Modern.az

Xarici ölkələrin Bakıdakı səfirlikləri - Jurnalistlərin razı və narazı qaldıqları diplomatlar…

Xarici ölkələrin Bakıdakı səfirlikləri - Jurnalistlərin razı və narazı qaldıqları diplomatlar…

Media

8 Yanvar 2018, 09:27

Jurnalistlərin xəbər mənbələrindən biri də əcnəbi ölkələrin Azərbaycanda olan səfirlikləridir.

 

Bəs jurnalistlər xarici ölkələrin Bakıdakı səfirliklərindən hansını daha aktiv hesab edirlər?

 

Modern.az saytı bununla bağlı jurnaləstlərin mövqeyini öyrənib.

 

Müstəqil jurnalist Natiq Cavadlı mütəmadi olaraq, Amerika, Böyük Britaniya və Fransa səfirlikləri ilə işlədiyini qeyd edir.

 

“Məsələ ondadır ki, bu səfirliklər özləri tədbirlərində iştiraka maraqlı olur. Normal qiymətləndirirəm. Təəssüf ki, Almaniya və Norveç səfirlikləri əvvəlki illərdə olduğu kimi, daha tədbirlərə də dəvət etmirlər. Bunun isə səbəbini bilmirəm, maraqlanmamışam da”.

 

“Trend” İnformasiya Agentliyinin beynəlxalq əlaqələr üzrə baş direktor müavini Elçin Hüseynov deyir ki, bəzi səfirliklərin media  ilə zəif işləməsi onların daxili siyasətləridir.

 

“Səfirliklərlə jurnalistlərin iş prosesini normal və yaxşı qiymətləndirirəm. Peşəkar jurnalist üçün heç bir problem yoxdur. Hər bir sahədəki kimi səfirliklərlə də işləyəndə inam yaratmaq, öz professionallığını göstərmək lazımdır. Belə olan halda heç bir problem ola bilməz. Yalnız səfirlik özü  jurnalistlərlə işləməyi istəmədiyi halda bu proses zəif ola bilər.

 

Xəbər mənbəyi kimi ABŞ, Ukrayna, Belarus, İran, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya, Gürcüstan, Koreya səfirliklərini daha əlçatan hesab edirəm.

 

“Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu Amerika və Avropa İttifaqına daxil olan ölkələrin Azərbaycandakı səfirliklərinin media ilə iş prinsipini yaxşı qiymətləndirir.

O qeyd edib ki, bəzi səfirliklər əlçatan olmasa da, bəzilərini isə əlçatan hesab etmək mümkündür.

 

“Səfirliklər media ilə əlaqələri özləri qururlar. Əksər səfirliklərin rəsmi internet adresləri var ki, orada öz informasiyalarını yayırlar. Bəzi səfirliklər isə “e-mail” vasitəsilə informasiya ötürürlər. Bu baxımdan Amerika səfirliyinin saytı daha fəal və operativdirlər. Məlumatlar daha tez-tez paylaşılır. Xüsusilə onların sosial şəbəkə hesabları olduqca interaktivdir”.

 

“Həftə içi” qəzetinin beynəlxalq siyasət yazarı Vüsal Tağıbəyli hesab edir ki, bu gün mediaya ən açıq səfirlik Meksika səfirliyi və xüsusilə də cənab Labardinidir.

 

Jurnalist onu da qeyd edib ki, İngiltərə, Almaniya, Avropanın bir sıra digər ölkələrinin, xüsusilə Serbiyanın səfirliyi də qapılarını mətbuata açmağa meylli olmalıdırlar. V. Tağıbəyli bəzi səfirliklərdən şikayətlənib:

“Azərbaycanda akkreditə olunmuş səfirliklər və digər beynəlxalq nümayəndəliklərlə iş prosesində 8-10 il əvvəl ilə müqayisədə ciddi sıxıntılar var. O vaxt səfirliklərə bircə dəfə zəng vurmaqla görüş təyin etmək, müsahibə almaq mümkün idisə, bu gün bəzi ölkələrin diplomatik nümayəndəlikləri istisna olmaqla, bu sadəcə xəyaldır. Niyə? Ona görə ki, bəzi səfirliklər ölkələrinin Xarici İşlər Nazirliyi tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən jurnalistlərlərə müsahibə verə bilmir, bəziləri isə sadəcə özləri istəmir.

Sadə bir misal göstərim: İraqda son illər olduqca ağır hərbi-siyasi vəziyyət hökm sürür. Əlbəttə, həm gündəm olduğu, həm də tarixən xalqlarımızın yaxın münasibətləri olduğu üçün istəyirik ki, bu ölkədə olub-keçənləri yazıb Azərbaycan oxucusuna çatdıraq. Amma indiki müvəqqəti işlər vəkili nə edir? Yeni qaydalara görə, müsahibə istəyən kəs rəsmi blankda sualların siyahısını yazılı şəkildə göndərməli, səfirlikdə isə nə zaman vaxt ayrılsa o zaman müsahibə təşkil edilir. Həm də bəzi mövzulara toxunmaq yasaqdır. Şəxsən mənə bir vaxtlar müsahibədən əvvəl bu cür yasaqlar xatırladıldığı üçün müsahibədən imtina edib, geri qayıtdım.

 

Əvəzində iki dəfə - 2015-ci ildə və 2017-ci ildə - İraqa səfər edərək, istədiyim suallara yerindəcə cavab aldım. Demək istəyirəm ki, İraqa gedib reportaj yazmaq iki addımlıqda yerləşən səfirlikdə müsahibə eləməkdən daha asandır. Məndən inciməsinlər. Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə, təxminən iki il əvvəl müsahibə üçün suallar göndərdim, dedilər ki, həmin sualları bu ölkənin Xarici İşlər Nazirliyinə göndəriblər. Bildirdilər ki, razılıq versələr müsahibə alınacaq. Amma hələ də xəbər-ətər yoxdur. Qətərə qarşı bölgə ölkələrinin münasibəti dəyişəndə şəxsən səfirliyə müraciət edib, olub-keçənlər barədə səfirin dili ilə açıqlama almaq istədim. Səfirlə görüşdüm, saat yarım söhbət elədik, amma müsahibə vermədi.

 

Bu günədək hansı media orqanı Rusiyanın keçmiş səfiri Vladimir Daroxinlə müsahibə edib? Heç biri. Əminəm ki Moskva öz səfirinə "müsahibədən kənar ol" deməyib, bu onun şəxsi mövqeyidir. Üstəlik, onun mediaya münasibəti Bakıda fəaliyyət göstərən Dağıstan və Tatarıstan nümayəndəliklərinin başçılarına da mənfi təsirini göstərməkdədir. Onlar da mediadan qaçırlar və ya ümumiyyətlə, Azərbaycanda tapılmırlar.

 

ABŞ səfiri tədbirlərdə açıqlama verir, jurnalistlərdən də uzaq dayanmır. Amma nə vaxt bir jurnalisti müsahibə üçün qəbul edib? Hansı ki, bizim qəzetdə bir vaxtlar Enn Dörsi ilə bir səhifəlik müsahibə yayımladı. Özü də müsahibəni evində verib.

İran səfirindən danışım. Keçmiş səfir Möhsün Pakayin, həmişə demişəm, medianın dostu idi, insan heç vaxt müsahibəyə yox deməzdi. İndi təzəsi gəlib və ilk gündən də qapılarını bağlayıb. Deyə bilərsiniz ki, niyə, müsahibə verir axı. Amma kimə, özünə yaxın bildiyi bir media orqanını tanımaq media ilə işləmək demək deyil. Mən də bilirəm ki, bir neçə müxbiri eyni vaxtda çağırıb az qala mətbuat konfransı kimi müsahibə verirlər. Buna isə mənim aləmimdə müsahibə demirlər.

Türkiyənin Bakıdakı səfirliyi əvvəllər jurnalistlərin üzünə daha açıq olub, istənilən vaxt fərdi müsahibələr verilib. İndi nəinki səfirlə, müşavirlərlə müsahibə etmək xeyli müşkülə çevrilib. 

Zənnimcə, bu gün mediaya ən açıq səfirlik Meksika səfirliyi və xüsusilə də cənab Labardinidir. Ola bilsin ki onun köməkçisi olan Günel xanımın da burda rolu var, hər halda səfirlik media ilə işləməyə həvəslidir. Ümumiyyətlə, Mərkəzi Amerika ölkələrinin Azərbaycandakı səfirlikləri (Meksika, Kosta -Rika, Peru, Kolumbiya) Azərbaycan mediasına qarşı olduqca böyük mədəniyyət nümayiş etdirir.

Braziliya və Argentina səfirlikləri də var Bakıda, heç onların üzünü görən, səfir kimdir, necədir bilən varmı? Sadəcə, jurnalistlərlə işləmək istəmirlər. Kuba da həmçinin. Əvvəlki səfir – cənab Marsello əla idi, heç vaxt yox deməzdi jurnalistlə görüşə. İndiki isə bilinmir ümumiyyətlə, var, yoxsa yoxdur...

Zənnimcə, Hindistan səfirliyi də mətbuata açıqdır. Səfir isə hər birimizlə dostdur. Eyni sözü Pakistan, İordaniya, Fələstin səfirlikləri barəsində də deyə bilərəm. Səudiyyə Ərəbistanı səfirliyi media ilə işə xüsusi önəm verir. Müsahibələr istənildiyi halda təşkil edilir, suallara cavab verilir. Yəni mətbuat nümayəndəsi olaraq bu səfirlik barəsində, tam səmimi deyirəm, razıyam. Misir səfirliyi də əvvəlki səfirlərin vaxtından fərqli olaraq, xanım Suzan Cəmil səfir təyin ediləndən sonra mətbuatla sıx əməkdaşlıq edir. O, fəaliyyətə başladığı ilk vaxtda bir qrup media təmsilçisinin Misirə səfərini də təşkil etdi ki, o heyətdə mən də var idim. Hər bir tədbirdə bizimlə rastlaşdığında görüşür, hal-əhval da tutur. Bu Suzan Cəmilin heç kimin edə bilməyəcəyi ən gözəl iş üslubudur.

Qeyd edim ki, Misir səfirliyinin media ilə əməkdaşlığında səfirliyin ölkəmizdəki Mədəniyyət Mərkəzinin və xüsusilə onun rəhbəri Əhməd Sami Elaydinin də böyük rolu var. Hətta arzulayardım ki, digər səfirliklər də media ilə işlərini Misir səfirliyinin üslubunda qursunlar.

İsrail səfirliyi hər zaman mediaya açıq olub, amma bir neçə il əvvəl sanki bir az soyumuşdular. İndiki səfir isə vəziyyəti düzəldib, müsahibəyə gedənlərə yox deyilmir.

Sonda vurğulayım ki, bəzi hallarda səfirliklə mətbuatın arasını məhz səfirlərin müsahibəni təşkil edəcək əməkdaşları vurur. Onlar ya müsahibə istənilməsi barədə səfirə məruzə etmir, ya da bunu başdansovdu edirlər ki, nəticə də istənilən olmur...”

 

Modern.az saytının əməkdaşı Aqşin Kərimov deyir ki, xarici ölkələrin Azərbaycandakı bir çox səfirlikləri ilə əməkdaşlıq edir. O hesab edir ki, bir çox səfirliklər mətbuata qapalıdır.

 

“Nüfuzlu ölkələrdən birinin Azərbaycanda səfirliyi var. Onlarla əməkdaşlıq etmək istəyimi bildirəndə, mənə “yox” cavabı verdilər. Adını çəkməyəcəyəm. Bir onu deyə bilərəm ki, nəyə görə həmin səfirliyin “qara siyahı”sına düşdüyümü hələ də anlaya bilmirəm. Belə əsaslandırdılar ki, bu ölkənin Xarici İşlər Nazirliyi səfirin mənə müsahibə verməsinə razı olmayıb. İndi həmin səfir artıq sabiqdir, yəni keçmiş səfirdir. Bununla belə digər səfirliklərlə də əlaqələrim var. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Qətər, ABŞ və digər səfirliklərlə əməkdaşlıq edirik. Bu səfirliklərin hər biri aktivdir və səlahiyyətləri çərçivələrində suallarımıza cavab verməyə çalışırlar. Düzdür, səfirlərlə müsahibə almaq istəsək də, bu bəzən çətin başa gəlir. Hətta bəzən alınmır.
Ən aktiv səfirliyə gəlincə, ABŞ,Böyük Britaniya, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin adlarını çəkə bilərəm. Zənnimcə, ABŞ səfirliyi jurnalistlərlə daha interaktiv işləməyə maraqlıdır. Lakin ABŞ səfiri cənab Robert Sekuta ilə müsahibəmiz üçün hələ ki gözləmə mövqeyindəyik. Ümumilikdə bir neçə səfirliyi çıxmaq şərti ilə yerdə qalanlarının media ilə iş prinsipini normal qiymətləndirirəm”.

 

Azvision.az saytının əməkdaşı Eldar Tanrıverdiyev, ölkəmizdə olan səfirliklərlə media nümayəndələri arasındakı işbirliyini normal qiymətləndirir.

 

“Ölkəmizdə olan xarici ölkələrin rəsmi təmsilçilərinin böyük bir hissəsi, onların mətbuat xidmətləri media üçün açıqdır. Onlara sorğu göndərdikdə və ya zəng etdikdə, dərhal sualları cavablandırır və ya ölkələrində olan müvafiq qurumlara yönləndirirlər. Təbii ki, müəyyən səfirliklər var ki, onlarla ilk başda əlaqə saxlamaq, əməkdaşlıq etmək çətin məsələdir. Lakin hər iki tərəf arasında müəyyən münasibət yarandıqda bu çətinliklər aradan qalxır.
Jurnalist olaraq fəaliyyətlərini bəyəndiyim diplomatik nümayəndəliklər siyahısında ABŞ, Böyük Britaniya, İsrail, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Türkiyə, İran İslam Respublikası, Fransa və Cənubi Koreya səfirliklərini qeyd etmək istərdim”.

 

Nəzrin CAVİD

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?