Modern.az

Prezident "Gənclər proqramı"nı təsdiqlədi (TAM MƏTN)

Prezident "Gənclər proqramı"nı təsdiqlədi (TAM MƏTN)

7 İyul 2011, 18:34

Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Modern.az 5 bənddən ibarət proqramı təqdim edir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı

1. Giriş

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.
Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır.


2. Dövlət Proqramının əsas məqsədi

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması;
- gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi;
- gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması;
- əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması;
- dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması;
- gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;
- gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
- gənc ailə institutunun möhkəmləndirilməsi;
- gənclərin məlumatlılığının artırılması;
- gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi;
- gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi;
- gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi;
- gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi;
- gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi;
- gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi;
- gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi;
- gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
- gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
- gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.


4. Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin
əlaqələndirilməsi

Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin icrasını Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi əlaqələndirir. Həmin məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri cəlb edilməklə Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurası yaradılır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat müəssisələrinin və yaradıcılıq ittifaqlarının cəlb olunmasını təmin edir.


5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Dövlət Proqramının həyata keçirilməsinə büdcədənkənar dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr cəlb edilə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı