Modern.az

Yusif Nəğməkar: “Sosial şəbəkələr heç vaxt qəzetin, kitabın yerini verməz” - MÜSAHİBƏ

Yusif Nəğməkar: “Sosial şəbəkələr heç vaxt qəzetin, kitabın yerini verməz” - MÜSAHİBƏ

5 Yanvar 2018, 14:38

Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) 1955-ci il iyunun 15-də Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində anadan olub. Beyləqan şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra indiki ADPU-nun Filologiya fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. Qısa müddətdə Beyləqan rayonunda müəllim işlədikdən sonra Bakıya qayıdaraq 1983-cü ildə AzTV-yə işə qəbul olunub və orada müxtəlif məsul vəzifələrdə çalışıb. Çox erkən yaşlarından şeir yazmağa başlayıb və indiyədək 20-dən artıq kitabı nəşr olunub. 

            
Şairin  müxtəlif illərdə çap etdirdiyi “Sazın işığında”, “Bilsəydim ayrılıqdır”, “Alın yazım”, “Zal ağacı”, “Vəslin edamı”, “Çingiz çini”, “Bəsirət gözəli”, “Qələm səsi”, “Haqqın Qurbanı”, “Nizami demiş” və s. kitabları oxucular arasında böyük rəğbətlə qarşılanıb. 

            
Azərbaycan ədəbiyyatında dahi şairlər hər əsr yetişir. Haqlı olaraq xalqımızı şair xalq adlandırırlar. Dilimizdən süzülən hər bir söz özlüyündə şeirə çevrilir. Bu böyük xoşbəxtçilikdi. Belə şairlərdən biri də ötən əsrdən mütəfəkkir şairlərin xeyir-duası ilə ədəbiyyata gələn Yusif Nəğməkardır. Yusif Nəğməkar yaradıcılığı əksər şairlərin yaradıcılığından fərqlənir. Onun şeirlərində nəğmə var. O nəğməkar bir şairdir. Onu insanlara sevdirən başqa cəhətləri ilə yanaşı həm də budur. Belə şairlər tarixə çox az-az gəlir. Nəğməkar şairlərin şeirləri poeziyanı dərindən dərk edən səriştəli oxucularla bərabər, el arasında da çox yayılır.  

            
Yusif Nəğməkar dövrünün qabaqcıl ədəbiyyat insanları ilə sıx ünsiyyətdə olan və onların ən yüksək səviyyədə xeyir-duasını alan şairdir. Onun yaradıcılığı qədər həyat fəaliyyəti də rəngarəngdir. Yaşadığı ömrü ədəbiyyatımızın korifeyləri ilə mənalandıraraq ədəbiyyat tarixinə öz adını həkk eləyib. Bu hər şairə qismət olmayan bir xoşbəxtçilikdir. Bir şair haqqında görkəmli bir Xalq şairi ən yüksək ifadələr işlədirsə, demək onun özü elə ən böyük şairlərdən biridir. 

            
Yusif müəllim şair olmaqla yanaşı, həm də gözəl saz ifaçılğı olan bir sənətkardır. Onun ifaları ustadları xatırladır. Ustadlardan dərs alaraq öz sözünü deməyi bacaran istedadlı bir ədəbiyyat insanıdır. Dostluqda sədaqətli olan Yusif müəllimin ürəyi ötən əsr Azərbaycan ədəbiyyatını canlı şəkildə yaşadır.

Modern.az onunla söhbəti təqdim edir: 

            
- Yusif müəllim, öncə ədəbiyyata gəlişinizdən danışardız. Ədəbiyyat sizə nə verib? Bu yolda nə qazanıb, nə itirdiz?  Ədəbiyyat  qapısını ilk dəfə üzünüzə kim açıb?

            
- 1976-cı ildə indiki ADPU-da Filologiya fakültəsində təhsil alırdım. Bu zamanlar şeirlər yazırdım və respublika mətbuatında çap olunurdu. Amma hiss edirdim ki, poeziyamızın nəhənglərindən, ağsaqqallarından biri şeirlərimi oxusa yaxşıdır. Təcrübəli, ağsaqqal bir yaradıcı şəxsin məsləhətinə ehtiyac duyurdum. Açığı, yazı-pozu işi ilə məşğul olub-olmamağıma qərar vermək istəyirdim. Ancaq, mənə bunu deyən yox idi. İnsanlar şeirlərimi oxuyur, bəyənir və tərifləyirdilər. Bunlara baxmayaraq düşünürdüm ki, bu, çətin yoldur. Düzü özümdə şairlik istedadını duyurdum. Təbii ki, mənə bunu uca Allah verib. Ədəbiyyat yolunun şahrah yol olmadığını dərk edirdim. Bu yolun enişi, yoxuşu və dünya ədəbiyyatına çıxışı var. Qarşımda çox çətin yolların olduğunu bilirdim. Buna görə də ehtiyac duydum ki, bu nəhənglərdən biri yaradıcılığıma göz gəzdirsin. Ədəbiyyatımızın böyük simalarından, sütunlarından olan novator şair Rəsul Rzaya şeirlərimi göstərməyi qərara aldım. Rəsul Rza ilə necə söhbət edəcəyim haqqında çox fikirləşdim. Çünki Rəsul müəllim həqiqətən çox zəhmli, müdrik və ağır təbiətli idi... Çox götür-qoy etdikdən sonra onun evinə zəng etdim. Mən burada Rəsul Rza ilə olan söhbətləri danışmaq istəmirəm. Onsuz, Rəsul müəllimin özü bu haqda ətraflı yazıb. Axırda Rəsul Rza mənlə şərt kəsdi. Mənə telefonda dedi: “Bir qovluq şeir gətirməkdənsə, seçib on güvəndiyin şeirini gətir, əgər onundan birini bəyənsəm, söhbətimiz alınacaq. Yox, bəyənməsəm, onda söhbətimiz, tutmayacaq. Bunları indidən deyirəm ki, sonra aramızda inciklik olmasın”.

            
Bir saatdan sonra yazıçılar İttifaqına (indiki Yazıçılar Birliyi) getdim və Rəsul Rza məni  otağının yarımaçıq qapısının ağzında saxlayıb elə burada şeirlərimi oxumağımı bildirdi. “Oyuncaq mağazası” şeirimi oxuyan kimi kövrəldi və məni içəriyə dəvət elədi. Həmin gündən sanki ədəbiyyatın qapıları üzümə bütövlükdə açıldı... Sonralar fikirləşdim ki, həqiqətən bu bir sınaq dövrü idi və gözəl sonluqla başa çatdı... 

            
Otaqda şair və yazıçılardan Qabil, Atif Zeynallı, Adil Babayev, Bayram Bayramov və bir sıra ədəbiyyat adamları var idi. Onlar da şeirlərimi dinlədilər. Bu tanışlıqdan sonra Rəsul Rza mənim haqqımda “Təsadüf” adlı bir məqalə yazdı. Bu məqalədən sonra bir çox ədəbiyyatçılarla sıx ünsiyyətim yarandı.

            


- Bilirik ki, Xalq şairi Bəxtiyar Vahabzadə ilə yaxın dostluq münasibətiniz olub. Sizin Bəxtiyar müəllimə və onun da Sizə həsr etdiyi şeiri olub. Ümumiyyətlə bu dostluğun tarixindən söhbət açsaz sevinərdik. 

            
- Həmin dövrdə xalq Bəxtiyar Vahabzadəni çox oxuyurdu. Onunla tanış olmağı və şeirlərimi Bəxtiyar müəllimə də oxumağı düşünürdüm. Zaman bunu mənə qismət elədi. Hətta Bəxtiyar müəllimin universitetdəki mühazirələrini belə dinləyirdim. Bəxtiyar müəllimlə sıx ünsiyyətimiz yarandı və mənəvi ata-bala səviyyəsində doğmalaşdıq. Demək olar ki, hər gün onların evində olurdum. Özü mənə deyirdi ki, axşam bizə gəl. Ona bir şeir də yazmışdım və bunu o, televiziya çıxışlarında, görüşlərində deyərdi. Bəxtiyar müəllim “Dünən, bu gün və sabah” şeirini mənə həsr edib. Bunun maraqlı tarixi var. Biz Bəxtiyar müəllimlə əsgərlərlə görüş üçün Beyləqana gedirdik. Bizlə birlikdə professor Nurəddin Rzayev, professor Süleyman Əliyarlı və bir də sürücü idi. Bəxtiyar müəllim qabaqda, biz isə arxada oturmuşduq. Bunlar söhbət edirdilər. Birdən Bəxtiyar müəllim mənə dedi:

            - Ay oğul, sən niyə danışmırsan?.

            - Bəxtiyar müəllim, mən sizi dinləməliyəm.

            - Yox, səni and verirəm Allaha, söhbət elə!

            - Bəxtiyar müəllim, nə söhbət edim?

            - Nə istəyirsən, bir söhbət elə, qulaq asaq.

            - Bəxtiyar müəllim, səhərdən danışırsız ki, bu gün bu işlərin hamısını görəyin, amma sabaha bir iş qoymadınız... Tez əlini qulağına apardı. Adətən təsirlənəndə əlini qulağına aparırdı.

             - Ay oğul, nə dedin? (Əslində eşidirdi. Amma istəyirdi ki, bu gəncin başında nə olduğunu öyrənsin). Qayıdıb birdə dedi:

            - Ay oğul, sən nə deyirsən?.

            - Bəxtiyar müəllim, bu gün deyilən bir məfhum yoxdur.

            - Ay oğul, sən nə danışırsan? Bu nə deməkdir?

            - Dünən bu günə biz sabah deyirdik, sabah isə bu günə dünən deyəcəyik və deməli dünən də var, sabah da var, amma əslində bu gün isə yoxdur. İndi isə bu gün qurtarır. Sizsə bu gün bunu, onu edək deməkdə israrlısınız.

            Bunları deyəndən sonra qələmi götürüb əlindəki qəzetə nəsə yazdı.

            - Ay oğul, sən dediklərin bir şeirdir və sənin bu maraqlı fikirlərini yaddaş üçün özümdə qeyd etdim, qayıdanda bir şeir yazaraq onu sənə həsr edəcəyəm. 

            Üç gün Beyləqanda qaldıq, camaat və əsgərlərlə çox maraqlı görüşümüz oldu. Bakıya qayıtdıqdan bir neçə gün sonra gecə saat 2-də bizə zəng edib mənə bildirdi ki, sabah “Ədəbiyyat və İncəsənət" qəzetini alıb oxuyum. Səhər qəzeti tapıb oxudum və gözlərimə inanmadım; Qəzetdə B.Vahabzadənin şeirlərinə ayrıca  bir səhifə ayırılmışdı. O şeirlərdən biri mənə həsr olunmuşdu. Şeir belə adlanırdı: "Dünən, bugün, sabah". Şeiri həyəcansız oxuya bilmədim. Sevincimin həddi-hüdudu yox idi...

            
Sonralar mən  Bəxtiyar müəllimə "Bəxtiyar" adlı bir poema həsr etdim. Aşağıdakı şeir həmin poemadan bir parçadır:


T Ü P Ü R C Ə K

(20 yanvar 1990-cı ildə Xalq şairi Bəxtiyar Vahabzadə ona Azərbaycan raidosu ilə çıxış etdiyini irad tutan sovet generalı Ovçinnikovun üzünə tüpürmüşdü)

 

Generalın üzündə nə yağış suyu,

Nə də şeh damlası, isti tüpürcək.

Qəfil əsarətin əl çatmaz boyu

Gödəldi qürurun boyunu görcək.

 

Şair neyləyəydi-sinəsi dağlı?!

O ki, öz xalqının bağlı diliydi…

Günahsız qırılan millətin oğlu

Qanlı göz yaşını tüpürməliydi.

 

Qəhətə çıxanda ən adi söz də,

Qələmi tutan da qübarın donu

İllərcə sürtülüb sırtılmış üzdə

Hünərdi “leysana”döndərmək onu.

 

Duyğu qalaqlanıb gün-gün dağ kimi,

Ürəkdə yenilməz ürək olurmuş.

Bəzən hava kimi, su, torpaq kimi,

Tüpürcək millətə gərək olurmuş…

 

Tüpürülən sifət-xəyanət düzü,

Tüpürən dodaqlar yetiyimidi.

Şairin atdığı bir atım“sözü”

Min il çəkilməmiş tətiyimidi…

 

Yalquzaq niyyəti çəkib çətinə

Susduran o haray haqqın səsiydi.

Yırtıcı yağının yad sifətinə

Tüpürmək şəhidlik mərtəbəsiydi.

 

O an tariximdi qızıl yazı tək;

Xatirə boynuna çələng bağlaram.

Gəl, gəl, a qeyrətin oğlu tüpürcək,

Mən səni bağrıma basıb çağlaram.

 

Sən adi qəzəb yox, adi hikkə yox,

Ölümdün həyatı söndürənlərə.

Bəlkə çoxdan vardın,yoxdun bəlkə, yox,

Yolunu gözlədik sənin, min kərə…

 

Nitqini dondurub qara şərin də

Anmaza anlatdın risqin sirrini.

Hər qıraq heykəlin qərib yerində

Görürəm mən sənin kişi yerini…

 

Tüpürə bilməyən döyməsin döşə.

Halaldır, bax belə ev yiyəsi ol!

İmperiya adlanan əsarətkeşə

Millətin etiraz “hədiyyəsi” ol!

 

Sən quduz cəlladın şəstinə dəydin,

Havada parlayan dürr-incim kimi.

Dəhanda uyumuş intiqam idin,

Sıyrıldın qınından qılıncım kimi.

 

Tüpürcək- ən şirin arzum, xəyalım.

Mənim sərkərdəm ol, sənin qulun mən.

Səni tüpürənin qadasın alım,

Sənin varlığına qurban olum mən!

 

Tüpürcək, zirvəsən məqsədlərimə:

Sən elə məsləksən, düz əqidə sən.

Çırpınan ürəksən mənim yerimə,

Sənə əhsən deyim qoy birdə əhsən!

 

Belə silahımla məğruram, şadam,

Qorxu, gör ürəyin necə tərk etdi!

Məqamı gələndə tüpürən adam

Zamanın fövqünə qalxan igitdi.

 

Min-min ər-igidi köpürən xalqın

Qəzəbi ağıdır, acı naladır.

Yalnız köləliyə tüpürən xalqın

Yolu istibdaddan istiqlaladır. 

            
-Yusif müəllim, indi isə ilk kitabınızın çap olunması haqqında söhbət açardız.

            
- İlk şeirlər kitabım 1984-cü ildə “Gənclik” nəşriyyatında “Sazın işığında” adı altında, ikinci şeirlər kitabım isə 1986-cı ildə çap olunub. Bunun adı isə “Bilsəydim ayrılıqdır” adlanır. Kitablar tez bir zamanda satıldı və çoxlu qonorar aldım. Bu kitabların hər biri bir əl boyda idi. Amma hərəsindən bir maşının pulunu aldım. Deməli həmin vaxt şair və yazıçıdan imkanlı adam ola bilməzdi. 

            
- Bəs bu günü necə şərh edərsiz? Yazıçılar niyə qonorar almır? Niyə kitabxanalarda kitabların üzərini toz alır? Bu problem nədən qaynaqlanır? Biz oxumağı azaltmışıq yoxsa yaxşı sanballı əsərlər yazılmır?

            
- Bu gün də Yazıçılar Birliyinin orqanları olan “Ulduz”, “Azərbaycan” jurnalları və “Ədəbiyyat” qəzetində çap olunan yaxşı yazılara qonorar verilir. Yəni bu ənənə Yazıçılar Birliyinin orqanlarında davam edir. İnternetin yaranması çap məhsullarını bir qədər üstələyib. Bunun sürəti böyükdür və getdikcə çoxalır. Bütün bunlara baxmayaraq cavanlara tövsiyə edirəm ki, kitabdan, qəzetdən və jurnaldan yan keçmək olmaz. Sosial şəbəkələr qəzetin, kitabın heç vaxt yerini vermir və kitab, qəzet də sosial şəbəkələrin əvəzi deyil. Tarixən texnika həyatımıza daxil olur və kitabı dəbdən sala bilmir. Kitab çap etmək isə bu gün müəllifin maddi durumu ilə bağlı olan bir prosesdir. 

            
- Son dövrdə ənənəvi şeirdən çox, sərbəst şeir növünə daha çox üstünlük verilir. Ancaq sərbəst şeiri nənələrimizin, babalarımızın dillərindən daha çox eşitməmişik. Onlar qoşmalara, gəraylılara və bayatı kimi ənənəvi şeirlərə üstünlük veriblər. Niyə bu gün ənənəvi şeir növü zəifləyib? Həmçinin şairlərin cəmiyyətdəki mövqeyi haqqında da danışardız.  

            
- Bu, çox incə məsələdir. Elə bir izahat vermək lazımdır ki, heç kəs inciməsin. R.Rza, Ə.Kərim, B.Vahabzadə, R.Rövşən kimi və s. mütəfəkkir şairlərin sərbəst şeirləri haqdan, daxili tələbatdan gələn şeirlərdir. Əgər adını çəkdiyim həmin müəlliflər kimi şeir yaza bilirlərsə, ədəbiyyata xoş gəliblər. Bəzi yaşlı və cavan nəsilin şairləri eləcə fikirləşirlər ki, nəsə bir obrazlı fikir yaratmalıyam. Elə bil riyazi bir məsələ həll edir. Bir obraz üçün səhərdən axşama kimi fikirləşir. Daxili təbin təsiri ilə gözəl sərbəst şeir yaranırsa, bu alqışlanası addımdır. İnanın ki, istedadlı gənclərimiz var və mən onlardan öyrənirəm. 

 “Ədəbiyyat” qəzetinin Baş redaktoru Azər Turan savadlı, məlumatlı, peşəkar və gözəl bir alim, bir ziyalıdır. Ədəbiyyatın incəliklərini dərindən bilən bir şəxsdir. O bu gün zəif şeirlərin qarşısında sinəsini sipər eləyib. Ədəbiyyatın keşikçisi olmaq lazımdır. Xəlil Rza Ulutürkün gözəl bir ifadəsi var. O deyir: “Şeir yazmaya bilərsən amma şairlik adını qorumaq lazımdır”. Bu, bütün qələm adamlarının borcudur.

Şairlər səliqəli geyinməli, insanlarla gözəl rəftar etməlidir ki, hər kəs ondan nümunə götürsün. Şairdən oxucu estetik zövq almalıdır. Cəmiyyətdə ictimai baxış var. Şair məclisə gəlirsə, köhlən atını minib gəlməlidir. İnsan kasıb və ya varlı ola bilər. Bu məsələlərə qətiyən toxunmuram. Mən insanın daxili gözəlliyindən danışıram. Bu gözəlliyi yaşatmaq lazımdır.

Bu gün ən böyük bəlamız Qarabağ problemidir. Bunun haqqında yazmaq lazımdır. Gözəl əsərlər yazılır. Bəzən yazıçı və şairləri bu mövzu ətrafında sanballı bir əsər yazmamaqda suçlayırlar. Buna əminliklə deyə bilərəm ki, bu yalan və böhtandır. Gözəl əsərlər yazılır. Böyük əsərləri tez bir zamanda yazmaq olmur. Əsər var ki, 5-10 ilə yazılır. Bu haqda gözəl filimlər də çəkilib. Yazıçı Aqil Abbasın “Dolu” filimi belə filimlərdən biridir. 

            
- Bu gün xarici ədəbiyyatın dilimizə tərcüməsində hansı problemlər var? Xarici ədəbiyyatın dilimizə tərcüməsinin çoxu Sovetlər dövründə olub. Bu haqda nə söyləyə bilərsiz?

            
- Bu barədə bədbin danışmaq lazım deyil. Məsələyə nikbin yanaşmalıyıq. Çünki Azərbaycanda böyük bir Tərcümə Mərkəzi yaradılıb. Afaq Məsud isə bu mərkəzə rəhbərlik edir. Burada mənim şair, yazıçı dostlarım və cavanlar çalışır. Onlar istedadlı və bacarıqlı adamlardır. Doğrudan da həmin insanlar dünya ədəbiyyatının mühüm incilərini dilimizə tərcümə edirlər. Deməli, müəyyən qədər nikbin olmağa əsasımız var. Bəzən tərcümədə narahatçılıq törədən məsələlərdə qarşıya çıxır... Tərcümə hər bir kəsin dünya görüşündən, savadından və həmin dili dərindən bilməyindən asılıdır. Bu gün sözsüz ki, yaxşı tərcümə əsərlərimiz var. Bir də dilin yerli-yerində təbliğ olunması vacib məsələdir. Bu, dilin normalarına düzgün riyayət etmək deməkdir. 


Beləcə, Yusif Nəğməkarla - sevimli bir şairimizlə söhbətimiz maraqlı olduğundan sanki vaxtı, zamanı da bizə unutdurmuşdu...

 

Söhbəti qələmə aldı: Mahmud Əyyub

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı