Modern.az

Dövlət İmtahan Mərkəzi 10-cu sinif şagirdlərini imtahana çəkdi  

Dövlət İmtahan Mərkəzi 10-cu sinif şagirdlərini imtahana çəkdi  

10 Yanvar 2018, 13:57

DİM ingilis dili fənni üzrə Bakı şəhərində yerləşən məktəblərdə monitorinq imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi 10 yanvar 2018-ci il tarixində Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib. Monitorinq imtahanı 98 məktəbdə təşkil olunub.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndəsi də imtahan keçirilən binalara baş çəkiblər və imtahanın gedişini izləyiblər.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır