Modern.az

Müğənni Azərin: “Heç vaxt siyasi partiyalara üzv olmaq haqda düşünmürəm" (MÜSAHİBƏ)

Müğənni Azərin: “Heç vaxt siyasi partiyalara üzv olmaq haqda düşünmürəm" (MÜSAHİBƏ)

8 İyul 2011, 10:52

“Mətbuatdan mənə zəng edib “İbrahim Tatlısəs vurulub, siz ona gedib baş çəkmisiniz” sualı veriləndə, çox təəssüfləndim...”


Modern.az
saytının suallarını tanınmış müğənni, əməkdar artist Azərin cavablandırır.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda yeni repertuar üzərində işləyirik. Planımızda albom buraxılışı var, bunun üçün hazır mahnılarımız da var. Sadəcə olaraq, bizim bir albom Azərbaycanda, bir albom da Türkiyədə buraxmaq fikrimiz var. Hazırda bu albomlar üçün repertuarın seçilmə mərhələsindəyik, bundan başqa, vətənpərvərlik mövzusunda yeni mahnılar üzərində işləyirik.

- İfa etdiyiniz mahnılar hər zaman fərqlənib, mahnılarınızı necə seçirsiniz?

- Mənim üçün əsas sözün fəlsəfəsi və poeziyasıdır. Düşünürəm ki, oxuduğum mahnı məni dinləyən insana nə çatdıra bilər, orda bir meşaj varmı? Sonra təbii ki, musuqi gəlir,  əgər sözün və musiqinin vəhdədi varsa, mən o mahnını ifa edirəm, bu məqama hər zaman diqqətlə yanaşmışam və indiyə kimi də belə işləmişik. Eyni zamanda, ifa etdiyim mahnının səs  diapazonuma uyğun olmasına da önəm verirəm. Mahnının oranjemanı zamanı mənim səsimə uyğun alətlərdən istifadə olunmasına da diqqət yetiririk. Mənim üçün ən vacib amillər bunlardır.

- Deyəsən bu yaxınlarda Türkiyədə mükafata layiq görülmüsünüz....

- Artıq bir ildir ki, Türkiyənin dövlət kanalları - “TRT Avaz” və “TRT Muzik” kanallarında hər ikisində eyni anda hər həftənin üçünçü günləri “Avazdan əsintilər” adlı canlı proqramım yayımlanır. Düzdür, bu veriliş 3-cü ildir ki, efirə gedir, bundan əvvəlki illərdə yay proqramları idisə, artıq bu il bütün il böyu yayımlandı, hazırda isə tətildəyik. Proqramın mahiyyəti əsasən Türk dünyasının sənət insanlarını birləşdirməkdir. Türk dünyası deyəndə burda sadəcə Asiya ölkələri deyil, Balkanlar, sözsüz ki, Azərbaycan da daxildir. Dünyanın müxtəlif yerlərində yaşayan, türk dilində danışan, türk musiqisini ifa edən sənətçilər bizim verilişin qonağı olur. Verilişin adı “Musiqi-əyləncə” proqramı olsa da,  amma əsasən mənəviyyat məsələlərinə geniş yer verilir. Bu verilişdə çalışmışam ki, bütün Türk dünyasının birləşməsi üçün nəsə edim. Bununla yanaşı, öz doğma vətənim Azərbaycanın ağrılı-acılı vəziyyətini orda əks etdirməyə çalışmışam. Azərbaynın 1 milyon məcburi köçkünü, Xoçalı soyqırımı, 20 yanvar hadisəsi, rayonlarımızın işğal olunmasına dair məlumatları çalışmışam ki, öz proqramımda tamaşaçılara çatdırım.  Şükürlər olsun ki, tamaşaçılardan gələn məktublar əsasında deyə bilərəm ki, veriliş müsbət qarşılanıb. Musiqi çox böyük qüvvədir, mədəniyyətlə çox işlər görmək olar...

Türkiyədə olduğum müddət ərzində bir sıra şəhərlərdə konsert proqramları ilə çıxış etdim. Adanada, Qaziantepdə, Balıkesirdə, eləcə də bu yaxınlarda Şimali Kiprdə Azərbaycan Cümhurriytinin 93-cü iliyinə həsr olunmuş iki konsert proqramı ilə çıxış etdik.  Sonunçu dəfə isə Türkiyənin Dənizli şəhərində  “Türkcəviziya” keçirilirdi, ora fəxri qonaq qismində dəvət olunmuşdum, eyni zamnada öz musiqilərimi də orda ifa etdi. Elə mükafatı da orda verdilər. Çünki, Türkiyədə çox yaxşı bilirlər ki, ““Avroviziya”nın yanında “Türkcəviziya” da olsun” deyənlərdən birincisiyəm.

- Bəs Azərbaycanda necə, konsert vermək barədə düşünmürsünüz?

- Bildiyiniz kimi, mən Daxili Qoşunların da zabitiyəm, orkestrin solistiyəm. Bu gün bizim qarşımıza qoyduğumuz məqsədlərdən biri də əsgərlərin, zabitlərin qarşısında konsert proqramı ilə çıxış etməkdir. O ki, qaldı mənim öz solo konsertimə, bu barədə də planlarımız var, demirəm ki, bu 100% olacaq, amma bu barədə fikirləşirik. Daha əvvəl Heydər Əliyev adına sarayda iki  solo konsertim baş tutub, yenə də Heydər Əliyev adına Saraydan dəvət almışam.  Allah qoysa, bu ilin sonuna kimi konserti reallaşdırmağı düşünürük. 

- Kiminləsə duet oxumaq fikriniz yoxdur ki?

- Bir sıra duetlərim olub, İlqar Muradovla, Cavan Zeynallı ilə, “Avroviziya”da ilk təmsilçimiz olan Elnurla. Yazdığı şeirlərdə, oxuduğu mahnılarda ölkəmizin bütün problemlərini əks etdirməyə çalışan rep ifaçısı Uranla düetim olub. Uran çox dəyər verdiyim musiqiçidir... Ancaq hələ ki, yaxın vaxtlar üçün yeni duet oxumaq fikrim yoxdur.

- Çox xariçi ölkələrdə səfərlərdə olursunuz. Azərbaycan musiqisini hanslı ölkədə daha yaxşı hiss ediblər, qarşılayıblar?

- Azərbaycan musiqisinə hər yerdə böyük rəğbət görmüşəm. Sırf vokal məktəbi bitirsəm, vokalist olsam da, bəstəkar mahnılarına, klassik musiqiyə müraciət etdiyim kimi, xalq mahnılarımızı da ifa edirəm, sadəcə muğam istisna olmaqla. Hər yerdə bizim musiqiyə rəğbət ğörmüşəm. Təbii ki, konsertlərdə repertuarımın qurulmağı hər zaman öz mahnılarımla başlamır. Bəstəkar, retro mahnılarına müraciət etsək də, hər zaman konsertlərimin sonu vətənpərvərlik notlarına köklənib. Bu mənim hər zaman əsas məqsədim olub. Çünki nə qədər yaxşı şəraitdə yaşasaq da,  biz müharibə aparan ölkəyik və bu gün dünyaya çatdırmaq istədiyimiz Azərbaycanın gerçəkləri var. Bu gerçəkləri çatdırmaq üçün ən böyük qüvvə mədəniyyətdir, bu məqsədə qısa zaman müddətində yalnız mədəniyyətlə nail ola bilərik. 

- Bəzən fikir səsləndirirlər ki, sizin ifa etdiyiniz mahnılar bütün kütlə üçün yox, müəyyən qrup insanlar üçündür...

- Əgər bu gün Azərbaycan bir qrup kütləsinin yox, bütün xalqının 20% torpağı işğal altındadırsa, mənim ifa etdiyim mahnılar hər hansı bir balaca kütləyə aid ola bilməz. Mahnılarım xalqa xitab edən mahnılardır və düşünürəm ki, xalqa da lazımlıdır. Bu gün Azərbaycanın həqiqətlərini hamımız bilirik, Qarabağın işğalı yaşında gənclərimiz var. Belə bir vəziyyətdə “Azərinin ifa etdiyi mahnılar hər hansısa bir kütləyə aiddir” demək gülməli olar, bunlar bütün xalqa aid olan mahnılardır.

- Bu günlərdə bir sıra müğənnilər YAP-a üzv oldular, sizdə də belə bir istək olmayıb ki, ümumiyyətlə sənətçilərin siyasi qurumlara qoşulmalarını neçə qiymətləndirirsiniz?

- Yox, heç vaxt mənim belə bir fikrim olmayıb. Düşünürəm ki, Allah-təala mənə istedad veribsə, bunun yanında mənim savadım da varsa və əgər istedadım və savadımla müəyyən işlər görə bilirəmsə, mən artıq bir iş görürəm. Allah mənim əlimə sənətimi verib və xalqıma da bununla xidmət edirəm. 

- Siyasəti izləyirsinizmi, Qarabağ danışıqları barədə nə bilirsiniz?

- Biz Azərbaycan olaraq çox səy göstəririk ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Hər insan istəyir ki, sülh olsun. Biz heç bir zaman savaşı sevən xalq olmamışıq, hər zaman sülh, əmin-amanlıq içində yaşayan bir xalq olmuşuq və belə də davam etməsini istəyirik. Hazırda bunu dünyaya da göstəririk ki, biz sülh istəyirik. Ancaq düşünürəm ki,  çarəsiz qalanda əks tədbir görməyə də gücümüz çatan bir xalqıq. Biz Azərbaycan türkləri olaraq tarixdə böyük bir keçmişimiz var. Nə qədər savaşan insanımız olub, sadəcə kişilər yox, onların içərisində qadınlar da olub.

Qarabağ məsələsində hələki çalışırıq ki, sülhlə nəsə əldə edək. Amma lazım olsa, müharibə yolu ilə Azərbaycan toraqlarını geri qaytarmağa qadirdir. Səmimi deyirəm, mən bir vətəndaş olaraq inanmıram ki, bu problem sülh yolu ilə çözülsün. Düşünürəm ki, torpaq üçün savaşmaq lazımdır. Çünki, torpaq bizim namusumuzdur.   

- Necə düşünürsünüz Azərbaycanın böyük taxiri keçmişə sahib olduğunu yetərincə dünyaya çatdıra bilirikmi?

- Mənə elə gəlir ki, bizim gerçəyin içində bəlli şeylər var ki, o gerçəyi əks etdirmir. Düşünürəm ki,  prezidentimizin qoyduğu siyasət nəticəsində müxtəlif sahələrdə, eləcə də mədəniyyət sahəsində bəlli bir kəsim çalışır ki, Azərbaycan, Qarabağ üçün nəsə etsin. Gerçəkləri tam olaraq tanıda bilirik desək, gülməli olar. Tanıda bilməməyinmizin səbəblərindən biri də birliyin olmamasıdır. Digər tərəfdən bu gün televiziya məkanımız da bunu əks etdirmir. Əgər biz sadəcə Kəlbəcərin, Şuşanın, Lacının  işğalından - işğalına bəzi məqamaları göstəririksə, bu artıq gerçək deyil. Biz o gerçəklə yaşamalıyıq ki, onu duyaq.
Azərbaycan vətəndaşı olaraq çox təəssüf edirəm ki, Qarabağdan gətirilən, üzərində güllə izləri olan abidələri bu gün şəhərin müəyyən yerlərində, mərkəzlərində görmürəm. Bu abidələr şəhərin mərkəzində olmalıdır ki, sadəcə Azərbaycan vətəndaşları yox, xaricdən ölkəmizə gələn insanlar da bu həqiqətləri öz gözləri ilə görüsünlər. Eyni zamanda, o abidələrin üzərində yazı da olmalıdır ki, hardan gətirildiyi və niyə bu vəziyyətdə olduğu baxan hər kəsə bəlli olsun.

- Tez-tez şahidi oluruq ki, ermənilər bizim mahnıları oğurlayır, sizin hansısa mahnınız oğurlanmayıb ki?

- Bu Azərbaycanın böyük bir bəlasıdır. Ermənilər bizim torpağımızı işğal ediblər, bu yetərli deyilmiş kimi, mədəniyyətimizi də işğal edirlər və etməkdə də davam edirlər. Azərbaycanın xalq mahnılarından tutmuş bu günki muasir bəsatəkarların mahnılarına qədər oğurlayırlar.

Mənim bir mahnımı Aşqabaddan bir qrup rep formasında ifa edib. Biz buna heç nə demədik, çünki biz türkmənlərlə qardaşıq, kökümüz birdir.

Ermənilərə gəlincə oğurluq oğunların qanında var. Erməni xoşuna gəldiyi nəyisə istəyir azərbaycanlıya məxsus olsun, istəyir digər bir xalqa, götürüb oxuyur. Onu heç maraqlandırmır ki, bu mahnının bəstəkları kimdir, mahnı hansı xalqa məxsusdur. Tək bizdən yox, hamıdan oğurlayırlar.

Digər tərəfdən ermənilər o mahnıları onlar oğurlayıb ifa etsələr də, dünya miqyasına çıxara bilməzlər. Biz bütün mədəniyyətimizi dünyaya çıxarmalıyıq. Azərbaycanlı gedib başqa ölkədə “Sarı gəlin”i oxuyanda erməni heç nə edə bilməyəçək. Çünki heç bir halda erməni bizim kimi yaxşı ifa edə bilməz, o bizimdir.

- Sizcə Azərbaycan şou-biznesinin vəziyyətini neçə qiymətləndirmək olar?

- Bizdə şou-biznes yoxdur. Şou-biznes bir az  əvvəl qeyd etdiyim məsələlərdir. Mədəniyyətimizi dünyaya çıxardıqca, şou-biznes artıq Azərbaycanın büdcəsinə gəlir gətirməyə başlayacaq. Bax, ondan sonra demək olar ki, şou-biznes var.   

- Deyirlər ki, əksər müğənnilər bilərəkdən qalmaqallara qoşulur, çox sadə şeylərlə gündəmdə qalmağa çalışırlar. Bunlara səbəb nədir?

- Səbəb rahat pul qazanmaqdır. Eyni zamanda ortada zövq, intellekt məsələsi də var. Mən düşünürəm ki, bu gün pul qazanmaq çox rahatdır. Məsələn, baxıram ki, bir qrup kütlə bəsit bir şeyi sevir, fikirləşirəm ki, bu bəsit şeylə məşğul olsam, pul qazanacam. Bir də var ki, insan başqa çür düşünür, mən öz kütləmə öyrəndiyim yaxşı şeyləri göstərim, onları da öz səviyyəmə qaldırım. Onlar artıq bunu biləndən sonra zövqləri dəyişəcək. Xalqın zövqünü məhz incəsənət püxtələşdirir.  Mədəniyyət böyük qüvvədir, çünki bütün xalqın zövqünü püxtələşdirə və dəyişə bilər.   

- “Bənəvşə” uşaq xorunda da oxumusunuz. Hazırda uşaq mahnılarının yazılması sahəsində bir durğunluq müşahidə olunur. Niyə bu gün maraqlı, yaddaqalan uşaq mahnıları yazılmır?

- Düşünürəm ki, bu gün uşaqları unutmuşuq. Çünki, doğurdan da bu sahədə bir boşluq var. Bu gün əvvəlki kimi fəaliyyət göstərən kollektivlər də yoxdur. Kollektivlərin fəaliyyət göstərməsi çox vacib bir amildir. Bizim vaxtımızda hər iki uşaqdan biri pianinoda, tarda çalırdır, hər iki uşaqdan birinin getdiyi kollektiv, məşğul olduğu bir sahə var idi. Bu gün heyf ki, o yoxdur. Hələ mahnı sahəsində heç bir şey yoxdur. Oqtay Zülfüqarova Allah can sağlığı versin, bircə onu göstərə bilirik. Bu gün uşaqların da zövqləri başaqa istiqamətlərə yönəlib, uşaqların uşaq mahnılarına da meyli yoxdur.

Oqtay Zülfüqarov bu gün qalıb kənarda, halbuki o ömrünü uşaqların - tək öz uşaqlarının yox, bütün Azərbaycan uşaqlarının tərbiyəsinə həsr edib. Bu böyük bəstəkarın təcrübəsini təhsil sisteminə salmaq lazım idi, çünki o bir məktəbdir. Hər şey də burdan başlayır, bu günkü uşaq Azərbaycanın gələcəyi deməkdir, bu uşaqlar uşaq mahnıları oxumasa, onların mənəviyyatı da olmayacaq. Göz acıb “depresiyondayım” oxusa, elə həyatını da depressiya ilə keçirəcək.

İstəyirəm başqa bir məqamı da diqqətinizə çatdırım. Allah rəhmət etsin müəllimim, “Bənövşə” uşaq xorunun rəhbəri Əfsər Cavanşirova. O insan 50 ilini uşaqlara həsr etdi, amma təəssüflər olsun ki,  bu gün biz belə insanları yad etmirik. Sonra da dəyərlərdən danışırıq.

- Azərin xanım yorulanda, musiqi dinləmək istəyəndə kimə qulaq asır?

- Əsasən kallasik müsiqiyə qulaq asıram, ümumiyyətlə bütün musiqi ilə maraqlanıram, boş vaxtlarımda çalışıram ki, dünya musiqisinə qulaq asım, bu gün dəbdə olan bəzi səsləri dinləyirəm. Nəsə öyrənmək üçün yox, ümumi bir anlayış formalaşdırmaq üçün ki, dünyada bu gün nə baş verir.

Ancaq təbii ki, insan olaraq məni xilas edən klassik musiqidir. Bura sadəcə, Bax, Bethoven, Şopen aid deyil, eyni zamanda Azərbaycan klassik musiqiləri də daxildir. Mən o musiqilərlə böyüyürəm.

- Hansı mətbuat orqanını izləyirsiniz?

- Ən çox internet səhifələrini oxuya bilərəm. Çünki vaxtım buna imkan verir. Çox əfsuslar olsun bu gün yaxşı yazanlar azdır. Bizim özümüzü sadəcə Azərbaycan cərçivəsində görməyimiz azdır, dünya çərçivəsində görməliyik. Və hər kəs öz işinə diqqət yetirməlidir, eləcə də mətbuat. Biz bu gün xalqa, dünya azərbaycanlılarına nə veririk, nə yazırıq, hər şeyə düzgün diqqət yetirməyi bacarırıqmı?

Bir məqamı istəyirəm ki, diqqətinizə çatdıram. Bir ildir ki, Türkiyənin dövlət kanalında veriliş aparıram, bu hər hansı bir özəl kanal deyil. Mən o verilşdə sadəcə qol qaldırıb oynayan müğənn deyiləm, orda öz vətənimin, dünya aərbaycanlılarının gerçəklərini ortaya qoyuram. Amma əfsuslar olsun ki, mənə indiyə qədər mətbautdan bəlkə iki nəfər zəng vurub soruşub ki, “Azərin xanım, siz nə işlə məşğulsunuz, Türkiyədə neyləyirsiniz?”. Bir dəfə mənə zəng gəldi, soruşdular ki, “İbrahim Tatlısəs vurulub, siz ona gedib baş çəkmisiniz”.
Bax bu gün bəzi mətbuatın gerçəyi budur. Mən bir Azərbaycan türkü olaraq çox təəssüflənirəm ki, mənə bu sualla müraciət olundu. Allah şəfasını versin, Türkiyənin sənətçisidir, xalq onu sevir, dünya sevir. Amma mənim Azərbaycanım üçün neyləyib ki, mənim mətbuatımdan mənə zəng vurub bu sualı verirlər?. 

- Boş vaxtlarınızda nə edirsiniz?

- Boş vaxtlarımı ancaq çalışıram ailəmlə keçirim, anamla, yaxın dostlarımla, mənə yaxın olan insanlarla. Başımız o qədər işə qarışır ki, bəzən sevdiyimiz insanları unuduruq, boş vaxtım olanda ailəmə ayırıram. Çalışıram ki, məni sevən insanların əhatəsində olum, həm mən sevinim, həmdə onlar məni gördükləri üçün sevinsinlər.

- Müğənni Azərin dönüb arxaya-sənətdə keçirdiyi  illərə baxanda, nə fikirləşir?

- Düşünürəm ki, hələ görməli olduğum çox iş var. İnsan keçmişini bilməlidir ki, gələcəyini də qura bilsin. Şükürlər olsun ki, keçmişimi bilən insanam. Amma keçmişə çox baxmağı xoşlamıram, gələcəyə baxaraq yaşayıram. Fikirləşirəm ki, musiqmlə türk dünyası və xalqım üçün daha nə verə bilərəm...



Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı