Modern.az

“Qarabağ” qalstukunun istehsalçısı: “Müştərilərimiz arasında Bakıdakı xarici səfirlər də var” - MÜSAHİBƏ

“Qarabağ” qalstukunun istehsalçısı: “Müştərilərimiz arasında Bakıdakı xarici səfirlər də var” - MÜSAHİBƏ

9 Yanvar 2018, 09:11

“Qarabağ”,  “Xarı bülbül”, “İrəvan xanlığı” və bu kimi digər adlı qalstuklar... Son zamanlar belə qalstukların istehsalı alıcıların marağına səbəb olub. Bu qalstukları həmçinin ölkənin təbliği baxımından gözəl addım hesab etmək olar.

Maraqlıdır, qalstuklarla bağlı bu ideya necə yaranıb? Yaxud kim təşəbbüs edib?

Qeyd etdiyimiz qalstuklar Andrew's Ties brendinə məxsusdur. Modern.az saytı Andrew's Ties brendinin Azərbaycan təmsilçiliyinin rəhbəri Yavər Məmmədovla həmsöhbət olub.

-Yavər müəllim, öncə şirkət haqqında məlumat vermənizi istərdik...

-La Cravatta Baku şirkəti Zadi International şirkətinin Andrew's Ties brendinin Bakıdakı rəsmi distribyütorudur. Bu şirkət 1991-ci ildən İtaliyada fəaliyyət göstərir və onun birbaşa profili qalstuk istehsal etməkdir. Lakin şirkət qalstukdan başqa yaylıqlar, kişi, qadın geyim aksesuarları da istehsal edir. Mən bu brendlə 2001-ci ildən tanışam və arzulayırdım ki, Bakıda da belə  qalstuk mağazası olsun. Buna görə də 2013-cü ildə İtaliyanın Azərbaycandakı səfirinin də iştirakı ilə Bakıda qalstuk mağazasını açdıq.Mağazamız həmin ilin oktyabrın 10-dan  xalqımıza xidmət göstərir.

-Maraqlıdır, “Qarabağ”, “Xarı Bülbül”, “İrəvan xanlığı” və bu kimi qalstukların istehsalı ideyası necə yarandı?

-İtalyanlarla birgə əməkldaşlıq edərkən onlar mənə xalqımızın mədəniyyətini və tarixini təbliğ etmək üçün xüsusiləşdirilmiş dizaynda qalstuk və yaylıqlar istehsal edə biləcəklərini bildirdilər. Bununla bağlı mən Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim, onlarla məsləhətləşdim və təklif irəli sürdüm. İlk dəfə 2014-cü ildə Qarabağın XIX əsrə məxsus xalçasını və kilimini qalstuk üzərinə köçürdük. Bu ideyamız yüksək nəticə verdi və qərara gəldi ki, həmin işi davam etdirək. Daha sonra əldə etdiyim gəlir hesabına “Qarabağ”, “Xarı Bülbül”,  “Qobustan”, “Azərbaycan narı” kimi qalstuklar istehsal etməyə başladıq. Dizayn və ideya mənə məxsusdur. 2017-ci ilin sonunda ictimaiyyətə təqdim etdiyimiz qalstuk İrəvan xanlığına aiddir. Bütün qalstukların hamısı cənab prezidentin xarici siyasətində əsas yeri tutan məsələləri əhatə edir.

-Ümumiyyətlə, bu qalstukların özəlliyi nədir?

-Hazırda bu qalstuklar informasiya güzgüsü kimi çox yaxşı təbliğat prosesinə çevrilib. Məndə olan məlumata görə, dünya təcrübəsində brend şəbəkəsi daxilində qalstuk üzərinə ölkənin tarixini, mədəniyyətini köçürən ilk biz olmuşuq. Bizim hətta “Qarabağ” qalstukumuzun üzərinə işğal olunmuş bütün rayonlarımızın adları yazılıb, Azərbaycanın musiqi beşiyi olduğunu sübut edən tar, kaman, qaval alətləri, Qarabağ atları, xarı bülbül əks olunub. Bütün bunların hamısını bir qalstuk üzərində cəmləşdirmək və onu cəmiyyət üçün istifadəyə yararlı etmək cəsarət tələb edirdi. Bunu italiyanlarla birlikdə bacara bildik. Qeyd edim ki, bütün istehsal İtaliyada gedir. Qalstuklar yüksək keyfiyyətli ipəkdən hazırlanıb. Sonuncu məhsulumuz qədim torpağımız İrəvan xanlığına həsr olunub. Qalstukun üzərində İrəvan xalığına məxsus xalça naxışları var. Onun aşağı sol küncündə isə Orxan-Yenisey əlifbasında“Türk” sözü yazılıb. Bu o deməkdir ki, İrəvan xanlığının ərazisi heç zaman erməni torpağı olmayıb. Bu qalstuk üzərində böyük bir komanda-tarixçi alimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov, filoloqlarımız işləyib. Qalstukların hər birinin qutusunda həmin mövzuya aid, məsələn, “Qarabağ” qalstukunda Qarabağa aid,Azərbaycan və ingilis dillərində geniş məlumat əks olunan kitabçalar yerləşdirilib. Bu qalstuku əldə edən hər bir şəxs həm gözəl geyim vasitəsinə sahib olur, həm də mədəniyyətimiz və tariximiz haqqında geniş məlumat əldə etmiş olur.


-Qeyd etdiniz ki, şirkət yalnız qalstuk istehsal etmir.

-Bəli. Bizim xanımlar üçün nəzərdə tutduğumuz bir neçə yaylığımız da var. Birinci yaylığımız “Xarı Bülbül” adlanır. Yaylığın üzərində yeddi xarı bülbül  gülü əks olunub. Digəri Xurşudbanu Natəvanın şərəfinə hazırlanmış “Banu” kolleksiyası adlanan bir yaylıqdır. Onun da üzərində Qarabağda XIX əsrdə baş verən bütün hadisələr əks olunub. Eyni zamanda,yaylığın üzərində cənab prezidentin Qarabağa, Şuşaya böyük qayıdışı ilə bağlı çağırışını əks etdirən səhnə də var. “Azərbaycan narı” adlı yaylığımızda narın bütün inkişaf mərhələsi əks olunub və bu qalstuklar sübut edir ki, nar Azərbaycana məxsusdur, onun 500 növündən 300-ü məhz Azərbaycan yetişdirilir.
Həmçinin, “Qobustan” adlı yaylığımız da var. Bu yaylıq çox böyük sənətkarımız, rəssam-keramika ustası Mirteymur Məmmədovun “Qobustan” əsəri üzərində qurulub. Yaylıq bizim Qobustan qayaüstü təsvirlərin, eyni zamanda maddi-mənəvi abidələrimizin, Azərbaycan rəssamının dünyada tanıdılması üçün mühüm bir vasitə kimi istifadə olunur. Bütün bunlar Azərbaycan mədəniyyətini, tarixini təbliğ etmək baxımından ölkəyə gələn turistlərə hədiyyə etmək üçün çox gözəl vasitədir. Çox istəyərdim ki, Azərbaycandan xaricə gedən hər bir azərbaycanlı bu qalstuklardan, yaylıqlardan aparsınlar. Bu, eyni zamanda bizim növbəti layihələrimizin maliyyələşdirilməsinə kömək edəcək. İkincisi isə ölkəmizin tanınmasına xidmət edəcək. Hesab edirik ki, hər bir azərbaycanlı iş adamı nə iş görməsindən asılı olmayaraq, ilk növbədə öz dövlətinin tanınması, inkişafı, tarixinin yaşadılması üçün addımlar atmalıdır. Mən bu addımı atdım, amma bunun nə dərəcədə yaxşı olmasına istifadəçilər, xalqımız qərar versin.

-Bəs qalstukların qiymətləri hansı aralıqda dəyişir?

-Bilirsiniz, bizim mağazamızdakı qalstuklar şəhərdə satılan İtaliya qalstuklarından iki dəfə ucuzdur. Hətta bizim qalstukların onlara nisbətən gözəl qablaşdırılması var. Bütün bunlarla bir yerdə hazırda qalstuklarımızın qiyməti 150 manatdır.

-Qalstuklara yerli əhali ilə yanaşı, xaricilərin marağı necədir?


-Bizim mağazaya bir çox ölkənin səfiri gəlib. Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta, İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massari, Pakistan və digər ölkələrin səfirləri burada olublar. Bizim 36 kvadratlıq balaca mağazamızın bir Azərbaycan dolu səsi var. Hesab edirəm ki, mən düzgün yoldayam. Bu işdə mənə dəstək olan insanlara minnətdaram. Növbəti layihələrimizin reallaşması təbii ki, insanların alıcılıq qabiliyyətinə dayanır. Tam əminliklə deyə bilərəm ki, qalstuklarımızın qiyməti də müsbət qarşılanır. Hətta bu, gələcək inkişafımıza zəmin yaradır.

-Gələcək planlarınız nələrdir?

-2017-ci ildə Naxçıvan kolleksiyasını tərtib etmək istəyirdim.  Bu baxımdan  hamıya söz verirəm ki, 2018-ci ildə bu məsələni reallaşdıracam. Eyni zamanda, Bakımızın da şərəfinə qalstuk hazırlanacaq. Qalstuklardan biri “Naxçıvan”, digəri “Şirvan” adlandırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi