Modern.az

Azərbaycanlı deputat Gürcüstanın Ermənistana “nəfəslik” verməsinə aydınlıq gətirdi  

Azərbaycanlı deputat Gürcüstanın Ermənistana “nəfəslik” verməsinə aydınlıq gətirdi   

Aktual

4 Yanvar 2018, 13:45

Gürcüstanla Rusiya arasında alternativ nəqliyyat dəhlizinin açılması Azərbaycanda narahatlıqla qarşılanır.  Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov Eurasia Diary-yə açıqlamasında  deyib ki,  rəsmi Bakı məsələyə həssas yanaşmalıdır.

 

"Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq”

 

Qeyd edək ki,  2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanıb. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulur. Yüklərin monitorinqi isə İsveçrə şirkətlərindən birinə tapşırılıb. Artıq Gürcüstan tərəfi bu il dekabrın 19-da həmin şirkətlə nəzərdə tutulan müqaviləni bağlayıb. Rusiya da belə müqavilə bağlayacaq. Gürcüstanın baş naziri cənab Georgi Kvirikaşvili həmin marşrutdan yalnız fors-major hallarda istifadə ediləcəyini bildirib.

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev Modern.az-a açıqlamasında deyib ki, neçə illərdir bu işin üzərində fikirlər səsləndirilir.

 

“Amma bir dəfə də olsun Gürcüstan rəsmilərinin dilindən nəsə səslənməyib.  Bu artıq söhbət mövzusudur. Təbii ki, bu məsələdə Azərbaycanın narahatlığı başa düşüləndir. Azərbaycan torpaqları işğal olunub və Gürcüstan hökuməti birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma burda bəzi məqamlar qeyd edilməlidir.

 

Azərbaycan, Türkiyə və Ermənistan Gürcüstan üçün dost ölkələrdir. Azərbaycan və Türkiyə isə Gürcüstanın strateji müttəfiqləridir. İndi bu strateji müttəfiqlər sırasında Ermənistan yoxdursa, bu artıq onların zərurət seçimidir. Gürcüstan həm beynəlxalq,  həm də xarici əlaqələrində Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşıb. Gürcüstan hökuməti hər zaman Azərbaycan siyasətini nəzərə alıb”.

Deputat dəmiryol xəttindən danışarkən Abxaziya məsələsini xüsusi vurğulayıb.

 

“Burada söhbət Gürcüstanın işğal olunmuş Abxaziya torpaqlarından gedir. Gürcüstan heç bir halda işğal olunmuş torpaqlarında dəmiryolunun açılmasından və  iqtisadi fəaliyyətindən xaric ola bilməz. Çünki ilk sırada Gürcüstanın suverenliyi dayanır. İkincisi, bu, Gürcüstan tərəfdən işğalçı dövlətin tanınması olardı.

 

Bu da Gürcüstanın suverenliyinə və milli maraqlarına təhdiddir. Bəlkə də uğurlu müqayisə deyil. Hər halda, məsələyə müqayisə prizmasından yanaşaq.  Tutaq ki, Ermənistan tərəfdən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hər hansı iqtisadi əlaqələr qurulub. O zaman Azərbaycan buna necə baxar?! Belə bir məqamda Gürcüstanın  Abxaziyadan dəmir yolunun və ya hər hansı iqtisadi fəaliyyətin start götürməsi məsələsinə necə münasibət göstərməsi bəllidir”

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır