Modern.az

“Bizimkilər” - Tikinti şirkətindən mətbuata gələn qız: “Müdirimiz tutuldu, saytımız bağlandı” - Yeni RUBRİKA  

“Bizimkilər” - Tikinti şirkətindən mətbuata gələn qız: “Müdirimiz tutuldu, saytımız bağlandı” - Yeni RUBRİKA   

Media

12 Yanvar 2018, 15:03

Modern.az saytında “Bizimkilər” adlı  yeni rubrikaya start vermək qərarına gəldik. Rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazacaq, onları oxucularla daha yaxından tanış edəcəyik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in  ilk qonağı  gənc jurnalist Könül  İbrahimovadır. Könül 1989-cu ildə Bakı şəhərində anadan olub. Əslən tovuzludur. 3 uşaqlı ailənin ilk övladıdır. 1996-2007-ci illərdə Xırdalan şəhər 1 saylı orta məktəbdə təhsil alıb.  Orta məktəbi bitirdiyi il Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olub. 2011-ci ildən - universiteti bitirəndən çalışır. Könül İbrahimova həmkarı Məhəmməd Türkmənlə evlidir və Nur adlı bir qız övladı var.

“Jurnalistikaya marağım olsa da, ailəm razı olmadı”


Könül İbrahimova jurnalistikaya əvvəldən marağı olduğunu deyib: “Əksər qızlar kimi uşaq olanda həkim, müəllim olmaq istəmişəm. Sonra peşə seçiminə gəldikdə fikrim dəyişib. 10-cu sinifdə 3-cü ixtisas qrupu üzrə hazırlaşmağa qərar verdim. Jurnalistikaya marağım olsa da, ailəm razı olmadı. Dedilər ki, qız üçün müəllim daha yaxşıdır. Məktəbdə də Azərbaycan dili və ədəbiyyatı müəlliməm Məlahət xanımı çox sevdiyim üçün seçimim filologiya oldu. Məktəbi bitirdikdən sonra da seçdiyim ixtisasa qəbul olundum. Universiteti bitirib, bir tikinti şirkətində kargüzar olaraq çalışmağa başladım. Orada çalışan zaman  mənimlə paralel jurnalistikada oxuyan tələbələrin  paylaşdığı xəbərləri oxuyurdum. Bir də Türkiyənin maqazin xəbərlərini daim izləyirdim. Artıq xəbər anlayışım formalaşmışdı. Şirkətə işə analıq məzuniyyətində olan bir xanımın yerinə 6 aylıq müddətə götürülmüşdüm. 6 ayın tamamında işdən ayrıldım. Nəhayət, yolum sevdiyim peşəyə - jurnalistikaya düşdü”.



“Jurnalist kimi formalaşmağımda “Qafqazinfo”nun rolu böyük olub”


Gənc həmkarımız tikinti şirkətindən ayrılandan sonra saytların birində jurnalist kimi fəaliyyət göstərməyə başlayıb:

“İşdən ayrıldıqdan sonra jurnalist həmkarlarımdan biri maqazin yazarı axtardıqlarını, mənim bu işi bacaracağımı dedi və mən saytların birində işə başladım. 1 həftənin tamamında müdiri tutdular və o sayt bağlandı . Ondan sonra “Vətəninfo.az” saytında 1 il 2 ay çalışdım. 2013-cü ilin iyununda istirahətə getmək məqsədi ilə ordan ayrıldım. 2013-cü ilin avqustunda isə “Qafqazinfo.az” saytında çalışmağa başladım. Deyə bilərəm ki, jurnalist kimi formalaşmağımda və imzamın tanınmağında “Qafqazinfo”nun rolu böyük olub.
2015-ci ilin dekabr ayından etibarən “Yeni Müsavat” qəzetinin mədəniyyət və maqazin yazarı olaraq fəaliyyət göstərirəm”.

“Onlar ya düşünmədən, ya da bilərəkdən bizim işi aşağılayır”


Könül İbrahimova  elə ilk gündən mədəniyyət və maqazin sahəsindən yazıb: “Bəzən deyirlər ki, maqazin yazarı olmaq asandır.  Nə var ki, müğənni ilə dil tapmağa? Həqiqətən, bu fikir məni qıcıqlandırır. Çünki onlar yanlış düşünürlər. Tanınmışların kaprizi daha çoxdur. Siyasi yazar öz müsahibi haqqında necə məlumatlı olmalıdırsa, biz də elə. Digər sahədən yazar həmkarlar necə jurnalist bacarığını ortaya qoyursa, biz də buna çalışırıq. Bəziləri isə maqazin xəbərlərinin daha çox oxunmasından, şou-biznesə marağın böyük olmasından gileylənir. Deyirlər ki, “bizim yazını 300 nəfər oxuyub,amma başlığa Röyanın adını çıxarsaydıq, çox oxunardı”.
Onlar ya düşünmədən, ya da bilərəkdən bizim işi aşağılayır. O şəxslərə demək istəyirəm ki, hamımız cəmiyyətin xəbər ötürücüsüyük. Sadəcə, kontaktda olduğumuz təbəqə fərqlidir. Sizin qədər biz də əziyyət çəkirik və peşəkar olmağa, işini daha yaxşı görməyə çalışırıq”.

“Keyfiyyətli saytlar hər zaman öndə olacaq


Könülün fikrincə, hazırda jurnalistika və mediamız çətin bir dönəmdən keçir. Onun sözlərinə görə, saytların sayı həddən artıq çoxdur və onların yarısı işini bilən, peşəkar kollektiv tərəfindən idarə edilsə də, digər yarısı qeyri-peşəkar xəbər və yazıları ilə tanınır:

“Düşünün ki, "Damlaya toyda qəfil təcavüz etdilər" başlıqlı xəbəri oxuyanda görürsən ki, kimsə rayonda, çadırda baş tutan toyda havaya 3 güllə atıb. Belə xəbəri hazırlayan saytın rəhbərləri efirə çıxıb, "bəzi saytlar nə gəldi yazırlar" deyəcək. Yəni hazırda mediamızın vəziyyəti budur. Təbii ki, keyfiyyətli saytlar hər zaman öndə olacaq. Oxucu özü bunu tənzimləyəcək”.



Müsahibimizin jurnalistika ilə bağlı arzusu yazmaq, çalışmaq, var olduqca bu sahə ilə məşğul olmaqdır:

“Biz ailəlikcə bu sahədəyik. Həyat yoldaşım Məhəmməd Türkmən artıq sayt rəhbəri olub. Evdə ona "müdir" deyə müraciət edirəm (gülür). Özümüzü başqa işdə görə bilmirik. Hətta söhbətlərimizin böyük hissəsini xəbərlər, saytlar, gündəm hadisələri tutur. Ümumi mediamız üçün isə arzum inkişaf etməsi, bütün peşəkar jurnalistlərin yaxşı maaş alması, Avropanın aparıcı qəzetlərinin Azərbaycan saytlarına istinad edərək, xəbərlər dərc etməsidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!