Modern.az

ABŞ Qarabağı Rusiyanın “caynağından” alıb, öz “ağuşuna” götürmək istəyir

ABŞ Qarabağı Rusiyanın “caynağından” alıb, öz “ağuşuna” götürmək istəyir

12 Yanvar 2018, 12:53

ATƏT-in Minsk Qrupunun həmsədri Amerika Birləşmiş Ştatları deyəsən Qarabağ münaqişəsinin həllində səylərini artırmaq və prosesləri Rusiyanın “caynağından” qurtarıb özünün “ağuşuna” almaq istəyir.

 

Bu bəllidir ki, Donald Tramp administrasiyası üçün Dağlıq Qarabağ konfliktinin həlli prioritet deyil, lakin, Ağ Evin mövqelərinin Cənubi Qafqazda möhkəmlənməsi baxımından da münaqişə diqqətdən kənarda qala bilməz.

 

Ağ Ev yəqin buna görədir ki, Rusiyaya qarşı yeni sanksiyaları və bunun Cənubi Qafqaza, xüsusilə Azərbaycan və Ermənistana hansı şəkildə təsir edəcəyini  “kölgə kəşfiyyatları” kateqoriyasına aid edilə bilən ABŞ Xarici Siyasət Şurasının dili ilə gündəmə gətirir.

 

Bu qurumda belə bir qənaət var ki, Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına düşmə ehtimalı var.

 

“ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər”.

 

Bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Xarici Siyasət Şurasının tanınmış analitiki Stiven Blank söyləyib. “Pis olmazdı əgər bu yolla rus silahlarının Cənubi Qafqaza girişi dayansaydı. O halda, münaqişə tərəflərinin sülhə gəlməsi bəlkə də asanlaşardı”, - deyə o qeyd edib.

 

Ekspertin sözlərinə görə, bəzi istisnalar olsa da, Azərbaycan və Ermənistan kimi Rusiya silahlarının iri alıcıları, hər halda, sürprizlərlə üzləşə bilərlər: “Sanksiyalar hökumətlərə qarşı da tətbiq oluna bilər”.

 

Analitik Şuranın digər eksperti, sabiq səfir Con Herbst öz növbəsində hesab edir ki, Rusiya silahlarının alıcılarına qarşı sanksiyalar ehtimalı yüksək olmasa da, onlar bir şeyi nəzərə almalıdırlar: “Sanksiyalar altında olan şirkətlərlə işbirliyinə girənlər müəyyən nəticələrə də hazır olmalıdırlar”.

 

Herbstə görə, Kremlin SSRİ-ni bərpa eləmək səyləri də nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyalar qaçılmazdır: “Əgər Putin keçmişi qaytarmaq istəyirsə, o zaman biz də onu zəiflətməli və onun situasiyaya təsir resurslarını məhdudlaşdırmalıylıq”.

 

Rusiyanın hərbi-sənaye sferasına qarşı bu qəzəb iki məqamı düşünməyə vadar edir: Ya Amerika Cənubi Qafqazın hərbiləşdirilməsinin səviyyəsini minimuma endirmək istəyir, ya da Rusiyaya təzyiq etməklə regiondakı münaqişələrin “həllini” öz əlində cəmləşdirmək istəyir. Birinci versiya isə o qədər də real görünmür, çünki Amerika hərbiləşdirmənin qarşını almağa yox, bu sahəni Rusiyanın inhisarından çıxarmağa can atır.

 

Amerika yəqin bu qənaətdədir ki, Qarabağ münaqişəsinin nizama salınması üçün idarəetmənin Rusiyanın monopoliyasından çıxarmağın ən rahat yollarından biri də budur.

 

Bu fonda demək olar ki, Ağ Evin xarici siyasət doktrinasında Qarabağ probleminin həlli prioritet təşkil edəcəksə, Vaşinqton münaqişənin nizama salınması prosesində öz rolunu yüksəldə bilər.

 

Əslində bu sanksiya üçüncü ölkələrə tətbiq edilsə belə, bundan Azərbaycan yox, daha çox Ermənistan zərər çəkəcək. Çünki bu danılmaz faktdır ki, Ermənistan Rusiyanın bir nömrəli müttəfiqi və forpostudur. Azərbaycan isə yalnız özünün ərazi bütövlüyünü təmin etmək məqsədi ilə əməliyyatlara başlaya bilər, bu isə beynəlxalq hüquqa zidd deyil.

 

Çünki dünya ictimaiyyəti de-yure səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Fərz edək ki, Rusiyanın hərbi sənayesinə qarşı hər hansı sanksiya tətbiq olundu, bu zaman Kremli də Ermənistana təsir rıçaqları azalacaq...

 

Bundan da yalnız Azərbaycan qazana bilər, çünki Rusiyanın Ermənistana qarşı şantaj imkanlarından məhrum olması Yerevanı Qarabağ probleminin həllində az da olsa konstruktiv mövqe sərgiləməyə vadar edər. Ona görə ki, Rusiyanın Ermənistana təzyiqləri və bununla paralel olaraq onun arxasında durması da düşmən ölkənin Qarabağ məsələsində qeyri-adekvat davranışlarına gətirib çıxarır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu