Modern.az

“Xanımımdan sonra bütün həyatım məhv oldu” - Cümhuriyyət generalının fəryadı

“Xanımımdan sonra bütün həyatım məhv oldu” - Cümhuriyyət generalının fəryadı

13 Yanvar 2018, 00:36

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzilliyi ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili şərəfinə bu şanlı dövlətin müdafiə nazirinin müavini olmuş, əfsanəvi general Əliağa Şıxlinski haqqında maraqlı faktı təqdim edəcəyik:

 

1943-cü ilin isti avqustu... Bir zamanlar bütün Qafqazın, Çar Rusiyasının, hətta az qala, dünyanın yarısının tanıdığı əfsanəvi general son nəfəslərini yaşamaqdadır. Həyat yoldaşı Nigar xanımdan sonra onsuz da yaşamaq istəmirdi. Lakin yarıcan halda 12 il yaşayır və dünya tarixinin bəlkə də, ən ağır ilində - müharibənin tüğyan etdiyi 1943-cü ildə Bakı kənarındakı kiçik bir evdə vəfat edir. Övladı olmamışdı. Sevimli arvadına da “xəyanət” edib, başqası ilə evlənməmişdi. Öləndə də onu Nigarım yanında dəfn etmələrini istəmişdi. Nə yaxşı ki, Şıxlinskinin bu istəyi baş tutdu. O, uzun ayrılıqdan sonra sevimli həyat yoldaşına əbədiyyən qovuşdu.

 

İndi isə daha uzaq illərə, generalın cavanlıq çağlarına baş vuraq. Vətəndən uzaqlarda xidmətdə olan general doğma ana dilini unutmadı. Onun ümumi dəftər həcmində olan şer və tərcümələrinin əlyazması Azərbaycan Tarixi Muzeyindəki şəxsi qovluğunda və Azərbaycan Elmlər Akademiyasının əlyazmaları fondunda saxlanılır. O, bir-birindən gözəl şeirlər də yazırdı. Bunlardan ən yaxşısı isə  həyat və məslək yoldaşı, ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanıma yazdığı “Ey sevdiyim, ey dilrüba” şeiridir. Həmçinin, generalın məşhur rus alimi, Port-Artur qalasının qəhrəmanı vitse-admiral Stepan Osipoviç Makarovun ölümünə və qalanın yapon samuraylarına təslim olunmasına dair şerləri var.

 

 

Hərb tarixçisi Şəmistan Nəzirlinin arxivdən əldə etdiyi məlumatda maraqlı bir fakt var:

 

“1909-cu il oktyabrın iyirmi yeddisində əmisi qızı Nigar xanımla ailə həyatı quran Əliağa Şıxlinski sonralar yazırdı: “Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq bir səadətə yönəltdi. Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. Fitrətən istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar xanım ailə səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə tam mənası ilə nail oldum. Lakin 1931-ci il avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi”.

 

 

Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını o ilhamla tərənnüm edirdi:

 

Ey sevdiyim, ey dilrüba,

Səbrim, qərarımsan mənim.

Səd mərhəba, səd mərhəba,

Nə türfə yarımsan mənim.

 

Görən səni ey nazənin,

Deyər: pəh-pəh, səd afərin!

Dünyada mislin yox yəqin,

Əcəb dildarımsan mənim!

 

Gözəl zahirdə surətin,

Gözəl batin, təbiətin.

Gözəl hər işdə qeyrətin,

Namusum, arımsan mənim.

 

Mənim baharda bülbülüm,

Mənim qızılca sünbülüm.

 

Hazırladı: E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır