Modern.az

Mirzə Cəlilin öldüyü gün yaşadığı böyük sarsıntı, üzləşdiyi mistik hadisə - Anım günü

Mirzə Cəlilin öldüyü gün yaşadığı böyük sarsıntı, üzləşdiyi mistik hadisə - Anım günü

4 Yanvar 2018, 23:32

Bu gün böyük Azərbaycan maarifçisi, yazıçı, publisist, “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədquluzadənin anım günüdür. Böyük yazıçı 1932-ci ilin bu günündə dünyasını dəyişib.

Modern.az Mirzə Cəlilin xatirəsini yad etmək üçün onun barəsində bir neçə faktı təqdim edir:

 

Sınmayan Mirzə Cəlil

 

Cəlil Məməmmədquluzadə xalqın özünütanımağı, xalqın özünü bütöv görməsi, vətənin itirilmiş məcrasına qayıtması üçün nə lazım idisə, onu da yazırdı, göstərirdi. O,  təkcə satira deyil, həm də maarifçi yolunu tutmuşdu. Satirasının axrasında çox böyük meyarlar, öyrənilməli məsələlər dayanırdı. Sadəcə, üslubi satirik idi. Məzmunu isə daha geniş xarakter daşıyırdı. “Molla Nəsrəddin” pisə pis, yaxşıya yaxşı deyirdi. Əgər “Molla Nəsrəddin” də onunla eyni dövrdə yaranan mətbuat orqanları kimi sağa-sola vursaydı, o da çox yaşamazdı. Niyə “Əkinçi”ilə “Molla Nəsrəddin” xalqın marağını tuta bildi? Bunun konkret cavabı var: Nə Zərdabi, nə də  Mirzə Cəlil kimdənsə pul-para almadı. Özlərini kimdənsə asılı hala çevirmədilər. Nə Zeynalabdin Tağıyev, nə Musa Nağıyev, nə Murtuza Muxtarovdan asılı deyildi ki, onların da maraqlarını diktə etsin.

 

 

Belə bir fikir var ki, həyat yoldaşı Həmidə xanım - Qarabağ xanlarının nəvəsi olub - onun çətin vaxtlarında jurnalı maliyyələşdirib. Qətiyyən belə olmayıb. Mirzə Cəlil məktublarında deyir ki, “Həmidə, səndən bu qədər pul götürmüşdüm, indi sənə bu qədər borc qaytarıram”. Hətta öz imkanlı həyat yoldaşından da götürdüyü pulu qaytarırdı. Ona görə qaytarırdı ki, Həmidə xanımdan asılı hala düşməsin. Çünki maddi cəhətdən asılı hala düşsə idi, gərək Həmidə xanımın jurnaldan umacaqlarına da yer ayıra idi. Yəni xan nəslindən olan xanım idi. Deyərdi ki, Qarabağ xanlarından yazma... Mirzə Cəlil Həmidə xanımın pullarını qaytarmasaydı, gərək bunlara əməl edəydi. Bu da jurnalın öz hədəflərindən sapmasına səbəb olardı. Ondan aldığı pulu qəpiyinə qədər qaytarıb. “MollaNəsrəddin” xalqın abunə pulları ilə çıxdığı üçün yalnız xalqdan asılı idi, yalnız xalqın mənafeyinə xidmət edirdi.

 

Məsələnin bütün kökü də elə bundadır. “Molla Nəsrəddin” yeganə jurnaldı ki, bizim üçün mədəni mərkəz olan Tiflis, Təbriz və Bakı kimi şəhərlərdə çıxıb. İnqilabdan qabaq çıxan yeganə nəşrdir ki, onun sovet dövründə də çap olunmasına icazə verildi.  Bir neçə nəsil jurnalistlərin böyük müəllimi olan professor Abbas Zamanov deyirdi ki, əgər jurnalistin xəmirində “Əkinçi” ilə “Molla Nəsrəddin”in mayası olması onun çörəyi küt gedər”.

 

Rəsulzadə Mirzə Cəlil haqqında

 

“Heç kim bizim müasir ədəbiyyatın birinci dövrünün ədəbiyyatçılarının etdiyi kimi, yaşadığı əsrin orta əsrlərdən qalma qaydalarını belə güclü və aşkarlıqla tənqid etməmişdi. Bu tənqid təsvir etdiyimiz mərhələnin sonunda satirik “Molla Nəsrəddin” jurnalının və onun istedadlı redaktoru Cəlil Məmmədquluzadənin simasında özünün yüksək zirvəsinə çatır. Məmmədquluzadənin böyük səs-küyə səbəb olan “Ölülər” pyesi (doğrudur, ikinci dövrə aid olan yazılar) bizim tənqidi ədəbiyyatın ən məşhurudur və müəllif burada özünəməxsus kəskinliklə orta əsr nadanlığının, özündən arxayınlığının, quruluğunun bütün saxta mahiyyətini açıb göstərir, geridə qalmış ruhaniliyin şarlatanlığına və şeyxlərin müxtəlif yalanlarına, xalqın geridə qalmağından öz məqsədləri üçün istifadə etməsinə gülür”.

 

 

Ölüm günü

 

1932-ci ilin qışı onun üçün elə əvvəlcədən yaxşı gəlmir: çöldə külək, qar-qiyamət, evdə isə nə odun, nə ocaq var. Bir tərəfdən də insanların soyuqluğu... insanların üzüdönüklüyü ona yaman yer edir.

 

Və bir soyuq yanvar günü öz həmişəki gəzintisindən o, nədənsə tez qayıdır. “Üç-dörd yerdə qəbiristanlığa ölü aparan gördüm. Millət yaman qırılır”,- bu sözləri Həmidə xanıma deyir və öz otağına çəkilir. Xırdaca otağında o gecə səhərəcən işıq yanır.

 

 

Ertəsi gün çay-çörəkdən sonra Mirzə Cəlil bu dəfə xüsusi şövq və həvəslə çəkmələrini mazlamağa başlayır. Amma onlarla şəhərə çıxmaq Mirzə Cəlilə bir daha nəsib olmur. Bir –iki saatdan sonra halı xarablaşır. Və elə həmin gün o, işığı-nuru sönmüş əzab dolu gözləri ilə bir ölümün, bir də tənhalığın soyuq gözlərinə baxa-baxa öz əbədi həyatına çəkilir...

 

Yanvarın 6-da, saat 13:00-da Cəlil Məmmədquluzadənin cənazəsi köhnə mollanəsrəddinçilərdən Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Məmmədəli Sidqi, Əli Nəzmi və Salman Mümtazın çiynində “Kommunist” küçəsi ilə üzüyuxarı qəbiristanlığıa aparılır…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu