Modern.az

Azərbaycanlı yazıçıların Stalinin “sağ əli” olan Molotovla görüşü - XATİRƏ

Azərbaycanlı yazıçıların Stalinin “sağ əli” olan Molotovla görüşü - XATİRƏ

Mədəni̇yyət

10 Yanvar 2018, 00:29

Modern.az tanınmış yazıçı, dramaturq Firuz Mustafanın sovet rejiminin ən məşhur simalarından olan, Stalindən sonra bir zamanlar ikinci rəhbər sayılan Vyaçeslav Mixayloviç Molotov haqqındakı xatirəsini, daha doğrusu, onunla görüş tarixçəsini təqdim edər. Firuz müəllimin xatirəsində Molotovla görüşən başqa iki yazıçımızın da adı çəkilir:

Mən Molotovu görmüşəm...
Bəli, söhbət Stalinin ən yaxın silahdaşından gedir.


Molotovdan ta... “Molotov kokteylinə” qədər uzun bir ömür

 

Kitabxana zalının girişində kiçik bir növbə yaranmışdı. Məndən bir az aralıda ortaboylu, eynəkli, ciddi görkəmli, enli alınlı, saçına və bığına dən düşmüş, səliqəli geyimli bir kişi dayanmışdı. Mən bu adamı son vaxtlar tez-tez kitabxanada görürdüm. Onun sifəti çox tanış gəlirdi. Bu adamı hər dəfə görəndə özüm-özümə sual verməli olurdum: görəsən, mən onu haradan tanıyıram? Bu boyda şəhərdə belə bir şəxsi tanışımın olmamasına yüz faiz əmin idim. Çünki Moskvadakı tanışlarımı az qala adbaad tanıyırdım. Bu adamı, daha doğrusu onun şəklini isə, olsa-olsa ya televizorda, ya dərslikdə, ya da qəzet-kitab səhifəsində görə bilərdim. Çox güman ki, məşhur yazıçı və yaxud alımlərindən biridir, sadəcə olaraq indi onun kimliyini yada sala bilmirdim. 

 

 


Arabir yaxınlıqdakı “tanışıma” altdan-altdan göz qoyurdum. Növbəmiz yetişəndə bilərəkdən ayaq saxladım ki, əvvəlcə bu yaşlı adam keçib getsin. Kişi təşəkkür edirmiş kimi başını yüngülcə tərpədib irəli keçdi, oxucu biletini girişdə dayanmış qadına uzatdı. Qadın kişinin əlindəki vərəqə giriş üçün ştamp vurub ehtiramla dilləndi:
- Buyurun, Vyaçeslav Mixayloviç.


Kişi kitabxananın pillələrinə yaxınlaşıb ora-bura boylandı, sonra ani olaraq nəsə fikirləşib qıvraq addımlarla oxu zalına sarı döndü.
Arxa tərəfdən kimsə dilləndi:
- İndicə içəri keçən adam Molotov deyildi ki?


Kitabxanaçı qadın cavab verdi:
- Bəli, Molotov idi.


- O, hələ sağdır?


- Görürsüz ki, sağdır.


Başqa bir adam da bu “diskussiyaya” qoşulub dedi:
- Deməli, Stalin də indiyəcən sağ qala bilərmiş...


Son günlər kitabxanada rastlaşdığım bu adamın kimliyini mən yalnız indi bildim”.

Yazıçı o zaman Molotovun adını eşidəndə çox təəccüblənib. Çünki Molotov elə bir şəxs idi ki, ona elə tarixin özü kimi baxırdılar. İnsanlar belə şəxsləri ancaq arxiv sənədlərində görməyi düşünürlər. Amma Firuz Mustafa ilə yanaşı, başqa gənclər onu gözlərinin qarşısında görür və buna çox təəccüblənirlər.

Əminəm ki, hörmətli oxucuda əsasən, “Molotov kokteyli” ifadəsi ilə tanınan bu şəxsin kimliyi barəsində maraq oyandı. Firuz Mustafa elə təəssüratını bölüşən zaman onun kimliyi barəsində də ətraflı məlumat verir. Molotov, həqiqətən də, həm dövlət, həm partiya sıralarında uzun bir yol qət edib:

 

 
“Vyaçeslav Mixayloviç Molotov vaxtilə SSRİ-nin başçılarından biri, daha doğrusu “ikinci rəhbəri” olmuşdu. O, Stalin komandasının sədaqətli üzvlərindən biri hesab olunurdu.
Molotov 1890-cı ildə anadan olmuşdu. Əsl soyadı Skryabin idi. Onuşaqlı ailənin sayca üçüncü övladı idi. Ailənin digər üzvləri sonralar öz əzəli familiyalarını daşısılar da, Vyaçesalav sonralar özünə inqilabi bir təxəllüs götürmüşdü və onun vaxtilə “Skryabin” olduğunu çoxları bilmirdi. Onun qardaşlarından biri isə-Nikolay Mixayloviç, “Nolinskiy” soyadı ilə tanınmış bəstəkar oldu. 


Mixail Skryabin istedadlı uşaq idi. Uşaq vaxtı yaxşı skripka çalırdı. Hətta, arada öz gələcək həmkarı Stalin kimi şeir yazmağı da vardı. Yeri gəlmişkən, Stalin komandasının gələcək Baş naziri 1912-1913-cü illərdə “Pravda” qəzetində redaksiya müdiri vəzifəsində çalışarkən orada Koba ilə, yəni Stalinlə tanış olmuşdu. Mixail məhz bu tanışlıqdan sonra, 1915-ci ildə özünə inqilabi “Molotov” təxəllüsünü götürdü.


Molotov inqilabdan sonra bir müddət Rusiya Bolşeviklər partiyasının katibi vəzifəsində çalışır. Amma bir müddət sonra, 1921-ci ildə, bu vəzifəyə Zinovyev və Kamenevin məsləhəti ilə Stalin seçilir və Baş katib postunu tutur. 


Leninin vəfatından sonra Vyaçesalav Molotov hakimiyyət uğrunda gedən mübarizədə daim Stalini dəstəkləyir.


Bildiyimiz kimi, Lenindən sonra Xalq Komissarları Şurasının sədri Aleksey Rıkov seçilmişdi. 1930-cu ildə Rıkov vəzifədən kənarlaşdırıldı, onun yerinə Molotov təyin edildi. Az sonra Stalinin “dostları” Zinovyev, Kamenev, Buxarin, Rıkov güllələndi.


1939-cu ildə SSRİ-nin xarici işlər komissarı Maksim Litvinovu artıq böyük partiya və təsərrüfat təcrübəsi olan Molotov əvəz etdi.


1941-ci ildə Hitler Almaniyası SSRİ-yə hücum edərkən bu barədə radio ilə çıxış edərək sovet xalqına ilk geniş məlumatı da Molotov vermişdi. Uzun illər bu müraciətdə onun işlətdiyi qanadlı frazalar dillər əzbəri oldu: “Bizim işimiz haqq işidir. Düşmən darmadağın ediləcək. Qələbə bizimlədir”.

 

 


Müharibədən sonrakı illərdə Molotovla Stalinin arasında bir “soyuqlaşma” başladı. Elə buna görə də Vyaçeslav Mixayloviç 1949-cu ildə öz vəzifəsi ilə vidalaşmalı oldu, onu baş diplomat vəzifəsində Andrey Vışinski əvəz etdi. Molotov MK Rəyasət heyətinin tərkibində qalsa da, tez-tez Stalinin tənqidinə məruz qalırdı. Az sonra onun arvadı Polina Jemçujina həbs edildi. Yeri gəlmişkən, Stalinin ölkəyə rəhbərliyi dövründə vəzifədə olan bir çox görkəmli dövlət xadimlərinin arvadları ya həbs edilmiş, ya da sürgünə göndərilmişdi. Bunlara misal olaraq “Ümumittifaq ağsaqqalı”-SSRİ Ali Sovetinin sədri Mixail Kalinin arvadı Yekaterina Lorberq-Kalinina, Xruşşovun gəlini Lyubov Sizıx- Xruşşova və digərlərini göstərmək olar. 


Hətta  rəhbərin öz yaxın qohumları da həbs edilmişdi. Onun birinci arvadının az qala bütün qohumları, ikinci arvadı Nadejdanın bacısı Anna Sergeyevna Alliluyeva-Redens 1948-ci ildə Polina Semyonovna Jemçujina ilə birgə həbs olunmuşdu. O, yalnız Stalin öləndən sonra bəraət almışdır.


Stalinin vəfatından sonra Molotov yenidən Xarici işlər naziri vəzifəsini tutur, lakin iki il sonra, 1956-cı ildə tutduğu vəzifədən azad edilir. O zaman SSRİ-nin üç şəhəri Molotovun adını daşıyırdı; tezliklə həmin şəhərlərin adı dəyişdirildi. Təcrübəli diplomat 1957-ci ildə “antipartiya” qrupunun üzvü elan edilsə də, 1959-cu ildə Monqolustana səfir təyin olunur. 1961-ci ildə 21-ci partiya qurultayında Xruşşov və onun tərəfdarları Molotovun partiya sıralarından qovulmasını tələb edirlər və tezliklə bu məsələ öz həllini tapır. O, 1963-cü ildən təqaüdə göndərilir. Yalnız aradan iyirmi ildən çox bir zaman keçəndən sonra, 1984-cü ildə onun kommunist partiyasına üzvlüyü bərpa olundu. Bu o zamanlar idi ki, Konstantin Çernenko Baş katib idi. Molotovun yenidən partiya sıralarına qayıtmasının təşəbbüskarı isə filosof Riçard Kosolapov olmuşdu.


Vyaçesalav Molotov 1986-cı ildə qəzetlərdən birinə verdiyi müsahibədə artıq səksən illik partiya stajına malik olduğunu deyirdi”.

 

Firuz Mustafa həm Molotov, həm də vaxtı ilə onunla eyni sıralarda çalışan şəxslərin sağolma  barəsində maraqlı faktları qeyd edir:


“Mənim indi haqqında söhbət açdığım çağlarda (80-ci illərdə) keçmişdə yüksək vəzifə adamlarının həyatı az qala tam məxfi saxlanılırdı. Halbuki onların bir çoxu, hətta, Stalinin ən yaxın əhatəsində olanların əksəriyyəti hələ sağ idi. 


Sən demə, o zaman SSRİ-nin keçmiş rəhbərləri Lazar Kaqanoviç, Georgi Malenkov, Dmitri Şepilov  da sağ imiş. Biz bu məlumatları yalnız “aşkarlıqdan” sonra əldə edə bildik. Amma həmin adamlar, “Stalin qvardiyasının” üzvləri demək olar ki, həyatlarının sonuna qədər susmağa üstünlük verdilər.


...Vaxtı ilə Moskvada payız yağışlarının aravermədən yağdığı bir zamanda Lenin adına kitabxanada gördüyüm keçmiş Baş nazir Vyaçesalav Molotov 1986-cı ilin 8 noyabrında vəfat etdi.

 

 


İndi mən bir şeyi də xatırladım: SSRİ-nin keşmiş baş naziri zahiri görkəmi ilə Azərbaycanın hal-hazırkı Baş naziri Artur Rasizadəyə çox oxşayırdı”.

 

Sən demə, Molotovla görüşən, yeganə yazıçımız Firuz müəllim olmayıb:


“Xatırımdadır, mən Moskvadan qayıdandan sonra televiziyaya getmişdim. Ədəbi dram Baş redaksiyasının Baş redaktoru yazıçı Nahid Hacızadə və onun müavini Gəray Fəzli ilə söhbət zamanı Molotovun hələ sağ olduğunu, tez-tez kitabxanaya gəldiyini dedim. Yazıçı həmkarlarım bir-birinə baxıb güldülər. Mən təəccübləndim.


Vaxtı ilə səsini müharibədə itirmiş Gəray Fəzli xırıltılı səslə dedi:
- Bizim gülməyimizin səbəbi var.


Soruşdum:
- O nə səbəbdir elə?


Gəray müəllim qısaca bunu dedi:
- Biz ötən qış Nahidlə Moskvaya getmişdik. Nahidin kitabının tərcüməçisi Tatyana Oşanina bizi öz ata evinə dəvət etdi. Tanyanın atası bu gün Rusiyanın ən məşhur şairlərindən biri Lev Oşanindir. Lev Oşaninsə məşhur yazıçı Qleb Uspenskinin kürəkənidir. Nə isə, getdik dünya şöhrətli şairin evinə. Qapını Lev İvanoviç özü açdı. Görüşdük. Bizi içəri dəvət etdi. Sən demə, Levin bizdən başqa da qonaqları varmış. Bir neçə general, habelə bir neçə titullu alım və yazıçı. Stolun başında əyləşən kim olsa yaxşıdır: Molotov... Elə bu gur məclisi də o idarə edirdi. Tanış olduq.


Nahid Hacızadə söhbətə qoşulub gülə-gülə dedi:
- Yaxşı, Gəray, bir onu da de görək Molotovdan sonra məclisin idarə olunması kimə həvalə olundu?


Gəray Fəzli gülüb dedi:
- Bizi görəndən sonra Vyaçesalav Molotov zarafatla dedi: “Madam ki, məclisə Azərbaycandan dostlar gəlib, onda mən tamadalıqdan imtina edirəm. Qafqazlılar olan yerdə mənim məclis aparmağım yerinə düşməz”.  

 

Hamımız onun sözünə güldük. Ortaya bir xeyli mübahisə də, düşdü. Heç birimiz bu məşhur adamdan sonra məclisi idarə etmək istəmirdik. Nəhayət, Oşaninin təkidi ilə Nahid məclisi aparmağa razılıq verdi”.

 

E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!