Modern.az

“Astrologiya, ulduz falı saxtakarlıq, cəfəngiyyatdır!” - Azərbaycanda astroloqlara sərt İTTİHAM

“Astrologiya, ulduz falı saxtakarlıq, cəfəngiyyatdır!” - Azərbaycanda astroloqlara sərt İTTİHAM

8 Yanvar 2018, 11:41

Göy cisimlərinin insanlara necə təsir etməsi hər zaman maraq doğurub. Bunlardan biri də ulduzlardır. Ulduzlar haqqında öyrənən sahə astrologiyadır. Astrologiya bəzi insanlar tərəfindən qəbul edilsə də, digərləri tərəfdən kəskin şəkildə rədd edilir.

Qoroskopa, ulduz falına, bürclərə inananlar bu gün də kifayət qədərdir.Əksər hallarda istənilən tanışlıq vaxtı ilk suallardan biri də bu olur: “ Hansı bürcdənsən, ilin nədir?”.  Və insanlar inanırlar ki, bəzi bürcdə doğulanlar digərləri ilə anlaşa bilməz və ya əksinə.

Müxtəlif bürclər altında doğulmuş insanların xasiyyətləri həqiqətən astroloqların dediklərinə uyğun gəlirmi? Bunun hər hansı bir elmi izahı varmı?


Fizik Yalçın İslamzadə Modern.az-a təəssüflə bildirib ki, insanlar belə yalanlara çox tez inanır: 

“Əsas fərziyyə budur ki, guya, anadan olduqları tarixə görə, ulduzlar insanın xarakterinin formalaşmasına və sonrakı taleyinə təsir göstərə bilir. İnsanlar asan inandıqları üçün, heç bir astroloqdan təlimlərinin doğru olduğuna dair əsaslandırılmış izah tələb etməyiblər. Etsələr də, onlara bu izah təqdim oluna bilməyəcək. İnsanın xarakterini müəyyən etmək olduqca çətindir, bir insan həm müxtəlif şəraitlərdə, həm də zaman keçdikcə xarakterini dəyişir. Ancaq ulduz falına inansan, hazırda 7.5 milyard olan dünya əhalisini 12 xarakter qrupuna bölmək olar ki, bu da ifrat bəsitləşdirmə sayılardı”.

Yalçın İslamzadənin sözlərinə görə,təbiətdə bildiyimiz dörd təbiət qüvvəsindən sadəcə qravitasiya uzaq ulduzlardan bizə qədər olan məsafəni aşıb üzərimizdə cüzi təsir yarada bilər:

“Digər iki qüvvə qısa mənzillidir, elektromaqnit qüvvəsi üçün də qravitasiya qüvvəsi üçün irəli sürdüyümüz eyni mülahizə doğrudur. Ən yaxın ulduzla aramızdakı məsafə 4 işıq ilindən bir az çoxdur. İşıq bir saniyədə 300000 km yol alırsa, 4 il ərzində alacağı yol astronomik uzaqlıqdadır. Üstəlik qravitasiya qüvvəsi məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qədər cüzi, sıfıra yaxın bir cazibə qüvvəsinin bizim bütün həyatımız üzərində təsirə sahib olması nə qədər məntiqlidir?”.

Yalçın İslamzadə qeyd edib ki,ulduzların insana təsiri heç bir sübuta əsaslanmır:

“Qaldı ki, bu təsirin bütün planet sakinlərinin hiss etməsinə, heç bir sakin arasında ulduzların təsiriylə fərq yaranması mümkün deyil. Əgər bizim bilmədiyimiz bir təbiət qüvvəsi, ulduzların insanlar üzərində təsir mexanizmi varsa, astroloqlar zəhmət çəkib əsaslandırsınlar. Nobel mükafatına layiq görülərlər”.

 

Gənc bloqqer, sosial şəbəkələrdə elmi mövzuda silsilə yazılarla çıxış edən Taryel Abdullayev deyir ki, astrologiya adlı bir elm sahəsi yoxdur:

“İnsanlar çox vaxt astrologiyanı astronomiya elm sahəsi ilə qarışdırırlar. Hər hansı bir dövlət universitetində astrologiya adlı ixtisas yoxdur. O zaman sual yaranır ki, özünə astroloq deyənlər, bu peşəyə haradan sahib olublar? Bütün elm sahələrinin işləmə mexanizmi var, bəs astrologiyanın işləmə mexanizmi nədir?".
 

Taryel Abdullayevin sözlərinə görə, Forer-Barnum effekti ulduz falı fonomeninin yalanlarını izah edir:

“Bertran Forer ilk dəfə 1940-cı illərdə bu ulduz falı mövzusunu araşdırıb. Bununla yanaşı, Fineas Barnumun araşdırması nəticəsində də bəlli oldu ki, ulduz falçılarının arqumentləri geniş spektrlidir və buna inanmaq istəyən insan onu asanlıqla qəbul edir. Astroloqlar deyir ki, hansı bürcdə doğulursunuzsa, o bürc sizin həyatınızı müəyyənləşdirir. Deyək ki, planetlərin, ulduzların insan üzərində təsiri var. Var bəli. Buna cazibə qüvvəsi deyilir. Yaxşı, deyək ki, cazibə qüvvəsini nəzərə alırıq. Ulduz falında niyə bəlli ulduzlar var? Digərlərinin cazibəsi yoxdur? Başımızın üstündəki Günəş 8 planeti ətrafında saxlayır, o qədər güclü cazibə ilə bizə təsir etmir, amma milyardlarla kilometr uzaqdakı ulduz təsir edir? Ulduz falında Günəş niyə yoxdur? Bəs Mars niyə var? Mars ki, ulduz deyil. Deyək ki, bütün səma cisimlərini nəzərə alırıq. O zaman bəs Ay?”


Taryel Abdullayevin sözlərinə görə, Mars kimi planetin ulduz falında yer alması, bunun qədim cahillik olduğunu göstərir.

“Minlərlə il əvvəlin cahil inancı, hansı ki, planetlərin nə olduğu bilinməyən  vaxtda, adi gözlə Marsı ulduz bilirlərmiş. Astrologiya, ulduz falı saxtakarlıqdan başqa bir şey deyil. Mən bu mövzunu oxuyan bütün oxuculara, xüsusəndə xanım oxuculara bir sual vermək istəyirəm. Aşağıda Astroloqlar tərəfindən təyin edilən bürclərdən biri altında doğulan qadınların xarakterini yazıram:
Bu bürc altında doğulan qadın bir kişidən əvvəl özünə ər, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən şad olar. Problemlərini təkbaşına həll edə biləcək qədər güclü olmasına baxmayaraq, ona yol göstərmənizi də istəyər. Laqeydlik edilməyə dözümü yoxdur. Aqressiyalarına göz yumsanız, sizi daha çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: "Bu axşam evdə qalıb dadlı bir yemək yeyəkmi?””.


Tayel Abdullayev bildirib ki, bu xüsusiyyət bütün xanımlara aiddir: “Sizə sual verirəm: sizcə astroloqlar tərəfindən təyin edilən bu xüsusiyyət hansı bürc altında doğulan qadınlara xasdır? Qız bürcü, oxatan, əqrəb, xərcəng, dolça və ya başqası? Əminəm ki, yazılan bu xüsusiyyətləri 90 faiz bütün bürclərdə olan xanımlar özündə olduğunu düşünəcək. Bəs həqiqət?”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir