Modern.az

Mirzə Fətəli Axundzadənin yaradıcılığında ERMƏNI MƏSƏLƏSI - Yüzbaşı Ohanın ikiüzlülüyü...

Mirzə Fətəli Axundzadənin yaradıcılığında ERMƏNI MƏSƏLƏSI - Yüzbaşı Ohanın ikiüzlülüyü...

4 Yanvar 2018, 11:40

Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)” əsərində  belə bir hadisə vaqe olur. Heydər bəy, Əsgər bəy, Hacı Qara, Səfər bəy Təbrizdən qaçaq mal alıb qayıdırlar. Onlar piyadalanıb Arazın qırağına yığışırlar. Dumanlı gecədir, ildırım çaxır, Araz isə qıjhaqıj axır.


Təbrizdən qaçaq mal alıb qayıdan Heydər bəy, Əsgər bəy, Hacı Qara, Səfər bəy Araz çayından keçmək üçün çətinlik çəkirlər. Ona görə də Araz çayından keçmək qərarına belə razılaşırlar:


“Heydər bəy. Burdan indi keçmək olmaz. Gərək bir dörd verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

Əsgər bəy. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.

Heydər bəy. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.

Hacı Qara. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.

Səfər bəy. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal.”


Bəylər dedikləri kimi də edirlər. Aşağıya gedirlər, səs-küy, qalmaqal qaldırırlar. Bu zaman kazaklar yaraqlı-əsbablı beş bir, üç bir aşağıya enirlər. Kazakların birisi səs-küyü yaradanların quldurlar olduğunu, digəri qaçaqlar olduğunu deyir. Bir azdan sakitlik yaranır. Bu sakitlikdən istifadə edərək bəylərin hamısı Araza tökülürlər. Arazın ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan suya düşür, kənardan suya uzanan söyüd ağacının budağından ikiəlli yapışır və kömək istəyir: “Ay aman Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum!” deyir. Birtəhər Hacı Qaranı sudan qırağa çıxarırlar. Hacı Qara deyir: “Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!” Bu zaman Heydər bəy Hacı Qaraya müraicət edərək deyir: “Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecə yarısı adam yatan vaxtda yola düşək”. Beləliklə, hamısı qıraqdan uzaqlaşıb gözdən itirlər. Onlar canlarını kazaklardan qurtarırlar. Kazakların başını qatıb istəklərinə nail olurlar. Amma bu tərəfdən ermənilərə ilişirlər. On nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən onlara yetişirlər. Müsəlmanın işi belədir, hara getsə, harda olsa, bir mərdimazar tapılacaq, o da çox vaxt erməni olacaq. İndi də kazaklardan yaxasını qurtaran bəylər ermənilərlə qarşılaşırlar. Bu qarşılaşmada ermənilərin kimliyində, xislətində olan bəzi xarakterik xüsusiyyətlər açılır. Həmin xüsusiyyətlərdən biri budur ki, ermənilər məlumat toplayıb namərdlik etməyi bacarırlar. Burada da ermənilərin yüzbaşısı Ohan murova nişan verib Sərkisi, Karapeti, Qəhrəmanı istəmişdir. Həm də niyyəti bəxşeyiş əldə etmək, qaçaqçıların xurcunlarınadək almaqdır. Odur ki, ermənilərin yüzbaşısı Ohan maraq və həvəslə, həm də inamla danışır: “Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, Allah bilir, hamısını xingəl kimi doğruyacağam!” Ermənilərin yüzbaşısı Ohanın müsəlman qaçaqçılarından iştahası böyükdür. Həm də iştaha olan yerdə qaçaqçıların da, özünün də həmyerli olmalarını, qarabağlı olmalarını nəzərə almır, tərəfkeşlik etmir. Nəyə görə? Ona görə ki, ermənilər, o cümlədən Ohan tərəf saxlasa, ona kim qulluqverər? Ermənilərin qulluq, vəzifə almaq xisləti həmişə belə olubdur. Sərkis “A yüzbaşı, yazıq deyillərmi? Hər neçə olsa axır qarabağlıdırlar. Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq” deyəndə Ohan cavab verir: “Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.”


Erməni yüzbaşısı Ohanın dəstəsi qaçaqçıları görəndə əvvəlki kimi ürəkli olmurlar. Belə ki, Heydər bəyin “Yolu niyə kəsibsiniz? Çıxın yoldan!”, yaxud “A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız bunları yıxılalar” sözlərindən sonra Ohan qorxuya düşür. Erməni bir az çətinə düşəndə qorxaqlığını boynuna alır. Ohanın Heydər bəyə dedikləri bunu təsdiq edir: “A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur!” Heydər bəyin təkidli “Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!” mövqeyi Ohanı daha da qorxaq bir vəziyyətə gətirir. Belə məqamlar da erməninin iç üzünün necə olduğunu açır. Əsərə müraciət edək:


“Ohan. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cabab verərsiniz?

Heydər bəy. Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!

Ohan. Çıxırıq, çıxırıq, darıxma balam! Sarkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir!”


Göründüyü kimi, Ohan qarşı tərəfin qətiyyətini görəndə tamam dəyişir və murova nə deyəcəyinə cavab axtarır. Həm də onları murov göndərdiyini, onların heç bir günahı olmadığını yarınmaq yolu ilə söyləyir. Erməni qorxaqlığını, ikiüzlülüyünü təsdiq edən fakt kimi Ohanla Sərkis arasındakı söhbətə fikir verək:


“Sərkis. A yüzbaşı, bəs murova nə deyək?

Ohan. Olan, nə deyəcəyik? Görmürsən bunlar quldurdular? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır. Bular da bizi soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edir, xəbər gətiribdir!”


İlk anda “... Mən sizi (Sərkis, Karapet, Qəhrəman – B.X.) adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, Allah bilir, hamısını xingəl kimi doğrayacağam!” deyən, böyük-böyük danışan Ohan son anda qorxusundan geri çəkilir. Onun Sərkislə olan söhbəti bir daha erməni qorxaqlığını və erməni psixologiyasını aşa bilir:


“Sərkis. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək?

Ohan. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!

Sərkis. Bəs deyəkmi quldura rast gəldik?

Ohan. Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın görmədik.

Karapet. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik.

Ohan. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!”


Erməni həm nəfsindən geri qalmaq istəmir, həm də qaçarkən başından düşmüş papağını götürmək istəyir. Ancaq onun heç bir niyyəti baş tutmur. Qorxaqlıq nəfsin həyata keçməsinin də, yerə düşmüş papağın götürülməsinin də qarşısını alır. Bunların hamısı öz yerində... Yenə Ohanın ilk anda dedikləri ilə son anda dedikləri arasında erməni qorxaqlılığını və ikiüzlülüyünü görürük. Belə ki, Sərkis Ohana “Hər necə olsa axır qarabağlıdırlar. Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq” deyəndə Ohan belə cavab vermişdi: “Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən”. Ancaq sonradan iş çətinləşəndə, bəylərin (Heydər bəyin, Əsgər bəyin və s.) müqavimətini görəndə erməni qorxaqlığı yenə də üzə çıxır. Ohan öz əvvəl söylədiyi fikri təkzib edir. Deyilənləri əsərdəki bu parça təsdiq edir:


“Heydər bəy (dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!

Ohan (uzaqdan). Olan, nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var, xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik.

Heydər bəy. Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağını yerə çırpıb). Tez-tez gedin!..”


Beləliklə, ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdən itirlər. Bunlar da öz yerində... Ancaq Ohanın bu fikirləri “Biz elli deyilik, üz-üzə gəlmiyəcəyik?”, “Nə işimiz var, xəbər verək?”, “Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik?”, “Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz” və s. erməni ikiüzlülüyünü göstərir. İstənilən bir şəraitdə, vəziyyətdə ermənilərin tez dəyişdiyini təsdiq edir. Erməni kimliyini oxucuya çatdırır.


Əsərdə Hacı Qaranın dili ilə ermənilərin hiyləgər olduqları, nadürüstlükləri, başqalarını tovlayıb (kazakları) üstə gətirmələri tənqid olunur. Belə ki, ermənilər, daha doğrusu, yüzbaşı Ohanın dəstəsi qorxularından uzaqlaşıb gözdən itdikdən sonra Hacı Qara ilə Heydər bəy arasında söhbət belə olur:


“Hacı Qara. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?

Heydər bəy. Nədən ötrü, Hacı?

Hacı Qara. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

Heydər bəy. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə?

Hacı Qara. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?

Heydər bəy. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.

Hacı Qara. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. ... Cifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!” Hacı Qara “... bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!” deyəndə fakt olaraq yüzbaşı Ohanı və onun Sərkiz, Karapet və digər qaravullarını nəzərdə tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir