Modern.az

Cümhuriyyət nazirinin intihardan əvvəl yazdığı məktub: “Qəbirdə də yalvaracağam ki…”

Cümhuriyyət nazirinin intihardan əvvəl yazdığı məktub: “Qəbirdə də yalvaracağam ki…”

2 İyun 2018, 14:46

Bu dəfə Cümhuriyyətin daha bir başıbəlalı fədaisi, ADR-in xarici işlər naziri Məhəmmədhəsən Hacinskinin intiharından danışacağıq. M.Hacinski haqqında çox yazmaq və danışmaq olar. Onun fəaliyyəti barəsində müxtəlif yazılar yazmağa çalışacağıq. Lakin indi təqdim edəcəyimiz yazıda Hacınskinin ömrünün son saatları əks olunub.

 

O da repressiyyanın caynağına keçib. Çoxsaylı işgəncə və sorğu-sualdan bezib. Bir tərəfdən də ailəsinin dərdi… bunlar hələ nədir ki?! Onu ən çox narahat edən Rəsulzadə başda olmaqla, vaxtı ilə bir neçə məsləkdaşının əksinə hərəkət etməsi idi. Bu barədə sonra danışarıq. İndi isə Hacınski ömrünün son akkordlarını vurmaqdadır. O, arvadı Səadət xanımın gətirdiyi döşək ağı ilə özünü asmazdan əvvəl söz sahibi olan bolşeviklərdən ikisinə məktub da yazır:

“Ölərkən mən sizə bütün həqiqəti deyəcəyəm. Mən daim sizin həmişə tərəddüd edən düşməniniz olmuşam. Ancaq mən dildə düşmən olmuşam, düşməncəsinə nitqlər demiş, ancaq heç bir hərəkətimlə sovet hökumətinə zərər yetirməmişəm. Burada mən öz üzərimə günah üstündən günah götürmüşəm, ancaq mənə belə ifadələr göstərəndə ki, guya mən xariclə əlaqəliyəm, Moskva ziyankarlar mərkəzi ilə, Azərbaycanm siyasi mərkəzi ilə, mən üsyan hazırlamışam, mən Zaqafqaziya plan komitəsində təşkilata malik olmuşam, başa düşdüm ki, onları rüsvay edə bilmərəm və həyatımın qalan hissəsini rüsvay olmalı və əzab çəkməliyəm. Mən öz tərəddüdlərimin, çərənçiliyimin qurbanı olmuşum. Heç kimi, hətta ifadələri düzüb-qoşanları da ittiham etmək istəmirəm. Hər şey mənə uyğun gəlir. Qəbirdə də yalvaracağam ki, mənim işimə işıq salın, heç olmasa mənim rüsvayçılığımın bir hissəsini üstümdən götürün.” ((mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”).

 

 

Həmin məktubdan sonra isə intihar edir. Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş çəkən Səadət xanıma bildirilir. Ərinin nəşinin qaytarılmayacağını öyrənən Səadət xanım Orconikidzeyə teleqram vuraraq ondan əriylə vidalaşmağa imkan yaratmağı xahiş edir. Sonra evə qayıdaraq halva çalan Səadət xanım uşaqlarını başına yığıb, mərhumun ruhuna dualar oxuyur. Uşaqlarına ağlamağı qadağan edən ana zəif səslə “Pəncərədən daş gəlir”i zümzümə edir. Uşaqlar da ona qoşulur və bu mahnını faciə ilə üzləşən ailənin ağısına çevirirlər.

 

Mərhum professor Aydın Dadaşovun “Məhəmməd Həsən Hacınski” monoqrafiyasında sabiq  nazirin faciəvi sonluğu bu cür təsvir edilir:

“Ertəsi gün Serqo Orconikidzenin göstərişi ilə Hacınski ilə vidalaşan Səadət xanım mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çamadanı götürüb evə qayıdır. Çamadandan çıxan mələfədən doğranıb-hazırlanan kəndir ailəyə ağır təsir edir. Mərhumun oğlanları həmin gecə kəndiri aparıb xəlvətcə, vaxtilə F.Xoyskinin və H.Ağayevin dəfn edildikləri məzarlıqda basdırırlar...

 

...Serqo Orconikidzenin tapşırığı ilə Hacınskilərə kəsilən cüzi təqaüd 1940-cı ilə qədər verilsə də, ailə üzvlərinin təqib olunması nəticəsində uşaqlar məktəbdən xaric olunur və iş yerlərini itirirlər. Mühacir kimi Avropaya üz tuturlar. Daha sonra Səadət xanım Almaniyada yaşayan oğlanları Şamil və Nuşirəvana məktub yazıb onlardan vətənə qayıtmalarını xahiş edir. Şamil geri dönsə də, atasının taleyini yaşamaq istəməyən Nuşirəvan ömürlük qürbətdə yaşamağı üstün tutur”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir