Modern.az

“Böyük Armenya tarixi”ni məhv edən alim: “Bir xalqın ki, tarixşünaslığı anonim keşişə dayana...” - MÜSAHİBƏ

“Böyük Armenya tarixi”ni məhv edən alim: “Bir xalqın ki, tarixşünaslığı anonim keşişə dayana...” - MÜSAHİBƏ

Ədəbi̇yyat

11 Yanvar 2018, 13:41

Professor Əjdər İsmayılov: “Hüseyn Cavidin dühasını, təbiətini onun əsərlərindən duymaq olar” 

           
Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxuyub və rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibinin tələbəsi olub. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor işləyib.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", ”Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə edib.
1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayıb. Hüseyn Cavid yaradıcılığına aid silsilə məqalələrin, mənəvi keçmişimizlə-inam və inanc tariximizlə bağlı elmi araşdırmaların, habelə  ictimai-siyasi mövzuda olan bir sıra dəyərli yazıların, xalqımızın Müstəqil Azərbaycan uğrunda apardığı mübarizədə və YAP-ın yaradılmasında xüsusi fəaliyyətləri barədə olan müsahibə və kitabların müəllifidir. 

Əsrlərlə söz, sənət beşiyi olan Odlar ölkəsi Azərbaycan qədimdən görkəmli mütəfəkkir şəxsiyyətlərin və dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əvəzsiz dəyərə malik fəlsəfi-poetik incilərin vətənidir. Belə bir mədəniyyətin yaradıcıları olmuş ilahi zəka sahiblərinin ideya və fikirlərinin gələcək nəsillərə zaman-zaman müfəssəl çatdırılması sonrakı elmi nəslin əsas vəzifələrindən biri olub.

           
Şairlər zamanında deyə bilmədiyi sözləri şeirləri vasitəsi ilə müxtəlif formalarda dövrün və gələcək oxucuların nəzərinə çatdırıblar. Günümüzün alimləri şairlərin fikir və ideyalarını olduğu kimi bu günün nəsilinə çatdırmaq üçün tədqiqat yönümlü qiymətli əsərlər çap edirlər. Bu baxımdan Azərbaycan poeziya xəzinəsinə əvəzsiz incilər bəxş etmiş görkəmli söz ustadı Hüseyn Cavidin poetik dünyasının araşdırılması və geniş oxucu kütləsinə çatdırılması diqqətə layiqdir. Bu mənada şairin yaradıcılığını araşdırmış görkəmli alimlərimiz məlumdur. Bunlar arasında mütəfəkkir şairin poetik dünyasına dərindən bələd olan professor Əjdər İsmayılovun yeri ayrıcadır. O, Azərbaycan ədəbiyyatşünaslığında Hüseyn Cavid yaradıcılığını ilk dəfə dünya ədəbiyyatı kontekstində araşdıran alimdir. Bu baxımdan onun yüksək elmi dəyərə malik “Dünya romantizm ənənələri və Hüseyn Cavid” əsərinin latın əlifbasına çevrilməsi və nəşr edilməsi Cavidsevər oxucular üçün qiymətli hədiyyədir.

Modern.az Əjdər İsmayılovla söhbəti təqdim edir:

           
- Əjdər müəllim, öncə mütəfəkkir şair Hüseyn Cavidin şəxsiyyəti, yaradıcılğı və ona həsr etdiyiniz kitab barədə məlumat verərdiniz.            


- Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda, orjinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətən xas olub. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasına öz dühasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosof-şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapıb. Əlbəttə, Cavid şəxsiyyətinin mənəvi varlığını, Cavid dühasının təbiətini onun əsərlərindən duymaq olar. Bununla belə onun min bir mənəvi tellərlə dərindən bağlı olduğu qaynaqları araşdırmadan yaratdığı əsərləri istənilən elmi səviyyədə dolğun anlamaq qeyri-mümkündür.

             
“Dünya romantizm ənənələri və Hüseyn Cavid” kitabı dünya romantizminin inkişafında tam bir dövr açan Hüseyn Cavid poeziyasına baxışdan əvvəl, oxucuya onun heç olmasa, bəzi ilkin qaynaqlarını mümkün qədər tarixən izləməyə imkan verir. Belə bir ilkin cəhd nə qədər çətin olsa belə, nə qədər ilk baxışda əsas mövzudan uzaqlaşma kimi görünsə belə, yersiz deyildir və şairin dünya romantizm poeziyasında yerini aşkarlamaq üçün gərəklidir.

           
Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarına bağlı olub. Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatının ənənəsindən milli zəmində bəhrələnib. Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, ən orijinal yaradıcılıq fərdiliyinə və şair "məni"nə sadiq qalmışdır.

           
- Dünya romantizm ədəbiyyatı korifeyləri ilə Cavid yaradıcılığı arasında tipoloji araşdırmalar aparıbsınız. Bu barədə oxuculara qısaca olaraq fikrinizi bildirməyiniz yerində olardı.

           
- Romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaq, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavidin yaradıcılığı geniş imkan yaradır. Bu dahi Azərbaycan şairinin poeziyası öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxındır.

           
Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığında Şərqdən, onun zəngin mifologiyasından, bədii poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi, Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olub.

           
Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə Şərq ruhunun sintezinə, qovuşmasına çalışmaq meyli özünü göstərir ki, bu da romantizmin bəşəri meyillərindən sayılmalıdır. Belə meyl bəşər mədəniyyətinin mahiyyətcə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təsdiqləyir. 

           


- Əjdər müəllim, cavidşunaslıqla bərabər Türkçülüyə aid bir sıra monumental əsərlərinizdə bizə məlumdur. Bu silsilədən 2016-cı ildə “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı elmi tarixi əsəriniz “erməni tarixşunaslığının şah damarını kəsən əsər” və “Azərbaycan tarixşünaslığı”nda yeni istiqamət kimi tanınmış elm adamları tərəfindən qiymətləndirildi və geniş oxucular tərəfindən rəğbətlə qarşılandı. Qısa olaraq kitab barədə nə deyərdiniz?          

           
- Yunandilli Kilikiya kilsəsində anonim keşiş Moisey Xorenatsinin adına "Hayistan tarixi" adlı əsər XIV əsrdə (Q.A.Xalatyants) tərtib edilib. Kitabın cildində yazılmış “Hayistan” toponiminin çağdaş erməni xalqının nə mifoloji, nə də rəvayət “tarixləri” ilə heç bir əlaqəsi yoxdur. Çünki “Hayistan” toponimi Xaldey tarixçisi Berosun (m.ö. III əsr) "Babil tarixi" ("Vaviloniya")  kitabından götürülmüş babilli Haykın mifoloji şəxsiyyəti ilə bağlıdır. Onu da xatırladaq ki, Kilikiya kilsəsi tərəfindən babilli Haykın şərəfinə Anadolu türkiyəsi ərazisində "təşkil edilmiş" "Hayistan" adında əfsanəvi hay "dövləti" heç zaman torpağa köçürülməyib, əfsanədən gəldiyi kimi, əfsanədə də qalıb.

           
1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış “Türkmənçay” irtica müqaviləsindən sonra yaranmış yeni siyasi şəraitdən qurd fürsəti ilə istifadə edən moskvalı keşiş tarixçi Nikitin Osipoviç Emin imperiyanın “Türksüz Qafqaz” işğalçı modelinin tələblərinə uyğun olaraq mənsub olduğu köçkün yarıdilənçi  xalqa "qədim Qafqaz" tarixi yazmaq məqsədilə 1858-ci ildə "Hayistan  tarixi"ni rus dilinə “Armeniya tarixi” adıyla tərcümə və nəşr etdirib. O, tərcümə mətninə yazdığı "Ön söz"də  "Vaqarşaq - Mar Abas Katina - Nineva arxivi" və kitabın sonunda verdiyi "Qeydlər" və "Əlavələr" bölmələrində "Mesrap əlifbası" uydurma epizodları ilə Kilikiya kilsəsində tərtib edilmiş xəritədə Kiçik Asiyada yerləşdirilmiş əfsanəvi “Hayistan” ölkəsini “Armeniya” adıyla Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında torpağa köçürmək üçün ideoloji şərait yaratmağa çalışır. Ancaq onun əlində erməni xalqının real tarixi ilə əlaqədar heç bir maddi sübut yoxdur. Bu səbəbdən də o, açıq şəkildə ümumtürk tarixinin təxminən 475 illik (m.ö.250 / 248 - m.s.227) epoxasını təşkil edən Part imperiyasının müvəqqəti hərbi siyasi-inzibti coğrafiyasına daxil edilmiş Ön Asiyanın qərb ərazilərində guya ayrı-ayrı dövrlərdə hakim olmuş uydurduğu iki anonim Arsaklı çarının - m.ö. 150-ci ildə Vaqarşaqın, m.s. V əsrdə Vramşapuxun rəvayət tarixini "Armeniya tarixi" kimi qələmə verir. Nikitin Emin bu məqsədlə çar Vaqarşaqın suriyalı alim Mar Abas Katinaya guya hökmdarı olduğu "Armeniya"nın tarixini yazdırmaq sərgüzəştini uydurur. Bunun üçün o, imperiyanın banisi qardaşı Arsaka (erməni deyimində "Arşaka") "məktub" yazır və Mar Abasın "Nineviya arxivi"ndə işləməsi üçün ondan icazə istəyir. Arsak qardaşı ilə razılaşır. Bundan sonra Mar Abas Katina Nineviya arxivində araşdırma aparır, guya o, yunan dilində "kiçik kitaba" rast gəlir və onun əsasında  erməni xalqının "ibtidai tarixi"ni yazır. Guya M. Xorenatsinin "Armeniya tarixi" də onun davamıdır.

           
Kerçək tarix N.Eminin iddia etdiyi dövrdə "Nineviya arxivi" fikrin əksini xəbər verir. Arxeoloji kəşfiyyatın nəticələri şahidlik edir ki, Maday imperiyasının çarı Kiaksar (Mar Varbak) m.ö. 612-ci ildə Nineviyanı fəth etdiyi zaman külə dönmüş Nineviya çar kitabxanasının faciəli taleyinin (söhbət "gil kitablar"dan - "Bilqamıs" Şumer-Türk dastanından gedir) nəticələri hadisədən nə az, nə çox, düz iki min beş yüz il ötdükdən sonra, yəni başqa sözlə, anonim keşiş M.Xorenatsiyə N.Eminin istinad etdiyi V əsrdən dörd yüz əlli ilə yaxın bir müddət keçəndən sonra XIX əsrin ortalarında ingilis arxeoloqu Corc Smitin apardığı uzunmüddətli mürəkkəb və çətin elmi axtarışların nəticəsində məlum olub.

           
XIX əsrin əvvəllərində Q. A. Xalatyants və XX əsrin yetmişinci illərində Manuk Abeqyan kimi görkəmli erməni alimlərinin anonim keşiş M. Xorenatsinin "Armeniya tarixi"nə guya ilk qaynaq olmuş Mar Abas şəxsiyyətini və onun "tarixi"ni qəbul etməmələri keçmiş SSRİ tarixşünaslığında siyasi məqsədlə qəti müdafiə edilən "Böyük Armeniya" mifini dağıdan əsas faktlardan biridir. Bu o deməkdir ki, tarixin heç bir çağında nəinki "Böyük Armeniya" "dövlətindən", heç "cırtdan Armeniya"dan da danışmağa dəyməz.

           
- Bildiyim qədər indi erməni “əlifba” sı haqqında əsərin üzərində işləyirsiniz.

           
- Bəli, doğrudur. Artıq o əsəri yekunlaşdırıb nəşriyyata təqdim etmişəm. Kitabın adı “Mesrop Maştosəlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir”. Kitab AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müzakirə edilib və çapa təqdim edilməsi haqda qərar verilib. Kitabın redaktoru hörmətli akademik Möhsüm Nağısoylu, rəyçiləri hörmətli professor Qəzənfər Kazımov və hörmətliprofessor İsmayıl Kazımovdur.

           
Kitab barədə qısaca olaraq deyim ki, N. Emin "Armeniya tarixi"nin tərcümə mətninə əlavə etdiyi "Qeydlər" və "Əlavələr" bölmələrində də başqa bir Arsaqlı çarının - Vramşapuxun V əsrdə  anonim keşiş Mesrop Maştosun guya əlifba "ixtira" etdiyindən danışır. Ancaq mötəbər qaynaqlar, görkəmli mütəxəssis alimlərin fikirləri bir daha təkzib edilməz o nəticəyə gəlir ki, nəinki V əsrdə "Mesrop əlifbası"ndan, hətta tarixin heç bir çağında erməni xalqının mövcud olmamış etnolinqivistikası əsasında yaradılan fonetik səslərin sistemə salınmış real "Əlifba"sından, başqa sözlə, "erməni yazısı"ndan danışmaq əsassızdır. Bu tarixi həqiqəti etiraf edən görkəmli erməni filosofu və dilçi alimi Mikael Lazareviç Nalbandyan  "erməni yazısı "nın XVIII əsrədək "yuxuda olduğunu", "bundan sonra tədricən ədəbiyyat və dilçiliyin görünməyə başladığını" yazır.

           
Bir xalqın ki, tarixşünaslığının bünövrəsində “erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş "tarixçi" dayana, “yazı mədəniyyətinin” başında, hətta guya başqa xalqlara da “Əlifba” tərtib edən, onlara da “yazı mədəniyyəti” və “xristianlıq maarifi” gətirən “Mesrop Maştos” adında fırıldaqçı cahil anonim keşiş dayana, o xalqın qədim mənəviyyat, mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir!!!

           
- Əjdər müəllim, mövzumuzdan kənar olsa da, həyatını vətən və xalq yolunda qurban vermiş Hüseyn Cavid kimi bir fədai şairin araşdırıcısı olaraq, fikrinizi bilmək maraqlı olardı. O dövr mətbuatında getmiş ciddi siyasi yazılarınızdan, bəyanatlarınızdan, xüsusən 24 aprel 1992-ci ildə keçmiş Ali Sovetin binası qarşısında "yaş senzi" ilə əlaqədar keçirilmiş mitinqlərin təşkilatçılarından biri kimi, Heydər Əliyevi hakimiyyətə dəvət edən çıxışlarınızdan məlumdur ki, Siz Azərbaycanın müstəqilliyi uğrunda xalqımızın mübarizə apardığı fəlakətli və ölümlü günlərdə ümummilli liderimizin ən yaxın silahdaş və siyasi sirdaşlarından biri olmuşsunuz. Bu yaddaşlardan silinməz bir tarixdir! Heydər Əliyev barədə bir neçə söz söyləməyinizi xahiş edirəm.

           
- Heydər Əliyev əvəzolunmaz şəxsiyyət, dahi insan və müdrik dövlət rəhbəri idi. Belə insanlar xalqa əsrdə bir dəfə qismət olur. Azərbaycan xalqının bəxti o zaman gətirdi ki, ölkənin elə bir çətin dövründə Heydər Əliyev köməyə gəldi. Xalqımızın Heydər Əliyev kimi, qorxmaz, mübariz, müdrik oğlu olmasa idi, 1828-ci ildə Vahid Azərbaycanı iki hissəyə parçalayan rus süngüsü 1990-cı il hadisələrində Qarabağda axıdılan günahsız insan qanının səbəbkarı Mixail Qorbaçovun əli ilə bugünkü Azərbaycan da əyalətlərə parçalanacaq idi. Heydər Əliyevin Müstəqil Azərbaycan dövründə yaşadığı həyat sübut etdi ki, ulu öndərimiz dünya siyasətinin baş memarıdır! O, bu müdrikliyi ilə qədim Azərbaycan dövlətçiliyinin Yeni Azərbaycan epoxasının əbədi monumental bünövrəsini qoymuş oldu.

           
- Hörmətli professor, yaşadığınız ömürdən razısınızmı?

           
- Əlbəttə razıyam. Mən YAP-ın təsis konfransından sonra partiyanın Şərur rayonunda keçirilən ilk konfransda (mənim təşkil ertdiyim "Heydər Əliyev təəssübkeşləri" qrupunun rayon əhalisindən topladığı otuz iki mindən artıq imzanın tələbi ilə partiyamız təsis edilmişdir) iştirakçılar qarşısında and içmişdim ki, quracağımız dövlətin heç bir qurumunda işə getməyəcəyəm. Andıma sadiq qaldım, yaşa görə təqaüdə çıxdım. Mən sadəcə təqaüdçüyəm, həyatda atdığım bu addımla da fəxr edirəm. Ancaq bu gün məndən  varlı və zəngin adam yoxdur. Bunun üç səbəbi var:

           
Birinci. Mən doğma kəndimizdə - Şərur rayonunun Çomaxtur kənd məktəbində ədəbiyyat müəllimi işləyərkən elmə ilk qədəm basan gənc alim kimi, 1937-ci ilin o qəddar günlərində ölümə məhkum edilmiş Hüseyn Cavidin oxucu kütləsinə qadağan edilmiş ədəbi irsinə 1970-ci illərdə "Hüseyn Cavidin tarixi dramları ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda yazdığım namizədlik dissertasiyası ilə bəraət qazandırdım.

           
İkinci. Bugünkü Müstəqil Azərbaycan uğrunda apardığımız mübarizə günlərində Heydər Əliyevi Naxçıvanda fiziki cəhətdən məhv etməyə qalxmış başı pozuq daxili cahil və nadan qüvvələrdən qorumaq üçün mühafizə dəstəsi yaratdım və hər zaman bütün ağır dövrlərdə ümummilli liderin yanında oldum. Bununla da mən xoşbəxtəm ki, fəlakətlərdən xilas olmaq üçün ayağa qalxmış xalqımızın qurduğu Müstəqil Azərbaycan dövlətinin əbədi tarixində mənim də imzam var.

           
Üçüncüsü. Heydər Əliyevlə növbəti söhbətlərimizin birində Azərbaycanın qədim tarixindən söhbət düşdü. Mən geniş şəkildə fikirlərimi izah etdim. Müdrik insan mənim gəldiyim elmi qənaəti qəbul etdi. Ulu öndərin tövsiyəsi ilə yazdığım "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”adlı 800 səhifəlik monumental əsər Azərbaycan Milli Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə 2008-ci ildə ikinci dəfə nəşr (birinci nəşr 2006-cı ildə olub) edildi.

           
Mənim bir ziyalı kimi, vətənimin, xalqımım qarşısında qazandığım təmənnasız, ləkəsiz, tükənməz sərvətim mənalı  və gəncliyimizə nümunə ola biləcək mübariz həyat yolumdur!

           
- Sonda nə demək istərdiniz?

           
- Mən Heydər Əliyev siyasətinin əsgəri olaraq, Müstəql Azərbaycan uğrunda mübarizə illərimizdə qan içərisində boğulan xalqımızın fəlakətdən xilası naminə, ailə-uşağımın taleyini düşünmədən, ölümlə göz-gözə dayandığım kimi, bu gün də ümummilli liderimizin ruhu ilə qələmə sarılıb, səngərdə əlində silah qəddar və şərəfsiz düşmənlə üz-üzə dayanmış canımız, qanımız övladlarımızla çiyin-çiyinə qələmimlə ideoloji cəbhədə vuruşmaqdan vətəndaş-ziyalı qüruru duyuram!  

 

Söhbəti qələmə aldı: Mahmud Əyyub

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı