Modern.az

Mirzə Fətəli Axundzadə və ermənilər - Onların əlindən dincəlmək olmur...

Mirzə Fətəli Axundzadə və ermənilər - Onların əlindən dincəlmək olmur...

Ədəbi̇yyat

11 Yanvar 2018, 11:51

Hadisə Xonaşin dərəsində vaqe olur. Aydınlıq gecədə bir erməni piyada, biri isə eşşəyin üstündə gəlirlər. Ermənilərdən biri Arakel, o biri isə Mkrtıçdır. Arakel güman edir ki, bu il səksən çuval taxılı ola bilər. Mkrtıc isə deyir ki, Allahın köməyi ilə olar, keçən illərin də əvəzi çıxar. Keçən üç ildə taxılı çəyirtkə yediyindən taxıl olmamış, köhnə zamandan quyularda qalan taxılların hesabına onlar dolanmışlar. Elə bu dəmdə at tappıltısı gəlir. Qabaqda Hacı Qara və Kərəməli görünür. Hacı Qara erməniləri qabaqlayır. Əsərdən bir parça:

“Hacı Qara. Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng). Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum!

Mkrtıç. A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eləmirik? Yoldan gedirik!

Hacı Qara. Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burda niyə görükürsünüz?

Mkrtıç. Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq.

Hacı Qara. Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz? Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz!”


Maraqlıdır ki, Hacı Qara bilirmi ki, onlarla qarşılaşan bu iki nəfər ermənidir? Bəlkə də bilir. Axı bu əraziləri Hacı Qara yaxşı tanıyır, bilir ki, burada kimlər yaşayır, nə ilə məşğul olurlar. Ancaq bununla belə, bilsə də, bilməsə də Hacı Qaranın “Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz!” deməsini təsadüfi saymaq olmaz. Söfdəgər bir adam, yəni Hacı Qara bu qədər də sadəlövh danışmaz. O bilir ki, nə danışır. O bilir ki, onların qarşılaşdığı bu iki nəfər ermənidir. O bilir ki, bu ərazilərdə murova xidmət edən, ona xəbər çatdıran ermənilərdir. Bundan başqa, ermənilərin əksəriyyəti Azərbaycan dilində danışanda onların erməni olduqlarını hiss etməmək olmur. Ola bilməz ki, Hacı Qara bu iki erməni ilə qarşılaşanda onların danışığından erməni olduqlarını hiss etməsin, duymasın. Bəlkə də ona görə də Hacı Qara bu iki erməniyə inana bilmir. Yəni qorxur ki, onlar murovun adamları olsun. Bu mənada Mkrtıç “Pərvərdigara, bu nə iş idi düşdük? A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək” deyəndə Hacı Qara bir az da cəsarətlənərək “Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz, fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarına ibrət olar!” söyləyir.

Hacı Qara onlarla qarşılaşan iki nəfərin (Mkrtıç və Arakelin) erməni olduğunu yaxşı bilir. Çox güman ki, Hacı Qara “Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır” deyəndə də bilir ki, kimə nə deyir və onların milliyyəti kimdir. Əsərdə həmin iki ermənidən biri olan Mkrtıçın özü də müsəlman obalarına taxıl borc verdiklərini söyləyəndə istər-istəməz erməni olduqlarını təsdiq edirlər. Əsərdə bu məqama diqqət yetirək:

“Mkrtıç. Heç mən də başa düşmürəm. Dinmə, görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub). Qardaş, biz kimin malına tamah eləmişik. Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xərac da, töycü də veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman  obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək tuğlu bir adamın bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır!

Hacı Qara. Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub. İndi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın, yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram!”

Bu bədii parçadan göründüyü kimi, Mkrtıç müsəlmanlara borc taxıl verdiklərini, tuğlu olduqlarını etiraf etməklə qarşılarına çıxanların (Hacı Qaragilin) müsəlman olduqlarını, eyni zamanda Hacı Qara qarşılarına çıxanların (Mkrtıç və Arakelin) erməni olduqlarını bilirlər. Tərəflərin hər ikisi bir-birinə məlum olduğu üçün Mkrtıç “A canım, sən bizi kim hesab edirsiniz ki, bu oyunu bizim başımıza gətirirsən?” deyəndə Hacı Qaranın “Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evini yıxana, zalıma, müftəxora, dar ağacına layiq olana!” söyləməsi sanki onun ürəyindən tikan çıxarır. Hacı Qara ilə Mkrtıç arasındakı çox çək-çevirdən sonra hadisə yerinə murov və Xəlil yüzbaşı gəlib çıxırlar. Onların hər ikisini naçalnikin yanına gətirirlər, burada silist etmək istəyirlər.

Ohan yüzbaşı böhtan atır...

Heydər bəy alaçığında oturubdur. Bir gün əvvəl toy edib gətirdiyi Sona xanımla söhbət edir. Birdən qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər. Naçalnik Heydər bəyə deyir ki, siz on gün bundan əvvəl Arazdan bir az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. Ona görə də bu hadisəni boynuna götür və yoldaşlarını nişan ver. Heydər bəy deyir ki, mən bir adamı da soymamışam. Bu zaman Ohan yüzbaşını çağırırlar. O dəstəsi ilə gəlir və Heydər bəyin üzünə durur. Əsərdən bir parça:

“Naçalnik. Ohan yüzbaşı, bu idimi sizə rast gələn?

Heydər bəy. Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!

Ohan. Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir).

Naçalnik. Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!

Ohan. Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm var! Alın, oxuyun! (Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə).

Naçalnik. Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!

Heydər bəy. Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırdarlar.

Ohan. Bu sözü naçalnik hüzurunda deməyib, bir özgə yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəveceh olub). Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istir batırsan. Haqq elə mən bədbəxt olmuyum.

Naçalnik. Bu saatda buyurram sənə əlli çubuq vurarlar. Bəyliyini lap unudarsan? əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn?

Ohan. Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.

Heydər bəy. Naçalnik, tamam danışdığı sözlər böhtandır!”

Mətndən göründüyü kimi, Ohan yüzbaşı öz böhtanını təsdiq etmək üçün iyirmi ildir böyüklərə xidmət etməsindən, ona xidmətinə görə keçən il gümüş medal yazılmasından, bəylik şəhadətnaməsi almasından, əsil-nəcabətini isbat etməkdən dəm vurur. Bununla murov və naçalnikə sübut etmək istəyir ki, ona inansınlar. Ancaq uzun mübahisə və münaqişədən sonra əsl həqiqəti naçalnikə və murova Heydər bəy açıb deyir. Ohan yüzbaşının böhtan və yalan söylədiyi məlum olur. Əsərə müraciət edək:

“Heydər bəy. Naçalnik, bir ərzim var.

Naçalnik. De görüm.

Heydər bəy. Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürrəm. Bu kişini (yəni Hacı Qaranı – B.X.) mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir (yəni Kərəməli Hacı Qaranın nökəridir – B.X.). Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi (Hacı Qara malı tutulduğunu başa düşəndə naçalnikin yanında özündən gedir – B.X.) Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş.

Naçalnik (Heydər bəyə). Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?

Heydər bəy. Əsgər bəy, Səfər bəy.

Naçalnik (murova). Oları çağırt, gətirt.

Murov. Bu saatda.

Naçalnik (Heydər bəyə). Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır?

Heydər bəy. Ohan həqiqətdə yalan danışdı, naçalnik! Ondan ötrü ki, biz hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bulara rast gəlib, qorxudub qovduq, çıxıb gəldik. Sənin başın üçün, Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur!

Bu halda bir yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.

Naçalnik. Heydər bəy, yoldaşların bulardımı?

Heydər bəy. Bəli, bulardır!

Naçalnik. Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün başburtsuz sərhəddən o taya keçib, qaçaq mal gətirib, murov göndərən qaravulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saatda sizi dustaq edib qalaya aparam.

Heydər bəy. İxtiyar sənindir, naçalnik!”

Beləliklə, Ohan yüzbaşının böhtanı ilə Heydər bəyi də, Əsgər bəyi də, Səfər bəyi də, Hacı Qaranı da, Kərəməlini də tutmalı idilər. Ancaq Heydər bəyin səmimi etirafı və “Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam” deməsi, eləcə də Əsgər bəyin “Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq” söyləməsi onların hər birinə zamın verilməyə imkan yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?