Modern.az

Kommunist Partiyasının sədri: “Özünə hörmət edən, AXC-yə də hörmət etməlidir” - MÜSAHİBƏ

Kommunist Partiyasının sədri: “Özünə hörmət edən, AXC-yə də hörmət etməlidir” - MÜSAHİBƏ

12 Yanvar 2018, 15:07

Rauf Qurbanov: "Araz Əlizadə aldığı tərbiyə əsasında fəaliyyət göstərir"

 

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib.


Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident il ərzində bununla əlaqədar həm Azərbaycanda, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

 

Bəs Azərbaycan Kommunist Partiyası (AKP) bununla bağlı nələr düşünür? Mövzu barədə AKP sədri Rauf Qurbanov Modern.az saytının suallarını cavablandırıb.

 

- Prezident 2018-ci ili “AXC ili” elan etdi. Siz həmişə tarixi şəxsiyyətlərə hörmətlə yanaşılmasının vacibliyini vurğulamısınız. Ancaq istərdik ki, Prezidentin qərarı fonunda sizin fikirlərinizi öyrənək.

 

- Biz Azərbaycan tarixində rolu olan bütün tarixi şəxsiyyətlərə hörmətlə yanaşırıq. Mən həm öz şəxsimi, həm də partiyamızın rəhbərliyini, üzvlərini nəzərdə tuturam. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bir dövlət kimi formalaşıb, bu isə yüksək qiymətə layiqdir. Mən ölkə başçısının qərarını çox yüksək dəyərləndirirəm.

 

- Bəs sizin “AXC ili” çərçivəsində ictimai-siyasi, mədəni tədbirlərə bir qatqınız ola bilərmi?

 

- Sualın qoyuluşundan belə çıxır ki, Azərbaycan Kommunist Partiyası respublika, milli əhəmiyyətli tədbirlərə guya başqa müstəvidən yanaşır. Bizim əsas şüarımız budur: “Suveren, sosialist Azərbaycan Respublikası uğrunda”. Biz Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü ilə əlaqədar olan seminarlara, tədbirlərə, müzakirələrə qatılmağa hazırıq. Belə bir dəvət olarsa, bunu müzakirə edib, məsələyə münasibətimizi bildirərik. Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması bütün Azərbaycan xalqının bayramıdır. Dövlət tərəfindən bizə hər hansı tədbirdə iştirakla bağlı dəvət gəlsə, məmnuniyyətlə iştirak edərik.

 

- SSRİ zamanında bir sıra ədəbiyyatlarda AXC dövrü ilə bağlı qərəzli yazılar olub. O ədəbiyyatlardakı yazılanlarla razısınız?

 

- Aqşin, kommunizm, sosializm ideologiyası doqma deyil. O, olduğu kimi qalmır. Zamanın, dövrün tələblərinə uyğun olaraq müsbətə doğru dəyişir. Sovet vaxtı Cümhuriyyətlə bağlı qərəzli yazıların olması da dövrün tələbindən irəli gələn məsələ idi. Biz artıq 21-ci əsrdə yaşayırıq. Bu günün düşüncəsi ilə 20-ci əsrin əvvəllərinin və ortalarının düşüncəsi eyni deyil. Biz bu gün dinə də hörmətlə, qayğı ilə yanaşırıq. Qərəzli fikirlərdən uzaqlaşmaq, keçmişdə olanları bir daha təhlil edib, onlardan yaxşı ənənələri götürüb gələcəyə aparmaq lazımdır. Xoşagəlməyən, cəmiyyət tərəfindən qəbul olunmayan hərəkətləri isə təkrar etməmək lazımdır.

 

- Amma bugünkü kommunistlərin içərisində də AXC-yə qarşı xoş münasibət göstərməyənlər var.

 

- Özünə hörmət edən, özünü azərbaycanlı sayan hər bir kəs, hər bir siyasi partiya Azərbaycan Xalq Cümhuriyyətinə hörmətlə yanaşmalıdır. O ki, qaldı, quruluşların, formasiyaların dəyişməsinə bu, başqa məsələdir.

Hərənin öz müstəqil fikri ola bilər. Amma əsl kommunistlər Azərbaycan Xalq Cümhuriyyətinə ikili münasibət göstərmir. O ki qaldı, özünü “kommunist” kimi cəmiyyətə sırımaq istəyən insanlara, onların Azərbaycan Kommunist Partiyasına heç bir aidiyyatı yoxdur. Biz onlara görə özümüzdə hər hansı məsuliyyət hiss etmirik və məsuliyyət daşımırıq. Bəziləri Azərbaycan Kommunist Partiyasının adına, fəaliyyətinə kölgə salmaq üçün kommunistlərin adından nəsə deyirlər. Onlar sarı mətbuatda, sosial şəbəkələrdə özlərini “kommunist” kimi təqdim edib, mövqe bildirirlər. Başqa mən olmaqla isə, Azərbaycan kommunistləri Azərbaycan Xalq Cümhuriyyətinə sayğı ilə yanaşırıq.

 

-Keçmiş müttəfiqiniz, deputat Araz Əlizadə isə Məhəmməd Əmin Rəsulzadə və AXC haqqında xoşagəlməyən fikirlər səsləndirir. Onun belə fikirləri heç qıcıq doğururmu sizdə?

 

- Araz Əlizadə deyir ki, Azərbaycan kommunistləri bir yerdə olmaq heç onun yuxusuna da girmir. Hər bir insan öz aldığı tərbiyəyə görə cəmiyyətdə fəaliyyət göstərir, özünü tanıdır. Araz Əlizadə dəfələrlə Azərbaycan Kommunist Partiyasının “bostanına daş atmağa” çalışıb. Onun atdığı “daşlar” Kommunist Partiyasına cəmiyyətdə reytinq gətirir.

 

Araz Əlizadə Cümhuriyyət haqqında xoş olmayan sözlər işlədir. Azərbaycanın bəzi tarixi şəxsiyyətlərini təhqir edir. Və ya Türkiyə-Azərbaycan dostluğuna xələl gətirən fikirlər səsləndirir. Şəxsən mən belə çıxışları məsuliyyətli çıxış  hesab etmirəm. Hərə öz mövqeyin, dünyagörüşünə, tərbiyəsinə əsaslanan baxışlar çərçivəsində fikir bildirir. Araz Əlizadənin dünyagörüşü, dərk etdiyi həyata münasibət bu cürdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir