21 sentyabr 2018, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - Türkiyənin məşhur neyrocərrahı italiyalı həkimin başa yeni bədən köçürmə iddiasını rədd etdi: “Mümkün deyil...” - MÜSAHİBƏ
Türkiyənin məşhur neyrocərrahı italiyalı həkimin başa yeni bədən köçürmə iddiasını rədd etdi: “Mümkün deyil...” - MÜSAHİBƏ +
09.01.2018, 15:53

Professor  Mustafa Kemal Hamamçıoğlu ilə ilk görüşümüzdə bizə elə gəldi ki, onu uzun illərdir tanıyırıq. Bizə bir anlıq “Büyük Buluşma” serialında Amil, “Kurtlar Vadisi” serialındakı Ömər baba obrazlarını xatırlatdı.

Onunla söhbət zamanı aydın oldu ki, təsəvvürümüzdə bu müsbət obrazların canlanması heç də əbəs deyilmiş.

Ömər baba və Amil personajının serialda bir çoxlarının həyatını qoruduğu kimi, cərrah Mustafa Kamal da gerçək həyatda yüzlərlə xəstənin xilaskarı olub.

Haqqında danışdığımız professor Mustafa Kemal Hamamçıoğlu İstanbulda Liv hospitalda beyin və sinir cərrahiyyəsi şöbəsinin neyrocərrahı, İstinye Universitetinin Tibb fakültəsində isə beyin –sinir cərrahiyyəsi kafedrasının müəllimi vəzifəsində çalışır. 
 

Liv hospital Türkiyəyə qonşu olan bir sıra ölkələrlə həm təhsil, həm də səhiyyə sahəsində  əməkdaşlığını artırmaq istəyir. Məqsəd  xəstəxananın təcrübəsini qardaş ölkələrə təqdim etmək, digər ölkələrdə olunmayan əməliyyatları reallaşdırmaq üçün bir körpü qurmaqdır.

Layihə çərçivəsində ilk səfər olunan ölkələrdən biri də Azərbaycandır.  Modern.az saytı onunla söhbəti təqdim edir:
 

-  Mustafa bəy, Azərbaycana səfər etməkdə məqsədiniz nədir?

- Azərbaycan bizə dost, qardaş ölkədir. Ona görə də ən sıx əlaqəmiz Azərbaycanladır. İllər öncə Azərbaycandan Türkiyəyə gəlib biliklərini təkmilləşdirən çox yaxşı beyin-sinir cərrahı olan dostlarımız var. İndi onlar uğurlu əməliyyatlar keçirirlər. Amma son 4-5 il ərzində dünya səhiyyəsində beyin cərrahiyyəsi ilə bağlı çoxlu yeniliklər oldu, yeni texnoloji avadanlıqlar yaradıldı. Niyyətimiz texnoloji avadanlıqların imkanlarını buradakı xəstələrə çatdırmaq, həkimlərə isə bu texnoloji avadanlıqlardan istifadəni öyrətməkdir.

Biz eyni məqsədlə Azərbaycandan öncə başqa ölkələrə də, məsələn, Rumıniyaya getdik. Rumıniyada Azərbaycana nisbətən tibb sahəsi çox zəifdir.

Sizə daha çox hansı xəstəliklərlə bağlı və hansı ölkələrin vətəndaşları müraciət edirlər?


- Bizə daha çox keçmişdə qəzaya uğrayaraq travma almış və ya müəyyən bir şəkildə beyin iltihabı (ensefalit) keçirmiş, hazırda isə vəziyyəti yaxşı olmayan xəstələr müraciət edir. Əslində belə xəstələr beyin cərrahiyyəsi baxımından bir o qədər müalicə oluna biləsi deyillər. Məsələn, 20 il öncə qəza keçirib beynindən travma alan və bir tərəfi iflic olan, danışa bilməyən xəstələrdən bunların həlli yolları, sağalması ilə baglı suallar alırıq. Təəssüflər olsun ki, bu xəstələrə hər hansı cərrahi müdaxilə etmək çətindir.

Azərbaycanlılar təxminən  2-3 il əvvələ qədər çox müraciət edirdilər. Son zamanlar azərbaycanlı xəstələrin sayında azalma müşahidə olunur. Bu aralar bizim xəstaxanaya gələn xəstələrin əksəriyyəti Balkan ölkələri vətəndaşlarıdır. Rumıniya, Bolqarıstan, Kosova, Özbəkistan və Türkmənistandan da xəstələr müraciət edirlər. Ukrayna və Moldavada beyin şişlərinin əməliyyatı edilmədiyi üçün valideynlər daha çox uşaqları üçün müraciət edirlər. Bu ölkələrdə beyin şişləri və xüsusən uşaqlarda digər ölkələrlə müqayisədə daha geniş yayılıb. Ehtimal olunur ki, səbəb bu ölkələrdə radiasiyanın çox olmasıdır. Bir dönəm Ərəb ölkələrindən, xüsusilə Liviyadan xəstələrimiz çox olurdu. Son zamanlar vizalardakı məhdudiyyət səbəbiylə liviyalı xəstələrimizin sayında  azalma müşahidə edirik. İngiltərədə tibb işləri problemli olduğu üçün Avropa ölkələrindən əsasən elə məhz İngiltərədən xəstələr gəlir. Böyük Britaniyadan müraciət edən bir sıra xəstələrimizin arasında əməliyyat olunanları da var. Eyni zamanda, bizim müalicəmizi almaq üçün fərqli zamanlarda Hollandiyadan gələn xəstələrimiz də olub.

- Azərbaycan səhiyyəsi ilə Türkiyə səhiyyəsinin bənzərlikləri və fərqli cəhətləri hansılardır?

- Azərbaycandakı xəstəxanalar haqqında geniş məlumatlı deyiləm. Bildiyim qədər ilə hər cür imkana, kifayət qədər yetərli maddi-texniki bazaya sahibsiniz. Amma müasir tibbi avadanlıqlara sahib olmaq, onların xəstəxanınızda mövcud olması cihazlardan  peşəkar istifadə anlamına gəlməz. Bir tibbi alətdən yalnız istifadə edə bildiyiniz qədəri ilə faydalana bilərsiniz. Çox yaxşı cərahiyyə alətiniz və ya mikroskopunuz ola bilər. Bundan düzgün istifadə edilmədiyi halda heç bir işə yaramaz. Keçmişdə bizə çox yaxşı bir Magnit Rezonans Tomoqrafiya (MRT) cihazı gəlmişdi. Görüntüləri isə yaxşı deyildi, isifadə edə bilmirdilər. Həmin MRT cihazından istifadəni öyrənənə qədər cihazın dövrü keçdi, köhnəldi.

Bütün əməliyyatlar kimi, beyin və sinir cərrahiyəsi də bir komanda işidir. Bu təkçə bir həkimlə başa gəlmir. Çox yaxşı tibb bacısı lazımdır. Mənim əsasən xaricdən gələn həkim dostlara məsləhətim bu olur ki, üsulları öyrənmək üçün mütləq öncə personalınızı göndərin, sonra siz gəlin. Təlim keçib ölkəyə qayıdan həkimin təkbaşına komanda yetişdirməyi çox çətindir. Azərbaycanın tibbi texnikada və həkim tərkibində bir əksiyinin olduğunu düşünmürəm, komanda personalında çatışmazlığı ola bilər.

- Dünya təcrübəsində Türkiyə səhiyyəsi öz sözünü deyə bilirmi?

- Bütün dünyada beyin və sinir cərrahiyəsi sahəsində Türkiyənin rolu çox yüksək qiymətləndirilir. Bizim ölkəmizdə edilə bilməyən bir əməliyyat yoxdur. Keçirdiyimiz bütün əməliyyatlar yüksək səviyyədədir. Əməliyyatlarımızı göstəririk, müzakirəyə açarıq. Etdiyimiz işlər də çox böyük təqdir edilir. Bizim bir çox dostlarımız dünya konqreslərində gördüyümüz işlər haqqında, mütəmadi olaraq çıxışlar edirlər.

Tibbimizdə bizim çatışmayan cəhətimiz isə universitet səviyyəsində elmi araşdırmalarımızın zəiflyi və azlığıdır. Bu da qismən, təbii olaraq, maliyyə yatırımı ilə əlaqədardır. Təəssüf ki, bizim ölkəmiz elmi araşdırmalara lazımınca investisiya ayırmır. 

Xüsusilə son illərdə dünyada genetik molekulyar araşdırmalara tez-tez rast gəlirik. Bu tip araşdırmaları ideyadan reallığa çevirmək üçün dövlət ayrıca pul ayırmalıdır. Məsələ ilə bağlı TUBİTAK-a baş vurduq ki, bir elmi araşdırma mərkəzi yaratsınlar və Türkiyədən alimlər gəlib orada araşdırmalarını aparsınlar. Bu problemin önümüzdəki illərdə aradan qaldırılacağına ümid edirəm.



- 2018-ci ildə beyin əməliyyatları ilə bağlı hansı naliyyətlər gözlənilir?

- Son illərdə bizim diaqnoz imkanlarımız çox artıb. Məsələn, beyin damarlarındakı bir sıra problemlər, anadangəlmə mövcud bəzi kistalar, beyin şişləri hələ insan xəstəliyə tutulmadan öncə Check-up dediyimiz axtarış proqramlarıyla aşkar olunur. 2018 və sonrakı illərdə bunun daha da asanlaşacağını düşünürəm. Keçmiş dönəmlərdə diaqnozu xəstəliyin irəliləyən və gecikmiş formalarında qoymaq mümkün olurdu. Məsələn, şiş böyüyəndə, damar qanadığında və s. Belə demək olarsa, yəni gözlə görülə bilən vəziyyətdə və ya açıq - aşkar xəstədə biruzə verildikdə mümkün idi.  2018-ci ildən etibarən diaqnoz seçimlərinin artması ilə biz daha əvvəldən xəstəliyi tanıya biləcəyik.

İkincisi, beyində zədələnmiş bölgələrin bərpa edilməsi “Restorative neurosurgery” adlanır. Bildiyimiz kimi, müasir dövrümüzdə bir çox orqanların transplantasiyası əməliyyatları həyata keçirilir. Məsələn, qaraciyəri, böyrəyi, hətta tibbin inkişafi nəticəsində ürəyi belə bir insandan digərinə nəql etmək olur. Beyində isə bu cərrahi əməliyyat mümkün deyil. Beyin toxuması nəql edilə biləcək toxuma olmadığından onu bir insandan başqa bir xəstəyə nəql etmək imkansızdır. Çünki beyin toxuması 4-5 dəqiqə qansız və oksigensiz qalanda məhv olur. Amma qaraciyər və böyrək belə deyil. 15 saat ərzində  təyyarə ilə başqa ölkəyə də aparıb xəstəyə nəql edə bilərsiniz.

Son illərdə yeni tibbi cihazlar ixtira olunur. Onlardan biri “bionik qulaq” və “bionik gözdür”. Eşitmə məhdudiyyətli şəxslər üçün beyində qulaq bölgəsinə yerləşdirilən “bionik qulaq” adlanan özəl aparatlarla insanların eşitməsi təmin edilir. “Bionik göz”lə isə görmə məhdudiyyətli insanların gözünün içinə, beynin görmə bölgəsinə aparat yerləşdirilir ki, bu görməni təmin etməyə çalışan mexanizmdir. Hələ ki hazırlıq işləri tamamlanmayıb, amma növbəti illərdə görmə və eşitmə əlilyi olan şəxslər üçün belə əməliyyatlar edəcəyik. Eyni zamanda, bir tərəfi iflic olan insanların qol və ayağını oynada bilməsini təmin edəcək beynin xüsusi bölgəsinə yerləşdirilən xüsusi cihazlar tətbiq olunmağa başlanıb. Bu  ilk olaraq meymunlar üzərində sınaqdan keçirilib və yaxşı nəticələr verib. Gələcək özü ilə uğurlu əməliyyatlar gətirəcək.

- Müxtəlif ölkələrdə beyin-sinir xəstəliklərindən hansı  daha çox özünü göstərir?

- Ukrayna və Moldovada xüsusilə uşaqlarda beyin xərçəngi geniş yayılıb. Bu ölkələrdən daha çox belə xəstələrin müraciət etdiyinin şahidi oluruq. Səbəbi radiasiya ilə bağlı ola bilər, amma dəqiq bir şey söyləmək mümkün deyil.

- Azərbaycandan daha çox hansı xəstələliklərlə bağlı müraciət edirlər?

- Azərbaycandan daha çox beyin xərçəngi olan xəstələr gəlir. Xəstələrimiz arasında azyaşlılar da olur. Lakin bunu Azərbaycanda xərçəng xəstəliyinin geniş yayılması ilə əlaqəli hesab etmirəm, sadəcə ola bilər ki, Bakıda bu cür xəstələrə müdaxilədə müəyyən çatışmazlıq olsun. Buna görə də bizə müraciət edirlər. Misal üçün Liviyada “Neurofibromatosis” dediyimiz genetik bir xəstəlik var. Zənn edirəm ki, bu xəstəlikdən orda çox olduğu üçün bu qrupdan olan xəstələr çox müraciət edir.

- Ümumi və Lokal anestezi üsulu ilə edilən cərrahi əməliyyatların fərqləri nələrdir? Lokal anestezi üsulu daha çox hansı əməliyyatlarda tətbiq olunur?

- Lokal anestezi üsulundan 3 səbəblə istifadə olunur. Məlumdur ki, danışma mərkəzi adətən beynin sol tərəfindədir
Birinci
 səbəb əgər xəstənin danışma mərkəzinə yaxın nahiyədə əməliyyat ediriksə, (məsələn, bu mərkəzə yaxın bir şiş var və o cərrahi müdaxilə ilə çıxarılmalıdırsa) xəstənin nitq qabiliyyətinə zərər verməməyimiz lazımdır. Xəstə ümumi anesteziya yolu ilə yatırdılarsa, aparılan əməliyyat proseslərinin onun danışığına təsir edib-etmədiyini test etmək mümkün olmayacaq. Ona görə də bəzi xəstələri lokal anesteziya ilə keyləşdirərək əməliyyat edirik. Oyanıq əməliyyat bir qədər çətindir. Həm xəstə, həm də həkim üçün stresslidir. Bunun  2 üsulu var, ya xəstəni yatızdırırsınız və əməliyyat bölgəsini açdıqdan sonra oyandırırsınız, ya da xəstə tamamilə oyaq olur. Başın müəyyən hissəsi uyuşdurulur və xəstə heç nə hiss etmir. Amma hər şeyi görür və eşidir. Əməliyyat zamanı xüsusi bir həkim davamlı olaraq xəstəni danışdırır, planşetdə müxtəlif şəkillər göstərərək şəkildəki cismin adını soruşur və s. Cərrahi əməliyyat edərkən danışma mərkəzində bəlli bir bölgəni xəbərdar edirik. Həmin hissəni xəbərdar edəndə xəstənin danışığı pozularsa, həmin bölgəyə toxunmuruq.

İkincisi, qolu-ayağı hərəkətə gətirən bölgəyə yaxın yerdə əməliyyat ediriksə, xəstənin əlini, qolunu test edirik. Xəstələrə “ayağını qaldır”, “barmağını oynat” kimi tapşırıqlar veririk.

Digəri isə “Parkinson”  xəstələrinə edilir ( əlləri, qolları titrəyən xəstələr). Beyin pili yerləşdirərkən lokal anestezi üsulundan istifadə edilərək xəstə oyanıq olur. Pili yerləşdiririk və xəstənin titrəməsinin dayandığının  şahidi oluruq.

Oyanıq əməliyyatlar daha uzun olur. Davamlı danışaraq keçdiyi üçün səhər başlayan proses günortadan sonraya qədər davam edir.

Bir şeyi də qeyd edim ki, hər xəstədə aşağı səviyyədə də olsa, narkozdan ayılmama riski var. Təbii ki xəstənin dərmanlara (anestetiklər – ağrıkəsicilərə) verdiyi reaksiya önəmlidir. Son illərdə çox nadir hallarda narkozdan ayılmama halları ilə qarşılaşırıq. Yeni dərmanlar və  narkoz cihazları nəticəsində bu problemləri tamamən aradan qaldırmaq mümkün olacaq. Artıq xəstəyə alət taxılır və xəstəyə nə qədər narkoz vermək lazım olduğunu cihaz özü müəyyən edir. Bunun üçün həkim-anestezoloq seçimi çox önəmlidir. Biz xəstəni kimin yatırdacağını çox həssaslıqla seçirik.

Türkiyədə həkim-anestezoloq olmaq üçün özəl təhsil alır və ayrı - ayrı cərrahiyyələrdə ixtisaslaşıb uzman olurlar. Bizim tibb bacılarımız var ki, yalnızca beyin cərrahiyyəsi əməliyyatlarına girirlər.

- Bu əməliyyatlarda danışığını itirən olubmu?

- Tez-tez, həm də xüsusi həkim tərəfindən  yoxlanmasına baxmayaraq danışığını itirən xəstələr olur. Bizim əməliyyata girən bir xəstə 3 dildə, ingiliscə, almanca və türkcə danışa bilirdi. Əməliyyatdan sonra, türk dilində soruşduğumuz suala almanca, alman dilində soruşduğumuz suala isə ingiliscə cavab verərək müəyyən problemlər yaşayırdı. Məsələn, fincanı göstərib: “ bu nedir?”- deyə verilən türkcə sualı ingilis dilində “cup” deyə cavablayırdı. Bir ay sonra  hər şey yoluna düşdü, problemlər aradan qaldırıldı.

Biz əməliyyat zamanı neuro-monitörizasyon  istifadə edirik. Modülasyon xəstə yatdıqdan sonra qola, ayağa gedən bütün sinirləri ölçən bir sistemdir. Əməliyyat zamanı məhz  bunu izləyən bir komanda olur. Məsələn, həkim deyir ki, boyundan çıxan sinirlərdə bir problem var. Biz də bunu nəzərə alaraq çalışırıq. Lakin bütün bu nəzarətlərə rəğmən yenə bəzi problemlər yarana bilər. Biz həmin sistemin yaxşı işlədiyindən əminiksə, xəstəyə rahatlıqla qolun-ayağın işləmir, amma bir həftəyə və ya 10 günə düzələcək deyə bilirik. Son zamanlarda belə etibarlı əməliyyatlar edilməyə başlanılıb ki, bunun üçün də xüsusi bir komanda lazımdır.

- Ən uzun əməliyyatınız neçə saat çəkib?

- Keçmiş zamanlarda texnologiya köhnə olduğundan ən uzun əməliyyatım 31 saat çəkib. İndi isə 10-12 saatı keçən əməliyyatlara nadir rast gəlinir. Qulağın arxa tərəfində yaranan xoşxassəli bir şiş var ki, həmin şişin yerləşdiyi bölgədə sinir-damar sıxlığı var. Onları zədələmədən, mikroskop altından incə-incə əməliyyat etmək lazımdır. Çətin əməliyyatdır, yavaş və diqqətli olmaq əsas şərtdir. Bu səbəbdən digər əməliyyatlarla müqayisədə bir qədər uzun sürə bilər. Mənim son illərdə etdiyim ən uzun əməliyyat 13 saat davam edib. Əməliyyatdan çıxanda əlcəyin içində o qədər qalmışdı ki, əllərim bəmbəyaz idi.

- Sizcə italiyalı cərrah Sergio Kanaveronun uğurlu olacağını iddia etdiyi baş nəqli əməliyyatı necə nəticələnəcək?

- Ən çox ajotaj yaradan əməliyyat baş nəqli olacaq. İtaliyalı həkim Sergio Canavero  bunu edəcəyini iddia edir. Bu əslində baş transplantasiya deyil də, başa vücud nəqlidir. Bunu etmək mümkündür. Amma onurğa beynini nəql olunmuş başa heç bir şəkildə bağlaya bilməzsiniz. Beyin çalışa bilər, amma boğazdan aşağı hissə iflic olacaq. Bu onsuz da iflic olan insana ediləcək bir əməliyyatdır. Onun boğazdan aşağısının işləməsi kimi bir şans yoxdur. Fikrimcə, bu əsassız iddiadır və mənasız bir əməliyyat olacağını düşünürəm. Bunu öz aramızda da müzakirə edirik. Sual yaranır ki, bu həkimin neçə belə xəstəsi ola bilər ki?

Onurğa beynini biri-birinə bağlamaq imkansızdır. Qarşı-qarşıya gətirib tiksəniz belə heç bir nəticə verməz. Çünki içində onlarla, minlərlə sinir var ki, o sinirləri mikroskopda belə görmək  mümkün deyil.

İtaliyalı həkimi şəxsən tanımıram. Lakin necə nəticələnəcəyini görmək üçün, əlbəttə ki, izləyirəm. Ümümi olaraq cərrahlar bu əməliyyatı etik hesab etmir, həm də etməsinin fayda gətirəcəyi  bir şey deyil. Buradakı damarları kəs, sonra bağla bir-birinə, onurğa beynini bağlaya bilmədiyin müddətdə  nə mənası var? Bir insanın başını bədənindən ayıracaq və başqa bir bədənə nəql etməsi mümkündür. Yan-yana iki əməliyyat masası olacaq. Amma nəticəsi olmayacaq.

Mənə isə ən qəribə gələn əməliyyatlar başından yapışıq əkizlərin ayrılmasıdır. Düşünürəm ki, beyin cərrahiyəsinin ən çətin əməliyyatıdır. Bizim ölkəmizdə bir dəfə belə əkizlərin doğulmasının şahidi olmuşuq, amma onlar da əməliyyat edilməmiş həyatını itirib. Dünyada bu əməliyyatı edə bilən bir neçə həkim var. Onlardan birini dinləmə fürsətim olub. 23 belə əməliyyat keçirərək başdan yapışıq əkizləri ayırıb. Çox çətin əməliyyatdır. Mən daha çox bu haqda məlumat toplayıram ki,  belə xəstə olduğu halda, necə əməliyyat etmək barədə hazırlıqlı olum.

- Beyindən şişi çıxardıqdan sonra yenidən yaranma ehtimalı nə qədərdir?

- Şişlər 2 yerə ayrılır, xoşxassəli və bədxassəli şişlər. Xoşxəssəli şişlər çıxarılandan sonra yenidən yaranma ehtimalı yoxdur. Bədxassəli olanların isə bir qismi beyin toxumasına bənzəyir. Bunlar beyinə yayılmış şişlərdir. Onların hamsını tamamilə çıxarmaq çox çətindir və yenidən ortaya çıxırlar. Amma bədxassəlilərin də içində daha yavaş inkişaf edənləri var.  Onları kimyaterapiya və digər müalicə vasitələriylə müalicə edəndə yenidən yaranması nadir hallarda baş verir. Xərçəng xəstəliyinin  müalicəsində son dərəcə inkişaf var.Belə əməliyyatlarda  mikroskopdan, xüsusi boyalardan istifadə edirik. Dərman veririk. Şiş sarı rəngdə olur, beyin isə çəhrayı qalır. Beləcə sarı olan hissəni,yəni, şişi çıxardırıq.

Beyinə zərər vermədən dərman müalicələsi də dəyişib. Yeni  dərmanlar çıxıb. Belə xəstələrin yaşama müddəti əvvələr çox az idi, 6 ay maksimum 1 il olurdu.  İndi 2, 5 hətta 10 il yaşayan xəstələr var.

Çıxardığımız şişi labaratoriyaya göndəririk. Orda bu şişlər analiz olunur. İndi analiz  forması da dəyişib. Molekulyar  genetik araşdırma aparılır. Şişin yenidən çoxalma ehtimalının olub-olmadığını sizə deyə bilirlər. Əlinə sənəd gələndə deyə bilirsiniz ki, məsələn, bu şiş bədxassəlidir, amma çox da sürətli böyümür. Və yaxud da əksi.

- Türkiyəli həkimlər müsahibələrində qeyd edir ki, Azərbaycandan həkimlər müalicəsi asan olan xəstələri də xarici ölkələrə yollayırlar. Bununla bağlı nə deyə bilərsiniz?

- Türkiyədən də bir çox xəstələr xaricə gedirlər. Bu fərdi seçim məsələsidir. Bizim ölkəmizdə beyinlə bağlı edilməyən əməliyyat yoxdur. Keçmişdə bəzilərini edə bilmirdik və  deyirdik ki, bizdə bu əməliyyat yoxdur, müalicəsi başqa ölkədə mümkündür. “Burada da əməliyyat oluna bilərsiniz. Hansı ölkəni seçəcəyiniz isə sizin öhdənizə buraxılır”- deyə məsləhət görüb, seçimin xəstənin öz ixtiyarına buraxırıq. Azərbaycanın buradakı imkanlarını dəqiq bilmirəm. Çox ehtimal ki, sizin həkimlərin təcrübələrinin az olduğu və yaxud heç etmədikləri bir əməliyyat səbəbindən xəstələr xaricə göndərilə bilər.


- İnsanlar özlərini beyin və sinir xəstəliklərindən qorumaq üçün nə edə bilərlər? Hansı beyin – sinir xəstəliklərinin qarşısını almaq mümkündür?

- Təbii olaraq, bəzi xəstəliklərdən müəyyən yollarla qoruna bilərik. Vücudumuzun damar sistemini korlayan ünsürlər, eynən beyin damarlarını da korlayır. Məsələn, yüksək təzyiq, siqaret. Hesab edirəm ki, beyin damarlarının pozulmasına ən çox səbəb olan faktor siqaretin qəbuludur.

Yüksək təzyiqin özü də önəmli bir faktordur. Təzyiqin normadan artıq yüksəlməsinə və damarı zədələməsinə icazə verməmək lazımdır.

Əgər şəkər xəstəliyiniz varsa, bu xəstəlik orqanizmdə 3 yerin fəaliyyətinə mənfi təsir göstərir. Beyin, göz və sinirlərə. Əgər ailədə və ya gendə şəkər xəstələri varsa, xəstəliyin əlamətlərindən bir və bir neçəsini özündə daşıyan şəxsi tez-tez və ciddi müayinə etmək lazımdır. Bu faktorlar bizim bütün vücudumuzla əlaqəli olsa da, beyinə daha tez təsir edir. Bunların qarşısını almaqla beyin damar xəstəliklərindən qismən də olsa, qorunmamız mümkündür.

Amma məsələn, beyində şişlərin niyə və necə yaranması bütün düya üçün sirrdir. Bunu bilmirik. Bunları ortaya çıxaran səbəbin nə olduğunu bilmədiyimiz üçün də qarşısını almaq çətinləşir. Buna bir sıra səbəblər göstərilir ki bunların bəzilərindən imtina etmək mümkün deyil, digərlərinin isə real səbəb olduğu həmişə sübut olunmur . Məsələn, radiasiya, konservat maddələr, stress və s. səbəb kimi göstərilir.

Stress elə bir emosianal haldır ki, xərçəngin yaranma səbəbi kimi də, təbii ki, önəmli bir faktordur, çünki bu vücudumuzun xəstələndiyini bizə xəbər verən sistemin həssaslığını azaldır və nəticədə biz orqanizmimizdə baş verən pataloji və psixoloji dəyişikliklərdən xəbərsiz oluruq. Lakin stress olmaz və bizim immunitet sistemimiz güclü olarsa, o zaman vücudumuz özündə olan problemləri hiss edərək daha çox biruzə verər və mübarizə aparar. Necə ki bədənimiz bir mikroba və ya virusa bulaşdığında təcili olaraq yad cismi uzağlaşdırmağa çalışar. Xərçəng isə bədənin öz hüceyrələri hesabına çoxalır deyə immun sistemimiz onu yad cism kimi tanımır və fərqində olmur. Bunun qarşısını almaq da bu səbəbdən əksər hallarda mümkün deyil.

Bəzi uşaqlıq dövrü beyin xəstəliklərinin qarşısını almaq mümkündür. Çox erkən dönəmlərdə, hələ uşaq ana bətnində olarkən, müxtəlif testler edilər, ciddi müayinələr aparılarsa, hamiləliyin ilk 2-3 ayında ananın beyin sinir sistemi baxımından problemli bir uşaq dünyaya gətirəcəyi diaqnozunu qoymaq mümkündür.

 - Əməliyyat sırasında vəfat edən xəstələriniz olubmu?

- Hələ assistent olduğum dönəmlərdə əməliyyat zamanı vəfat edən xəstələr olurdu. Qeyd edim ki, həmin vaxtlarda tibbi texnika bu qədər inkişaf etməmişdi. Hətta mən assistent olduğum vaxtlarda, beyin sinir cərrahiyyəsinin təhsilini alarkən vəfat edən xəstələri gördükcə, bu işdən əl çəkmək istəyirdim.

Müəllimim mənə dedi ki, - “mən assistent olarkən əməliyyat olunan xəstələrin 50%-i ölürdü, indi isə çox azı ölür. İnanıram ki, sən peşəkar həkim olarkən isə heç bir xəstə ölməyəcək”.

Həqiqətən də bu gün əməliyyat masasında ölən xəstələrimiz olmur. Belə bir halla uzun zamandır ki, qarşılaşmamışam. Çox ağır vəziyyətdə gələn, təcili əməliyyata alınan xəstələri, əgər bir neçə orqanında da problem olarsa, itirməyimiz mümkündür. Lakin müəyyən əməliyyat öncəsi hazırlıq görülən xəstələrin əməliyyat sırasında itirilməsi deyə bir şey yoxdur.

1 -2 ay müddətinə tamamilə huşsuz qalan xəstələrimiz olub. Bu hal daha çox beyin-damar xəstəliklərindən əməliyyat olunan xəstələrdə müşahidə edilir. Ümumiyyətlə yaşlı xəstələr, təbii olaraq, daha uzun müddətə sağalırlar. Bunun əksi olaraq isə uşaqlarda sağalma prosesi  daha tez gedir.

- Sizcə, sinir sistemi xəstəliklərindən hansı gələcəyin ən təhlükəli xəstəliyi ola bilər?


- Bir müddət əvvəl bu sahənin ən təhlükəli xəstəliyi beyin xərçəngi idi. İndi isə az-çox onun həllini tapmağa başlayıblar. Çox ehtimal ki, irəliləyən 4-5 il müddətində bu sahədə yenə də ciddi inkişafın şahidi olacağıq.

Hazırda qarşısını ala bilmədiyimiz xəstəliklərdən ən təhlükəlisinin beyin qanaması ( beyin-damar baloncuqlarının partlaması ) olduğunu hesab edirəm. Bunların bir qismini önləyib, qarşısına keçərək qanamadan əvvəl aşkar edə bilmirik. Bu ciddi təhlükədir və hesab edirəm ki, inkişafı üçün mütləq şəkildə bəzi tədbirlər görülməlidir. Təəssüflər olsun ki, beyin qanamasının geri dönüşü, demək olar ki, yoxdur. Əgər beyin çox qanayarsa, mütləq öldürər. Qısaca, belə demək mümkündürsə, hətta bu xəstələrin 30%-i xəstəxanaya çatmadan dünyasını dəyişir. Xəstəxanaya gəlib çatan 70% xəstənin böyük bir qismi sağlamlıqlarına tam da qovuşmurlar, bir tərəfləri iflic olur və s.


- Beyin-sinir cərrahiyyəsi sahəsində Azərbaycan səhiyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan son illərdə çox inkişaf etməyə başlayıb. 10 ballıq sistemlə Azərbaycana müəyyən bir bal versəm, inanmıram ki obyektiv olsun. Türkiyənin isə məhz beyin-sinir cərrahiyyəsi sahəsində dünya təcrübəsində ilk 10-luqda olduğunu əminliklə deyə bilərəm. Amma hər-halda biz də ölkə olaraq  bu sahədə birinci deyilik. Məsələn, mən Almaniya, İngiltirə, Amerikanın müxtəlif klinikalarında olmuşam. Onların da özlərinin həm yaxşı, həm də zəif olan klinikaları var. Bu bütün dünyada belədir. Bizim ölkəmizdə də bütün beyin cərrahiyyəsi bölümləri eyni deyil. Çox pis olanı, real olaraq uğurlu işlər görülməyən bir sıra yerlər də var. Yanaşı olaraq peşəkar fəaliyyət göstərən klinikalar da var. Məsələn, İstanbulda təxminən 50 xəstəxana varsa və onların 10-u yaxşı qiymətləndirilirsə, biz bilirik ki onların da tam olaraq 2 və ya 3-də doğru - düzgün və tam peşəkar işlər aparılır. Azərbaycanda bununla bağlı çox da bir şey deyə bilməyəcəm. Çünki burada yalnız ən azı 10 klinikada olub onların nə işlə məşğul olduqlarını, nə edib nə edə bilmədiklərini gördükdən sonra obyektiv dəyərləndirmə edə bilərəm. Bunu demək mənim üçün bir az çətindir.

- Adətən hansı xəstələrə həkimlər tərəfindən səhv diaqnoz qoyulur?

- Özəlliklə bəzi anadangəlmə xəstəliklər ( bir sıra beyin çatızmazlıqları ) vardır ki, həkimlər onu, adətən, yanlış olaraq beyin xərçəngi kimi qiymətləndirirlər. Təcili əməliyyat lazımdir deyə, qeyd edirlər. Belə hallarla çox qarşılaşırıq. Bəzi kistlərin, anadangəlmə beyində olan bəzi xoşxassəli şişləri “təcili əməliyyat göstərişi” kimi xəstələrə təqdim edirlər və bu da xəstələrdə müəyyən şübhə yaradr. Başqa işini bilən, peşəkar həkim onu nə qədər inandırmağa çalışsa da ki, bu səndə doğuşdan var, xəstə inana bilmir, əməliyyat olunmaq üçün can atır. Düşünürəm ki, bu məsələlərdə bir sıxıntımız var. Xüsusilə MRT-ni dəyərləndirən həkim – radioloq  çox önəmlidir.

 

Nəzrin  CAVİD
Nəzrin RÜSTƏMOVA

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda daha 119 əcnəbi saxlanılıb
21.09.2018, 12:22

Azərbaycanda daha 119 əcnəbi saxlanılıb

Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb - FOTO
21.09.2018, 12:20

Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb - FOTO

Bakıda güclü yanğın - VİDEO   
21.09.2018, 12:17

Bakıda güclü yanğın - VİDEO  

Moskvadan Trampa: “Odla oynamaq axmaqlıqdır”
21.09.2018, 12:16

Moskvadan Trampa: “Odla oynamaq axmaqlıqdır”

Oqtay Əsədov: “Cümhuriyyət parlamenti dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb”
21.09.2018, 12:10

Oqtay Əsədov: “Cümhuriyyət parlamenti dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb”

Yüksək balla tələbə ola bilməyənlərlə bağlı Məleykə Abbaszadədən AÇIQLAMA
21.09.2018, 11:59

Yüksək balla tələbə ola bilməyənlərlə bağlı Məleykə Abbaszadədən AÇIQLAMA

Ermənilər Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxdılar - Vətəndaşlıq verilə bilər
21.09.2018, 11:58

Ermənilər Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxdılar - Vətəndaşlıq verilə bilər

Etimad İsmayılovun cənazəsi Nardaran qəbiristanlığına götürüldü - FOTO   
21.09.2018, 11:52

Etimad İsmayılovun cənazəsi Nardaran qəbiristanlığına götürüldü - FOTO  

UNEC dəyərlərini təsdiqlədi   
21.09.2018, 11:43

UNEC dəyərlərini təsdiqlədi  

Yol qəzasında 15 nəfər öldü
21.09.2018, 11:42

Yol qəzasında 15 nəfər öldü

Böyük Azərbaycanlılar - Misilsiz Üzeyir bəy
21.09.2018, 11:39

Böyük Azərbaycanlılar - Misilsiz Üzeyir bəy

Türkiyədə 110 hərbçi həbs edildi
21.09.2018, 11:34

Türkiyədə 110 hərbçi həbs edildi

Bakıda 3D formatlı piyada zolaqları qurulacaq?.. - AÇIQLAMA  
21.09.2018, 11:33

Bakıda 3D formatlı piyada zolaqları qurulacaq?.. - AÇIQLAMA  

Əlil arabasında olanlar da Bakı metrosundan istifadə edə biləcək
21.09.2018, 11:31

Əlil arabasında olanlar da Bakı metrosundan istifadə edə biləcək

Günəşi Təbriz, günlüyü Şuşa qalası - Nurəngiz Gün
21.09.2018, 11:30

Günəşi Təbriz, günlüyü Şuşa qalası - Nurəngiz Gün

Tramp azərbaycanlı gənci ABŞ-ın “qara siyahı”sına saldı
21.09.2018, 11:29

Tramp azərbaycanlı gənci ABŞ-ın “qara siyahı”sına saldı

Qəbul imtahanlarda sualların formatı dəyişdiriləcək - Məleykə Abbaszadə
21.09.2018, 11:28

Qəbul imtahanlarda sualların formatı dəyişdiriləcək - Məleykə Abbaszadə

“Facebook” prezidentliyə namizədlərlə reklam təklif etdi
21.09.2018, 11:26

“Facebook” prezidentliyə namizədlərlə reklam təklif etdi

Parlamentin xüsusi iclasından FOTOLAR   
21.09.2018, 11:10

Parlamentin xüsusi iclasından FOTOLAR  

Ordumuz gecə vaxtı döyüş atışları keçirdi - FOTO+VİDEO
21.09.2018, 11:09

Ordumuz gecə vaxtı döyüş atışları keçirdi - FOTO+VİDEO

İcazəsiz ov edən əcnəbilər CƏRİMƏLƏNDİ
21.09.2018, 11:06

İcazəsiz ov edən əcnəbilər CƏRİMƏLƏNDİ

Qida İnstitutu işçi axtarır - yüksək maaş var
21.09.2018, 11:02

Qida İnstitutu işçi axtarır - yüksək maaş var

Rektor Sudan Milli Assambleyasının sədri ilə görüşüb 
21.09.2018, 11:00

Rektor Sudan Milli Assambleyasının sədri ilə görüşüb 

Gözəllik salonundan oğurluq edən tutuldu
21.09.2018, 10:59

Gözəllik salonundan oğurluq edən tutuldu

Azərbaycan çarter reyslərin sayını artırır
21.09.2018, 10:55

Azərbaycan çarter reyslərin sayını artırır

Bakıda dəhşətli qəzada həlak olan 4 nəfərin adı MƏLUM OLDU 
21.09.2018, 10:50

Bakıda dəhşətli qəzada həlak olan 4 nəfərin adı MƏLUM OLDU 

Tramp Azərbaycana rəqib layihəyə görə yeni cəbhə AÇIR
21.09.2018, 10:48

Tramp Azərbaycana rəqib layihəyə görə yeni cəbhə AÇIR

Bakının bu ərazilərində su olmayacaq
21.09.2018, 10:47

Bakının bu ərazilərində su olmayacaq

Heyvan bazarlarını dərmanladılar - FOTO
21.09.2018, 10:37

Heyvan bazarlarını dərmanladılar - FOTO

Vüsal Həsrətlinin mühəndislik sevgisi - MÜSAHİBƏ
21.09.2018, 10:34

Vüsal Həsrətlinin mühəndislik sevgisi - MÜSAHİBƏ

Elmar Məmmədyarov Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək    
21.09.2018, 10:31

Elmar Məmmədyarov Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək   

Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib - 3 milyard dollar
21.09.2018, 10:28

Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib - 3 milyard dollar

Almaniyaya köçən azərbaycanlı jurnalistin keçmiş həyat yoldaşı ondan şikayət etdi   
21.09.2018, 10:20

Almaniyaya köçən azərbaycanlı jurnalistin keçmiş həyat yoldaşı ondan şikayət etdi  

Prezident Milli Məclisin xüsusi iclasına gəldi - FOTOLAR
21.09.2018, 10:15

Prezident Milli Məclisin xüsusi iclasına gəldi - FOTOLAR

Qafqazda ilk BMW-nin sahibi Tağıyevdir - FOTO
21.09.2018, 10:14

Qafqazda ilk BMW-nin sahibi Tağıyevdir - FOTO

ARXİV