Modern.az

Dueldə gözünü zədələyən, həbsdə ölümdən son anda qurtulan Cümhuriyyət naziri

Dueldə gözünü zədələyən, həbsdə ölümdən son anda qurtulan Cümhuriyyət naziri

11 Yanvar 2018, 00:57

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə ADR hökumətində həm nazir, həm də general-qubernator vəzifələrində çalışan Xosrov bəy Sultanov haqqında danışacağıq:

Xosrov bəy Sultanov 1880-ci ildə Qarabağda, Şuşa şəhərində anadan olub. İbtidai təhsilini Şuşada alan X.Sultanov rus dilini mükəmməl öyrənib və Xarkov şəhərində institutun tibb fakültəsinə daxil olub. Atasının arzusu onu tibb, qardaşı Sultanı isə hərb elminə yiyələnmiş şəxslər kimi görmək idi və Paşa bəy bu yolda bütün qüvvəsi ilə səy göstərir. Xosrov bəy tibb təhsilini Xarkov şəhəri ilə yanaşı, bir müddət Odessa şəhərində davam etdirir, burada N.Nərimanovla tanış olur və dostluq edir. Tələbəlik illərində bir rusla duelə çıxan bu qızğın gənc sol gözündən zədə alır. Ancaq bu zərbədən qəti özünü itirməyən Xosrov bəy həmin oğlanı bir atəşlə yerə sərir.

 

Aradan çox illər keçir. Xosrov bəy sonradan həm həkim, həm hərbçi kimi Vətənə çox xidmətlər göstərir. Cəllad Andranik və onun quldur dəstəsinə qardaşı Sultanla birlikdə qan uddurur. Andranikin qulağının kəsilməsi əhvalatı da onların adı ilə bağlıdır. 

 

1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə-İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilən birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutur. O, Zaqafqaziya Seyminin və Azərbaycan parlamentinin üzvü, əvvəl “Müsavat”ın (1917-ci il) üzvü olub, sonra da “İttihad” partiyasının qurucularından olub.

 

ADR Hökuməti 1918-ci ilin yayında Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl qəzalarını Gəncə quberniyasının tərkibindən çıxarıb Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Gəncə general-qubernatorluğundan dəyişdirilib Qarabağın general-qubernatoru təyin olundu. Müavini isə məşhur bolşevik Çingiz İldırım idi. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Njdenin hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edildi, Xankəndi və Şuşa geri alındı.

 

 

 Xosrov bəyin həyatında ən ağır illər isə təbii ki, Cümhuriyyətin devrildiyi vaxtlar olub. Bolşeviklərin Azərbaycanı işğalından sonra da Xosrov bəy Nərimanov, Çingiz İldırım kimi nüfuzlu söz sahiblərinin sayəsində Şuşada İnqilab Komitəsinin rəhbərliyində saxlanıldı. Lakin tezliklə həmin vəzifədən götürülərək, erməni fitnəkarlığı nəticəsində həbs edildi. Ermənilər onların mənfur niyyətini hər zaman ürəklərində saxlayan Xosrov bəydən nə yolla olursa olsun, intiqam almaq istəyirdilər. Bunu isə arvadı erməni olan Orcanikidze və onların tərəfində olan başqa səlahiyyət sahiblərinin əli ilə həyata keçirdilər. Hətta Xosrov bəy həbs olunan gün ermənilərin toy bayram etdikləri də deyilir. Amma bununla da ürəkləri soyumur, Xosrov bəyi həbsxanada aradan götürmək istəyirlər.

 

Araşdırmaçı Baba Allahnəzərov onun bundan sonrakı həyatı barəsində  deyir:

 

“Təzə bolşevik hökumətində Hərbi Dəniz Donanmasının komandanı Çingiz İldırım çox sevdiyi əmisi oğlunun haqsız həbsinə, onu gözləyən labüd ölümə laqeyd qala bilməzdi, məhz onun qurduğu əməliyyatla Xosrov bəy həbsxanadan qaçırılır. Bəzi araşdırmaçılar burda Nərimanovla Xosrov bəyin tələbəlik illərindən yaxın dostluq münasibətlərinin də rol oynadığını yazırlar.

 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanır. 1924-cü ildə İstanbulda yaradılan Qafqaz Konfederasiya Komitəsinin 3 azərbaycanlı təsisçi rəhbərindən biri olur, o biriləri Ə.Əmiraslanov, Ə.Şeyxzamanov idi. Əlimərdanbəy Topçubaşov və digərlərinə qarşı Türkiyədə çıxan tənqidi yazı, çıxışlara “Yeni Kafkazya” dərgisində və digər qəzetlərdə tutarlı cavablar verib, Azərbaycan istiqlalı ilə bağlı yazıları çıxıb. O, Türkiyə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışır. Azərbaycanlı əsirlərin müalicəsi, xilası, onlardan ibarət xüsusi dəstələrin yaranmasında xüsusi səylər göstərib. Yüzlərlə insanın nicat tapmasına yardımçı olub.

 

Türkiyəyə qayıdıb çox güman ki, başqa adlarla həmişə onu gözləyən erməni terrorçularından gizlənərək yaşayıb.

 

Xosrov bəy Sultanov 1947-ci ildə Trabzonda vəfat edib.

 

Bəzi məlumatlarda Xosrov bəylə M.Ə.Rəsulzadə arasında ixtilaf olduğu , Xosrov bəyin müsavatçılardan ayrıldığı və Milli Demokratik Cümhuriyyət Partiyası qurmaq istəyi öz əksini tapır”.

 

E. Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?