Modern.az

ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək

ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək

Allah rəhmət eləsi̇n

10 Yanvar 2018, 17:09

Tanınmış azərbaycanlı pianoçu, respublikanın Xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.

Modern.az xəbər verir ki, Azərbaycan  Prezidenti İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçinin nəşi vətənə gətiriləcək və Bakıda, II Fəxri xiyabanda dəfn ediləcək. Hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirirlər.


Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...