Modern.az

Zakir Sadatlının üzə çıxardığı sirlər və ağrılar - “AXC araşdırmaçıları”

Zakir Sadatlının üzə çıxardığı sirlər və ağrılar - “AXC araşdırmaçıları”

Ədəbi̇yyat

10 Yanvar 2018, 00:56

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi münasibətilə silsilə yazılarını davam etdirir. Artıq bir neçə aydır ki, bu layihəni – AXC-100-davam etdiririk. Lakin az nəzərə aldığımız bir detal var ki, silsilə yazılarda ona da diqqət etməyi lazım bildik. Söhbət Cümhuriyyət barəsində araşdırmalar aparan, bütün ömrünü, fəaliyyətini bu şanlı tarixə həsr edən araşdırmaçıların uzun illər bundan əvvəl çıxan ən maraqlı yazılarını təqdim etməkdən gedir.

 

Başlayaq, mərhum Zakir Sadatlıdan. O, elmi dərəcəsi olan alim olmayıb. Lakin yazıçılıq və jurnalistika ilə yanaşı, Cümhuriyyət dövrü ilə bağlı çox ciddi araşdırmalar aparıb. Bu araşdırmalar o zaman həm dövlət radiosunda, həm də o vaxtın mətbuat orqanlarında yayımlanırdı.

 

Qeyd edək ki, Zakir müəllim Cümhuriyyətlə bağlı araşdırmalar aparan zaman bu işlə çox az adam məşğul olurdu. Elə isə başladıq Zakir Sadatlı “İz - Cümhuriyyətdən Cümhuriyyətə” silsilə yazılarında ADR barəsində çox maraqlı essevari fikirlər səsləndirib:

 

İz haqqında yaddaşımdakı izlər

 

“...Başımız oynamağa qarışardı. Bir də o vaxt xəbər tutardıq ki, quzular yoxdu...

Ətraf qalın meşə, kol-kos və hava da qır duman... Evdə döyülmək qorxusu... Tap itiyini, görüm necə tapırsan...

Dərhal başlayırdıq əl ağacını qarışlamağa:

Əl ağacı...

Bel ağacı...

Mal itirib –

Mal tapan!

Əl ağacını qarışlaya-qarışlaya ölçüb, bu ibtidai nəğmələri təkrarlaya-təkrarlaya dodaqaltı vird eləyərdik. Bu “inanc nəğməsi”nin şərti beləydi ki, axırıncı misranı deyəndə “qarış” ağacın son ucuna çatırdısa, deməli, narahat olmağa dəyməzdi. Hər şey yaxşı qurtarmalıydı – itiyimiz tapılmalıydı...

 

Biz o vaxtlar çox uşaq idik. Bütün inamların sehriylə yaşayırdıq. Ürəyimizə, ruhumuza şübhələr, tərəddüdlər yol açmamışdı, cığır salıb iz qoymamışdı.

 

...Bir-iki saat ora-bura vurnuxardıq. Quzular tapılmayanda narahatlıq hissiylə o “mahnı” da, onun sehri də cəfəng söhbət kimi duyğularımızda küt bir iz qoyub qeybə çəkilirdi...

 

Uşaq hisslərini qamarlayan bu inam öz zəhmli görkəmindəki ciddiliyi “uzun müddət qoruyub” saxlaya bilməzdi.

   Şərəfli tariximizin Bir il on bir ayı!

 

Tarixin tabutu üstündə ağı

 

Fərqi yoxdu. Bu müddəti aylara bölüb iyirmi üç ay da demək olar. Lap bu ayları günlərə, günləri saatlara, dəqiqələrə, saniyələrə bölüb yuvarlaq bir rəqəm də almaq mümkündür. Lakin bu “riyazi əməliyyatlarla” zamanın konkret ölçüsünə, olub keçmiş vaxtın məna tutumuna heç nəyi əlavə edə bilmərik. Bu tarixə hansı səmtdən yanaşsaq da, duya biləcəyimiz qürur və şərəf hissi artıb-azalmayacaq.

Bu, bizim Tariximizdir!

Bu Tarix bizimdir!

Bu bizim alın yazımız, tale payımızdır!

Yerlərdən, göylərdən şəfa diləyəndə, dünyadan möcüzə istəyəndə, inancımıza and yeri axtaranda o İyirmi Üç Ayın mübarək dərgahına üz qoymalı olacağıq. Axı insan dünyanın bütün müqəddəsliyinə inanır. Tarix də vaxtın keçmişdə qalan bütöv və müqəddəs bir parçasıdır. O daim bu gün və gələcək üzərində öz hakimi-mütləqliyini saxlayır.

 

Tarix üçün “köks ötürmək qədər” qısa bir vaxt olan Müstəqil Azərbaycan Dövlətinin 23 aylıq mövcudluğu xalqımızın son yüzilliyindəki həyatında əsl siyasi intibah dövrüdür. Bütün Yaxın Şərqdə, habelə müsəlman dünyasında ilk demokratik respublikanın təsisi, milli dövlət quruculuğu xalqımızın azadlıqsevər, milli-bəşəri keyfiyyətlərinin təcəssümüdür.

 

Rəhmətlik Zakir müəllim çox peşəkar yazıçı idi. Dilinin rəvanlığı və səlisliyi publisistikası və ADR-lə bağlı araşdırmalarında özünü göstərir. Qarşımızdakı qəzet səhifəsini vərəqləyirik.... Zakir müəllim Cümhuriyyət tarixinə, onun fədailərinin ağrılı taleyinə necə gözəl işıq salır...

 

Tiflis qəbirstanlığına  ezamiyyət

 

...Sənədləri sahmanlayıb asudə nəfəs almaq istəyirdim ki, kinooperatorumuz hövlank özünü yetirdi.

Deyəsən, harasa tələsirdi.

- Qədeş, Tiflisə nə vaxt çıxırıq?

- Sabah axşam... qatarla.

- Orada nəyi çəkməliyik?

Düşünürəm: “Buna noolub, niyə narahatdı? Deyəsən, at almamış axur hazırlamaq istəyir”...

“Yox, zarafatsız ötüşmək mümkün deyil”.

- Fətəli xan Xoyskidən müsahibə almalıyıq – deyirəm.

- Hə...ə... (üzündəki ciddi təsdiq işarəsi ilə demək istəyir ki, guya hər şeyi kamali-ədəblə başa düşdü).

Duzsuz və yarılaqeyid zarafatımla heyrətamiz bir “kələfin ucunu ələ keçirmişəm” deyəsən. Hər halda, şübhələrimi tam dağıtmaq marağı ilə dilimi dinc qoymuram:

- Fətəli xan Xoyskini tanıyırsan da?

- Əlbəttə, qədeş!

- Görəsən, heç onu televiziyaya çəkən olubmu?

- Vallah, deyəsən “Xəbərlərin” uşaqları keçən il ondan müsahibə almışdılar. İndi mən öyrənib deyərəm sənə...

Operator dostum getdi “faktı” dəqiqləşdirməyə...

Mən isə başımı tutdum... getdim o illərə...

 

İz haqqında yaddaşımdakı 2-ci iz

 

... Sonralar özlüyümüzdə itik axtarışının guya bir az “sivil”, bir az da “ağlabatan” formasını tapmışdıq: İki çöp götürüb onlara gizlincə ad qoyardıq – “Əli püşkü”...

 

Və çöpləri, belə “adqoyma məşvərəti”ndən xəbərsiz olan üçüncü yoldaşımıza verərdik. O da “ad”ını bilmədiyi çöplərin hərəsini bir səmtə tullayardı. “Qanun beləydi ki, biz mütləq “Əli püşkü...” tuşlanan tərəfə getməliydik. İtiyimiz səmtdən tapılmalıydı.

 

Belə “axtarışlar”ın da təcrübəmdə gah uğurlu, gah da uğursuz nəticəsini görmüşəm. Amma insafla deyəndə  noolar, “birinciyə” baxanda “ikinci” inacımızın üstün tərəfləri olurdu. “Birinci” inancımızı sırf arxayınçılıq müşayiət edirdisə, “ikinci”də hərəkət, istiqamət və axtarış varıydı.

 

 

Amma bu, o demək deyil ki, Zakir müəllimin Cümhuriyyətlə bağlı yazılarının ancaq bədii gücü, esseistik göstəricilərinə diqqət yetirib. Xeyr! Faktlarla, arxiv materialları ilə işləmək, tarixə düzgün qiymət vermək onun yazılarının əsas xətti olub:

 

“Birinci Dünya Müharibəsi, Rusiyada fevral inqilabı və bütövlükdə dövrün ziddiyyətli prosesləri əsarətdə yaşayan xalqların azadlıq meyllərinin reallaşması üçün şərait yaratdı. Güney Qafqaz xalqlrı öz milli mənafeləri naminə mübarizəyə qoşuldular.

 

1918-ci ilin fevralında Tiflisdə “Zaqafqaziya Seymi” yaradıldı. “Seym”in tərkibində fəaliyyət göstərən “müsəlman fraksiyası milli mənafeyimizi əzmlə müdafiə edirdi. “Seym”in üzvü Hacı Mirzə Səlim Axundzadə xatirələrində yazır: “...Üç millət bir milyard manat pul çıxarmağa qərar qoydular. Bu miqdarın dörd yüz milyonu Azərbycanın öhdəsinə, erməni və gürcülərin hərəsinə üç yüz milyon miqdarında taranı təəhhüd etdilər. Seymin pulunda üç millətin imzası var idi. Sağdan oxuyanda Azərbaycan qabaqda, sonra erməni və gürcü...”.

 

Lakin Zaqafqaziya Seymi bir dövlət kimi formalaşa bilmədi. 1918-ci ilin aprelində Zaqafqaziya özünün müstəqilliyini elan etdi.

 

Hadisələrin sürətli axarı, ziddiyyətli və mürəkkəb tarixi proseslər, milli maraqların önəmliyi, xaricdən ötürülən intriqalar Zaqafqaziya Seymini və Federativ Respublikanı parçaladı. 1918-ci il mayın 26-da sonuncu iclas zamanı Seym buraxıldı. Gürcüstan özünün müstəqilliyini elan etdi.

 

Mövcud siyasi proseslərin nə vaxtsa gəlib boşluğa dirənəcəyini əvvəlcədən hiss edən “müsəlman fraksiyası” vaxtaşırı analitik təhlillər aparırdı. Baş verə biləcək bütün olaylara hazır idi. Elə həmin gün, yəni 1918-ci il mayın 26-da müsəlman faksiyasının iclasında “Milli Şura” yaradıldı. Azərbaycanın da müstəqil dövlət elan olunması haqqında qərar qəbul olundu.

 

Köhnə qəzet səhifələrindən Zakir müəllimin Cümhuriyyətin elan olunması ilə bağlı cümlələrini oxuyarkən, onun o zaman necə həyəcanlandığını hiss edirəm. Həqiqətən də, vətən sevdalısı olan Zakir müəllim üçün bu cümlələri yazmaq ancaq  göz yaşının müşahiyiəti ilə baş tutub:

 

“1918-ci il mayın 28-i.

Axşam saat 19:00.

Tiflisin “Oriant” mehmanxanası...

“Zaqafqaziya Seymi”nin 28 nəfərdən ibarət azərbaycanlı nümayəndəsi müşavirə keçirir. İclasa “Azərbaycan Milli Şurası” sədrinin müavini, doktor Həsən bəy Ağayev sədrlik edir. Mustafa Mahmudoğlu isə katib seçilib. Hamı həyəcan içindədi. Ermənilərin fitvası ilə “Oriant” mehmanxanası mühasirəyə alınıb. Azərbaycanın görkəmli siyasi xadimlərinin ünvanına nalayiq sözlər söylənilir. Hamı bir himə bənddi. Ara qarışıb, çaxnaşma düşə bilər.

 

Sədr doktor Həsən bəy nə qədər təmkinli olmağa çalışsa da, həyəcanını gizlədə bilmir, səsi titrəyir: “... Biz bu gün Qafqazın qiymətli bir diyarının – Azərbaycanın Müstəqilliyini və İstiqlalını elan edəcəyik. Hər kəs bunun əleyhinədirsə, rica edirəm, zalı tərk etsin! ”.

 

... Həyəcan dolu, qısa bir SÜKUT!

 

Heç kəs oturduğu yerdən tərpənmir.

 

Katib adbaad soyadlarını oxuyur. Adları çəkilən 28 nəfərdən 2-si “bitərəf” qalır. 26 nəfər “Azərbaycanın İstiqlal aktı elanı”nın lehinə sevinclə səs verir. Səsvermədən sonra katib bir daha 26 nəfər Vətən fədaisinin ad və soyadlarını iclasın nəzərinə çatdırır. Daha doğrusu, əyilib Tarixin qulağına pıçıldayır ki, bu şəxsləri yadında saxlasın.

1.         Həsən bəy Ağayev

2.         Mustafa Mahmudoğlu

3.         Fətəli xan Xoyski

4.         Xəlil bəy Xasməmmədli

5.         Nəsib bəy Yusifbəyli

6.         Mir Hidayət Seyidov

7.         Nəriman bəy Nərimanbəyli

8.         Heybətqulu Məmmədbəyli

9.         Mehdi bəy Hacınski

10.       Ələsgər bəy Mahmudbəyli

11.       Aslan bəy Qardaşoğlu

12.       Sultan Məcid Qənizadə

13.       Əkbər ağa Şeyxülislamzadə

14.       Mehdi bəy Hacıbababəyli

15.       Məhəmməd Yusif Cəfərov

16.       Xudadat bəy Məlikaslanlı

17.       Hacı Mirzə Səlim Axundzadə

18.       Həmid bəy Şahtaxtinski

19.       Firudin bəy Köçərli

20.       Cəmo bəy Hacınski

21.       Şəfi bəy Rüstəmbəyli

22.       Xosrovpaşa bəy Sultanov

23.       Cəfər Axundzadə

24.       Məhəmməd Məhərrəmoğlu

25.       Cavad bəy Məlikyeqanlı

26.       Rəhim bəy Vəkilov

 

Ertəsi gün ayrı-ayrı ölkələrin Xarici İşlər Nazirliyinin ünvanına bir teleqram yola çıxdı...

 

Mənbə: Günyadın qəzeti, 6-7 iyun 2000, №34 (267)

 

Hazırladı: E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır