Modern.az

Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır...

Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır...

5 Yanvar 2018, 14:53

Azərbaycanda ötən ildən başlayaraq bahalaşan kərə yağı 2018-ci ildə 1 manata qədər ucuzlaşsa da, onsuz da aylıq xərclərini bu aydan o biri ayın başına qədər güclə çatdıran vətəndaş üçün yenə də əlçatan deyil. Necə deyərlər, kərə yağı “yağlı əppək” olub...

Hələ ötən ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib.  Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq. 


Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi.


Hazırda bu yağların qiymətində cüzi ucuzlaşma hiss olunsa da, ümumi xərclərə təsir edəcək səviyyədə deyil. Belə bir məqamı fövtə verməyən işbazlar isə yenə iş başındadırlar. Belə ki, sosial şəbəkələrdə, qonum-qonşuda “əsl kənd yağı”, “əsl nehrə yağı” adı altında 7-8 manata yağ təklif edilir. Qiymət ilkin olaraq, cəlbedici görünür. Ta ki, “nehrə yağı”nı əridib qoxusundan “bihuş” olana qədər. 1 kiloqramı 7 manata satılan 5 kiloqram “nehrə yağı”ını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulur. Əvəzində ətrafa elə bir qoxu yayılır ki, onunla xörək belə bişirmək istəmirsən.


Deyilənə görə, hansısa “işbazlar” xaricdən Azərbaycana palma yağı idxal edir ki, həmin yağlar da ölkəboyunca dükan-bazarı cənginə alan “nehrə yağı”nın hazırlanmasında istifadə edilir.

Qeyd edək ki, Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti, eyni zamanda idxal zamanı Dövlət Gömrük Komitəsi həyata keçirir.


Yağlarla bağlı məsələni araşdırmaq üçün biz də ilkin olaraq, rəsmi qurumlara müraciət etdik. Aidiyyatı qurumların bir neçəsindən saytımıza bildirildi ki, qida təhlükəsizliyi məsələlərinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub:


“Biz bu məsələ ilə bağlı açıqlama vermək, araşdırma aparmaq səlahiyyətində deyilik”.


Yenicə fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyindən isə hər hansı açıqlama almaq hələ kə ki müşküldür...

Nənələrimiz nehrə yağının hazırlanması zamanı qabaqcadan tədbir görərdilər. Yağın hazırlanması üçün qatıq çalar, sonra həmin qatığı nehrənin içərisinə tökər və çalxalayardılar. Proses uzun sürdüyündən nehrə yağının alınması asan başa gəlmir. Bir müddət çalxalanandan sonra həmin çalxalanan qatıq ayrana və yağa ayrılır.

Uzun illərdir nehrə yağı hazırlayan, əslən Qazax rayonundan olan Əsmər Kərimova Modern.az-a deyib ki, nehrəni çalxalamaq böyük səbir tələb edir:


“Ən azı 1-2 saat qatığı çalxalamaq lazımdır. Yalnız bu müddətdən sonra qatıq ayrana və yağa çevrilir. Ən yaxşı nehrə yağı isə gildən hazırlanan küplərdə düzəldilir. Bu cür qabda həm yağın dadı ləzzətli olur, həm də çıxarı çox çıxmır”.


Müsahibimiz qeyd edir ki, müasir üsulla hazırlanan nehrələr daha tez başa gəlir:

“Onlar xüsusi aparatla hazırlanır. Amma ona əsl nehrə yağı demək olmaz”.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Modern.az-a gün ərzində yağlarla bağlı bir neçə şikayət aldığını bildirib:


“İnsanlar daha çox “kənd yağı” ilə satılan məhsulun ekspertizasının keçirilməsini istəyirlər. Məndən də əsasən bunu soruşurlar. Qeyd edim ki, bu, mümkündür. Amma yağların müstəqil laboratoriyada analizdən keçirilməsi 250-300 manata başa gəlir. 6-7 manata yağ alan vətəndaş isə təbii olaraq bu yoxlamadan imtina edir”.


Hüquq müdafiəçisi də təsdiqləyir ki, kərə yağının bahalaşmasından sonra bu cür “kənd yağları”nın istehsalı sürətlə artır:


“Bu bir aksiomadır ki, hansısa mal, məhsul bahalaşanda, onun saxtası bazara ayaq açır. Məlum olur ki, əslində “nehrə yağı” adı altında satılan yağlar heyvanların iç yağı, marqarin, palma yağlarının süd, qatıqla qarışığından hazırlanır. Xüsusi aparat vasitəsilə çalxalandıqdan sonra “nehrə yağı” hazır olur. Əlbəttə, bunu bütün nehrə yağlarına aid etmək doğru deyil. Amma əsl nehrə yağını saxtasından ayırd etmək də çətindir. Bunu əsasən yağın dadından, qoxusundan anlayışı olan adamlar seçə bilir. Amma istəyənlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarında ödəniş etməklə yağın analizini apara bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...