Modern.az

Bağırova “yox” deyərək, güllələnməyi seçən Cümhuriyyət naziri

Bağırova “yox” deyərək, güllələnməyi seçən Cümhuriyyət naziri

Ədəbi̇yyat

4 Yanvar 2018, 00:30

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin daha bir başıbəlalı fədaisi Əhməd bəy Pepinov haqqında bir neçə maraqlı faktı təqdim edəcəyik. Bu yazıda da əsasən, Pepinovun ADR–dən sonrakı məşəqqətli həyatı, 18 illik təqib və təzyiqləri qismən də olsa öz əksini tapacaq:

 

Azərbaycan Cumhuriyyətinin parlament və V Nazirlər Kabinetinin üzvü, əmək və torpaq naziri olan Əhməd bəy Pepinov işğalçı Qırmızı Ordunun Bakıya yürüşünü ləngitmək məqsədi ilə 1920-ci il aprelin əvvəllərində parlamentin digər üzvü Rəhim bəy Vəkilovla  danışıqlar aparmaq üçün Qroznı  şəhərinə göndərilir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik edir. Amma köhnə AXC naziri kimi ona münasibət birmənalı olmayıb. Davamsız təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olub. Daha sonra Alma-Ataya gedir və 1934-cü ildən etibarən  Qazaxıstan SSR maarif nazirinin müavini işləyib.



Pepinov repressiyaya Qazaxıstandan getsə də, onun bütün həyatı Azərbaycanla bağlı olub. 1919-cu ildə Cumhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin qızı ilə ailə quran Pepinov 1920-ci ildə Yusifbəyli  hakimiyyətinin istefasından sonra vəzifəsindən kənarlaşdırılıb. Amma bəzi tarixi əsaslara görə sovet rejimi başqa cumhuriyyətçilər kimi Pepinova toxunmayıb, ondan öz kadrları kimi faydalanamğa çalışıb. Böyük təcrübəyə malik olan Pepinov yenidən başqa sahədə nazir vəzifəsinə gətirilsə də, bu postda çox qala bilməyib. Repressiyaya məruz qaldıqdan sonra isə ailəsinin aqibəti xeyli çətinləşib. 

 

Pepinovun ömrünün son 18 ili təqib və təzyiqlər içində keçib. Ona ən pis təsir edən məsələlər isə repressiyalar zamanı həbs olunduqdan sonra dindirilmələri olub. Pepinov böyük diplomat və yüksək intellektə malik şəxs idi. Təbii ki, onun üzərinə hansısa cinayəti yıxmaq, onu kiminsə üzünə durdurmaq xeyli çətin idi. Amma NKVD cəlladları işgəncələrlə buna qismən də olsa, nail olurlar. Bir neçə maddə ilə onu “cinayətkar” kimi ən ağır cəzaya məhkum edirlər.

 

 

Əhməd bəy Pepinovun dindirilmələrindən ibarət qovluq 255 səhifədir. Yəni ortabab kitab həcmində. İlk dindirilmələrinin birindən bəzi sitatlar:

 

4-cü şöbənin 6-cı bölməsinin rəisi baş leytenant Qriqoryan Pepinovu mühakimə edir:

Sual: Siz bu gün öz əksinqilabi fəaliyyətiniz barədə danışmaq fıkrindəsinizmi?

Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam.

 

Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi tanıyırsınız?

Cavab: Heç kimi tanımıram.

 

Sual: Professor Bəkir Çobanzadə sizə əksinqilabçı millətçi kimi tanışdırmı?

Cavab: Professor Bəkir Çobanzadəni mən ancaq millətçi kimi tanıyıram.

 

 Sual: Daha kimi tanıyırsınız?

Cavab: Professor Qubaydulin və Kazımovdan başqa daha heç kimi tanımıram.

 

Sual: Onlar öz əksinqilabi millətçi görüşləri barədə sizə danışırdılarmı?

Cavab: Professor Çobanzadənin millətçi görüşləri mənə onunla şəxsi söhbətlərdən məlum idi, Qubaydulini onun əsərlərindən, Kazımovun fəaliyyətini isə universitetdən bilirdim.

 

Sual: Siz onların əksinqilabi görüşləri ilə şərik idinizmi?

Cavab: Mən ayrı-ayrı məsələlərdə onların millətçi görüşləri ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə şərik idim. Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin əleyhinə idi?

Cavab:…. Pepinov şantaj xarakterli olan bu suala cavab verməkdən imtina edir.”

(mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Lətif müəllim arxivdən Əhməd bəy Pepinovun bütün dindirilmə sənədlərini və ona aid başqa dəyərli məxəzləri əldə edib. Burada Pepinovun həbsxanada çəkdiyi zillət də öz əksini tapıb.Lakin ən maraqlısı bolşeviklər üçün “qara qutu” rolunu oynayan Pepinovun diplomatik bacarıqla suallardan qaçması faktıdır. L.Şüküroğlu yazır:

 

“Əhməd bəyin dindirilməsində başlıca diqqət yetirilən məsələlərdən biri onun və təmsil etdiyi təşkilatın mühacirətdə yaşayan keçmiş hökumət üzvləri vasitəsilə xarici dövlətlərlə hansı əlaqələr saxlanılmasına yönəldilmişdi. Bu baxımdan 19 yanvar 1938-ci il dindirməsi istisna deyildi:

“Sual: Mühacirətdən hansı maddi köməklik alınırdı və o, necə bölüşdürülürdü?

Cavab: M.Hacınskinin sözlərinə görə, Topçubaşov Azərbaycan əksinqilabi millətçi təşkilatına maddi köməklik göstərirdi. Bir dəfə 1930-cu ildə, payızda mən Ordubadskinin yanında olarkən o dedi ki, Hacınski ona təşkilatın ehtiyacları üçün 40.000 rubl pul göndərib. Bu vəsaitin necə alındığı barədə o, heç nə demədi, ancaq onu bildirdi ki, həmin vəsait təşkilat üzvlərinin rayonlara getmələrinə yol xərci kimi onlar arasında paylanmaq üçün nəzərdə tutulub. Mənə məlum idi ki, bu məqsədlə Mollayevə, Mirzəyevə, Bəylərbəyova hərəsinə 5000 rubl verilib.

 

 

Sual: Sizə şəxsən bu puldan nə qədər çatmışdı?

Cavab: Mən şəxsən Ordubadskidən pul almamışdım, çünki uzun müddət olduğum üçün yerlərə gedib, əksinqilabi iş apanuağa imkanım olmamışdı.

 

Sual: Xarici kəşfiyyat orqanlarından hansının təşkilatla əlaqəsi vardı?

Cavab: Xarici ölkə kəşfiyyatları ilə əlaqəni şəxsən M.Hacınski Parisdə mühacirətdə olan Topçubaşov vasitəsilə saxlayırdı. 1930-cu ildə Tiflisə xidməti işlə bağlı gedərkən mən ondan eşitdim ki, bizim işə maddi köməklik Topçubaşovla razılıq əldə edilmiş Fransız hökuməti tərəfindən göstəriləcəkdir.

 

Sual: Kəşfiyyat orqanlarına hansı casusluq məlumatları və kimin vasitəsilə verilirdi?

Cavab: Hacınskinin mənə verdiyi məlumata görə, Fransa dövlətindən alınmış maddi yardımın müqabilində əksinqilabi təşkilat tərəfindən ölkənin müdafiə qabiliyyəti, yük daşımaları, neft sənayesinin vəziyyəti barədə kəşfiyyat informasiyaları əldə edilməli idi. Müdafiə qabiliyyəti haqqında məlumatlar Azərbaycanın diviziya komandiri Ş.Naxçıvanski, dəmiryol üzrə Mirzəyev, neft sənayesi üzrə F.Rüstəmbəyov və Azneftdə işləyən digər mühəndislər tərəfindən əldə olunurdu. Bu mühəndislərin kimliyi barəsində o, heç nə demirdi. Həmin materialların Hacınskiyə çatdırılıb-çatdırılmadığı barədə o, heç nə deməmişdi.

 

Sual: Ş.Naxçıvanski komanda heyətindən kimi əksinqilabi təşkilata cəlb edə bilmişdi?

Cavab: Mən həbsxanada olarkən öyrəndim ki, Ş.Naxçıvanski təşkilata keçmiş çar ordusunun polkovniki Novruzovu, keçmiş ordunun zabiti Vəkilov və Mirzəyevi cəlb edə bilib…

 

Pepinov şəxsiyyətini ən yaxşı tanıdan simalardan biri də qızı Sevda Pepinova olub. Sevda xanım Cümhuriyyətin parlament sədri Həsən bəy Ağayevin nəvəsi, Pepinovun qızı, komediya aktyoru Lütfəli Abdullayevin isə həyat yoldaşı olub. Onun  “Günay” qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında yayımlanan müsahibəsindən sitatlar:

 

“Mənim atam milliyətcə məshəti türküdür. Baxmayaraq ki, o, Axaltsixi rayonunda anadan olub, ancaq onun uşaqlığı Şamaxıda və Tiflisdə məşhur dayısı Ömər Faiq Nemanzadənin himayəsi altında keçib. Əhməd bəy Tbilisidə gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Onun dayısı ilə yaşadığı binanın birinci  mərtəbəsində mətbəə yerləşib, ikinci mərtəbədə isə onlar Cəlil Məmmədquluzadə ilə qonşu olublar. M.Cəlil mənim atama ağır xəstə olan böyük Azərbaycan şairi Sabirə qayğı göstənnəyi tapşırıb. Sabir onun gözü qarşısında, az qala qolları arasında həyatla vidalaşıb. Gimnaziyanı bitirdikdən sonra atam oxumaq üçün Moskvaya gedib və orada eyni vaxtda iki fakültədə ali təhsil alıb - hüquq və iqtisadiyyat. O, poliqlot idi, çoxlu dil bilirdi. Moskvadaca da o, eser partiyasına daxil olub. Azərbaycan Xalq Cümhuriyəti elan ediləndə Əhməd bəy, mənim babam, Zaqafqaziya Seyminin üzvü Həsən bəy Ağayevlə birlikdə əvvəl Gəncəyə, sonra isə Bakıya gələrək 1918-ci ildə Parlamentin Rəyəsət Heyətinin katibi, sonra isə əmək və torpaq naziri təyin edilib. Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə işləyib, həbs edildiyi son dövrlərdə isə maarif naziri olub, ali təhsil və mədəniyyət sahəsinə rəhbərlik edib... XX əsrin əvvəllərində böyük bir ziyalılar dəstəsi yetişmişdi. Onlar xalqa fədakarlıqla xidmət edirdilər və xeyli ardıcılları vardı. 1937-ci ildə mənim fikrimcə, Azərbaycan xalqına qarşı əsl soyqırımı tətbiq edildi. Adamlar məhv olundular, ailələr dağıdıldı, uşaqları internat məktəblərə verdilər, çünki qohumlar onları öz yanlarında saxlamağa qorxurdular. Mənim atamı əvvəlcə 1930-cu ildə həbs etdilər, güllələmək istəyirdilər, sonra sürgünə göndərdilər. Sürgündən o, 1935-ci ildə qayıtdı, ona şəxsən M.Bağırov partiya sıralarına keçməyi təklif etmişdi, o, etiraz etmişdi - vicdanına qarşı çıxmaq istəməmişdi. Buna görə cavab verməli oldu, onu yenidən, il yarım sonra Alma-atada həbs edib Bakıya gətirdilər. Burada onu M.Bağırov şəxsən özü güllələmişdi. Bu onun məhkəməsində sübut olundu. Həmin dəhşətli illərdə cəmiyyətin qaymaqlarının məhv edildiyi dövrdə bizim ziyalılara ağır zərbələr dəydi...”.

 

2 iyul 1938-ci il ... SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hazırlıq yığıncağında 6 saylı protokol tərtib edildi. Elə həmin gün Ə.Pepinova itihamın surətini aldığına imza atdırıldı. Və səhəri gün onun fiziki yaşı baxımından dünyanın son gününü təyin edən qərar çıxarıldı. 3 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının qapalı iclası Kolpakov və Kulikin sədrliyi altında saat 21:40-da işə başladı və cəmi 15 dəqiqə ərzində, 21,55-də Ə.Pepinovun ən ağır cəzaya layiq görülməsi ilə əlaqədar mühkimə edilməsi qərarı hazırlandı. Şevelyevin imzaladığı məxfi arayışa əsasən Ə.Pepinovun barəsində hökm elə həmin gün yerinə yetirilmişdi. …

 

E. Nihad

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi