Modern.az

Gürcüstanda casusluğa görə saxlanılan azərbaycanlı fotomüxbir buraxılıb

Gürcüstanda casusluğa görə saxlanılan azərbaycanlı fotomüxbir buraxılıb

Təhsil

7 İyul 2011, 14:12

İyulun 7-nə keçən gecə Gürcüstan hüquq-mühafizə orqanları Rusiyaya casusluq ittihamı ilə bir neçə fotomüxbiri həbs ediblər. Tiflisdəki Qafqaz Jurnalistika Məktəbində təhsil alan Modern.az-ın sabiq əməkdaşı Vüqar Ağamalıoğlunun saytımıza bildirdiyinə görə, həbs olunanlardan biri azərbaycanlı fotojurnalist Şahvələd Eyvazovdur. O, “Associated Press” agentliyinin fotomüxbiri kimi çalışır. 
Ən son məlumata görə, onu artıq buraxıblar. Jurnalsitlərə verdiyi qısa açıqlamada Ş. Eyvazov şahid qismində ifadə verdiyini deyib. O, bildirib ki, saxlanılan digər şəxslərlə bağlı məlumata malik deyil. Ş. Eyvazov jurnalistlərin suallarını ətraflı cavablandırmaqdan imtina edib.

Saxlanılan fotomüxbirlərdən biri - Qia Abdaladzenin həyat yoldaşı Nestan Neidze “İnterPressNews” informasiya agentliyinə bildirib ki, fotomüxbirlərin evlərində axtarış aparılıb, kompüterləri, mobil telefonları və digər şəxsi əşyaları müsadirə edilib.

 “Gecə polis evə girərək butun elektron  cihazları müsadirə etdi və bizə həbsin səbəbləri barədə məlumat verəcəklərini dedilər. Sonra deyildi ki, onu Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, casusluqla ittiham edirlər”.

Qia Abdaladze Gürcüstan Xarici İşlər Nazirliyinin fotomüxbiridir.

Saxlanılan digər fotomüxbir İrakli Gedenidze isə Gürcüstan prezidenti M.Saakaşvilinin xüsusi fotoqrafıdır. Onun həyat yoldaşı Natia Gedenidze də tutulub, saxlanılan daha bir jurnalist Zurab Kurtidzedir. 

Bu jurnalistlər dünyanın aparıcı media orqanları “Reuters”, “Associated Press” agentlikləri ilə ilə əməkdaşlıq edirlər.

Modern.az-ın məlumatına görə, Şahvələd Eyvazov müxtəlif fotosərgilərin iştirakçısı kimi beynəlxalq aləmdə çoxdan tanınıb. Avropanın bir çox ölkələrində, habelə, Yaponiyada fərdi sərgiləri açılıb.
O, Tiflis şəhərində doğulub, 17 ildir ki, ABŞ-ın “Assoşeyted Press” informasiya agentliyinin Tiflisidə yerləşən Qafqaz bürosunun fotomüxbiridir. Onun Osetiya, Abxaziya, Qarabağ münaqişəsindən çəkdiyi kadrlar dünyanın müxtəlif qəzet-jurnallarında dərc olunub, mütəxəssislərin və tamaşaçıların diqqətini cəlb edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!