Modern.az

Beynəlxalq donorlar Azərbaycan QHT-lərini saymadılar, əks tərəf isə qiyama qalxdı...

Beynəlxalq donorlar Azərbaycan QHT-lərini saymadılar, əks tərəf isə qiyama qalxdı...

8 İyul 2011, 17:34


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 100 yaxın QHT bir yerə gələrək QHT-Donor münasibətlərini müzakirə edib. Təşkilatçılar “REGİON” Beynəlxalq Analitik Mərkəz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-yi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Himayədar” Humanitar Tərəqqi İB-i donorların Azərbaycan QHT-lərinə get-gedə daha az maliyyə yardımı ayırmasından narahat olduqlarını bildirib və hazırladıqları bəyanatı iştirakçıların müzakirəsinə çıxarıblar.
"Yerli QHT-lər: Maliyyə Problemləri və Beynəlxalq Donorlar" adli tədbirdə Azərbaycanda fəaliyyət göstərən hər bir donor ayrı-ayrılıqda müzakirə olunub və iştirakçılar donorlara ismarıclarını ünvanlayıblar. Yekun bəyanat qəbul olunmasa da, o yenidən müzakirə olunaraq bir neçə günə mətbuata açıqlanacaq.

Tədbirə dəvət olunan donorların qatılmaması və tədbiri boykot etməsi iştirakçılar tərəfindən kəskin pislənilib. Yeganə iştirakçı donor Marşal Fondunun Qara Dəniz Əməkdaşlıq Təşkilatının məsləhətçisi və nümayəndəsi Mehriban Rəhimli olub. O təmsil etdiyi fond haqqında və maliyyə yardımları barədə də iştirakçılara məlumat verib. Donorların tədbiri boykot etməsinə rəğmən 100 yaxın QHT tədbirə qatılaraq fikir və düşüncələrini bölüşüb.

Tədbirdə qeyd olunub ki, donorlar daha şəffaf olmalı, görüntü üçün qrant müsabiqələrindən çəkinməli və əvəzində qapalı tenderlər keçirməlidir ki, digər QHT-lər əlavə xərclərə və əmək sərfinə vadar olmasınlar.

“REGİON” Beynəlxalq Analitik Mərkəzin İdarə heyətinin sədri Razi Nurullayev bu tədbirdən praktik addımlarla çıxmağın vacibliyini vurğulayıb və yeni bir qurumun yaradılması vacibliyindən danışıb. O həmçinin qeyd edib ki, donorlardan Avropa Komissiyası rəsmi məktub göndərərək qaliblərin adı açıqlanmadan belə bir tədbirdə iştiraklarına daxili qaydalaırn yol vermədiyini bildirib.
Təşkilatçılar Sahib Məmmədov, Rufiz Qonaqov, İlqar Hüseynli, Himayət Rizvanqızı, QHT rəhbərləri Azad İsgəndərli, Əhməd Abbasbəyli, Telman Zeynalov, İlham Hüseynli, Məhəmməd Talıblı, Aydın Xudiyev, Anar Orucov və digərləri çıxış edərək donorların fəaliyyətində şəffaflığın artırılması vacibliyindən danışıblar.

Sonda tədbriin davamının bu yaxınlarda keçirilməsinin və konkret təkliflərin donorlara göndərilməsi qərara alınıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı