Modern.az

Cümhuriyyət nazirinin müəmmalı ölümü: ”Erməni onu arxandan güllələdi”

Cümhuriyyət nazirinin müəmmalı ölümü: ”Erməni onu arxandan güllələdi”

12 Yanvar 2018, 00:15

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyəti”ili elan olunması səbəbi ilə bu istiqamətdə silsilə yazılarına davam edir.

 

Bu dəfə Cümhuriyyət hökumətində iki nazir vəzifəsini yerinə yetirən Behbud ağa Cavanşir haqqında danışacağıq:

Behbud ağa Cavanşir 1886-cı ildə Tərtər nahiyyəsinin Azad Qaraqoyunlu kəndində anadan olub. Orta təhsilini Tiflis real məktəbində alıb, sonra dünyada ilk ali-texniki məktəb olan Frayberq Dağ-mədən Akademiyasını (Almaniya) bitirib. O, bu Akademiyanın ilk azərbaycanlı məzunu idi. Behbudağa Cavanşir Almaniyada təhsilini başa vurduqdan sonra İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxuyur, alman, ingilis, fransız, rus və gürcü dillərini mükəmməl öyrənir. 1916-cı ildə Azərbaycana qayıdan Behbudağa Bakının bir sıra neft müəssisələrində baş mühəndis vəzifələrində çalışır. B. Cavanşir Ə.Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı, qarşısma milli ideyalann həyata keçirilməsi kimi ali bir məqsəd qoymuş “Difai” partiyasının Mərkəzi Komitəsinə daxil olub. O, həmçinin “Nicat” cəmiyyətinin və “Rus texniki cəmiyyəti”nin Bakı şöbəsinin üzvü seçilib. Texniki cəmiyyətin elmi əsərlərində Behbudağa Cavanşirin xeyli elmi və elmi-kütləvi səpkili məqaləsi çap olunub.

 

Bioqrafiyasında ən şanlı səhifə isə təbii ki, Xoyski hökumətində nazir təyin edilməsidir. Xoyski Behdud ağaya o qədər inanırdı ki, ona o zaman üçün ən çətin vəzifəni- özündən sonra daxili işlər naziri postunu- təklif edir. Behbud ağa bu təklifi qəbul edir və etimadı doğruldur.

 

Xoyski ilə Behbud ağanın ikilikdə xalq daxili məsələlərlə, ictimai asayişlə bağlı etdiyi çox vacib müraciət var. O müraciəti təqdim edirik:

17 noyabr 1919-cu il Nazirlər Şurasının sədri F.X.Xoyski və daxili işlər naziri B.Cavanşir Bakı şəhər əhalisinə müraciəti:

“Azərbaycan hökuməti ilə müttəfiq qoşunların nümayəndəsi Ənzəlidə olan general Tomsonla əldə edilmiş razılığa əsasən, noyabnn 17-də səhər Azərbaycanın paytaxtı Bakı şəhərinə general Tomsonun başçılığı altında müttəfiq qoşunlarının dəstəsi daxil olacaqdır. Bu dəstənin gəlişi Azərbaycanın müstəqilliyinə və ərazi toxunulmazlığına xələl gətirəcək düşmənçilik aktı deyil. Bütün dövlət və ictimai təşkilatlar əvvəlki kimi normal fəaliyyət göstərəcək. Hökumət tərəfindən qayda-qanun gözlənilməsi üçün bütün müvafiq tədbirlər görülmüşdür. Hökumət bütün vətəndaşları sakitliyi və qayda-qanunu gözləməyə, müttəfiq qoşunlarının dəstəsini dostcasına qarşılamağa çağırır”.

 

 

Behbud ağa üç istiqamətdə- həm daxili işlər naziri kimi, həm sənaye və ticarət nazirinin müavini kimi, həm də parlament üzvü kimi dövlət üçün əlindən gələni əsirgəməyib. Bəzi iqtisadi-ticari əhəmiyyətli sazişlərə şəxsən özü imza atıb. Bəzən də, diplomat kimi xüsusi əhəmiyyətli sənədlərə qol çəkib.

 

Amma onu Azərbaycan tarixinə həkk edən başqa bir fakt isə müəmmalı ölümüdür.

 

Araşdırmaçı Lətif Şüküroğlunun arxivdən əldə etdiyi materialda yazılır: 

“Azərbaycan üçün hələ çox işlər görməyə potensial imkanı olan bu yüksək intellekt sahibinin həyatını yarıda qıran o məşhum hadisə isə belə baş verdi: 1920-ci ilin sonlannda Almaniyaya getməli olan Behbudağa Cavanşir yolüstü İstanbulda dayanır və qısa bir müddət o vaxtlar Malta adasında sürgündə olan həmyerlisi Əhməd bəy Ağayevin evində yaşayır. Bir gecə evdən çıxıb küçə ilə gedərkən öldürülür. Ə.Ağayevin oğlu Səməd Ağaoğlunun “Babamın arkadaşları” (İstanbul, 1957) kitabında göstərildiyinə görə bu hadisə 1921-ci ilin yanvar ayının axırında və ya fevralın əvvəlində baş verib”.

 

Lakin işin əsas məğzi bu deyil. Maraqlısı budur ki, Behbud ağanın ölümü  barəsində əlavə iki versiya da var: Birincisi, deyilənə görə o, ADR dağıldıqdan sonra Nərimanovun rəhbərliyi altında çalışır. N.Nərimanov tərəfindən avadanlıq alınması üçün xaricə göndərilib və İstanbulda ermənilər tərəfindən qətlə yetirilib.

 

İkinci versiya isə belədir: Behbudağa Cavanşir N.Nərimanovun tapşırığı ilə 1920-ci ilin sonlarında Almaniyaya müasir neft avadanlığı alınması üçün göndərildiyi bu ezamiyyətdən geri qayıtdıqdan sonra 1918-ci ilin mart soyqırmında fəal iştirak edən daşnak Misaq Toplaqyan tərəfindən güllə ilə arxadan vurularaq öldürülür.

 

Maraqlıdır ki, cəmi 35 il yaşayan Behbud bəy Cavanşir ölümü hələ də dəqiqləşdirilməyən yeganə Cümhuriyyət naziri olaraq qalır.

 

E. Nihad

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir