Modern.az

4-cü kurs tələbələri iş axtarırlar - “Bu təhsillə ancaq kənd məktəblərini qane edərəm”  

4-cü kurs tələbələri iş axtarırlar - “Bu təhsillə ancaq kənd məktəblərini qane edərəm”   

10 Yanvar 2018, 09:17

Azərbaycan universitetlərinin əksəriyyətində payız semestrinin bitməsi ilə əlaqədar qış imtahan sessiyası start götürüb. Sonuncu kursda təhsil alan tələbələrin iş həyatına atılmaqlarına çox az bir zaman qalıb. Tələbələrin ali təhsil aldıqdan sonra iş tapa bilmərində  isə bəzi problemlər ortaya çıxır. Çünki  Azərbaycanda bir sıra universitetlər istisna olmaqla, təyinat sistemi mövcud deyil.

Bəs tələbələr təhsil ilinin sonlarına  yaxın iş barədə nə düşünürlər? Onlar diplom aldıqdan sonra iş tapa biləcəklərmi?


Modern.az
bu sualla tələbələrə müraciət edib.


Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Sevinc Əlizadə
hal-hazırda çalışdığını bildirib:

“İşim ixtisasımla bağlı deyil. Çünki ixtisasıma istəyərək qəbul olunmamışam. Filologiya üzrə təhsil alıram. Daxil olanda da bu sahədə işləyəcəyimi fikirləşmirdim. Sadəcə ailəm istəyirdi deyə qəbul olundum və oxudum. 4-cü kursun əvvələrindən dizaynerliyi öyrənməyə başladım. Hal-hazırda bu ixtisas üzrə xüsusi kurs keçirəm. Birinci ixtisasım üzrə heç vaxt işləməyi düşünməmişəm, indi də düşünmürəm. Həvəsim qrafik və web-dizayerliyədir. İndi həm kursa gedirəm, həm də çalışıram. Bu sahə üzrə ixtisaslaşmağı fikirləşirəm”.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Nəzrin Həsənova hələki işləmək fikrində deyil.

 “Magist adı aldıqdan sonra işləməyi fikirləşirəm. Yəqin ki, bir çox yerdə əvvəl özümü yoxlayıb sonra tam istədiyim sahəni tapıb ( jurnal, radio, tv ) o sahədə də çalışaram”.

Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Nərmin Cəfərzadə deyir ki, onun üçün əsas olan magistr dərəcəsi  almaqdır.

 “Magistratura imtahanına hazırlaşıram və gələn ay imtahan verəcəm. Qəbul olunsam, qarşıdakı iki il ərzində  işləmək fikrim yoxdur. Gələcəkdə isə ixtisasımla ( xarici dil müəllimliyi) bağlı olaraq imtahan verib, işə girməyi düşünürəm”.


Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ramil Əzizli
işləmək üçün universitetin verdiyi təhsili yetərsiz sayır.

“Hansısa müəssisədə çalışa bilmək üçün insan özünü daha da inkişaf etdirməlidir. Həm təcrübənin, həm də savadın artırılması əsas şərt olduğundan magisturatura pilləsinə daxil olub, təhsilimi davam etdirməyi fikirləşirəm”.


Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi Sevil Namazova
4 il ərzində aldığı təhsildən razı deyil:

 “Aldığım təhsillə ancaq kənd məktəblərini qane edərəm”.


Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Murad Nasirli
isə artıq öz işini qurub:

“Mənim artıq şəxsi biznesim var. Lakin dövlət işində işləmək istəyirəm. Mumin Sekman “Hər şey səninlə başlayır” kitabında dediyi kimi, bir şeyi çox istəyəndə o gerçək olur”.


Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Şükufə Süleymanlı
qeyd edir ki, universiteti bitirib diplom alan kimi işi hazırdır:

“Mən işə tanışlıq vasitəsilə qəbul olunacam. Amma buna baxmayaraq, özümü doğruldacağımı düşünürəm. Tapşırıqla getmək pis bir şey deyil. Sənə təkan verirlər və sən də irəliləyirsən. Təbii ki, istedadın varsa. Mən də belə  istedadımın olduğunu zənn edirəm və çalışmağa həvəsli biriyəm. İxtisasıma uyğun olaraq televiziya sahəsində işləməyi düşünürəm”.

Azərbaycan Tibb Universitetin 6-cı kurs tələbəsi Leyla Süleymanlı işləyə bilmək üçün Rezidenturaya hazırlaşdığını vurğulayıb:

“Rezidenturaya daxil olub 3-4 il Azərbaycanda oxuyacam. Sonra isə xaricdə kurslara gedib təcrübə yığmağı və Azərbaycana qayıdıb iş axtarmağı düşünürəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır