Modern.az

Azərbaycanı Rusiyanın əleyhinə qaldırmaq istəyirlər - Silaha görə sanksiya məsələsi etiraz DOĞURDU  

Azərbaycanı Rusiyanın əleyhinə qaldırmaq istəyirlər - Silaha görə sanksiya məsələsi etiraz DOĞURDU   

12 Yanvar 2018, 11:40

Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına düşmə ehtimalı var.

 

Bu barədə ABŞ Xarici Siyasət Şurasının analitikləri Stiven Blank və Con Herbst bildiriblər.

 

Bildirilir ki, ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər. Hətta Rusiya silahlarını alan iri alıcı dövlətlərin hökumətlərinə də bu sanksiyaların tətbiq edilə biləcəyi fikirləri səsləndirilir. Digər tərəfdən  bu gün Azərbaycanın silah ticarətində əsas tərəfdaşlarından biri Rusiyadır.

Bu proses Azərbaycan-ABŞ-Rusiya münasibətlərinə necə təsir edə bilər?

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına bildirib ki, bu gün Rusiya və ABŞ arasındakı münasibətlərin getdikcə gərginləşməsi  regional və beynəlxalq təhlükəsizliyə zərbə vurur:

 

“Bu proses müxtəlif ərazilərdə baş verən münaqişələrin ortadan qaldırılmasına, xalqların məruz qaldığı fəlakətlərin durdurulmasına mənfi təsir göstərməklə yanaşı, eləcə də yeni gərginlik ocaqlarını meydana çıxarır. Reallıq bundan  ibarətdir ki, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış ölkələrin əksəriyyəti öz xarici siyasət kursunda Amerika ilə əlaqələri ön plana qoyublar.

 

Bu da başa düşüləndir. Bir tərəfdən soyuq müharibəni Qərb qazanmışdı, ikinci tərəfdən öz arsenalında böyük iqtisadi və hərbi resurslara  söykənən dövlətlə hesablaşmamaq sadəcə mümkün deyil. Lakin Rusiya indi Amerikanın məlum təhlükəsizlik konsepsiyalarında qiymətləndirildiyi kimi dünyanın hazırkı quruluşuna etirazını bildirir və təftişli bir mövqeyə  doğru çağırış verib. Belə olduğu təqdirdə Rusiya müxtəlif ərazilərdə aktiv şəkildə özünün hərbi bazaları, qüvvələri ilə iştirak edib. Digər tərəfdən silah satışı da onun xarici siyasətinin həyata keçirilməsində mühüm  vasitələrdən biridir.

 

Fevralın birinə doğru Rusiya hakimiyyətinə qarşı heç zaman tarixdə görülməmiş böyük miqyaslı sanksiyalar işə salınacaq. Ukrayna ətrafındakı hadisələrdən sonra enerji şirkətlərinə, xüsusi iqtisadi korporasiyalara, ayrı-ayrı konkret şəxslərə, Putinin yaxın çevrəsinə yönəlik belə tədbirlər onsuzda gerçəkləşdirilib. İndi isə proseslərin yeni bir fazaya keçməsi üçün  burada həm hərbi qurumları hədəfə gətirmək istəyirlər, həm də üçüncü ölkələri Rusiyanın əleyhinə qaldırmaq üçün  müəyyən işlər aparırlar.  Hər bir halda bunlar regional proseslərə mənfi təsir göstərəcək”.

 

Deputat qeyd edib ki, Azərbaycanın məqsədi Rusiyanın  hərbi imkanlarından bəhrələnərək silahları Qərbə qarşı yönəltmək, Avropa maraqlarının ziddinə getmək deyil:

 

“Azərbaycan Rusiya silahlarına alternativsiz amil kimi baxdığına görə bu dövlətlə əməkdaşlıq etmir. Məsələ belə qoyulmamalıdır. Qərb açıq şəkildə xüsusilə Avropa bölgəsinə daxil olan ölkələrin hamısına silah satmaqdan imtina edib. ABŞ Dövlət Departamentinin bununla bağlı ayrıca qadağa aktı var. Həmçinin Avropa ölkələri də bu mövqedən çıxış edirlər. Yəni Azərbaycan birinci növbədə buna məcbur olub. İkinci tərəfdən əgər bizim ölkə əleyhinə hər hansı qətnamələr veriləcəyi təqdirdə, heç şübhəsiz, dövlət bunu dəyərləndirəcək.

 

Hər bir halda Azərbaycanın Rusiya siyasətinə görə cəzalandırılması  yolverilməz addım olardı. Düşünürəm ki, dövlət rəsmiləri bu prosesi dərindən izləyirlər. Bizim üçün önəmli olan Qərblə, NATO ilə münasibətlərimizin yaxşı inkişaf etməsidir. Qoy Amerika, Almaniya bizə silah satsın, öz hərbi bazarını bizə açsın. O halda imkanlarımız daha da genişlənəcək və iki-üç dövlətdən asılılığımız da ortadan qalxacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı