Modern.az

Məleykə Abbaszadə III qrupda balların niyə aşağı salındığına aydınlıq gətirib

Məleykə Abbaszadə III qrupda balların niyə aşağı salındığına aydınlıq gətirib

8 İyul 2011, 15:38

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu il III ixtisas qrupu üzrə 8981 nəfər müsabiqəyə buraxılıb. Bu qrup üzrə plan yeri isə 8814-dür. Bu deməkdir ki, bir yerə müsabiqə vəziyyəti bir nəfərdir: “Bu qrup üzrə dövlət sifarişli yerlərin sayı isə 2099-dur. Bu yerlərə III qrup üzrə qəbul imtahanında 350-dən yuxarı bal toplayan abituriyentlər buraxılacaq. Həmin abituriyentlərin sayı isə 4525 nəfərdir. Buna əsasən deyə bilərik ki, III qrup üzrə dövlət sifarişli yerlərə müsabiqə vəziyyəti bir yerə iki nəfər təşkil edəcək”.
TQDK sədri bildirib ki, ixtisas seçərkən abituriyentlər daha çox öz istəklərini yox, ballarını nəzərə almalıdırlar: “Bu il III qrup üzrə 500 baldan yuxarı nəticə göstərən 1436 nəfər var. Bu qrupun ən populyar ixtisasları olan hüquqşünaslıq, Azərbaycan dili müəllimliyi və xarici dil ixtisasları üzrə dövlət sifarişli yerlərin sayı təxminən 800-dür. Adətən yüksək bal toplayan abituriyentlər yüksək ixtisasları seçmək istəyirlər. Bu il 500 baldan yuxarı nəticə göstərənlərin pulsuz oxumağa ümidi o qədər də yuxarı deyil”.

TQDK sədri  onu da deyib ki, iyulun 3-də keçirilən imtahanda iştirak edən III ixtisas qrupu abituriyentlərinin müsabiqədə iştirak üçün minimal balı 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə təxminən 1000 plan yeri boş qalacaqdı:
“Builki abituriyentlərin 40 faizindən çoxu əvvəlki illərin məzunlarıdı. Onlardan bəziləri hərbi xidmətdən qayıdan oğlanlardı, bəziləri ailə qurmuş qızlardı. Biz onlara da öz hesablarına ali təhsil almaq imkanı yaratdıq. 250 bal elə də aşağı bal deyil. Ödənişli ixtisaslarda müsabiqə vəziyyətinin yaranması üçün bu addımı atdıq”. 
TQDK sədri onuda  bildirib ki, bu il dövlət sifarişli yerlər üzrə tələblər əvvəlki kimi yüksək olaraq qalıb: “Bizim məqsədimiz o deyil ki, ali məktəbləri boş saxlayaq. Biz istəyirik ki, uşaqlar ali məktəblərdə oxusun. Dövlət sifarişli ixtisaslar üzrə tələblər olduğu kimi qalıb. Bu ixtisaslar üzrə keçirilən müsabiqədə iştirak üçün yenə də 350 bal tələb olunur. Bununla yanaşı, bütün imtahan fənləri üzrə abituriyentlər 10 faiz nəticə göstərməlidirlər”. 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı