı, onun maddi-texniki imkanlarının artırılması, eyni zamanda, jurnalistlərin sosial müdafiəsinin, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli sahəsində dövlət rəhbərliyi səviyyəsində çox fəal və ardıcıl siyasət aparılır. Təbii ki, bu siyasət ölkə mediasında təkmilləşmə meyllərinin güclənməsini, peşəkarlıq səviyyəsinin yüksəlməsini də stimullaşdırır.

Milli jurnalistikamız keçib gəldiyi yolda çox dəyərli ənənələrə sahib olub və bu ənənələrdən uzaqlaşan, jurnalistikanın saflığına və nüfuzuna xələl gətirdiyini düşünmədən, bu peşəni sadəcə mənfəət,  mənfi ambisiyaların ödənilməsi vasitəsinə çevirənlərlə rastlaşanda, bu, tək məndə yox, bu peşəyə həmişə işıqlı, inamlı  nəzərlərlə baxan hər kəsdə narazılıq yaradır.

İkinci narazılıq yaradan məqam bəzən bu və ya digər jurnalistin hər hansı mövzunu bilmədən, heç o mövzu barədə səthi təsəvvürü olmadan həmin mövzuda necə gəldi yazı hazırlamasıdır.

Digər narazılıq yaradan məqam isə bir sıra hallarda informasiyaların elə ilkin mənbədən alınaraq,  heç bir dəqiqləşdirmə aparılmadan və ictimai məsuliyyət hissi unudulmaqla yanlış şəkildə cəmiyyətə təqdim olunması, üstəgəl həmin dəqiqləşdirilməmiş məlumatın bir neçə dəqiqə ərzində digər 5-10 saytda (əlbəttə, söhbət ciddi mətbuat nümunələrindən getmir) da kopyalanaraq eynilə yayımlanmasıdır. Məlumatı ilk dərc edən saytda yanlış məlumatın düzgün informasiya ilə əvəz olunması mümkün olsa da, digər saytlar bunu etməkdən cürbəcür yollarla boyun qaçırır, nədənsə həmin qeyri-obyektiv məlumatı özlərində uzun müddət “qoruyub saxlamağa” çalışırlar. Sanki bir qrup saytlar var ki, onların işi səhərdən axşama kimi bəzi saytlarda dərc olunan dəqiqləşdirilməmiş, sadəcə ucuz sensasiya yaradan məlumatları kopyalamaqdan ibarətdir.

Eyni zamanda, bu gün jurnalistikada tənbəlləşmə meylləri var, hiss edirsən ki, araşdırma jurnalistikası artıq keçmişə çevrilir. Yerini isə 10-15 dəqiqəyə yoğrulub bişən, cürbəcür subyektiv təəssürat və yanaşmaların at oynatdığı yazılar alıb. Arxasında jurnalist əməyi görünməyən yazıların ömrü isə onların oxunmasına sərf olunan müddət qədər olur.

Fürsətdən istifadə edərək, bütün həmkarlarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Hər bir Azərbaycan jurnalistinə və doğmalarına  möhkəm can sağlığı, ailələrinə səadət, firavanlıq və yeni-yeni uğurlar arzulayıram!”.
 

Anar Cəbrayıllı, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İstimaiyyətlə əlaqələr departamentinin rəisi:


“Mən jurnalislərin bütün suallarını cavablandırmağa, onların problemlərinin həllinə kömək etməyə çalışıram. Jurnalist dostlarımız “Azərsu” ilə bağlı yazı işləyəndə dəqiq araşdırırlar, bizim də mövqeyimizi öyrənirlər. Amma bəzi “jurnalist”lərdən çox narazıyam. Onlar anonim bir şikayəti bizim mövqeyimiz olmadan verirlər. Araşdırma aparandan görürük ki, yayılan xəbər tamamilə yanlışdır və belə yazılar da əsasən ciddi sayılmayan saytlarda gedir. Amma ümumilikdə televiziyalar, saytlar, agentliklər, qəzetlərlə əməkdaşlıqdan məmnunuq. Modern.az saytından Gülşən Raufqızı, “Mövqe” qəzetindən Zülfiyyə Quliyeva, “Qafqazinfo”dan Günel Türksoy, “Yeni Müsavat”dan Əli Rəis, “Publika.az”dan Nigar, Gülxar Şərif, APA-dan Aqşin Rafiqoğlu, “Report”dan Aynur Osmanqızı, “Cebhe.info”dan Nigar, “Trend”dən Samir və adlarını unutduğum digər jurnalistlər işlərinə peşəkarcasına yanaşır. Qoyulan mövzuları hərtərəfli araşdırır və bəzən bir yazıya görə bir neçə dəfə zəng edir və ya Facebook üzərindən suallar göndərirlər. Dəqiqliklərinə görə onlara təşəkkür edirəm”.

 

 

Mais Piriyev, Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri:


“Əvvəla, fürsətdən istifadə edib bütün jurnalist həmkarlarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər birinə bayram ovqatı, sevinc dolu firavan həyat arzulayıram.


Təbii ki, iş prosesində narazı qaldığımız media orqanları və ya jurnalistlər olur, amma bayram təbrikindən sonra bu əlamətdar günlərdə kiminsə adını çəkmək istəməzdim. Maliyyə Nazirliyinin mətbuat katibi kimi jurnalistlərlə sıx və işgüzar əlaqələrim var və daha çox konkret olaraq iqtisadiyyat və maliyyə üzrə ixtisaslaşmış jurnalistlərlə işləməyə üstünlük verirəm. Onlardan bəzilərinin adlarını da çəkə bilərəm – İlkin Əhmədov, Musa Əhmədov (APA), Anar Əzizov (İnterfax), İlahə Xəlilova (Trend), Seymur Yunisov (Marja.az), Əli Əhmədov (Fed.az) və s. Hesab edirəm ki, bu gün jurnalistikamızın ən əsas problemlərdən biri ixtisaslaşmanın olmamasıdır. Jurnalist yazdığı sahəni dərindən bilməli, hazırladığı yazılarda səhvlərə yol verməməlidir. Mənim fikrimcə, jurnalist hər şeydən yaza bilməz və ya yazmamalıdır.


Digər bir məsələ isə bəzi jurnalist dostlarımın səbrsizliyidir. Məsələn, sorğu ilə müraciət edən jurnalist informasiyanı operativ şəkildə alıb yaymaq istəyir və bu başa düşüləndir. Mən özüm də dövlət qulluğuna jurnalistkadan gəldiyim üçün bunu hər zaman anlayışla qarşılayıram. Amma nəzərə almaq lazımdır ki, mətbuat katibi kimi bu gün müəyyən informasiyaya malikəmsə, deməli həm də məsuliyyət daşıyıram. Ona görə də hətta bildiyim bir rəqəmi, bir göstəricini də dəqiqləşdirdikdən sonra açıqlamağa çalışıram. Bu, bəlkə də mənim təmsil etdiyim nazirliyin fəaliyyət sahəsi ilə bağlıdır, amma istənilən halda hər bir mətbuat katibi cəmiyyət qarşısında, öz rəhbərliyi qarşısında məsuliyyət daşıyır.


2017-ci ili digər sahələrlə yanaşı, maliyyə və iqtisadi baxımdan da müsbət notlarla başa vururuq və bu gün bizim jurnalistlərimizin yazdıqları təhlillərdə və xəbərlərdə bu əsas xətti təşkil edir. Elə bu müsbət notlarla da bütün jurnalist dostlarımıza növbəti ildə böyük uğurlar, öz bilik və peşəkarlıqlarını daha da artırmalarını, sensasiya dalınca qaçmamağı, xəbər, məqalə, araşdırma hazırlayarkən ilk növbədə dövlətimizin maraqlarını, o cümlədən iqtisadi-maliyyə maraqlarını nəzərə almalarını arzulayıram”. 

 


Mehman Mehdiyev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, əməkdar jurnalist:


“Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olan biri kimi bunu yaxşı anlayıram. Ona görə də həmkarlarımdan qaçmıram, onlardan gələn zəngləri, sorğuları bacardığım qədər cavablandırmağa çalışıram. Bir ildir mətbuat katibi kimi çalışıram. İndiyədək narazı qaldığım jurnalist olmayıb. Əksinə, həmkarlarımız tərəfindən dəstək görmüşük. Hər halda, düşünürəm ki, münasibətlərimizi düzgün qura bilmişik. İnanıram, bundan sonra da belə davam edəcək.
Mən ancaq birbaşa əməkdaşlıq etdiyimiz jurnalistlərdən danışa bilərəm. Əksəriyyəti iqtisadiyyatdan, xüsusilə nəqliyyat sahəsindən yazır. Kifayət qədər də peşəkarlıq nümayiş etdirirlər. Tam səmimi deyim ki, heç birindən narazı deyiləm”.

 

 

Namiq Əliyev, Azərbaycan Mərkəzi Bankının Mətbuat xidmətinin rəhbəri:

“Narazı qaldığım maqam çox vaxt xəbər başlıqları ilə bağlı olur. Dəfələrlə jurnalistlərə sayt rəhbərlərinə zəng vurub deyirəm ki, bu başlığı dəyişin. Ucuz sensasiyaya qaçmaq üçün xəbər başlıqlarını fərqli verməyə çalışırlar. Bəzən isə xəbər başlığı və şəkil mətnə uyğun gəlmir”.

 

 

Səfayə Əhmədova, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı:


“Mətbuatla Səhiyyə Nazirliyinin qarşılıqlı münasibətləri hər zaman olub. Jurnalistlərlə münasibətlərimiz hər zaman yaxşıdır. Amma bəziləri var ki, onlara jurnalist demək belə doğru deyil, onların yazdıqları yazıda nə şikayətin məğzi var, nə konkret vergülü, nöqtəsi var, bilinmir nəyə görə yazıb. Zəng edib deyirəm ki, bu yazını yazmısınız, yaxşı etmisiniz, bizim mövqeyimizi niyə öyrənməmisiniz? Belə məsələdə peşəkar jurnalislər bizim də mövqeyimiz verirlər. Amma ümumilikdə jurnalistlərlə böyük problemlərimiz olmur. Həttə özbaşına yazana da zəng edib başa salanda, onlar da səhv olduqları ilə razılaşır. Səhiyyə Nazirliyinin çox əziyyət çəkdiyi mətbuat orqanı yoxdur. İki il bundan əvvəl “reket jurnalistlər”ə rast gəlinirdisə, indi bu hal xeyli azalıb. Düşünürəm ki, bu, təbliğat işlərinin nəticəsində azalıb. Əvvəllər elə olurdu ki, “reket jurnalistlər” özləri deyirdilər “biz də dolanmalıyıq.


Son zamanlar jurnalistlərlə aramızda heç bir problem olmur. Özüm də jurnalist olduğum üçün peşəkar, işinə dəyər verən jurnalistləri çox istəyirəm”.

 

 

Pərvanə İbrahimova, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri:

“Xüsusi narazı qaldığım media qurumu və jurnalist yoxdur. Ümumən media nümayəndələri ilə əməkdaşlığımızdan razıyam. Bakı Dövlət Universiteti 2014-cü ildən etibarən günümüzədək cəmi 1-2 ay istisna olmaqla xəbərlərinin KİV-də yayımına görə liderliyini qoruyub saxlayır. Təbii ki, bu, jurnalist əməyinin məhsuludur və fürsətdən istifadə edərək, fəaliyyətimizi işıqlandıran bütün media qurumlarına, dəyərli jurnalist həmkarlarıma təşəkkürümü bildirir, bayramlarını təbrik edirəm.
Bir məqamı xüsusi qeyd etmək istərdim ki, jurnalist istənilən halda qərəzdən uzaq olmalı, obyektiv mövqe nümayiş etdirməlidir. Mətbuat katibləri onlar haqqında mənfi və ya müsbət yazmalarından asılı olmayaraq, mətbuatla əlaqələri düzgün qurmalı, bunun üçün təbii ki, jurnalist fəaliyyətinin məzmununu və fəlsəfəsini dərindən öyrənməli, həmişə, hətta onlara təzyiq edildikdə belə təmkinli olmağa çalışmalı, problemlərdən dərhal çıxış yolu tapmalı, nə etmək lazım olduğunu öncədən proqnozlaşdırmalı, fikirlərini inandırıcı şəkildə ifadə etməyi bacarmalı, ən əsası hədəf auditoriyalarını düzgün müəyyənləşdirməlidir”.

 

 

Esmira Xəlilova, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi:

 “Aparıcı media qurumları Diasporla İş üzrə Dövlət Komitəsinin və xaricdəki diaspor təşkilatlarının fəaliyyətini, bu sahədə aktual mövzuları hər zaman opreativ və peşəkarcasına işıqlandırır. Qarşılıqlı əməkdaşlıq əsasında Dövlət Komitəsi də ölkədəki ciddi və aparıcı media orqanları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətini davam etdirir. Qeyd edim ki, daha sıx əməkdaşlıq diaspor fəaliyyəti sahəsində, belə deyək, ixtisaslaşmış jurnalislərlə qururulub. Görülən işlərin, əldə olunan uğurların, eləcə də problemlərin ictimaiyyətə çatıdırılmasında jurnalistlərin xidmətini yüksək qiymətləndirən Dövlət Komitəsi öz növbəsində onların hər bir sorğusunu imkan daxilində vaxtında və geniş cavablandırmağa çalışır. Daha çox cəhd göstəririk ki, xaircdə yaşayan nüfuzlu soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyəti qabardılsın, onların da Azərbaycan mediası ilə təmasları davamlı olsun”.

 

 

Anar Nəcəfli, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri:

“Şükürlər olsun, indiyə kimi ciddi şəkildə hansısa müxbirdən və ya media qurumundan narazı qalmamışam. Düzdür, xırda məsələlər olur ki, onu da həmin müxbirlə danışıb həll edirik. Ümumilikdə isə bütün media qurumlarının işindən çox razıyam. Yeni ildə bütün həmkarlarıma uğurlar və ən əsası can sağlığı arzu edirəm! Yeni İliniz mübarək!”.

 

 

Zamirə Ədilova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı:

“Fəaliyyəti qənaətbəxş olmayan media qurumları ilə bağlı Mətbuat Şurası mütəmadi olaraq tədbirlər görür və həmin media qurumu və nümayəndələrinin adını ictimaiyyətə açıqlayır. Demək olar ki, bu adlar hər kəsə bəllidir. 

Ölkəmizdə demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir.  Bu gün ölkədə xeyli sayda müstəqil mətbu orqanın - informasiya agentliklərinin, yazılı və elektron media resurslarının fəaliyyəti üçün zəruri imkanlar yaradılıb. Hazırda ölkəmizdə çoxlu sayda peşəkar jurnalist var.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq ölkəmizdə fəaliyyət göstərən media qurumları ilə sıx əməkdaşlıq edirik. 

 Kütləvi informasiya vasitələrinin ictimai fikrə təsir imkanını nəzərə alsaq, jurnalistlər obyektiv və qərəzsizliyə peşə prinsipi kimi hər zaman  əməl etməlidir. Jurnalistlərin fəaliyyətində narazı qaldığımız əsas məqamlar mövzunun kontekstindən çıxarılması, mahiyyətə uyğun olmayan başlıqların seçilməsi, araşdırmadan, real faktlara söykənmədən informasiya hazırlanmasıdır. 

Nəqliyyat və telekommunikasiya sektoru olduqca spesifik sahələrdəndir. Jurnalistlər bəzən hazırladıqları yazılarda  kobud səhvlərə yol verə bilirlər.  Bu səhvlər sahə üzrə bilik və məlumatların az olmasından da irəli gəlir, jurnalistin mövzuya hakim olmamasından da. Bəzən internet üzərindən kiçik bir araşdırma etməklə jurnalist özü üçün mövzunun detallarını müəyyən edə bilər. 

Qarşılıqlı, səmərəli əməkdaşlıq arzusu ilə bütün jurnalistləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirik”.

Nəsimi Paşayev, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Heç kimlə problem yaşamamışam çox şükür Jurnalist elə jurnalistdir. Var yaxşı jurnalist, var pis jurnalist. Bu da ssılıdır onun peşəkarlığından. Ümumilikdə götürəndə mətbuatın fəaliyyətindən tam razı deyiləm. Buna görə də sadəcə jurnalistin fəaliyyətini qiymətləndirmək doğru olmaz mənə görə. Bütün bunlara baxmayaraq gələcəkdə hər şeyin normala dönəcəyinə ümidim var. Jurnalistlərdə əsas narazı qaldığım məqam ixtisaslaşmamaq məsələsidir. Ən azından daimi əlaqə saxladığı qurumlar, fəaliyyət sahəsi barədə geniş məlumata malik olmalarını istəyərdim. Konkret bir sahə üzrə ixtisaslaşma daha uğurlu alınar. Ancaq bayaq dediyim kimi, bu əsas da media qurumundan asılıdır”.

 

 

Nicat Abdullayev, Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri:

“Jurnalistlərlə bağlı hansısa konkret iradım yoxdur. Çünki özüm də jurnalistəm və problemlərin nə olduğunu, hardan qaynaqlandığını bilirəm. Lakin bəzi media orqanları var ki, onlardan həm jurnalist, həm də universitet təmsilçisi kimi çox narazıyam. Bu “Report” İnformasiya Agentliyidir. Mediamız üçün çox böyük ümid bəslədiyimiz bu agentlik müəyyən maraqlar təmin olunmadığından bizimlə əməkdaşlıq etmir. Lakin şayiələr əsasında formalaşdırılan istənilən təzyiq xarakterli materialı yayımlayırlar. Biz həmkarlarımızdan belə məqamlarda mövqeyimizi öyrənmələrini gözləyirik. Ölkənin və sənayenin inkişafı üçün texniki ali təhsilin əhəmiyyətini nəzərə alaraq, KİV-lərin təşəbbüskar olmasını, həmkarlarımı müxtəlif araşdırmalar üçün universitetimizdə görməyi arzu edərdim”.

 

 

Bəşarət Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi:

“Azərbaycanda Kütləvi İnformasiya Vasitələrini bir neçə qrupa bölmək olar. Ciddi və peºəkar media, bir də qeyri-peºəkar və ya “reket” dediyimiz hissə...

Bütün ciddi media nümayəndələri ilə səmərəli əməkdaşlıq əlaqəsi yaratmaq hər bir qurumun bu işə ümumi yanaşmasından və mətbuat katibinin peşəkarlığından asılıdır. Bu işi bilən, peşəkar yanaşması ilə fərqlənən və mediada iş təcrübəsi olan mətbuat xidmətinin rəhbəri jurnalistləri anlamaqda, onlara lazım olan informasiyanı verməkdə çətinlik çəkmir. Bu baxımdan, konkret olaraq öz təcrübəmizdən danışım. Bizdə - Bakı Şəhəri üzrə Təhsil İdarəsində media ilə əlaqələr sahəsində istənilən mövzuda operativliyi və dolğun cavab verməyi əsas tuturuq. Burda bir sirr açım ki, xüsusi hallarla bağlı ümumi yanaşma və cavablandırma ilə bağlı öncədən hazırlanmış bir neçə nümunələrimiz olur ki, hər hansı bir hadisə qəfil baş verdiyi anda konkret detalları əlavə etməklə operativ məlumat yaya bilək. Ənənəvi məlumatların yayılması, tədbirlərə dəvət isə davamlı və nizamlı xarakter daşıyır.

Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, BŞTİ-nin fəaliyyəti və idarənin tabeliyindəki təhsil müəssisələrinin həyatında baş verən yeniliklər haqqında məlumatlar operativ şəkildə media vasitəsilə ictimaiyyətə çatdırılır. Təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Odur ki, Konstitusiyanın, "İnformasiya əldə etmək haqqında”, "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Təhsil haqqında” qanunların və digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, KİV-lə səmərəli əməkdaşlığa nail olunub.

Bu əməkdaşlıqda xüsusi dəyər verdiyimiz media qurumlarının hər birinə, o cümlədən də Modern.az-ın kollektivinə təşəkkür edirik!

Təəssüflər olsun ki, ümumi təhsil müəssisələrinin özünəməxsus fəaliyyət xüsusiyyətlərini və tədrisin təşkili incəliklərini nəzərə almayan, KİV əməkdaşı adından sui-istifadə edərək məktəblərin normal fəaliyyətinə mane olmaq istəyən şəxslər media ilə münasibətlərdə tətbiq edilən ənənəvi tənzimləmədən narahatlıq keçirirlər. Məsələn, “reketçilik”lə, şantajla öz maraqlarını təmin etmək istəyən “media əməkdaşı” ilə münasibətlər bütün qurumlarda təxminən eynidir. Hamı onların fəaliyyətindən narazıdır. Son zamanlar dövlət bu kimi fəaliyyətlə məşğul olan dəstələri zərərsizləşdirsə də, hələlik onların tam olaraq kökü kəsilməyib. Yəqin ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsi çox yaxşı olardı. Bu koteqoriyaya aid “media qurumları” ilə bağlı tək-tək deyil, kompleks tədbirlərin görülməsinə ehtiyac yaranıb. Onlar öz məqsədləri üçün bəzən hər şeyi qurban verir. Milli və dövlət maraqlarını belə qulaqardına vururlar...

Ümumilikdə, bu gün media ilə əlqələrimizdə o qədər ürəkaçan məqamlar var ki, açığı, hansısa digər neqativ nüanslar elə də diqqət çəkmir. Düşünürəm ki, 2018-ci ildə bu əlaqələrimiz və qarşılıqlı əməkdaşlıq imkanlarımız genişlənəcək, təhsillə bağlı ictimaiyyəti daha yaxşı məlumatlandıra biləcəyik. Təbii ki, dəyərli media nümayəndələrinin fəaliyyəti sayəsində.

Yeri gəlmişkən, bütün dəyərli media təmsilçilərini Dünya Azərbaycalılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, 2018-ci ilə bol-bol uğurlar arzulayıram!”.

 

 

Vaqif Əsədov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki:

“Jurnalistlərlə münasibətim çox yaxşıdır, amma bəzi qeyri-peşəkar olanlardan inciyirəm. O da təbiidir gəncdir, bu sənəti yeni öyrənir. Amma o, öz sənətini öyrəndiyi zaman gərək məni cəzalandırmadan öyrənsin. Bəzən qeyri-peşəkar jurnalistlərin yazdıqları yazıdan çox əziyyət çəkirəm. Belə halların qarşısını almaq üçün mən üzərimdə diktofon gəzdirirəm, hansısa bir yanlış informasiya yazılandan göstərirəm ki, bu mənim dediyimdir, o da jurnalist dostumuzun yazdığıdır. Jurnalist dostlarımızın seçdikləri başlıqların bəzilərindən də narazıyam. Oxucu cəlb etmək üçün sensasiyalı başlıq seçilir. Amma elə formada başlıq qoyulur ki, mütləq kimsə cəza almalıdır.  Bundan da çox narazılıq etməyimiz düzgün deyil, bu da sizin işinizdir, daha çox oxucu cəlb etmək istəyirsiniz.  Mənim əldə etdiyim uğurlar, yuxarıda Allah, yerdə xidmət etdiyim idarə və nazirliyin rəhbərliyi, KİV-lərin nümayədələrinin  və cəmiyyətin sayəsindədir. Mən hər zaman çalışmışam ki, jurnalistlərin suallarını cavablayım, onlara qaranlıq qalan məqamlara aydınlıq gətirim. Yol hərəkəti ilə bağlı təbliğatda jurnalist dostlarımız olmadan iş görmək mümkünsüzdür. Bunu da mən qəbul edirəm. Hesab edirəm ki, ulu öndərimiz hələ öz dövründə KİV-lərə “4-cü hakimiyyət” deməsi heç də əbəs deyil. Jurnalistlərin qələmindən çıxan hər bir yazı cəmiyyətin marağına səbəb olur.

Bir neçə nöqsanları çıxmaqla mediadan narazıçılığım yoxdu. Məsələn, mənim şəxsi həyatımda bağlı məlumatları nəyə görə qeyd edirlər axı? Tutduğum vəzifə yol hərəkəti təhlükəsizliyinin təbliğatı ilə bağlıdır, polis polkovnikiyəm, bununla bağlı hansısa nöqsana yol verirəmsə, jurnalistlərimiz bunu yazması normaldır. Hətta mən əlimdən gəldiyi qədər yol hərəkəti ilə bağlı məlumatları yayıram, bir növ bu sahədən yazan jurnalistlərin işini asanlaşdırıram. Mövzunu mən verirəm, siz də bu mövzunu istəyiniz istiqamətdə yazırsınız. Burdan da sensasiya ortaya çıxır.

Açığı deyim bu il jurnalist dostlarımızın yazdıqları yazılar 3 dəfə sağlamlığıma ciddi təsir edib. Bir çəkələklərə bağlı, bir yanğınsöndürən balonlar və aptekçkalarla, bir də azyaşlı uşaqlar üçün oturacaqlarla bağlı yazılanlar mənim səhhətimə çox pis təsir etdi. Nəyə görə belələrinə qeyri-peşəkar deyirəm ? Mən açıqlama verirəm ki, azyaşlı uşaqlar xüsusi oturacaqda oturmalıdır, bu qanunda belə yazılır. Amma daha sonra mənim fikirlərimi ölkədə tanınmış hüquqşünaslara şərh etdirirlər. Sualı belə qoyurlar ki, “Azyaşlı uşaqlar xüsusi oturacaqda oturmasa nə olar?”. Hüquqşünas da açıqlamasında buna hər hansı bir cərimənin olmadığını deyir. Aləm dəyir bir-birinə, deməli Vaqif Əsədov qanunu təhrif olunmuş formada təbliğat aparır, filankəs isə düz deyir. Hətta son zamanlar iki polkovniki qarşı-qarşıya qoymaq isəyirdilər. Yazırdılar ki, Kamran Əliyev düz dedi, Vaqif Əsədov səhv.  Necə ola bilər, bir idarənin, bir nazirliyin iki polkovniki bir-birinə əks ifadələr işlətsin. Belə hallar heç də düzgün deyil. Arzu edirəm ki, bəzi jurnalist dostlarımız bütün bunları nəzərə alacaq və peşəkarlaşmağa çalışacaq. Ümumilikdə jurnalist dostlarımızın fəaliyyətindən çox razıyam.

Fürsətdən istifadə edib Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə jurnalist dostlarımızı təbrik edirəm”. 

 


Abbas Əliyev, İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri:

“İqtisayyat Nazirliyi KİV-lərlə normal əməkdaşlıq həyata keçirir. Nazirliyin fəaliyyəti ilə bağlı məlumatların operativ və dolğun şəkildə ictimaiyyətə çatdırılmasında KİV-lərin xüsusi rolu var. Jurnalisrlərin fəaliyyətindən razıyıq. Ümid edirik ki, qarşıdan gələn illərdə bizim uğurlu əməkdaşlığımız davam edəcək. Jurnalistlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirik”.

 

 

İbrahim Kərbalayev, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri:

““Azəriqaz”İstehsalat Birliyi tərəfindən respublika ərazisində aparılan qazlaşdırma işləri, o cümlədən də istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz xətlərinin yenidən qurulması və başqa işlər jurnalistlər tərəfindən daim işıqlandırılır. “Azəriqaz”la jurnalistlər arasında bir bağ qurulub. Mən heç bir media qurumundan və əməkdaşından narazı deyiləm. Bizimlə əməkdaşlıq etdikləri üçün, yazılar yazılarda bizim də mövqelərimizi işıqlandırıqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, yeni ildə də mətbuatla “Azəriqaz”ın münasibətləri yaxşı səviyyədə olacaq”.

 

 

Mais Ağayev, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri:

“Jurnalistlər mənim dostlarım, doğmalarım və həmkarlarımdır. Bu səbəbdən də onlar inciməyə haqqım yoxdur. Olur bəzən hər hansı bir mövzuyla bağlı müraciət edəndə sual düzgün qoyulmur, belə olan halda qarşılıqlı anlaşma yolu ilə məsələ həllini tapır. Ümumilikdə narazı qaldığım qurum və ya jurnalist yoxdur. Jurnalistlərlə işimizin uğurlu qurulmasında, münasibətlərimizdə hər hansı bir problemin olmamasının əsas səbəbi BNA-nın tənqidlərə,  xüsusən də mediada işıqlandırılan tənqidi mövzulara açıq olması, onların həllinə dərhal reaksiya verməsidir. Biz jurnalistləri dostumuz əsas dəstəkçilərimiz olaraq qəbul edirik. Çünki onların rastlaşdıqları problemləri qabartması bizim paytaxtımızın nəqliyyat sisteminin inkişafı istiqamətində gördüyümüz işə bir töhfədir. Bu səbəbdən də mən bütün həmkarlarıma jurnalist dostlarıma dərin təşəkkürümü bildirirəm və onları bundan sonra da bizə dəstək olmağa səsləyirəm. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə hər birinizi təbrik edirik. 2018-ci il jurnalistlərimiz üçün həm yaradıcılıq, həm də şəxsi həyat baxımından uğurlarla bol və yadda qalan il olsun inşallah”.

 

Pərviz Musayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVIF) mətbuat xidmətinin rəhbəri:


“Nəzərə alsaq ki, velosiped yeni-yeni inkişaf edir və buna görə də istənilən saytda gədən xəbər bizim üçün önəmlidir. Bu səbəbdən kimdənsə narazılığımın olduğunu desəm, düzgün çıxmaz. Sağ olsunlar, diqqət ayırırlar.

Amma bir məsələ bəzən narahat edir. Adətən hər hansı bir sayt və ya qəzetə federasiyanın rəhbər şəxsindən müsahibə lazım olanda bəzən jurnalist müraciət edir ki, “sualları göndərim, özünüz cavablandırın”.
Bax həmişə buna qarşı olmuşam. Çünki qarşı tərəf müsahibəni özü alsa, məncə daha effektli olar”.

 

 

Murtuzəli Hacıyev, Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri:

“KİV nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin münasibətləri hər zaman sıx olub. İstər saytlar, istər televiziyalar , istərsə də qəzetlərlə işgüzar şəraitdə münasibətlərimiz qurulub. 2017-ci il ərzində də jurnalistlərlə heç bir problem yaşamamışıq. Jurnalist dostlarımıza təşəkkür edirik ki, nazirliklə bağlı verdikləri materiallarda dəqiqliyə, qərəzsiz olmağa diqqət edirlər. Bəzi hallarda qeyri-peşəkar jurnalistlərin məlumatları olmadığı bir məsələ haqqında fikir bildirməsinin şahidi oluruq. Ola bilər ki, hansısa jurnalistin kənd təsərrüfatı ilə bağlı məlumatı olmasın. Biz bütün məsələlərə aydınlıq gətirməyə çalışırıq. Onlar da bizi başa düşürlər”.

 

 

Tanrıverdi Mustafayev, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri:

“Jurnalistlərlə “Azərişıq” bir-birini çox gözəl anlayır. Ölkədə qeydiyyatdan keçən saytlardan, agentliklərdən, qəzetlərdən və hətta sosial şəbəkə istifadəçilərindən də kimsə mənə müraciət edəndə suallarını cavablandırmağa çalışıram. Açığı deyim ki, çox hallarda zəng edənlər deyir filan qəzetim var, filan saytım var, yanınıza gəlmək istəyirəm. Yanıma nəyə görə gəldiyi bəlli olur. Gələndə görürsən ki, adamın nə qəzəti var, nə saytı var, elələri olur qəzeti var, amma son sayı 2 il bundan çıxıb, onu götürüb gəlir. İki il bundan əvvəl belə hallarla daha çox qarşılaşırdıq. Gəlirdilər, sizin haqqınızda filan məsələni yazarıq deyirdilər, mən də nə istəyirsiniz yazın deyirdim. Nə mənim, nə də “Azərişıq”ın fəaliyyətdə qaranlıq məqam yoxdur. Özləri görürdülər ki, yazmaqları mənasızdı, çıxıb gedirdilər. Biz bacardığımız qədər hamıya hörmətlə yanaşırıq, çünki onlar da bizim abonentimizdir. Belə adamlar qarşımıza çıxırsa, onları maarifləndirməliyik.

Bizim KİV-lər və KİV nümayəndəli ilə münasibətlərimiz hər zaman yaxşıdır, bundan sonra da belə davam etməsinə çalışacayıq. Heçbir media orqanı və əməkdaşından narazı deyilik”.

 

Vüqar Şıxməmmədov, Mədəniyyət və Turizm Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri:


“Jurnalistlərlə heç bir zaman problem yaşamamışıq. Həm televiziyalar, həm saytlar, həm də qəzetlərlə əməkdaşlıq edirik. Mədəniyyət və turizm sahəsinin işıqlandırılmasından çox razıyıq. Biz də çalışırıq ki, medianın çağırışıarını operativ olaraq cavablandıraq. Çox nadir hallarda problem yaşayırıq. Belə bir problemə adətən izləyicisi az olan, qeyri-ciddi saytlarda rast gəlirik. Ümumilikdə mətbuat nümayəndələrindən narazı deyilik”.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir