Modern.az

Layihələri AXC-ni dünyanın ən güclülərindən  birinə çevirəcəkdi -  Cümhuriyyətin ən kasıb naziri

Layihələri AXC-ni dünyanın ən güclülərindən  birinə çevirəcəkdi -  Cümhuriyyətin ən kasıb naziri

9 Yanvar 2018, 00:32

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

Bu dəfə Cümhuriyyətin ən uzunömürlü, belə deyək, Cümhuriyyət yaranandan devrildiyi günə qədər nazir postunda qalan yeganə dövlət xadimi Xudadat bəy Məlikaslanovdan danışacağıq:

 

İxtiraçı nazir 

 

Xudadat bəy Ağa bəy oğlu 1879-cu  ildə Şuşada  anadan olub. Elə ilk təhsilini də oradakı  real məktəbində (Şuşa Real Gimnaziyasında) alıb.

 

Xudadat bəy dövlət xadimi olmaqla yanaşı, həm də ixtiraçı-mühəndis və inşaat sahəsində ilk elm xadimlərindən biri olub. O, 1912-1917-ci illərdə Peterburq  elmi jurnallarında dəmir yollarının sonrakı perspektiv texniki inkişafı yolları haqqında bir sıra məqalələrlə çıxış edib.

 

1918-ci ildə Zaqafqaziya dəmir yolu tarixindən kitab nəşr etdirir.

Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri olur. İkinci, üçüncü, dördüncü kabinetlərdə dəmir yolu naziri, beşinci kabinetdə dəmir yolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur. Eyni zamanda  Azərbaycan parlamentinin üzvü seçilib.

 

1919-cu ildə bilavasitə Məlik-Aslanovun iştirakı ilə dəmir yolunu kadrlarla təmin etmək üçün Bakıda dəmir yolu texnikumu açılır.

Sovet hakimiyyətinin ilk günlərində Məlik-Aslanov əvvəlcə tikinti komitəsində şöbə müdiri, sonra komitənin sədri olur. 1923-1933-cü illərdə Xalq Təsərrüfatı Şurasında, Dövlət Plan komissiyasında, işləmiş Politexnik İnstitutunda dekan olub. SSRİ-nin və Azərbaycanın müxtəlif elmi texniki cəmiyyətləri və komissiyalarının üzvü olur. İki monoqrafiya bir sıra elmi məqalələr nəşr etdirir.

Azərbaycanda dəmir yollarının inkişafında əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq, 1934-cü ildə əsassız ittihamlarla ikinci dəfə həbs olunur və 1935-ci ildə düşərgədə həlak olur. 

 

Bir həsir, bir Məmmədnəsir

 

Təqdim edəcəyimiz yazıda da əsasən, Məlikaslanovun həbsi və o ərəfədəki həyatı barəsində məlumat verəcəyik. Çünki ən stajlı nazir olmasına baxmayaraq, Məlikaslanovun necə ədalətli və sadə insan olması ən çox elə onun həbsi zamanı üzə çıxır. Çünki onu həbs edərkən, evində araşdırma aparırlar və görürlər ki…

Araşdırmaçı Lətif Şüküroğlunun arxivdən əldə etdiyi sənədə istinad edərək, araşdırma zamanı evindən nə tapıldığından xəbər tutaq:

Xudadat bəyin həbsi ilə bağlı arxivdəki 109 saylı anketdə qeyd olunub: “Xudadat bəy Ağa oğlu Məlikaslanov. Anadan olduğu yer Gəncə quberniyasının Şuşa qəzası, 1879-cu il təvəllüdlü, milliyyəti azərbaycanlı, türk, 42 yaş, Peterburqda yol mühəndisliyi institutunu bitirib, qohumları - anası Minə, Bakıda yaşayır, arvadı Mariya, Bakıda yaşayır, musiqi ilə məşğul olur, heç bir partiyanın üzvü olmayıb, iş yeri Zaqafqaziya dəmiryolu, sahə rəisi. Məlikaslanov 01.03.1917-ci ildən dəmiryolu sahəsində komissar vəzifəsində və sonra nazir işləyib, heç bir əmlakı olmayıb, məsuliyyətə cəlb edilməyib, hərbi xidmətə çağrılmayıb, 30 oktyabr 1920-ci ildə, xüsusi şöbənin orderi ilə İrəvan küçəsi ev 5-də həbs edilib. 11-ci ordunun komendantı Uvarov”.

 

 

Yəqin ki, anketdəki bir cümlə sizi də çox cəlb etdi - “Heç bir əmlakı olmayıb”.

 

Qeyd edək ki, o, ömrünün 4 ilə yaxın bir dövrünü yüksək vəzifələrdə keçirib və bütün bunlara rəğmən, hətta düşmənlər də belə onun heç bir əmlakı olmadığını yazmağa məcbur qalıblar.  

 

İstintaq-arxiv işində saxlanılan başqa bir sənədə  də nəzər yetirək:

“Həbs olunduğu 30 oktyabr 1920-ci ildə Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtarış aparılır və heç nə tapılmır. Axtarışda İ.İsayevlə bərabər, Klenjevskaya Klavdiya və İvan İqnatyev iştirak ediblər. Xudadat bəy Ağa oğlu Məlikaslanovun 11-ci ordu yanında İnqilabi Hərbi Şuranın xüsusi şöbəsinin açdığı PS 20219 saylı istintaq işinin üstündə belə bir qeyd var: “Y.Mudrak, xüsusi şöbə, order №308”.

(mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

 

Bir danosun dedikləri

 

Biz Məlikaslanov haqqında, onun fəaliyyəti barəsində çox şeylər yaza bilərdik. Amma Xudadat bəyi ən yaxşı təqdim edəcək sənəd isə Cümhuriyyətin bir başqa naziri M.Hacınskinin həbsdə olan zaman onun əleyhinə verdiyi ifadədir. O ifadə Məlikaslanovun əleyhinə deyilsə də, biz orada Cümhuriyyət fədaisinin necə mükəmməl bir şəxsiyyət olduğunu görürük.

 

Məmmədhəsən Hacınski 29 dekabr 1930-cu ildə verdiyi ifadədə aşağıdakıları bildirirdi:

“Məlikaslanovu Müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və 28 apreldə bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, Zaqafqaziya dəmiryolunun idarə heyətinin üzvü, ASSR-in əksər müəssisələrində məsləhətçi idi, ASSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi...

 

 

1926-cı ildə ASSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan komitəsinə sədr təyin etdi, ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qəranın dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim. Onu dəmir yol və şosse yollarının tikintisi, elektrikləşdirmə və su təsərrüfatı maraqlandırırdı. O çox inadcıl və səbatlı adam idi, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi. Bir sıra faktları mən əvvəl göstərmişəm. 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o, dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti də xatırlayıram. Mən qatı rus millətçisi kimi tanıdığım professor Vasilyevə və onun əməkdaşlarına çox şübhəli yanaşırdım. Onun Muğanın və Milin suvarılması ilə bağlı işləri məndə ora rusların köçürülməsi ilə bağlı ciddi narahatlıq yaradırdı. Mən bu barədə Məlikaslanova dedim. Məlikaslanov Vasileyevə çox yaxşı münasibət göstərirdi. O dedi ki, layihə heç kimə mane olmur və gələcəkdə bu hazır bir sistemdir. Şabanov da bu cür fikirləşirdi. Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir neçə dəfə mənimlə söhbətində bizim siyasi dostlarımız olduqlan üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələr qurulması zərurətindən danışmışdı. Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa-Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi Müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə bir müddət o ancaq bu işlə məşğul idi. Sonrakı dövrdə də, sonadək bu işin əsl ilhamçısı və vətənpərvəri idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin, Naxçıvanı Azərbaycanla yaxınlaşdırıb, birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim”.

 

E.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi