Modern.az

Qulu Məhərrəmli Mirşahinin ittihamlarına haqq qazandırdı

Qulu Məhərrəmli Mirşahinin ittihamlarına haqq qazandırdı

Media

4 Yanvar 2018, 15:47

Son günlər Azərbaycan gündəmində olan ən əsas hadisə Tufandağda itkin düşən alpinistlərimiz olduğunu desək,yəqin ki yanılmarıq. Eyni zamanda İranda baş verən kütləvi etiuraz aksiyaları da ölkə ictimaiyyətinin maraq dairəsindədir.
Ancaq nədənsə bu hadisələr Azərbaycanın televiziya kanallarında lazimi qədər işıqlandırılmır.

Fəaliyyəti dayandırılmış ANS TV-nin vitse-prezidenti Mirşahin Ağayev keçdiyimiz günlərdə televiziya kanallarının həm siyasi, həm ictimai məsələlərə biganə qaldığını deyərək,onları ittiham etmişdi.Nəzərə alsaq ki, vətəndaşlarımız da telekanallarımızın bu istiqamətdə fəaliyyətini tənqid edir,deməli,vəziyyət həddindən artıq ciddidir.


Media eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, bu ittihamlar təmamilə haqlı olaraq səslənir:

“Televiziya kanallarında problem sadəcə yaradıcılıq məhdudiyyəti deyil, həm də peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Siyasi məsələlər bir yana, alpinistlərlə bağlı hadisəyə yanaşma ümumiyyətlə biabırçılıqdır. Mən saytları, maddi vəziyyəti aşağı olan media qurumlarını başa düşürəm, amma dövlət büdcəsindən maliyyələşən televiziya kanalları var – AzTV və başqaları hadisə yerindən reportaj hazırlaya, orada axtarış işlərinin gedişini nümayiş etdirə bilər”.

Qulu Məhərrəmlinin sözlərinə görə, hamı başa düşür ki, çox mürəkkəb bir şəraitdə axtarışlar gedir.Amma bu, telekanallara haqq qazandıra bilməz:

“Hadisə yerindən bir canlı reportaj verməyə nə var ki? Jurnalistlər imkan daxilində baş verən hadisələrin təsvirini verməyə borcludurlar. Mən inanmıram ki,kimsə bu işdə onlara mane olsun. Düzdür, relyef çətindir, maşınla ora getmək müşküldür, amma unutmaq olmaz ki, insanlar məlumatları telekanallardan öyrənir, onlardan gözləyir”.

Qulu Məhərrəmli qeyd edib ki, telekanallar siyasi, ictimai məsələlərə biganə qalmaqla onlara olan inamı, mötəbərliklərini itirirlər: “Televiziya kanallarının çoxu heç bir zaman tənqidləri qəbul etmir, amma onların tənqidi qəbul edib-etməməyinin heç bir əhəmiyyəti yoxdur. Onlar qeyri-peşəkardır, öz işlərini yaxşı bilmirlər,cəmiyyəti məlumatlarla təmin etmirlər və işlərində can yandırmırlar”.

Əbülfəz Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar