Modern.az

Bahar Muradova və Azay Quliyev ATƏT PA-nın iclasında iradlarla çıxış ediblər

Bahar Muradova və Azay Quliyev ATƏT PA-nın iclasında iradlarla çıxış ediblər

8 İyul 2011, 21:00

İyulun 7-də Belqradda ATƏT-in Parlament Assambleyasının Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iclası keçirilib.
İclasda əsas məsələlərdən biri kimi, Xorvatiyadan olan deputat Tonino Pikulanın hazırladığı “ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc” mövzusunda hesabat müzakirə edilib.
 
Modern.az AzərTAc-a istinadən bildirir ki, hesabat ətrafında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova sənəddə qeyd edilən bir sıra mühüm məsələlərin qoyuluşu ilə razı olduğunu, xüsusilə ATƏT-də ciddi islahatların aparılmasının vacibliyini, qəbul olunan qərarların icrasının təmin edilməsinin zəruriliyini vurğulayıb.
Bahar Muradova məruzədə və qətnamə layihəsində “ATƏT-in həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə, həmçinin Moldova və Gürcüstandakı münaqişələrə daha çox fikir verilməsi” ifadəsinə diqqəti cəlb edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin adının digər iki ölkə ilə birlikdə çəkilməsi yanlış təsəvvürlərə və şərhlərə səbəb ola bilər. Bu baxımdan, B.Muradova bir çox beynəlxalq sənədlərdə göstərildiyi kimi, “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” və ya “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonlarla bağlı münaqişə” kimi göstərilməsini təklif edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin digər üzvü Azay Quliyev çıxış edərək bildirib ki, ATƏT problemləri qeyd etməklə yanaşı, onun həlli yollarını da göstərməyi bacarmalıdır. O da B.Muradovanın fikirlərini dəstəkləyərək, hesabatda və qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyətini özündə ehtiva edən ifadənin yer almasının vacibliyini vurğulayıb.

İyulun 8-də qətnamə layihəsi müzakirə olunan zaman B.Muradova Azərbaycan nümayəndə heyətinin mövqeyini məruzəçi və komitə üzvlərinin diqqətinə bir daha çatdırıb.
Məruzəçi T.Pikula Azərbaycanın mövqeyini başa düşdüyünü və münaqişənin həssas bir mərhələdə olduğunu nəzərə alaraq, müvafiq beynəlxalq dildən istifadə olunmasının vacibliyini bildirib. O, xüsusilə vurğulayıb ki, qətnamədə Dağlıq Qarabağ qətiyyən müstəqil tərəf kimi göstərilə və suveren dövlətlərlə eyni statusda təqdim edilə bilməz.
“Ona görə də biz Dağlıq Qarabağ münaqişəsinin adını çəkən zaman onu bir bölgə kimi nəzərdə tutmuşuq və onu münaqişənin mövcud olduğu digər dövlətlərdən ayırmışıq. Hesab edirəm ki, belə bir təqdimatda Azərbaycanın maraqlarına toxunan məqamlara yol verilmir”-deyə məruzəçi T.Pikula qeyd edib.

Beləliklə, ATƏT-in Parlament Assambleyasının dondurulmuş münaqişələrin həllinin uzanması ilə bağlı ciddi narahatçılığı özündə ehtiva edən qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi