Modern.az

Atalar və övladlar: “Atam öz layiqli qiymətini almadı- Əlibala Hacızadənin qızı - LAYİHƏ

Atalar və övladlar: “Atam öz layiqli qiymətini almadı” - Əlibala Hacızadənin qızı - LAYİHƏ

9 Yanvar 2018, 14:00

“Ümidlə bir xəstəxanadan o birinə gedirdik ki, bəlkə, qoyulan diaqnoz səhv çıxa”

“Atam anadam sonra çox yaşamadı, cəmi 50 gün sonra dünyasını dəyişdi”

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simaların övladları onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, məşhur övladlar da dünyasını dəyişən ataları barəsində danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə bir zamanların ən çox oxunan yazıçısı Əlibala Hacəzadənin qızı Asya Hacızadə atası haqqında xatirə və təəssüratlarını oxucularla bölüşəcək.

 

Xoşbəxt adam

- Mənə görə atam ən xoşbəxt yazıçılardan idi. Bir yazıçının nə dərəcədə xoşbəxt, şanslı olması onun oxucularının sayından, nə dərəcədə oxunaqlı olmasından asılıdır. Bu mənada, atamı hər zaman xoşbəxt yazıçı saymışam; o, hər zaman çox oxunub və sevilib. Hara gedirdiksə, orada atamı tanıyır, ona sevgilərini bildirirdilər... İnsana sevgidən böyük nə lazımdı ki?! Atam isə  bu sevgini artıqlaması ilə qazanmışdı. Səbəbini soruşardılar ki, Əlibala müəllim sizi niyə bu qədər çox sevirlər? Cavab verərdi ki, çünki mən hamını çox sevirəm. Oxucu yazıçıdan necə impuls alırsa ,özü də ona o cür münasibət göstərir. Atam insanlara sevgi ilə yanaşardı, əsərlərini də bu sevgi ilə yazardı. Elə buna görə də, onun kitabları nəinki çox satılardı, hətta tapılmazdı da...
Çap olunandan bir-iki gün sonra hamısı alınardı. Çox az yazıçıların əsərləri bu cür satılıb. Xatırlayıram, o zaman Bakıda ən çox iki kitab satılardı; biri Orxan Kamalın "Yad qızı", o biri isə atamın "İtkin gəlin" romanı. Amma bəzən, bu iki kitabı qarışdıranlar da olurdu.

 

Əfqanıstan lövhələri

-
Atam Şərqşünaslıq fakültəsini fars dili ixtisası üzrə bitirmişdi. Onu təyinatla Əfqanıstana göndərdilər. Orada hərbi tərcüməçi kimi çalışırdı. Əslində, iki illiyə göndərilmişdi, amma çox yaxşı tərcüməçi olduğunu görüb, daha iki il saxladılar. Atam da ailəsi ilə birlikdə orada 4 il yaşadı. Bir neçə uğurlu əsərini Əfqanıstanda yazdı. Bu əsərlər sonradan "Əfqanıstan trilogiyası" adı altında çapdan çıxdı. "İtkin gəlin" qədər şöhrət qazanmasalar da, onlar da çox, gözəl əsərlərdi.

“Təyyarə kölgəsi” romanı da böyük maraqla qarşılanmışdı. Orada həm bir elmi müəssisə daxilində, həm də bir cəmiyyətdə yaşanan neqativlər çox incəliklə əks olunub.

O hadisələrin Əfqanıstanda yaşandığını yazsa da, əslində, bizim cəmiyyəti də nəzərdə tuturdu. Mənə elə gəlir ki, o zaman sovet rejiminin bəzi sərt qaydalarına görə cəmiyyətdə baş verənləri birbaşa deyil, Əfqanıstan üzərinə köçürməklə təqdim edirdi.


Roman yazdıracaq gözəl 

- Müsahibələrində itkin gəlin obrazının yaranmasından danışarkən, maraqlı bir əhvalatı qeyd edirdi. Danışırdı, bir gün işə gedən zaman görür ki, nədənsə küçədə hərəkət tamamilə dayanıb. Həm maşınlar getmir, həm də piyadalar sanki quruyub eyni nöqtəyə baxırlar. Sən demə, qarşıdan o qədər gözəl bir qız gəlirmiş ki, bütün insanlar bir anlıq dayanıb ona mat-məəttəl baxırmışlar. Atam deyirdi, “istədim onu təsvir edim, amma qələm onun gözəlliyinin qarşısında aciz qaldı”. Amma “İtkin gəlin”i təkcə bu obrazla məhdudlaşdırmaq olmaz. Orada yığma obrazlar qalareyası var.

 

“Alik” və azərbaycanlı şərqşünasın əhvalatı

- Atamın Əfqanıstanda çalışdığı dövr uşaqlığımın ilk illərinə təsadüf edir. Orayla bağlı çox gözəl, unudulmaz xatirələrim var. Biz orada sovet mütəxəssisləri yaşadıgı mikrorayonda  yaşayırdıq. Atama “Alik” deyirdilər. Çünkü oradakıların çoxu rus və başqa rusdilli xalqların nümayəndələri idilər. Cəmi 3-4 azərbaycanlı ailəsi vardı. Doğrudan da gözəl illər idi... Əfqanıstanın şah dövrü... Ölkə onda kasıb olsa da, indikindən qat-qat yaxşı vəziyyətdə idi.

Atama qaldığımız qəsəbədə, iş yerində hamı hörmətlə yanaşardı. O da hamı ilə çox sadə və sevgi ilə ünsiyyət qurardı. Otağının qapısı hər zaman açıq olardı. Fars dilini mükəməl bilirdi. Qapı da açıq olduğundan tez-tez gəlib məhz ondan sözlərin mənasını soruşar, bilmədiklərini öyrənərdilər.

Bir azərbaycanlı şərqşünas da o zaman atamın tərcüməçilik etdiyi birlikdə olub. Amma onun xidmət müddətinin bitməsinə az qalıbmış. Sonuncu gün əfqan dükanlarının birində gedib, oradan çoxlu parça, müxtəlif mallar alıb. Amma dükançıya deyib ki, pulunu sabah gətirəcək. Satıcı ondan kimliyini soruşanda isə deyib ki, adı Alikdir. Yəni, atamın adını verib, özü isə sabah tezdən qayıdıb Azərbaycana. Məsələ sonradan məlum olub. Generallar, rəhbərlik atamı çağıraraq soruşublar ki, bu, nə məəslədir?  O da cavab verib ki, həmin adam başqasıdır.
“İstəyirsiniz, gedək dükançının yanına, özü desin” – atam söyləyib. Birlikdə dükana gediblər, satıcı deyib ki, axtardığı adam bu deyil.

Atam Əfqanıstanda çalışanda mən çox balacaydım. Bir yaşımda ailəmiz ora gedib,  beş yaşımda isə geri qayıdıb. Buna baxmayaraq, qaldığımız sovet qəsəbəsi, səfirliyin binası, Kabil şəhəri bu gün də xatirimdədir.


Elmi yeyən ədəbiyyat

- 1970-ci ildən sonra isə atamın xidmət müddəti bitdiyi üçün yenidən Bakıya döndük. Atam burada Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun Fars şöbəsinə işə düzəldi, elə ömrünün axırına qədər də orada çalışdı. 
Bakıya gələn zaman rəhmətlik akademik Həmid Araslı ona çox kömək edib. Həm alim, həm də yazıçı kimi dəstəyini əsirgəməyib, yaradıcı işlərdə də ona yardımçı olub. Atam bir dəfə gəncliyində  öz yazdığı şeir-hekayələri ona aparıb. Həmid müəllim də ona məsləhət görüb ki, sən şeir yox, nəsr yaz. Amma imzasını “Əlibala Hacıyev” kimi göstərmişdi. İlk dəfə olaraq, Həmid müəllim soyadının üstündə xətt çəkib, Hacıyevi Hacızadə edib. O vaxtdan atam ədəbiyyatda Əlibala Hacızadə kimi tanındı.

Atamın yeganə iş yeri elə Elmlər Akademiyasındakı həmin şöbə oldu. Uzun müddət orada böyük elmi işçi vəzifəsində çalışdı. İran mütəffəkkiri Fərruxi Yezdinin poeziyasını tərcümə edib, onunla bağlı araşdırmalar aparıb. Bu, atamın namizədlik işi olub. Amma bundan sonra elmdə irəli gedə bilmədi. Çünki özünü başdan-başa yaradıcılığa həsr etdi. Əlbəttə ki, şöbədə üzərində düşən işləri görür, tərcümələr edirdi. Amma elmi karyerasında qabağa getmədi. Diqqətini yaradıcılığa ayırdı.

Oxucu məktubları, “roman mövzuları”

- Atamın kitabları əl-əl gəzən zamanlarda evə çoxlu zənglər və oxucu məktubları gəlirdi. Zənglər, məktublar əsasən təşəkkür motivli olurdu. Özü də ən çox xanımlar atama məktub yazıb, zəng edirdilər. Hamısı da o əsərlərin təsirinə düşmüş adamlar idilər. Özlərini sanki o əsərlərin içində görürdülər. Zəng edib atamdan məsləhət alanlar da olurdu. Çoxusu da deyirdi ki, “mənim həyatım əsl roman materialıdır. Yaşadıqarımdan kitab yazmaq olar”. Nədənsə, çox qadına elə gəlirdi ki, onların da yaşadığı həyat bir romanın çərçivələrinə sığa biləcək.

Bu o zamanlar idi ki, atamın kitabları əl-əl gəzərdi.  Kitab dükanlarında bəzən, satılmayan nümunələri, klassiklərin kitablarını atamın kitablarının üstünə qoyub satırdılar. Bilirdilər ki, Əlibala Hacızadənin kitabını mütləq almaq istəyəcəklər. Odur ki, fürsətdən istifadə edib, satılmayan kitabları da onun üstünə müəyyən qiymətə qoyub əlavə pul qazanardılar.


Qəribə təsadüf

- İnanın, yazdığı  kitablar çapdan qısa müddət sonra  heç tapılmırdı. Bizim özümüzdən də o qədər adam istəyirdi ki… Atam da ürəyiyumşaq adam,  evdə nə qədər kitab var idisə, hamısının da üstünü yazıb paylayırdı. Yadıma gəlir ki, biz “İtkin gəlin” romanını tərcümə etdirmək istəyirdik. Amma nəşriyyata vermək üçün evdə bircə dənə də olsun kitab tapa bilmədik. Axırda kitabxanadan aldıq, onu da daha geri qaytara bilmədik. Çünki tərcüməyə gedəndə orijinal kitabın üzərində bəzi işlər aparılırdı  (gülür).

Tənhalıq, durğunluq içində canlanma

- Ömrünün sonunda bütün əsərlərinin toplu halı olan 10 cildliyi işıq üzü gördü. Həmin on cildiyi hazırlayarkən, atam yenidən canlandı. Çünki ondan əvvəl açığı, durğunluq dövrü keçirirdi. Yaradıcı insanlar  bəzən şöhrətin pik nöqtəsində olur, kitabları əldən-ələ gəzir, böyük tirajlarla çap olunur. Bu mərhələdən sonra eniş başlayanda yazıçıya çox pis mənəvi təsir göstərir.

Atamda da bu mənada, durğunluq yaşanırdı. Nəsə yazırdı təbii ki. Amma kitabı çap olunmurdu. Qabaqlar nəşriyyat deyirdi ki, kitabını gətir, sənə pul verək. İndi isə deyirlər, həm kitab gətir, həm də pul. Atam da çox da yüksək olmayan maaşa baxan adam idi. O, öz gücünə kitab çap etdirə bilməzdi. Belə məqamda Rusiyada yaşayan azərbaycanlı iş adamı Gülağa Tənha atamla əlaqə saxlayıb, ona təklif etdi ki, bütün yazdıqlarını bir yerə cəmləşdir, külliyyat şəklində çap edək. Atam ondan sonra çox həvəsləndi. Əsərləri toplayarkən, redaktə işləri görərkən, yenidən əvvəlki illərə qayıtdı sanki. Gülağa Tənha çox sağ olsun, həmin on cildliyi nəşr etdirdi, daha sonra atamın yubileyini də keçirtdi.

Yazı masası…

- Biz Akademiya şəhərciyində “Xruşşovka” deyilən evlərdə 2 otaglı mənzildə yaşadıgımiz üçün atamın ayrıca kabineti olmayıb, amma sadə yazı masası olub və əsərlərini orada yazıb. Hərdən ona zarafata deyərdik ki, görəsən sənin ayrıca kabinetin olsaydı,  nələr yazardın-yaradardın... Cavab verərdi ki, “yox, əgər mənim yazı yazmaq üçün əlverişli imkanım olsaydı, bəlkə də o cür əsərləri yaza bilməzdim”.


Yaşadığımız yer kiçik “Xruşşovka” mənzili idi. Uzun illər əvvəl Elmlər Akademiyasından gənc mütəxəssis kimi ona verilmişdi. Elə ömrünün sonuna qədər də orada yaşadı. Hətta onun yas mərasimində dəvət olunan qonaqlardan biri özünü saxlaya bilməyib, çəkinmədən dedi ki, o boyda yazıçı həqiqətən bu cür evdə yaşayıb?!

Qədirbilməzlik

- Onun “İtkin gəlin” romanı əsasında rejissor Lütfi Məmmədbəyov Azərbaycanın ilk teleserialını çəkdi. Amma atamın demək olar ki, bütün əsərləri - “Təyyarə kölgəsi”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Dünyanı tanı”, “Vəfalım mənim” - əsl kino materiallarıdır.

Təəssüf ki, atam öz layiqli qiymətini almadı. Düşünürəm ki, ona layiqli qiyməti vermədilər. Nə ədəbi tənqiçilər, nə rejissorlar…. Heç bir fəxri adı olmadı. Amma hamısı elə bilirdi ki, o, Xalq yazıçısıdır. Bəzən, televiziyalarda da səhv edib, atamın adının yanına “Xalq yazıçısı” yazırdılar. Elə bilirdilər, Əlibala Hacızadədirsə, elə Xalq yazıçısı olmalıdır. Özü isə belə şeylərə qətiyyən fikir verməzdi. Mən ona zarafatla deyərdim ki, sən Xalq yazıçısı yox, xalqın yazıçısısan. Gülüb cavablayardı ki, bundan böyük nə ad var ki?!

Amma ona da inanıram ki, gələcək nəsil onun qiymətini biləcək.

 


Tərcümə-lətifə

- Əfqanıstanda dediyim kimi, hərbi tərcüməçi idi. Əsasən elə hərbçilərlə çalışardı. Bir maraqlı əhvalatı hər zaman lətifə kimi danışardı. Demək, sovet hərbçiləri əfqan əsgərlərinə paraşütdən istifadə təlimlərin keçirdilər. Atam da bu tədris prosesində tərcüməçilik edirdi. Əfqanlardan biri soruşur ki, əgər bu paraşüt birdən açılmasa, bizə ikincisini verəcələr? O da bir xeyli gülüb, axırda deyib ki, hə, əgər paraşüt açılmasa, narahat olma, sonra sənə ikincisini verəcəklər.

Ümumiyyətlə, Əfqanıstanı hər zaman xoş xatirələrlə yad edirdi. Son illərdə orada yaşanan hadisələri-terror,  çaxnaşmanı görəndə çox təəssüflənirdi. Deyirdi, heyf o ölkədən, heyf o insanlardan…

Ümumiyyətlə, çox həssas insan idi. Çox problemi ürəyinə salardı. Ən çox da öz milli problemlərimizi. Məsələn, Qarabağ münaqişəsini o, ruhən çox çətin yaşadı. Hər dəfə də öz-özünə sual edirdi ki, axı niyə belə oldu? Adam var ki, bir müddət nəyisə deyir, sonra unudur. Amma atam ürəyinə salardı, elə hey özü ilə həmin neqativliyi gəzdirərdi.

Dostlar və həsədlər

- Elə insan idi ki, kiməsə pislik etməzdi. Hamıya da dost kimi baxardı. Amma yaxın dostlarını da təbii ki, fərqləndirərdi. Fikrət Qoca, İlyas Tapdıq, Nahid Hacıyev, Söhrab Tahir, Mahmud Mahmudov atamın gənclik dostları idilər. O, elə hamısını dost kimi görürdü. Heç kəsə paxıllıq çəkib, həsəd aparmazdı. Amma hər bir yaradıcı mühitdə oldugu kimi, onun da paxıllığını çəkənlər var idi.

Ömrün son günləri…

- Ömrünün son günlərini xəstə halda keçirdi. Həkimlər ona diaqnoz qoydular. Amma mən buranın həkimlərinə inanmadım, dedim, gəl, Moskvada yenidən yoxlatdıraq. Gəldi. Amma kaş yoxlatdırmazdıq. Çünki rus həkimləri sərtdilər. Onlar bizim gizlətdiyimiz diaqnozu birbaşa xəstənin üzünə deyirlər. Orada da təəssüf ki, eyni diaqnoz qoyuldu - onkoloji problem. Biz birinə inanmaq istəməyib, o biri klinikaya aparırdıq. Sanki birindən o birinə ümidlə gedirdik ki, ola bilsin, bayaqkı xəstəxananın qoyduğu diaqnoz səhv çıxsın. Amma təəssüf ki, hər yerdə eyni şeyi dedilər. Bəziləri, hətta sərt şəkildə, vəziyyətin düzəlməyəcəyini bildirdi.

Atam onsuz da həssas insan idi və onda bir az da ruhdan düşdü. Elələri var idi ki, artıq nəyinsə düzəlməyəcəyini bilə-bilə pul qazanmaqdan ötrü əməliyyat etmək istəyirdilər. Bir xəstəxana deyirdi ki, 11 saat narkozda qalmalıdır. Nə bilim, nəyisə harasa tikəcəyik, filan. Atam onsuz da yaşlı və ürəyi o qədər də güclü olmayan adamıydı. Amma yenə də son ümid kimi əməliyyat barəsində düşünürdük. Moskvada azərbaycanlı bir gənc həkim var, Samir Əliyev, ona da yoxlatdırdıq. O da daha gec olduğunu və əməliyyatın lazımsızlığını bildirdi. Bütün həkimləri gəzəndən sonra tərəddüd edirdik əməliyyat olunsun, ya yox. Bu məqamda həmin Samir adlı həkim zəng vurdu. Dedi ki, Asya xanım, əməliyyata gərək yoxdu, onu incitmayin, aparın evə və Allah nə qədər ömür veribsə, yaşasın. Elə atamın özü də bunu istəyirdi. Deyirdi ki, bilet alın, evə gedirəm. Bax, onunla sonuncu görüşümüz belə oldu.

SONLUQ…

- Atam əslində, ruhən sağlam, xəstəliyi yaxına buraxmayan insan idi. 73 yaşı var idi, amma qocalığı ilə barışmırdı. Deyirdi, 70 yaş nədir ki! Ancaq anamdan sonra o, sanki sındı. Biz artıq vəziyyətin nə olacağını bilirdik. Anam şəkər xəstəsi idi, o səbəbdən də dünyasını tez dəyişdi. Atam ondan sonra çox qala bilmədi. Anamın ölümündən 50 gün sonra dünyasını dəyişdi.  

 

E.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir