Modern.az

Niyə Tiflis, İrəvan deyil, məhz Bakı – NATO komandanı ilə Gerasimovu bura gətirən SƏBƏBLƏR

Niyə Tiflis, İrəvan deyil, məhz Bakı – NATO komandanı ilə Gerasimovu bura gətirən SƏBƏBLƏR

Ölkə

9 Yanvar 2018, 09:28

Nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb.

 

Bəs, generalların Bakı görüşünün əhəmiyyəti nədir?

 

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla da rusiyalı həmkarı Gerasimovla görüş üçün Bakı seçilmişdi.

 

“O zaman bir çoxları bunu təsadüfi saya bilərdilər. Həmçinin 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirmişdi. Bakı heç də təsadüfi olaraq belə danışıqlar üçün seçilmir. Biz burada bir neçə nüansı nəzərə almalıyıq. Bu gün nə üçün məhz Bakı seçilib? İrəvan və yaxud Tiflis deyil? Birinci növbədə Azərbaycanın dövlət başçısı qeyd etdiyimiz mövqelərlə yaxşı əlaqə qura bilib.  Azərbaycan prezidentinə inam var.

 

İkincisi isə Bakı nə Rusiyanın vasitəsilə nə Qərbin əleyhinə, nə də ki,  Avropanın maraqları konteksində Moskvanın ziyanına forpost kimi nəzərdən keçirilir. Biz belə döyüşlərdə iştirak etmirik. Azərbaycan artıq dərəcədə sülhü təşviq edir. Nəzərə alaq ki, SSRİ-nin dağılmasından sonra bu gün Amerika və Rusiya, yaxud NATO- Rusiya  münasibətləri  ən aşırı mərhələdədir. Nə üçün rəsmi Brüssel Moskva ilə sərt hərbi dildə danışır? Bunun səbəbləri isə bəllidir. Həm Yaxın Şərqdəki əməliyyatlar, həm Ukrayna böhranı Rusiyanı müxtəlif sərt tədbirlərə məruz qoyub.  Rusiyanı 7+1 formatından çıxardılar. Bundan sonra ABŞ ilə diplomatik kommunikasiyaların özü aşağı səviyyəyə düşdü”.

 

Deputat deyib ki,  ABŞ ilə Rusiya arasında qarşıdurmaların mövcud olduğu vaxtda Bakı bu münasibətlərin həllində rol oynayarsa , çox təqdirəlayiq hadisəyə çevrilər.

 

“Bu, Bakının statusunu artırar. Bakıya siyasi-diplomatik paytaxt adını verər. Azərbaycanın özünün ərazi bütövlüyü problemini yaşayan ölkədir. Biz maraqlıyıq ki, həmin danışıqlar keçmişdə Suriyanın taleyi, Yaxın Şərq bölgəsindəki məlum problemlərin həllində rol oynayırsa, bunun bir sonu Azərbaycana da gəlib çıxsın. Çünki bu gün Rusiya və Amerikanın mövqeyindən Qarabağdakı vəziyyət çox asılıdır. Biz həqiqətən də bu generalların danışıqlarının tam təfərrüatlarını bilmədən ixtiyarımız var düşünək ki, nə zamansa eyni düşüncələr və istəklər bizim ərazi bütövlüyümüz üçün keçiriləcək. Qarabağ danışıqları yüksək hərbi rütbəli şəxslərin arasında da getməlidir”.

 

Z. Oruc bu gün Azərbaycanın təhlükəsizlik məkanı kimi tanındığını bildirib.

 

“Burada kimsə danışıqların məxfiliyinə əl uzadılmasını  düşünmür. Azərbaycan sülh yaratma xəttini hər zaman həyata keçirib. Bu dövlətimizin geopolitik bir kursudur.  Biz Rusiya-Türkiyə, Türkiyə-İsrail arasında bəlli konfliktlər olan zaman da çalışdıq ki, tərəflər bir araya gəlsinlər.  Düşünürəm ki, Bakı görüşü NATO və Rusiya arasında gələcək əlaqələrin həllində rol oynayacaq. Yaxud da ki, Yaxın Şərqin taleyi üçün qərara təsir göstərsin. Çünki görüşdən dərhal sonra məsələni həmin generallar ölkələrinin təhlükəsizlik və  siyasi rəhbərlərinə məruzə edirlər. Daha sonra isə qərarlar verilir”.

 

Z.Oruc  görüşdə Suriya, İran ətrafında məsələlərdən bəhs edilməsinin mümkünlüyünü vurğulayıb.

 

“Mənim dərin inamım var ki, ölkə prezidenti hər zaman olduğu kimi bu danışıqlara tribuna kimi yanaşaraq maksimum dərəcədə  Azərbaycan mənafelərini həyata keçirməyə səy göstərəcək. Xatirimdədir ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla ölkə başçısı İlham Əliyev görüş keçirmişdi. 

 

Eləcə də Valeri Gerasimovla. Bu dəfə də belə olacağına şübhəmiz yoxdur. Çünki Azərbaycan həm NATO, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar