Modern.az

Qazına quzu kəsim    

Qazına quzu kəsim     

6 Yanvar 2018, 11:56

A.Müzəffərli

 

(hekayə)

     
Qışın oğlan çağıydı. Soyuq adamın kələyini kəsirdi. Tərslikdən, bu dəfə qış daha amansızdı. Hər əsrdə bir-iki dəfə təsadüf edilən ən soyuq qış fəsli bu lin payına düşmüşdü. İmkanı olanlar evdən çölə çıxmamağa üstünlük verirdilər. Nə qədər möhkəm geyinsən də, soyuqla əlbəyaxa olmağa güc yetmirdi ki, yetmirdi.

-  Ay qızım, şərfi ağzından açma, nolar, öskürəyin təzəcə azalıb...

-  Eee, ata, nəfəsim kəsilir, axı...

- Bax, qaqaşı görürsən, necə də ağıllıdır, nəfəsi darıxsa da, şərfi ağzından aralamır...

- O da mənim kimi boğulur, amma məni çox istədiyindən bir təhər dözür ki, zökəmi mənə keçməsin...

- Hə, elədir, mənim qəşəng balam, qurbanın olum, çalış sən də döz... Yaza bir şey qalmayıb...

-  Ata, Yeni il hələ təzə girib e, nə yaz, nə bahar?!.

Nadir müəllim daha deməyə nəsə söz tapmadı. Hər gün eyni kəlmələri çeynəməkdən özü də zara gəlmişdi. Məhəllələrinin bütün sakinləri kimi onlar üçün də qış arzuolunmaz fəsilə çevrilmişdi. İlin-günün bu vaxtında insan da öz evində ailəlikcə əllərinə keçən nələri var, əyinlərinə, başlarına taxıb, bir küncdə oturub göz-gözə nə qədər baxasıdır, axı?  Camaat palto, gödəkçə, sırıqlı və digər qalın paltarlarını çölə çıxanda geyindiyi halda, onlar da qonşuları kimi evlərinin içindəcə altdan-üstdən bərk-bərk qıfıllanmaq məcburiyyətindəydilər. Bəzən axşamlar isti paltarlar bəs eləmədiyindən, hətta, uşaqları yorğan-döşəyə, yun odeyala bürümək də lazım gəlirdi.

Qapının zəngi çalındı. Yəqin, yenə də işıqpulu toplayanlardı. Bu zavallıları da cana yığmışdılar. İnsafən, xeyirxah kəslərdi, bacardıqca onlara qahmar çıxırdılar.

- Nadir müəllim, vallah, utanırıq deməyə, amma başqa əlacımız da yoxdur. Sayğacınız yenə də yaman yazır e, zəhmət olmasa, imkan daxilində nəzərə alın.

- Dost, bir-iki saatlığa yalnız gecələr yandırırıq, qalan vaxt qızdırıcıya yaxın belə düşmürük, düz sözümdü... İnanın...

- Başa düşürük, amma bir az da qənaət eləməyə çalışın...

- Sadəcə, çaydanı qaynadanda, xörək bişirəndə işıq çox işlənir... Neynəyək, başqa yolumuz da yoxdu...

Dünyanın düz vaxtında Nadir müəllimgilin məhəlləsinin sakinləri işə düşmüşdülər. Neçə illərdi qışda əməlli-başlı qazları olmurdu. Elə, ilin  digər fəsillərində də vəziyyətləri buna oxşardı. Dördgözlü qaz sobaları iynə ucu qədər közərəndə belə şükür eləyirdilər. Yenə cəhənnəmə, qışdan savayı digər fəsillərdə saatlarla vaxt aparsa da, heç olmasa, çay qaynatmaq və xörək bişirmək mümkündü. Di gəl, elə ki, qış kəndardan Bakıya ayaq qoydu, qazları ərşə çəkilirdi. “Gecəqondu” deyilən evlərdən və bir də Nadirgilin beşmərtəbəli binasından ibarət məhəllə mərkəzdən sən deyən elə də çox uzaqda yerləşməsə də, amma neçə illərdi sakinlər qaz sarıdan zülmdəydilər. Qaz idarəsinin qapısını yağır eləsələr də, dərdlərinə məlhəm olan yoxdu. Üz tutmadıqları ünvan qalmamışdı. Aidiyyəti qurumlar  başlarının altına yastıq qoymaqdan başqa heç nəyə yaramırdılar. Gecəli-gündüzlü haraylarına səs verən tapılmırdı ki, tapılmırdı. İşləri Allaha qalmışdı. Çarəsizdilər.  

Pənahları yalnız elektrik enerjisinəydi. Buna da ki, hamının gücü çatmırdı. Əksəriyyətin  qazancı işıq pulunu ödəməyə belə yetmirdi. Qışda qarınlarından, əyin-başlarından kəsib işığın xərcinə yönəldirdilər. Çoxunun işığa görə bir ətək borcu vardı. Nə yaxşı ki, heç olmasa, işıq idarəsinin işçiləri  bir az insaflıydılar, borclarını hissə-hissə ödəməyə onlara imkan yaradırdılar. Çox vaxt televizor, internet üzünə həsrətdilər. Qənaət naminə  otaqlardan yalnız birinin işığını yandırmaq məcburiyyətində qalanlar da az deyildi.

Nadirgilin canı gündə bir neçə saatlığa ancaq məktəbdə qızırdı. Özü də, həyat yoldaşı da dərs deyirdilər, müəllim idilər. Övladları da həmən məktəbdə oxuyurdular. Bu təhsil ocağı evlərindən xeyli uzaqda yerləşsə də, cəhənnəmə, heç olmasa, burada istilik boldu. Özləri dərslərini deyib qurtarana qədər min-bir bəhanə ilə uşaqlarını da məktəbdə saxlayırdılar ki, onların canına mümkün qədər çox istilik keçsin. Övladları da çalışırdılar dərslərini elə məktəbdə hazırlasınlar. Yoxsa, bumbuz otaqlarda, əynində bir topa  paltar dərsəmi hazırlaşmaq olardı?

İstirahət günüydü. Komalarının içindəcə soyuqdan tir-tir əsirdilər. Elektrik plitkasında hazırlanan xörək də, çay da donlarını axıra qədər aça bilmirdi. Qızının sızıltısına tab gətirə bilməyən Nadir dördüncü mərtəbədəki mənzilinin pənəcərəsinin qarşısını kəsdirmişdi. Fikri uzaqlardaydı. Dəfələrlə özünü pəncərədən üzüaşağı buraxmaqdan güclə saxlamışdı.

 

- Atacan, dözə bilmirəm, donuram, bəlkə, qızdırıcını 10 dəqiqəliyə də olsa yandıraq...Əllərim soyuqdan keyiyib e...

- Yandır, qızım, yandır, özün də, qaqaş da, oturun yağqızdırıcısının yanında, əllərinizi də qoyun üstünə, darıxma, pulunu hardan olsa, tapıb verəcəm...  

 

Çarəsizlikdən Nadir yenə həyətə göz gəzdirməkdəydi. Nə edəsiydi ki? Sanki, onları vətəndaşlıqdan çıxarmışdılar. Ürəyində bir də üzünü Tanrıya tutdu: “Ya Rəbbim, kömək elə, heç olmasa, balalarımızın naminə bizi bu rəzalətdən qurtar, yalvarıram, yenə ümid Sənədir, uşaqların yanında nə qədər günhasız günahkar olmalıyıq?!. Bizimkilər hələ bir az böyükdü, məktəb yaşındadılar, qucaqda körpə saxalayanlar var, vay onların halına... Qüdrətini əsirgəmə!!!”

O, bu kəlmələri ürəyində təzəcə dilinə gətirmişdi ki, ağappaq örpəyə bürünən həyətlərinin ortasındaca  tonqal çatıldı. Özü də Novruz tonqalı. Silkindi. Yanılmamışdı. Dəfələrlə gözlərini ovxalasa da, yenə eyni səhnənin şahidi oldu. Bir az da diqqət kəsildi. Qonşuları uşaqları, nəvələri ilə birgə tonqalın üstündən tullanırdılar...

 

Nadir cınqırını da çıxarmadan iri addımlarla həyətə sarı götürüldü. Bloklarından çıxmağına peşiman oldu. Novruz tonqalından əsər-əlamət yoxdu. Ola bilməzdi. Axı, pəncərədən  xeyli müddət bu ocağı əməlli-başlı seyr etmişdi. Xoşbəxtcəsinə tonqalın ətrafında halay vuran qonşuları da adbaad yadındaydı. Doğrudanmı, onu qara basmışdı?!. Bir də dördgözcəsinə ətrafa boylandı. Yalnız, qaz olmadığından sayılı günləri çıxmaq şərtilə illərdi işləməyən qazanxananın kiçik bacalarının birindən tüstü burumlanırdı.  Bu da ocaqçının işiydi. O biçarə qızınmaqdan ötəri özü üçün odun sobası quraşdırmışdı. Gecəqondularda yaşayanların xeylisi də ondan nümunə götürmüşdü. Bakının ortasında ucqar dağ kəndlərindəki kimi ocaq çatmaq məcburiyyətindəydilər. Camaatın yanında gözü kölgəli olan ocaqçı çox vaxt ətraf evlərin, elə, Nadirgilin binasının sakinlərini də qızınmaq üçün ora dəvət edərdi. Hamı da olmasa, əlacsızlıqdan bu təklifə razılaşanlar da tapılırdı. Kimsəni qınamağa da dəyməzdi, soyuq iliyə dirənəndə bəzilərinin ayaqları sözünə baxmırdı. Əllərinə isti xörək düşəndə ocaqçıya pay aparan da kifayət qədərdi. Mehriban, qayğıkeş insandı, adamlara yovuşandı ocaqçı. 

 

Başına gələnlərdən özünü itirən Nadir azca keşmiş ocaqçının yanındaydı. Bura niyə üz tutduğu onun özü üçün də sirrdi. Canına əsməcə düşsə də, ocağa yaxın getməyə belə ürəyi gəlmirdi. Balaları, həyat yoldaşı evdə don bağladıqları halda onun gur ocağa yaxın düşməyə mənəvi haqqı yoxdu. O, bunu özünə heç cür rəva bilməzdi. Ocaqçı ilə bir neçə kəlmə kəsib, indicə gözünə görükənləri də ona nəql elədi. Qarşısındakı kəs matdım-matdım onu dinləməkdəydi. Nadir müəllimi ciddi adam kimi tanıdığından kəlmə belə kəsə bilmədi. Danışılana inanmaqdan başqa çarəsi yoxdu. Fəhmi ilə tutdu ki, burda nəsə anlaşılmaz mətləb var. Qafasına güc gəldiyi bir məqamda qəflətən Nadir müəllim ondan acizanə xahişlə bir qədər odun götürmək istədiyini dilə gətirdi. Yenə heç nə anlamasa da, “Əlbəttə, nə qədər lazımdır, götürün, mənim ehtiyatda xeyli odunum var, qonşu otaqlardadı” deyən ocaqçı ona yardımçı da oldu. Qucağı tutunca qollarına odun qalalayan Nadir yuxarı evlərinə qalxdı.

 

Onu bu vəziyyətdə görən doğmaları da karıxmışdılar. Nə baş verdiyini anlaya bilmirdilər. Nadir yekə otağa keçərək odunları yerə boşaltdı. Ətrafdakı nəsnələri və xalça-palazı kənara itələdi. İmkansızlıqdan hamamda təmiri başa çatdıra bilmədiyindən orada küncdə qalaqlanan kaşıları bir-bir gətirib otağın ortasına düzdü. Qaza gəlmişdi, bir göz qırpımındaca mətbəxdəki iri tas və teştləri də buraya sürüklədi. Odunları onların içində qaladı. Mətbəxə nöyüt, kibrit dalınca yollandı. Evdəkilərə elə gəldi ki, deyəsən, kişinin başına hava gəlib, amma cınqırlarını belə çıxarmağa cəsarətləri yetmədi. Mağmun-mağmun onu seyr etməkdəydilər. Tonqalfasonu çatdığı ocağa od vuran Nadirin gözləri işıqlandı. Bəbəkləri işım-işım parıldayırdı. Otağın pəncərəsini də açmağı unutmadı. Odunlar quru olduğundan tezcə gur alova çevrildilər. Tonqalın ətrafında Novruzsayağı halay vuran Nadir, nəhayət ki, dilə gəldi.

- Qızının, balalarım, qoymaram daha sizə soyuq olsun, çəmini tapmışam...

 

Yenə kimsə cınqırını çıxarmadı. Sırsıra bağlayan uşaqlar istər-istəməz ocağa sarı yön aldılar. Əllərini oda tutdular. Evlərinin ortasındakı bu kiçicik tonqalın hərarəti qısa müddətdə onları qarsıdı. Bir az keçmiş əyin-başlarını da yüngülləşdirdilər. Nadirin daxili dünyasında qalanan tonqalın hərarətinin yanında isə öz əlləri ilə çatdığı bu ocağın istisi müqayisəyə belə gələ bilməzdi. Ocağın hərarətindən xumarlanan balalarının və dinməz-söyləməz baş verənlərə diqqət kəsilən həyat yoldaşının bu halından Nadir yamanca təsirlənmişdi, göz yaşlarına birtəhər yiyə durdu. His-pas ətrafı başına alsa da, kimsə yerindən dəhmərlənmirdi. Ocağın tüstüsü  açılı  pəncərədən göyə millənirdi.

Nadirin ailəsinin bu məsum məqamında həyəti yanğınsöndürən maşınlarının həyəcan siqnalı başına aldı. Qapılarını da kimlərsə var gücləri ilə döyəcləyirdilər.

- Kimdi?

- A kişi, tez ol, qapını aç, nə kimdi, polisdəndi, cəld ol, yanğınsöndürənlərə imkan yarat tez alovu ram eləsinlər...

- Hansı alovu, siz deyəsən, ünvanı səhv salmısınız?

- Ə, başa düşmürsən, tez elə, qapını aç, yoxsa, bu dəqiqə sındırıb içəri girəsiyik...

 

Nadir döyükə-döyükə qapını araladı. Bir neçə serjant cəld onu kənara itələyib böyük otağa soxuldular. Dallarınca da yangınsöndürənlər. Onlar əllərindəki yangın təhlükəsizliyi balonlarını ocağa tuşladılar. Bir canfəşanlıq göstərirdilər ki, gəl görəsən. Ani göz qırpımında ocağı alt-üst elədilər, bumbuz külü qaldı. Hələ, nə yaxşı ki, yangınsöndürən maşınların şlanqları bu mənzilə yönəldilənə qədər yangını ləğv etmək mümkün oldu. Yoxsa, şəksiz, həmin mənzil tam bərbad hala düşəcəkdi. Nadirin qollarını qamarlayan polis serjantlarından biri ona çımxırdı:

- Ə, qonşulardan kiminlə problemin var, kimə görəsə bu boyda binanı oda qalamaq istəyirdin, heç utanmırsan?

- Siz nə danışırsınız, nə qonşu, nə problem, mənim kiminləsə umu-küsüm belə yoxdu, bütün qonşularla mehriban dolanırıq, özünüz soruşa bilərsiniz. Sadəcə soyuqdan donurduq, ona görə ocaq qalamaq məcburiyyətində qaldım ki, göz görə-görə Bakının ortasındaca  balalarım donmasın...

- Ə, kiri, bizə dolaq gəlmək istəyənə bir bax... Sən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsini pozduğundan 20 manatdan 30 manata qədər cərimə olunacaqsan...

- A kişi, siz nə danışırsınız, onsuz da qaz gəlmədiyinə görə borc içində üzürəm, siz də məni bir qədər də yükləmək istəyirsiniz, ayıb deyil?!... Nə bilim,  filan maddə belə  gəldi, elə getdi?

- Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi maddəsinə görə cərimə olunursunuz, vətəndaş, sizə yenə nəsə aydın olmadı, bəyəm?!.

 

Yandığından Nadir səsini başına atdı, çırpınaraq qollarını polislərin əlindən çıxarmağa cəhd elədi:

- Heç utanıb, qızarırsınız, bəs, bizim illərdi qazımız gəlmir, onda hardaydınız, indi mənə qanun dərsi oxuyursunuz, o maddə belə gəldi, bu maddə elə getdi? Özünüzə bir qədər də olsa hörmət qoyun, heç olmasa, illərin müəllimini el içində xar elədiyinizin mahiyyətinə varın,barı?!. Bir düşünün də, Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan bir dövlətdə,  bu ölkənin paytaxtı Bakıda vətəndaş qazsızlıqdan evindəcə donmalıdır? Elektrik çaydanında çay qaynatmalıdır, elektrik plitkasında xörək bişirməlidir? Dillənin də, niyə susursunuz?!. 21-ci əsrdə buna rəvac verən məmurlara kimsə gözünün üstə qaşın var demir, amma ağına-bozuna baxmadan kasıb-kusubu cəzalandırmağa  cansınız?

- Alə, müəllimin bura nə dəxli, qanun hamı üçün qanundu, sən göydən düşmüsən, bəgəm, hələ bir qanun keşikçilərinə hədə-qorxu, hərbə-zorba da gəlirsən?!. Bayaqdan dişinin dibindən çıxanı bizə dediyin bəs döyül, hələ yenə də nəsə üyüdürsən? Bu isə inzibati xətalar məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıqdır, bizə qarşı bu nalayiq hərəkətlərinə görə sənə on beş gün müddətə inzibati həbs tətbiq olunacaq, indi baxarsan, onda yəqin ağlın başına gələr, bizlərə bir də moizə oxumaq eşqinə düşməzsən...

Bu məqamda bayaqdan heyrət içərisində həmin anlaşılmaz mənzərəni seyr edən Nadirin uşaqlarından bir çığırtı qopdu ki, az qala bina silkələnə. Nadir ha əlləşsə də, polislərin əlindən qopa bilmədi. Nə uşaqların mələrtisi, nə də həyat yoldaşı və qonum-qonşuların yalvar-yaxarı polisləri yumşalda bilmədi. Onlar ipə-sapa yatmayan Nadiri maşına basıb bölməyə apardılar.

Bu hadisədən bir həftə ötmüşdü. Nadir cəza müddətinin yarısını çəkməkdəydi. Alnından puçurlanan təri ara vermədən yanaqları boyunca yuvarlanmaqdaydı. Təbii ki, bu, təkcə, qaldığı kameradakı istilikdən qaynaqlanmırdı. Ötən bir həftədə soyuq canından çıxsa da, xəcalət təri onu buza döndərirdi. Fikri-zikri evlərindəydi. Özü yadından çıxmışdı, balalarının, həyat yoldaşının halına acıyırdı, yəqin, indi soyuğun əlində bu tifillər giriftardılar.

 

Hardan ağlına gələydi ki, indi onların məhəlləsində əməlli-başlı “yay”dı. Bu qalmaqalın sorağı qısa müddətdə şəhəri başına almışdı, lap yuxarılara qədər çatmışdı. Xeyli vəzifəli şəxs elə bu gün səhər tezdən  işdən kənarlaşdırılmış, bəziləri hətta cəzalandırılmışdılar da. İndi məhəllələrinin kiçikli-böyüklü bütün sakinləri ona dua oxuyurdular, həbsdən azad olunacağı günü səbirsizliklə gözləyirdilər. Hamı onu bağrına basmağa hazırdı. Haqsız cəzasının ləğvi üçün israr edənlər də kifayət qədərdi. Bu gün səhərdən həbsdə qaldığı cəza yerinin əməkdaşlarının ona münasibəti də tamamilə dəyişmişdi, hamı ona nəzakətlə yanaşır, hayına qalırdılar. Bir az sonra ona həyat yoldaşı ilə görüşə icazə verildiyi bildirildi.

 

Övrətinin bəbəklərinin nura qərq olması ona qəribə gəldi. Bu, elə, ilk andaca onun iti gözlərindən yayınmadı. Təbii ki, öncə evlərindəki vəziyyətlə maraqlandı.

-  A kişi, gözün aydın, dünəndən bəri Bakıda heç bir yerdə bizim məhəllədəki qədər gur qaz ola bilməz. Mümkün deyil, hətta, indi qorxumuzdan mətbəxdə qazı ehmallıca yandırırıq, lap fontan vurur...  Mənzilimizdə bir istilik var, gəl görəsən!!! Uşaqlar sevincək olublar, hamamdan onları çıxara bilmirəm... Düzdü, hələ sənin üçün yamanca darıxmasalar, yəqin elə hamamda da yatarlar... Qab-qaşığı bir göz qırpımındaca yuyub-təmizləyirik, isti su az qalır adamın əllərini yandıra... Sənə də cürəbəcür qapqaynar xörəklər gətirmişəm, hələ şirniyyatları demirəm, nəinki sənə, yəqinki, bütün buradakı polislərə də bəs eləyər?!.. Allah atana rəhmət eləsin, ay Nadir, sənin savabını yığıb-yığışdırmaqla qurtaran deyil!!! Qonşuların da səndən ötrü gözü yoldadı.

 

Nadirin gözləri yaşardı. İlk dəfəydi, həyat yoldaşının qənşərində göz yaşlarına yiyə dura bilmirdi. Dəfələrlə çıxılmaz vəziyyətə düşsə də, hələ indiyəcən evlərində kimsə onu gözüyaşlı görməmişdi. Qaynar göz yaşları yanağı boyunca süzülürdü. Xoşbəxtlikdən özlərinə yer tapa bilməyən balalarını elə indicə bağrına basmaq istəyi keçdi içindən. Buna bir həftə necə dözəcəkdi?!.

 

- Gərək, uşaqları da gətirəydin mənimlə görüşə?

- Nadir, istəmədim, onlar burda səni görsünlər, ona görə gətirmədim...

Söhbətin bu dəmində polislərdən biri sanki uça-uça onlara yaxınlaşdı, sevincindən dili güclə söz tuturdu.

- Siz, artıq azadsınız, məhkəmənin yeni qərarını indicə bizə çatdırdılar, təbrik edirəm

Deməyə sözləri yoxdu, gücləri yalnız əllərini qoşalayaraq Tanrıya sarı yönəltməyə  yetdi.

                                                                              

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı