Modern.az

Ucqar kəndin gənc müəllimi: “Sinifdə palto-papağı çıxarmırıq, uşaqlar soyuqdan xəstələnirlər” - FOTOLAR

Ucqar kəndin gənc müəllimi: “Sinifdə palto-papağı çıxarmırıq, uşaqlar soyuqdan xəstələnirlər” - FOTOLAR

Təhsil

8 Yanvar 2018, 14:14

“Buranın insanlarına elə öyrəşmişəm ki, heç Bakıya qayıtmaq istəmirəm” 

 

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz Qəbələ rayonu Yeni Dizaxlı kəndi Abdulla Rəhimov adına  orta tam məktəbinin tarix müəlliməsi Nərgiz Baxşəliyevadır.

Nərgiz xanım əvvəlcə özü ə ucqar kəndə gəlişinin tarixçəsi barədə danışır:

-Mən Baxşəliyeva Nərgiz 1989-cu ildə Ağdam rayonunda anadan olmuşam. Ailəmiz məcburi köçkün olaraq Bakıya köçüb və orta məktəbi paytaxtda oxuyub-bitirmişəm. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olunub, 2012-ci ildə oranı bitirmişəm. Amma o zaman  başqa yolu seçdim-müəllimliyə imtahan vermədim, özəl şirkətdə çalışmağa başladım.
2017-ci ilə qədər də həmin işlə məşğul oldum. Amma beş ildə ixtisasıma vurğunluq məni heç zaman tərk etmədi. O səbəbdən də, 2017-də müəllimlərin işə qəbul imtahanında iştirak etdim və  47 bal topladım. Yer seçimi edərkən yalnız bir yeri yazdım-Qəbələ rayonu Yeni Dizaxlı kəndi, yəni, hazırkı iş yerimi.
Yer seçimi ilə bağlı zəng edib ətrafdakı insanlarla da maraqlandım. Seçim edə biləcəyim yerlər arasında Şəki, Şamaxı, Şəmkir də var idi. Amma məsləhətləşdiyim adamlar da Qəbələni tövsiyə etdilər. Mən də elə ancaq bir  yeri yazdım və  şükür ki, elə bura da qəbul olundum.

Beləliklə də Nərgiz xanım çox sevdiyi ixtisası tədris etmək üçün Qəbələyə gedib. Amma hər bir ucqar kənd müəlliminin həll etməyə çalışdığı əsas məsələ də var - yaşayış yeri. Müsahibimizin söhbətindən qaldığı evdən və oranın şəraitindən razı olduğu görünür:

-İlk dəfə bura gələrkən, məni çalışacağım məktəbin direktoru Mirzəmməd müəllim qarşıladı. Onun köməkliyi ilə də bir evdə yerləşdim. Yerləşdiyim evdə orta yaşlı ər-arvad tək yaşayırdı. Mən də onlarla birlikdə yaşamağa başladım. Burada ayrıca otağım var. Qaz, işıq, su, istiliklə bağlı problem yoxdur; qaldığım evin şərait və şərtləri məni tam qane edir. Yalnız aylıq pul ödəyirəm və onun içində həm ev kirayəsi, həm bazarlıq, həm yemək, həm kommunal xərclər-bir sözlə hər şey var.



-Dediyiniz bu xərclərə, bir də yola çox pulunuz çıxmır ki? Hər hada ucqar kənd müəlliminin maaşını nəzərə alaraq, bu sualı sizə ünvanlamalıyıq…

-Ucqar kənddə çalışdığım üçün əlavə həvəsləndirmə məbləği alıram -160 manat. Elə o da ev və yolpuluna gedir. Yəni, oradan şəhərə - Bakıya, ailəmin yanına gələrkən xərclədiyim yolpuluna. Kənddə isə qaldığım ev məktəbə çox yaxındır. Təxminən 10 dəqiqəlik piyada yoldur.


Artıq beşinci aydır ki, gənc müəllimə burada çalışır. Amma kəndə, oranın insanlarına, təbiətinə, müəllim kollektivinə çox öyrəşib. Hətta o qədər öyrəşib ki, heç Bakıya da qayıtmaq istəmir. Qayıdanda da darıxır və bura tələsir:

 

-Çalışdığım məktəbin kollektivi, qaldığım kəndin əhalisi çox mehriban və gülərüz insanlardılar. Demək olar ki, hər şeydə adama dayaq olurlar. Bura gələndən, kəndə və bu insanlara artıq o qədər öyrəşmişəm ki, heç Bakıya qayıtmaq istəmirəm. Qayıdanda da şəhərə uzağı 2-3 gün dözə bilirəm. Sonra yenidən səbirsizliklə bura tələsirəm. Çünki kəndə çox öyrəşmişəm. Kənd həqiqətən, gözəl mənzərəyə sahib, möhtəşəm təbiət lövhələrinə sahib  olan yerdir. Özü sanki dağların arasında  yerləşən yaşıllıq vadisdir, böyükləri mehriban, uşaqları isə tərbiyəli… Buranı  necə bəyənməyəsən?!


Kənd sakinləri, şagirdlərlə münasibəti əla olan Nərgiz xanım onlarla ilk dərs günündən dostlaşmağa başlayıb. Dediyinə görə də, şagirdlərinə şagird yox, dost kimi baxır:

-Sənəd işləri ilə bağlı ilk dərsə sentyabrın 15-də yox, dörd gün sonra - ayın 19-da gələ bildim. İlk dərsim 11-ci siniflərə oldu. Məni görən kimi dedilər ki, “siz təzə müəlliməsiniz, biz sizinlə necə işləyəcəyik?”. Dedim ki, “siz də mənə kömək etməklə… Biz dost olacağıq, əl-ələ verib birlikdə işləyəcəik”.
Elə də oldu. İlk gündən çalışıram ki, uşaqlarla dost olum. Həqiqətən də buradakı şagirdlərlə dostluq etməyə dəyər. Hamısı çox mehriban və gülərüz uşaqlardı. Tərbiyələri də öz yerində. Bu səbəbdən, onlarla indiyə qədər heç bir problemim olmayıb. Artıq beşinci aydır ki, buradayam, amma nə məktəbdə şagirdlərlə, nə də kənddə sakinlərlə hansısa problem yaşamışam.



-Nərgiz xanım, indi keçək, belə gözəl şagirdlərin oxuduğu məktəbə: məktəbin binası, tədris üçün lazımi şəraiti şəhərdən gələn bir müəllimə olaraq, size qane edir?


-Çalışdığım məktəb binası çox köhnədir. Sonuncu dəfə 1965-ci ildə təmir olunub. Məktəbdə hər sinifin öz otağı yoxdu, burada kabinet sistemidir. Bu isə məni heç qane etmir. Hansısa sinifin qərarlaşdığı konkret bir otaq yoxdur, amma  hər dərs üçün fənn kabineti var.  Elə tarix fənnini də tədris etmək  üçün dərs kabineti var ki,  orada xəritələr olsa da, onlar  məni qane etmir. Projektor, kompüter isə  heç yoxdur. Bizə müxtəlif fənlər üçün tədris diskləri verilib. Amma onları qoşub istifadə etmək üçün texniki imkanımız yoxdu. Kabinet sistemində uşaqlar bütün günü bellərində çanta dəhlizlərdə qalırlar. Azərbaycan dili dərsindən çıxıb tarixə, tarixdən çıxıb informatikaya, oradan da ingilis dilinə girilər və s. Beləcə, şagirdlər bütün günü dəhlizlərdədir, bellərində də ağır çanta… Bu, məni çox narahat edir. İstərdim ki, hər sinifin öz dərs otağı olsun. Mən də bilim ki, məsələn, 5a bu sinifdə, 5b isə o biri sinifdədir. Sinifə gedib dərsimi keçim.


Hələ tələsməyək. Məktəbdəki tək problem kabinet sistemi deyil.  Başqa çətinliklər də var ki, onları müəllimənin özündən eşidək:

 

-Məktəb binasının şəraitinə gəlincə, dediyim kimi, bura köhnə məktəbdi. Yağış yağanda tavandan damcılayan su uşaqların partalarının üstünə tökülür. Döşəmədəki taxtalar qırıq-qırıqdı. Bəzən, az qalır ki, gəzəndə “podval” a düşəsən. Yəni, tam təmirsiz məktəb binasıdı.

Şagirdlər üçün ayaqyolu şəraiti çox bərbaddır. Ayaqyolu kərpicdən tikilən köhnə tikilidir. Amma elə vəziyyətdədir ki, elə bilirsən bu saat uçub-töküləcək. Qorxuram ki, orada uşaq olanda birdən ayaqyolu uçub-tökülə və şagird də dağıntının altında  qalar. Yəni, bu dərəcədə yararsızdı.


İstilik sistemi isə sıfır səviyyəsindədir. Otaqları odunla qızdırırıq. Amma odun da kifayət eləmir. Çünki hər sinifə dənə ilə, sayla odun verilir.  Özü də necə, bir gün ərzində hər sinifə 2-3 odun dənəsi…
Gündəlik 6-7 saat dərs keçildiyi bir məktəbdə həmin odunlar ancaq birinci-ikinci dərs saatına çatır. Yerdə qalan saatlarda isə siniflər buz kimi olur. Əlavə odun istədikdə isə verilmir. Deyilir ki, “biz bu odunla qışı çıxarmalıyıq. Çünki bizə əlavə odun verilməyəcək”. Məktəbə cəmi bir “KaMAZ” odun verilir və o bizi görmür.


Bayaq dediyim kimi, kəndin özünə  qaz çəkilib. Mən qaldığım evdə də, başqa evlərdə də qaz var, istilik məsələsi normaldır. Amma kəndin içinə çəkilsə də, məktəbdə qaz xətti yoxdur. Mənə hələ də maraqlı gəlir ki, qaz xəttini kəndə çəkəndə bunu bir məktəbə tərəf də yönəldəydilər də…
Məktəbdə qazın olması evlərdən daha vacibdi. Uşaqlar buz kimi otaqlarda soyuqdan üşüyür, elə biz müəllimlər də… Bu səbəbdən, şagirdlər tez-tez soyuqlayır və dərsə davamiyyətləri aşağı düşür.

 

-Maraqlıdır, belə bir soyuq şəraitdə şagirdlərdən, müəllimlərdən məktəbli forması ilə dərsə gəlmək tələb olunurmu? Ümumiyyətlə, buz kimi otaqlarda şagirdlər necə otururlar?

-Qış aylarında şagirdlərdə  məktəbli forması olmur. Uşaqlar, elə biz də dərsdə  papaq,  əlcək, gödəkcə, palto geyinmiş vəziyyətdə  otururuq. Çünki başqa cür mümkün deyil. Qış vaxtı sinif otağında bizim “məktəbli formamızı” palto tamamlayır.  Havalar isinəndən sonra isə, bəli, hamı məktəbli formasına keçir. Elə müəllimələr də qara ətək, ağ koftaya – vahid  formada dərsə gəlir.



Anladıq ki, istilik problemimin həlll olunması Nərgiz müəllimənin məktəblə bağlı əsas istəyidir. Burada özündən də çox, tez-tez xəstələnən azyaşlı şagirdləri düşünür. Amma məktəblə baş tutmasını istədiyi başqa arzusu da var:

-Çox istərdim ki, məktəbin kitabxanasına əlavə kitablar verilsin. Doğrudur, kitabxanada müəyyən qədər kitablarımız var. Amma tarixə aid ədəbiyyatlar da verilsə, əla olar. Tək kitablar yox, dərslərlə bağlı test kitabçalarına da buradakı şagirdlərin çox ehtiyacı var. Çoxunun imkanı yoxdur ki, həmin test kitabçalarını alsın. Əgər kitabxanamıza test vəsaitləri göndərilsə, şagirdlər də oradan götürüb istifadədən sonra qaytara bilərlər. Şagirdlərin biri həmin kitabçaları ala bilir, digəri isə  yox.


Bütün bunlara baxmayaraq, müsahibimiz məktəbdə tədris etdiyi tarix fənnini uşaqlara sevdirə bilib. Yeni metodlara əl atır, çalışır ki, şagirdlər həvəslənsinlər. Bu, müəllimədə artıq alınıb. İndidən xeyli uşaq onun kimi tarix müəlliməsi olmaq istəyir:

-Köhnə məktəb olduğu  üçün kurrikulumun tələbləri ilə tam dərs keçə bilmirəm. Çünki kurrikulum tələb edir ki, dərsi proyektor vasitəsilə aparasan. Bunu da məlum səbəbdən edə  bilmirəm. Qruplarla iş var ki, imkan olduqca onları həyata keçirməyə çalışıram.  Məsələn,  qruplar şəklində keçdiyimiz dərsin mövzusua uyğun müsabiqə edir, aralarında rəqabət yaratmaq üçün suallar verirəm. Bir qrup ona ünvanlanan suala cavab verəndə bir, başqa qrupun sualını cavablayanda isə iki bal qazanır. Sonda ballar toplanır və qalib qrup müəyyən olunur. Belə-belə onları bu kimi müxtəlif vasitələrlə dərsə həvəsləndirirəm. Şəraitimiz nəyə imkan verirsə, əlimdən nə gəlirsə, tətbiq etməyə çalışıram. 
Mən yeddinci-səkkizinci siniflərə  dərsə gedəndə öz proqramımdan əlavə, çalışıram ki, onlara aşağı siniflərdən də nəsə öyrədim. Məncə, onlarda müəyyən maraq yarada bilmişəm. Məni çox istədiklərini bilirəm. Özləri də dəfələrlə bunu deyirlər. Neçə şagird olub ki,  deyiblər “müəllimə, böyüyəndə biz də sizin kimi tarix müəllimi olmaq istəyirik”.

Aşağı siniflərdə oxuyanlar “biz də istəyirik ki, əlavə məşğələyə gələk, bizi hazırlayın” deyirlər. Amma hələ ki buna ehtiyac yoxdu. Deyirəm ki, “siz də 10-11-ci siniflərdə oxuyanda hazırlayaram”. 6-7-də oxumalarına baxmayaraq, onlarda da tarixə maraq yaranıb və bu istiqamətdə oxumaq istəyirlər.

Çalışıram ki, beşincidən götürdüyüm sinifləri burada qalsam, 10-11-ci siniflərə qədər tam hazırlıqlı aparam. Belə olsa,  inanıram ki, onların heç əlavə hazırlığa ehtiyacı olmaz. Əlavə müəllimə də gərək görməzlər. Həmişə onlara deyirəm, mən dərsi danışanda diqqətlə qulaq asın ki, elə burada da mənimsəyəsiniz. Evə gedib oxumağınıza ehtiyac qalmasın. Dərsi danışandan sonra sual-cavab edib görürəm ki, həqiqətəm də elə sinifdəcə dərsin 70-80 faizini başa düşüblər.

 

-Nərgiz xanım, ucqar kəndlərlə çalışan həmkarlarınızla ünsiyyətdə olarkən, onların ən çox üzləşdiyi problemlərdən biri də yolla bağlı olur. Bəzilərinin həm özləri, həm şagirdləri uzaq yol səbəbindən dərsə gecikir, müəyyən problemlərlə üzləşirlər. Çalışdığınız kənddə bu problem də var?

 

-Yol probemi burada da  var. Doğrudur, mən əvvəldə də dediyim kimi, mktəbə cəmi on dəqiqəlik məsafəsi olan bir evdə yaşayıram. Özüm yolla bağlı problem yaşamasam da,  şagirdlərdə bunu hiss edirəm. Məsələn, dərs saat 9-da başlayırsa, saat 10-a 10-15 dəqiqə işləmiş uşaq sinifə girir. Yəni, bu qədər gecikib. Soruşanda deyir ki, “müəllimə, mən kəndin aşağısından gəlirəm”. Məktəb olan yerə də  davamlı maşın gəlmədiyi üçün şagird məcburdu ki, o yolu piyada gəlsin. Təsəvvür edin, bəzən, uşaq bu məsafəni yağışlı havada da qət edir. Artıq sinifə girəndə bütün üstü-başı su içində olur. Amma məcburdular, dərsə gəlmək üçün uzaq məsafəni piyada qət edən şagirdlərimiz çoxdu.


-Bəs ümumilikdə dərsə davamiyyəti zəiflədən hər hansı səbəblər varmı?

 

-Davamiyyəti də zəiflədən bir neçə səbəb var. Biri az öncə dediyim kimi, istilik sisteminin olmamasıdır. Çünki soyuq sinif otağında uşaq xəstələnir və bir neçə gün məcburən dərsə gələ bilmir. İkinci səbəb isə mal-qara, heyvandarlıq təsərrüfatının saxlanmasıdır. Bəli, bu da uşaqların davamiyyətinə təsir edir. Elə olur ki, uşaqlar ailələri ilə birlikdə mal-qaranı yaylağa sürürlər. Orada hətta bir-iki ay, ən yaxşı halda, bir həftə, üç gün  qalan uşaqlar da olur. Özü də sadəcə oğlanlar yox, elə qızlardan da dərs vaxtı yaylağa çıxanları var. Baxır ailələrə, çünki ailə mal-qaranı yaylağa çıxarırsa, o özü ilə uşaqlarını tək qoymamaq üçün onları da aparır. Qız uşaqlarını tək qoyub gedə bilməzlər. Baxın, yaylağa getmək davamiyyəti aşağı salır. On birinci sinifdə oxuyan elə şagirdlər var ki, səhərdən düz axşama kimi mal-heyvanla məşğul olurlar. Düzdü,onlar sonradan dərsə gəlsələr də, dərs oxuyub cavab vermək şansları yoxdu. Səbəb kimi deyirlər ki, bütün günü çöldə, tarladadırlar. Biri deyir qoyun otarır, o biri deyir... Nə isə...  Sadəcə, çox qaib yığılmasın deyə, məcburən dərsə gəlirlər.

 


-Nərgiz müəllimə, qısa və konkret sual-maaşınız nə qədərdir və sizi nə dərəcədə qane edir?

 

-Həftədə 14 saat dərsim var. 198 manat maaş alıram. 160 manat da əlavə, həvələndirmə verilir. O da evpuluna gedir.Əlimdə qalan maaşım isə həmin 198 manatdı. Maaş məni qane edirmi?- təbii ki yox.

Əlavə uşaq hazırlayıram. Amma pulsuz! Çünki kənd uşaqlarıdı. İmkanları aşağıdır, lakin müəllimə də ehtiyacları var. Ona görə də çalışıram ki, onlara bu cür kömək edim. Uşaqları pulsuz hazırlayıram.


-Böyük iş görürsünüz, sizə uğurlar! Bəs, yaxın gələcəklə bağlı planlarınız nədir?

-Gələcəkdə də təbii ki, müəllim işləmək istəyirəm. Özü də, elə burada. Qismət olsa, Təhsil Nazirliyi, Qəbələ Rayon İcra Hakmiyyəti mənə kömək etsə, çox istərdim ki, buradan torpaq sahəsi götürüm. Özüm üçün bir-iki otaqlı ev tikdirib, elə burada da qalıb-işləyim. Buradan şəhərə heç qayıtmaq istəmirəm. Qismət olsa, pul yığa bilsəm, müəyyən köməklik olunsa, burada yerləşmək istəyirəm.

 


Sonluq... Yaxud, məsum gülüşlərdəki Şaxta baba

-Bir neçə gün bundan öncə, Yeni il ərəfəsində uşaqlar üçün  könüllü olaraq bir kampaniyaya qoşuldum. Uşaqlar Şaxta babaya şeir deyirdilər, sonra qarşılığında ondan hədiyyə istəyirdilər. Mən də o kampaniyaya qoşuldum. Uşaqların videolarını çəkib baba.az saytına yolladım. Hazırda o saytda da paylaşılıb. Çəkib yolladım və dekabrın 29-da könüllülərin təşkilatçılığı ilə bir Şaxta baba, bir jurnalist və bir fotoqraf bura gəldi. Könüllülər uşaqlara top, velosiped, ayı kimi oyuncaqlar, qızlara Qar qız, oğlanlara Şaxta baba paltarları payladılar. Təsəvvür edə bilməssiniz ki, uşaqlar necə sevinmişdilər. Gəlib,  məni qucaqladılar. Elə valideynlər də uşaq kimi sevinirdilər. Təşəkkür edirdilər, məktəblərindən ilk dəfə idi ki, belə şey görürdülər. Burada mənim də müəyyən yardımım olduğu üçün bir ağızdan “çox sağ ol” deyirdi hamısı... Ən çox xoşuma gələn o oldu ki, uşaqlar Şaxta babanın həqiqi Şaxta baba olduğuna inanırdılar. Kənd yerlərində uşaqlar daha saf olur. Onlar həqiqətən də Şaxta babanın varlığına inandılar. Mənə də  təşəkkür edirdilər ki, “müəllimə, sağ olun ki, bura həqiqi Şaxta babanı gətirdiniz”.

Baxın, mən bu məsumluğa, saflığa, gözəlliyə görə elə birdəfəlik burada qalmaq istəyirəm...

E.Nihad

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi