Modern.az

“Qara qızıl”ın qiymətinin artma SƏBƏBLƏRİ  

“Qara qızıl”ın qiymətinin artma SƏBƏBLƏRİ  

4 Yanvar 2018, 15:17

2018-ci il neft qiymətlərinin yüksəlməsilə start götürüb. “Moody's” beynəlxalq reytinq agentliyinin açıqlamasına görə, ötən ilin sonundan başlayan yüksəliş bu il də davam edəcək.

 

Agentlik bildirir ki, Neft İxrac edən Ölkələr Təşkilatına üzv (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə edilən xam neft istehsalının azaldılması üzrə sazişin müddətinin cari ilin sonunadək uzadılmasına baxmayaraq, bu il neftin bir barelinin qiymətinin 40-60 dollar arasında dəyişəcəyi proqnozlaşdırılır.

 

Neftin qiymətinin qeyd edilən qiymət aralığında olması və ya daha da bahalaşması vəziyyətində isə bu il neft istehsalçısı ölkələrin hasilatı artıracağı istisna olunmur.

 

Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumata görə, keçən həftə ölkədəki xam neft ehtiyatları 4,9 milyon barel azalaraq 427,8 milyon barel olub.

Dünəndən etibarən isə birjalarda neft qiymətləri kəskin artaraq, 70 dollara yaxınlaşıb. Əksəriyyət neftin bahalaşmasını İrandakı etiraz aksiyaları ilə əlaqələndirir...

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri  İlham Şaban Modern.az-a deyib ki, neft bahalaşanda nə İran amili vardı, nə də mövsüm amili:

 

“Bildiyiniz kimi, qərb yarımkürəsində havaların soyuması neft qiymətlərinə müəyyən mənada təsirsiz ötüşmür. Amma neftin qiymətinin birdən-birə 68 dollar həddini ötməsində Amerika Birləşmiş Ştatları faktoru öz sözünü deyir. Ötən həftə ABŞ-dakı ehtiyatlarla bağlı ilkin proqnoz açıqlanıb. Bu gün daha da dəqiq rəqəm söylənəcək. İlkin proqnozlara görə, ABŞ-ın neft ehtiyatları 5 milyon barel azalıb. Digər proqnozlar ona dəlalət edir ki, hasilatın daha 4, 7 milyon barel azaldığı elan ediləcək”.

 

Ekspertin sözlərinə görə, ilkin proqnozların açıqlanması bazara ani olaraq təsir etdi və qiymətlərin artımını sürətləndirdi:

 

“ABŞ 2014-cü ildən neft qiymətlərində çox həssas faktor rolunu oynayır. Həftəlik ehtiyatlarla bağlı Amerika Enerji Administrasiyasının açıqlaması olan kimi dünya bazarında neft qiymətləri korreksiya edilir.

 

Bu da onun təzahürləridir ki, hazırda neft, 2018-ci ilə çox yüksək qiymətlərlə başlayıb. Bundan sonra hansı istiqamətdə getməsi də Amerika bazarındakı vəziyyətdən çox asılı olacaq. ABŞ əsasən, ötən ilin oktyabrından şist neft hasilatını günbəgün artırıb. Oradakı buruqların da sayı artıb. Baş verənlərin özünü nə zaman göstərəcəyini demək çətindir.

 

Biz neftin qiymətinin 70 dolları keçməsini də müşahidə edə bilərik. Ancaq bütün ekspertlər, cari il üçün neftin orta qiymətinin 55-57 dollar arasında proqnozlaşdırırlar.

 

Necə ki, 2016-cı il 30 noyabr konfransında OPEC 2008-ci ildən sonra ilk dəfə kvotalarında dəyişiklik etdi. Və 10 gün sonra ona dəstək verən ölkələr, o  cümlədən də Azərbaycan, neftin “ədalətli qiyməti”nin bərqərar olmasını gündəmə gətirdilər. O zaman qiymət dəhlizi 55-60 dollar müəyyənləşmişdi. Nəzərə alaq ki, brent markalı neft 2017-ci ili 54 dollarla başa vurdu.

 

Yəni “ədalətli qiymət”ə 2018-ci ildə ümidlər davam edəcək. Neftin qiymətinin 1-2 gün yüksək olması ümumi ab-havaya təsir edə bilməz. Xatirinizdədirsə, ötən il neftin qiyməti 42 dollara da düşdü, 66 dollara da qalxdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır