Modern.az

AXC ilə bağlı MÜSABİQƏ: “Kitab çıxacaq” – Koordinatordan ÇAĞIRIŞ

AXC ilə bağlı MÜSABİQƏ: “Kitab çıxacaq” – Koordinatordan ÇAĞIRIŞ

12 Yanvar 2018, 15:36

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Bununla bağlı Parlament Jurnalistləri Birliyi (PJB) də Gürcüstanda, Azərbaycanda, Türkiyədə, həm də Avropa ölkələrində böyük tədbirlər həyatakeçirəcək. PJB həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

 

2018- ci ilin yanvarından dekabrına qədər, 1 il müddətində nəzərdə tutulan müsabiqədə bütün jurnalistlər iştirak edə biləcəklər. Mövzuya AXC ilə bağlı müxtəlif araşdırmalar, müsahibələr, AXC qurucuları ilə bağlı portret yazılar və s. aiddir.  Noyabrda bütün yazıların toplanması bitəcək və dekabrda jurnalistlərin yazısı kitab halında işıq üzü görəcək.

 

Müsabiqənin koordinatoru Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, PJB Azərbaycan  Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı jurnalistlər arasında təşkil etdiyi müsabiqənin mənəvi dəyəri, çağırış missiyası çox böyükdür:

 

“Bu müsabiqənin əsas məqsədlərindən biri də  jurnalistlərin Azərbaycan Xalq Cümhuriyyətinə olan münasibətini ictimaiyyətə çatdırmaqdır.

 

Cəmiyyətdə ictimai rəy yaratmaq, maarifləndirmə gücündə olan mediada çalışanların  bu çağırışa qoşulmaları milli dəyərlərə, şanlı dövlətçilik tariximizə  verə biləcəkləri qiymətin göstəricisi olacaq.

 

Bəli, ilk dəfə olaraq, bu müsabiqədə qaliblərə heç bir mükafat verilməyəcək. Çünkü Cümhuriyyət mövzusu öz-özlüyündə sözə sığmayacaq qədər böyük olan mənəvi dəyərdir. O qədər böyükdür ki, istənilən maddi nəsnə, hədiyyə onun yanında çox bəsit görünəcək. İkincisi isə, qaliblər Cümhuriyyət eşqini şölələndirməklə, məhz özləri-özlərinə ruhsal bir hədiyyə etmiş olacaqlar. Bundan böyük isə heç nə yoxdur.

 

Üçüncü səbəb isə, təmənnasızlığı - Cümhuriyyətin qurulduğu ərəfədə rəsmi dövlət qəzetində - “Azərbaycan”da təmənnasız çalışan, maaşsız işləyən,  bütün işlərini saxlayaraq, parlament müxbiri kimi çalışan Üzeyir bəyçiliyi anlamaqdır. Azyaşlı övladının, gənc xanımının ehtiyacı olmasına baxmayaraq,  elə həmin qəzetdə pulsuz baş redaktorluq edən Ceyhun Hacıbəylini qavramaqdır. Vəziyyət nisbətən düzələndən sonra baş nazir Nəsib bəy Yusifbəyliyə qəzetdə ona veriləcək qonararı Ceyhun bəyin adına yazdırmasını xahiş edən Rəsulzadəni başa düşməkdir”.

 

E.Nuri qeyd edib ki, ən yaxşı yazıların cəm olacağı kitab jurnalistlərin cəmiyyətə, kütləyə edəcəkləri ruhsal bir çağırış olacaq:

 

“İnanırıq ki, qələm əhli bu müsabiqənin gedişində- qeyd edək ki, bu ilin sonunacan müsabiqəyə əsərlərin qəbulu davam edəcək- məhz sadaladığımız şəxslərin jurnalist fəaliyyəti zamanı göstərdiyi rəşadətin süzgəcindən keçəcək və bu böyük dəyəri ictimaiyyətə də çatdıracaqlar.

 

Sonda ən yaxşı yazılardan ibarət kitab çap olunacaq. Həmin kitab yuxarıda adlarını çəkdiyimiz şəxslərdən bu günün jurnalistinə əmanət qoyduğu mənəvi dəyərlərin əsas təcəssümü olacaq.

 

Parlament Jurnalistlər Birliyi olaraq, biz buna inanırıq!  Rəsulzadə demiş “ürəklərində vətən sevdasını daşıyan Azərbaycan oğullarının” –jurnalistlərin bu ruhsal çağırışın bir parçası olacağına əminik! İndi seçim özlərinindir....”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi