Modern.az

Cümhuriyyət nazirinin Nərimanovun həbsi barəsində sərəncamı - Arxiv faktı

Cümhuriyyət nazirinin Nərimanovun həbsi barəsində sərəncamı - Arxiv faktı

23 İyun 2018, 14:59

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi və 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ilə bağlı silsilə yazılarına davam edir. Bu yazılarda araşdırma, tarixi portretlərlə yanaşı, ADR dövründə yaşanan bəzi maraqlı faktları da təqdim edirik.

 

Belə faktların biri o zaman bütün ADR hakimiyyətində rezonansa səbəb olmuşdu:

 “Daxili İşlər naziri X.Xasməmmədovun Şuşa şəhərinin general-qubernatoruna N.Nərimanovun həbs edilməsi barədə” sərancamı...

8 aprel 1919-cu il.

Müvəqqəti general-qubernator doktor X. Sultanova

 

“Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümmət’dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə çatmışdır. Bu barədə Sizə məlumat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədov”

(ARDA, f 1054; siy. 1, iş 4a, səh. 2).

 

Araşdırmaçı alim Lətif Şüküroğlu arxivdən əldə etdiyi bu fakt barəsində yazır:

 

“Bu xahişin nəticəsi barədə əlimizdə hər hansı arxiv sənədi yoxdur. Ancaq Xosrov bəyin vəzifə borcunu yerinə yetirmək üçün necə çətin bir durum qarşısında qaldığını güman edirik. O, neçə illər dostluq etdiyi bir şəxsi həbsə almalı, yaxud vəzifə borcuna əməl etməməli idi. Əsl həqiqətdə necə olduğunu isə yəqin gələcək  tədqiqatlar deyəcəkdir”.

 

N.Nərimanovun Azərbaycan tarixində hansı rolu oynaması barədə mübahisələrə qoşulmadan və bu böyük şəxsiyyətin xalqımız qarşısındakı danılmaz tarixi xidmətlərini azaltmadan yalnız onu deyə bilərik ki, Azərbaycan daxilində aparılan bolşevik təbliğatı nəticədə respublikanın dövlət müstəqilliyinin itirilməsinə, Rusiya imperiyasının yeni cilddə sərhədlərimizdə peyda olmasına və vətənimizi işğal edilməsinə gətirib çıxardı. Yerli xəyanətkarların əli ilə baş tutmuş həmin çevriliş aktından təqribən iki il sonra vaxtilə bolşevik təbliğatı aparan N.Nərimanov bir nömrəli bolşevik Leninə yazacıqdı: “Müstəqil Azərbaycan sözü məgər sizin dilinizdən çıxmamışdırmı”. Ancaq onun az qala acı fəryad kimi səslənən bu sualına yalnız 71 ildən sonra cavab veriləcəkdi.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır