Modern.az

“Gənc yazarların bir qismini ya fələk aparır, ya kələk, ya leylək, ya da ələk” - MÜSAHİBƏ

“Gənc yazarların bir qismini ya fələk aparır, ya kələk, ya leylək, ya da ələk” - MÜSAHİBƏ

Ədəbi̇yyat

9 Yanvar 2018, 13:10

QonağımızAMEA-nın Hüseyn Cavid Ev Muzeyinin Cavidşünaslıq şöbəsinin müdiri, dosent Şəmil Sadiqdir. Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. BDU-nun Filologiya fakültəsinin bakalavr və magistr təhsil pillələrini bitirib. 2007-ci il də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutununda “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Əmək fəaliyyətinə 2001-ci ildən müəllim kimi başlayıb, 2008-2014-cü illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunda dosent vəzifəsində, 2014-cü ilin fevral-noyabr tarixlərində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb.
Şəmil Sadiq 50 dən çox elmi-metodik, 6 bədii kitabın, üç monoqrafiyanın və 3 dərs vəsaitinin müəllifidir. "Qana qan qarışdı" pyesi 2010-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. 2015-ci ildə “Odərlər” romanına görə “Qızıl kəlmə” mükafatı ilə təltif edilib. Hazırda AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin Cavidşünaslıq şöbəsinin müdiri, “Ustad” ədəbiyyat və kültür dərgisinin baş redaktorudur. Modern.az saytı onunla müsahibəni təqdim edir:

 

- Şəmil müəllim, öncə müasir ədəbiyyatımızın inkişaf istiqamətindən söz açardız. Bu gün elmə ədəbiyyat insanları hansı yeniliklər bəxş edirlər?

     
- Ədəbiyyatımız bu gün inkişaf etmək istəyir, amma gedəcəyi yeri dəqiq bilmir. Bir vaxtlar sovet ədəbiyyatında konfliktsiz ədəbiyyat deyə bir termin vardı, indi isə ədəbiyyatımıza ideologiyasız ədəbiyyat deyə bilərik. Müəyyən bir ideologiyaya xidmət etməyən ədəbiyyatın isə nəinki millətə, heç bəşəriyyətə belə xeyri olmayacaq. Ədəbiyyat insana xidmət etdiyi üçün onun elmi yönləndirməsi də təbiidir. Əgər biz bu gün istifadə etdiyimiz texnologiyalara diqqət etsək, onda bunların hamısının yaranmasında ədəbiyyatın, folklorun böyük rolu olduğunu görərik. Bədii yaradıclığı zəngin olan insanlar təxəyyüllərinin məhsulunu qələmə alarkən o bunu fantastika adlandırır, amma üstündən bir xeyli zaman keçəndən sonra o fantastika reallığa çevrilir. Bir zamanlar Jul Vernin əsərlərinə fantastika kimi baxanlar, indi qətiyyən belə düşünmür.

     

- Bu gün qələminizdən süzülən əsərləriniz ictimaiyyət tərəfindən maraqla qarşılanır və oxunur. Bizlərə ədəbiyyata gəlişinizdən və yaradıcılıq dünyanızdan söz aça bilərsiz?

     

- Sizə deyə bilərəm ki, mənim ədəbiyyata gəlişim istedadla bərabər şəkildə bağlıdır. Çünki Filologiya fakültəsinə qəbul olunmasaydım, qayınatam, rəhmətlik ustadım Zülfəli Zülfəliyevlə tanış olmasaydım, bəlkə də uşaqlıqda yazdığım cızmaqaraları indi çoxdan unutmuşdum. Mən indi də özümü bir yazıçı kimi qələmə vermirəm. Çünki ruhuma daha yaxını müəllimlikdir. Mən bir müəlliməm. Məhz buna görə də bədii əsərlərimdə də müəllim kimi çıxış edir, azad ədəbiyyat sevdalısı kimi yox, ədəbiyyatın vətənə, millətə, insana xidmət etməsi aşiqi kimi özümü görürəm.

     

- İsa Muğannaya həsr olunmuş kitabınız çap olunub. Sizin İsa Muğannaya olan sevginiz nədən qaynaqlanır? Oxuculara İsa Muğanna ilə bağlı nələri söyləyə bilərsiz?

     

- Necə ki, Nəsimisiz, Hüseyn Cavidsiz Azərbaycan ədəbiyyatı düşünülə bilməz, eləcə də İsa Muğannasız Azərbaycan ədəbiyyatı ola bilməzdi. Deyəsən Stalinin sözüdür, deyir ki, Dünyada olan bütün kitablar yansaydı, sadəcə “Səfillər” qalsaydı, dünya ədəbiyyatı yenə də zəngin olardı. Eləcə də təkcə “İdeal” romanı azərbaycan ədəbiyyatı adından hər yerdə çıxış edə bilər, bir növ pasport rolunu oynaya bilər. Məhz buna görə sevirəm Muğannanı. İsa Muğanna yaradıcılığı ilə 1998-ci ildə ilk dəfə tanış olmuşam. Amma şəxsən özü ilə 2012-ci ildə tanış olduq və yaxın dostluğumuz başladı. Təbii ki, bu dostluq ustad-şagird dostluğu idi. Mən də İsa Muğanna kimi İsa Hüseynovu sevmirəm. Mən onu Muğanna kimi tanımış və elə də sevmişəm. Məhz buna görə də Onun “İdeal” romanından sonrakı yaradıcılığı əsasında “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiya yazmışam. Bu əsərə onun sağlığında başlamışdım, bir neçə məqamını özü ilə də məsləhətləşmişdik. 12 iyun İsa Muğannanın 89 yaşı tamam oldu. Zəlimxan müəllim demiş “Sirr qoxuyan kişi” o qədər magik adam idi ki, həyatı da, ölümü də bir mistika idi. Özü vəsiyyət etmişdi ki, “öləndə “Ruhani” havası ilə dəfn edin məni”, ona görə də biz də kitabın təqdimatını Fəxri xiyabana saldıq, “Ruhani” səsləndi sazda. Onu sevənlər yığışdı, yad etdi. Düşünürəm ki, İsa Muğanna ilə tanışlıq mənim həyatımın qızıl tarixidir və uzun illər sonra onun dəyərini bilənlər, mənim o iki illik dostluq tariximi dönə-dönə araşdıracaqlar.

     

- Ədəbiyyatımıza çoxlu gənc yazarlar daxil olub. Onların və bir çoxunun əsərləri çap olunur. Bu ədəbiyyatımıza nə qədər təsir göstərir?



- Həmişə hər dövrdə belə olub. Sonra bu çoxlu gənc yazarların bir qismini ya fələk aparıb, ya kələk, ya leylək, ya da ələk. Yerdə qalanlar isə qalıb və yaşayıb. Bugünkülər də belə olacaq. Dövrünün şair və yazıçıları yox olacaq, unudulacaq, bütün zamanların sənətkarları isə yaşayacaqdır.


- Bu gün ictimai yerlərdə kitab mütaliəsini çox az görürük. Sanki kitaba olan sevgi azalıb. Siz bununla razısız?

     
- Bu ifadə nisbidir. Mən görməmişəm, amma eşitmişəm ki, sovet dövründə insanlarımız çox kitab oxuyurdu. Amma 10 il bundan qabaq isə çox bərbad idi durum. İndini 10 il bundan qabaqla müqayisə edəndə durum yaxşılığa doğru getdiyini görürük. Sovet dövrü ilə müqayisə etdikdə, həqiqətən azalıb.

     

- Sizin bu yaxınlarda Şah İsmayıl Xətai ilə bağlı layihəniz həyata keçirildi. Bu haqda da söhbət etmənizi istərdik.

     
- Mən həm də AYB Şah İsmayıl Komissiyasının sədriyəm. Bu layihə də məhz komissiyanın işi kimi təqdim edildi. Şah İsmayıl həm dövlətçiliyimizin, həm də ədəbiyyatımızın böyük şəxsiyyətidir. Onun bir ideologiyası olub və bu ideologiya əsasında da böyük bir imperiyaya sahib olmuşuq. Onun üçün də uşaqlarımız onu tanımalı və qürur duymalıdır. Özünə güvən artmalıdır. Çünki tariximizə baxanda ya ərəblərin, ya farsların, ya da rusların hegomonluğunu görür və gözüqıpıq böyüyürük. Şah İsmayıl ona görə təbliğ etməliyik ki, böyüyən gənclik alnı açıq, özgüvənli və qoxrmaz böyüsün.

     

- Gənclər həmişə çılğın olur. Gənc oxuculara nələri söyləmək istərdiz?

     

- Elə çılğın olaraq davam etsinlər. Gənclər üsyankar olmasalar, inkişaf olmaz. On görə də dinamik olmaqla həm özünə, həm də bəşəriyyətə xidmət etmiş olarlar.

     

- Sonda gələcək planlarınızdan danışardız?

     

- Plan... Mən planla yox, arzularla işləyirəm. Mənim üçün hər bir arzum plandır. Uşaqlar üçün “Böyük adam olmuş uşaqlar” adlı 11 dəstdən ibarət kitabımı bitirib nəşriyyata vermişəm. Şərqdə 101 adlı bir ensklopedik kitab seti hazırlayıram, müəlliflərlə onun üzərində işləyirik. “Odərlər” romanımın ikincisini oxucular böyük həsrətlə gözləyir, ilin sonuna onu yekunlaşdırmaq arzusundayam. Mən saysam çox olacaq. Yaxşısı budur, zaman-zaman baş verəndə dostlar görər.

 



Söhbəti qələmə aldı: Mahmud Əyyub

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!