Modern.az

Fövqəladə Hallar Nazirliyi üçün xaricdə ilk mütəxəssislər yetişdirilib

Fövqəladə Hallar Nazirliyi üçün xaricdə ilk mütəxəssislər yetişdirilib

8 İyul 2011, 10:17


Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutunun kursant və müdavimlərinin təntənəli buraxılış mərasimi keçirilib. İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə diplom və döş nişanları təqdim olunmuş 279 məzun arasında Azərbaycan Respublikasından 39 nəfər olub. Bu, həm də Mühəndis-Komanda İnstitutunda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün yetişdirilmiş mütəxəssislərin ilk buraxılışıdır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə mərasimdə çıxış edərək məzunları təbrik edib,  Azərbaycanın 39 vətəndaşının ilk dəfə olaraq bu tədris müəssisəsini bitirdiyini vurğulayıb. F.Tağızadə, həmçinin, azərbaycanlı məzunlara leytenant rütbələrinin verilməsi haqqında əmri oxuyub.

Gənc məzunlar, öz növbəsində, burada yiyələndikləri bilik və vərdişləri yüksək qiymətləndirmiş, əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Məzunlar institutun bayrağı ilə təntənəli şəkildə vidalaşıb və ənənəyə görə, birinci kurs tələbələrinə üzərində arzu və diləkləri yazılmış rəmzi dəbilqə təqdim ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu